Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:16

Vidadi Babanlı. Qəribəlik


Köç edir buludlar elədən - belə,
Dumana, çiskinə havadardı o.
Örtür zirvələri ətəklərilə,
Bu gün yağışdırsa, sabah qardı o.

Əsir səhər - axşam payız yelləri,
Çatıb ağacların yarpaq tökümü.
Hazırlaşır qışa aran elləri,
Hər fəslin əzəldən vardır öz hökmü.

Dünən bezar idik yay qızmarından,
Bir udum xoş hava arzulayırdıq.
Sərinlik umurduq dağlar qarından,
Soyuğu istidən üstün sayırdıq.

Həsrət çəkmək daim bizə iş - peşə,
Heç zaman, heç nədən qalmırıq razı.
Qubarlı könlümüz qalır həmişə
Yayda qışa, qışda yaya tamarzı.

Ömür karvanımız ötür bu sayaq,
Bilmirik qədrini boş keçən anın.
Yarı mürgülüyük, yarı da oyaq,
Allahım, budurmu həzzi dünyanın?!

10 oktyabr 2008-ci il
XS
SM
MD
LG