Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:03

Gülşən Lətifxan. Pıspısa


Pıspısa onun ayaması idi və o, bu ada o qədər öyrəşmişdi ki, hərdən əsl adını kiminsə dilindən eşidəndə təəccüblənirdi, amma bununla belə çox yaxşı bilirdi ki, halalca ərinin xudpəsənd, dəymədüşər anasının dilindən alıb ona pərçim etdiyi bu ayamanın mənbəyi hardandı,

Pıspısa nədi, el arasında hansı böcəyə "Qara pıspısa" deyirlər və bu qara böcəklər daha çox harda eşələnirlər?

Simnarə bu qara böcəklərin adı ilə bağlı ayaması haqqında bir zamanlar düşünüb-daşınmışdı, amma taleyi kimi, bu ayama ilə də barışmışdı.

Ad, ayama sarıdan onun baxtı əzəldən gətirməyib. Belə ki, bisavad atası Nemət kişinin savadlı adamlara həsəd aparması və bir axşam kolxozun klubunda "Dəli Kür" filminə baxması və bu filmdə səslənən "Seminariya" sözünün nə olduğunu anlaması onunla nəticələnib ki, elə o arada doğulan doqquzuncu qızının adını Simnarə qoyub, amma bu ad el arasında dilə yatmadığından, bir qədər qəribə səslənsə də, qızı sadəcə Sim çağırıblar. Amma Nemət kişi bunun fərqinə varmayıb; ümidlə yaşayıb: "sonbeşik qızı ona verilmiş adı doğruldacaq, ziyalı olacaq, xalqı maarifləndirəcək". Amma qız, atasının nəzərində böyük məna kəsb edən adına baxmayaraq, etimadı doğrultmayıb, ya buna başı çatmayıb, ya da zahirən də göz oxşamayan bu qızın alın yazısı əzəldən başqa cür yazılıb. Yoxsa, Nemət kişinin bu qəribə adla yaşayan qızı da, o biri qızları kimi Nabrandan çıxmazdı, səadətini Bakı şəhərində axtarmazdı.

Onun valideynləri çoxdan ölüblər, böyük bacıları qayğılar içində, ehtiyacın girdabında çabalayırlar, Simnarəni hərdən xatırlayırlar, amma qibtə ilə, səadətin onlardan yan keçdiyini özlərinə dərd eləyəndə; axı, imkanlı şəhər ailəsində gəlin olmaq-yaşamaq ən çirkin bacıya nəsib olmuşdu. Bacısı qızları da bu hadisəni əfsanə kimi danışar, bir-birindən soruşardılar: "O, bunu necə bacarıb? Yəni belə gözəl imiş?". Amma bu sualın cavabını anaları verərdi: "Nə bacarıq, nə gözəllik? Bəxti gətirdi, biz bacıların arasında ən kifiri o idi".

***

...Dünyanın işləri elə fırlandı, elə gətirdi ki, Tibb İnstitutunun kafedra müdiri, tanınmış alim Nəriman müəllim Nuriyev Nabranın mənzərəli sanatoriyalarından birinə putyovka aldı və tez-tələsik də köç-külfəti ilə birlikdə istisi, tüstüsü, bürküsü insanın nəfəsini kəsən Bakı şəhərindən çıxdı ki, ailəsini sıx meşələr qoynunda yerləşən Nabranın sərinliyinə qovuşdursun.

Nəriman müəllim istəyirdi ki, ailə üzvləri əsl qatığın, qaymağın, qoyun pendirinin, inəyin əmcəyindən buğlana-buğlana çıxan südün dadını bilsinlər, ləzzətini görsünlər, ona görə də istirahət mərkəzinə ən yaxın kəndlərdən birinin sakini Nemət kişiylə danışdı ki, qiymətindən asılı olmayaraq, hər səhər onlara istədiyi nemətləri çatdırsın.

Şəhərin bürküsündən can qurtarandan sonra dağlar, meşələr qoynunda başladıqları həyat tərzi Nəriman müəllimin ürəyincə idi, Nemət kişi də vədinə necə lazımdı əməl eləyirdi, amma Nəriman müəllimin arvadı Əminə xanım yenə də gileyliydi. Bu ərkəsöyün, incə-mincə şəhər xanımı şikayətlənirdi ki, əgər o, evdə olduğu kimi, burda da elektrik piltəsinin arxasında dayanırsa, nə isə bişirirsə, daha bunun harası dincəlmək oldu? Mələfələrin sanatoriya şəraitində, ümumi camaşırxanada yuyulmasını özünə qarşı hörmətsizlik sayırdı.

Nəriman müəllim həyat yoldaşının atmacalarına, vurduğu eyhamlara bir dözdü, iki dözdü, amma axırı gördü yox, rahat dincəlmək istəyirsə, gərək burda da arvadının çaldığı havalara oynaya, ona görə də Nemət kişidən xahiş elədi ki, onlara qulluqçu axtarsın.

- Mənim arvadımın işi başından aşır, mal-heyvana baxır, qızlarım da ərdədi, - Nemət kişi dedi, - amma bilmirəm, kiçik qızım sizə qulluqçuluq eliyə bilər, ya yox, onun heç on altı yaşı da tamam olmayıb, diribaş da deyil, böyük bacılarına oxşamayıb.

Nəriman müəllim dəymədüşər arvadına qulluqçu tutub onu təəccübləndirmək qərarına gələndən sonra çox götür-qoy etmədən, sevincək Nemət kişini razı saldı və ertəsi gün tezdən onların sanatoriya "iqamətgahında" qarabuğdayı bir qız da görünməyə başladı. O, Nemət kişinin kiçik qızı idi; dinmirdi, danışmırdı, hətta adını soruşanda da cavab verməyə utanırdı.

Əminə xanım qızcığaza göz verirdi, işıq vermirdi, eyni yeri on dəfə ona sildirirdi, on dəfə süpürtdürürdü, hətta camaşırdan gəlmiş ağappaq, qar kimi mələfələri də ona yenidən yudurtdururdu, Simnarə səhər saat səkkizdən Əminə xanımın qulluğunda dayanırdı, evlərinə hava qaralandan sonra qayıdırdı. Nahar vaxtı onlarla süfrə arxasında oturmağı ağlına da gətirmirdi, elə mətbəxdəcə çörəyini yeyirdi, özü də mütləq bir əli ağzında, ağzını tuta-tuta.

Bir dəfə Əminə qızın adına da rişxənd eləyib ucadan güldü:

- Elə bil ad da tapmayıblar bu qıza qoymağa - lap gülməlidi!

- Kənd yeridi, - professor içini çəkdi, - nə etmək olar...

Samir bütün günü dənizdə çimdiyindən, qızılı qumlar üstündə uzanıb özünü qaraltdığından, təbiət qoynuna dincəlməyə gəlmiş qayğısız cavanların arasında yeni dostlar tapdığından, bütün günü anasının qulluğunda dayanan qızı hərdən görürdüsə də, ona əhəmiyyət vermirdi. Elə bil o, canlı insan yox, hansı varlığınsa kölgəsi, silueti idi. Amma bir dəfə axşamdan xeyli keçəndən sonra evə dönəndə və paltar dolabını açıb yuyulub-ütülənmiş mələfələrin arasında öz sevimli çimərlik tumanını görəndə, Samir elə bir tamaşa çıxartdı ki, Əminə xanım heyrətə gəldi. Çimərlik tumanının bir qırağı yanmışdı, amma Əminə xanımın ağlına da gəlməzdi ki, bu tuman oğlunu bu dərəcədə yandırar, haldan çıxardar.

- Ay mama, bəyəm sən bilmirsənmi ki, plavkini ütüləmək olmaz?!

Əminə xanım incik halda cavab verdi:

- Onu mən ütüləməmişəm, mama qurban, - dedi, - bu məlunun, o qara pıspısanın işidir.

Samir heyrətlə dilləndi:

- Nə qara pıspısa? O kimdir?

Əminə xanım izahat verməli oldu:

- O başdan xarab da, qulluqçumuz, otağımızı yığışdıran.

Samir yuxudan oyanan kimi mətbəxə keçdi və orda vurnuxan Simnarəni görüncə sözünü dedi:

- Bura bax ey, Pıspısa, bil, yadında saxla ki, plavkini ütüləməzlər! Doğrudanmı sən hələ bunu qanmırdın?

Onların ilk görüşü belə keçdi. Simnarə yerindəcə donub qalmışdı, amma ürəyini xoş bir duyğu çulğamışdı. Axı bu cavan oğlan üstünə qışqırmamışdı, əksinə, o da anası kimi onu təzə adıyla dindirmişdi və qıza elə gəlirdi ki, bu adla dindirilməsi, hər halda, rəhm əlamətidir, təki bu ailə üzvlərinin ona bəslədiyi rəhm itməsin, nə olur-olsun. Amma indi ayaqüstə titrəməsinin səbəbi başqa idi, qorxurdu ki, söhbəti atasına çatdıralar; atasından isə o, oddan qorxan kimi ehtiyat eləyirdi, çünki Nemət kişi qızlarını qayışla döyürdü; əlbəttə, tərbiyə məqsədilə; və ürəyində özünə haqq da qazandırırdı: "Qızını döyməyən, dizini döyər..."

Qızcığaz rəng verib, rəng alırdı, durduğu yerdəcə həyəcandan tərləyirdi və ağlına da gəlmirdi ki, başını qaldırıb o da bu cavan oğlanın üzünə baxsın.

- Onnan işin olmasın, - mətbəxə keçən professor mülayim səslə dilləndi, - həyatda kim səhv eləmir ki? - və üzünü Simnarəyə tutdu, - fikir eləmə, qızım, bu söhbəti də elə burda bitirək...

Simnarə bu sözlərdən elə təsirləndi ki, hönkürüb ağladı və dərhal da mətbəxdən çıxıb qaçdı.

"Bəxtim gətirdi!" - o, sevinirdi. - "Demək, dədəmə deməyəcəklər!"

Samir isə qızın arxasınca baxa-baxa həqarətlə gülümsündü:

- Lap səfellayıdı! - dedi, - kəndistandı da, buna da şükür!

***

Yay məzuniyyətinin qurtarmasına bir neçə gün qalmışdı və Əminə xanımın üzünü yenə də qəm buludu almışdı. Bunun səbəbini kəsdirə bilməyən professor birdən-birə qeyzləndi:

- Nə olub yenə? İndi nəyin çatmır?

Əminə xanım narazılıqla başını bulaya-bulaya:

- Mən sabahı fikirləşirəm, - dedi, - şəhərə qayıdandan sonra tək neynəyəcəm? Ev-eşiyi də indi toz basıb, kim silib-süpürəcək, kim yığışdıracaq? Yadıma düşəndə ki...

Professor arvadının sözünü kəsdi:

- Məsləhətin nədir?

Əminə xanım birbaşa mətləbə keçdi:

- O kişiyə denən ki, qızını versin bizə, o, buna çox şad olacaq, çünki, bir yeyəni azalacaq. Başa sal ki, əyin-başı da bizim boynumuza, yeri gələndə ona da geyim-keçim göndərəcəyik, özünə də bir az pul ver.

Alış-veriş Simnarənin iştirakı olmadan başa çatdı. Nemət kişi yüz manatı aldı və biləndə ki, aradabir ailəsinə geyilmiş pal-paltar da göndərəcəklər, sevincək razılıq verdi və qızının adlı-sanlı bir şəhərli ailəsində qulluqçuluq edəcəyinə qətiyyən təəssüflənmədi:

- Qoy heç olmasa bu qız Bakı şəhərində bir gün-güzəran görsün, -bizim də yükümüz azalar, -deyə özünə təsəlli verdi və həsrətini çəkdiyi yüzlüyü də bir neçə gün ərzində içkiyə xərclədi.

Amma Simnarə Bakı şəhərini yalnız professorun dörd otaqlı mənzilinin eyvanından görə bilirdi, o, bütün günü gücü çatanı, əlindən gələni eləyirdi, otaqları süpürüb-silirdi ki, vaxtaşırı ev sahibəsini razı salsın. Əminə xanım qıza, ilk növbədə, təsərrüfatı necə idarə etməyi öyrətmişdi və indi öz zəhmətinin səmərəsini görürdü, qızın ayaması dilindən düşmürdü:
"Pıspısa! Harda qaldı sənin çayın?"

Samir də Simnarəni ayaması ilə dindirirdi; ona "Pısik" deyirdi və qız artıq yaxşı bilirdi ki, daha çox rusca danışan Samirin dilindən çıxan "Pısik"lə "Pıspısa"nın fərqi yoxdur. Və Simnarə Əminə xanım kimi Samirin də qulluğunda canla-başla, sədaqətli bir köpək kimi durmağa çalışırdı. Sübhdən oyanan kimi çay dəmləyirdi, professorun səhər yeməyi üçün sıyıq bişirirdi və sonra da başlayırdı hamam otağını, tualeti təmizləməyə. Sonra ev sahibəsindən ötrü yumurta qaynadırdı, süd qızdırırdı, Samir yuxudan oyananda isə o, yenidən qaz piltəsinin arxasına keçirdi, ərinmiş kərə yağında pomidor qızardırdı, üstünə yumurta vururdu.

Kənd yerində böyümüş qız uşağına xüsusi zəhmət tələb olunmayan bu işləri aşırmaq, zövqlə bəzənmiş otaqları səliqə-sahmanda saxlamaq ilk günlər o qədər asan başa gəlmirdi. Axı bu evdə hər şeyin öz yeri var idi, hətta oyuncaqların da. Ev sahibəsi hərdən dəbdən düşmüş paltarlarından birini ona verəndə bu evdə çəkdiyi əzab-əziyyəti tamam unudurdu, o paltarı isə öz otağında müqəddəs bir şey kimi qoruyurdu. Onun yatıb-durduğu balaca otağın iri pəncərəsi bulvara açılırdı və qız bu pəncərənin önünə düzdüyü dibçəklərdə bəzək kolları yaşadırdı və bu evdə doğma Nabranı ona yalnız bu yaşıl kollar xatırladırdı.

...Aylar keçirdi, Pıspısa Nuriyevlər ailəsinin ayrılmaz hissəsinə-daxili bir qurumuna çevrilirdi, ailə üzvləri isə öz həyatlarının onsuz necə keçə biləcəyini təsəvvür edə bilmirdilər.

***

Bir dəfə necə oldusa, Samir öz tələbə yoldaşlarını evə gətirdi və dərhal da tələb elədi ki, təcili süfrə açsınlar. Üzünü Simnarəyə tutdu:

- Pısik, nə varsa təcili düz stolun üstünə, - dedi, - bir dərsimiz boş idi, gəldik musiqi dinləməyə!

Pıspısa bir göz qırpımında süfrə açdı və Samirin tələbə yoldaşlarını nəinki zirəkliyi, həm də qəribə adı ilə təəccübləndirdi. Samirin tələbə yoldaşları qızdan üç-dörd yaş böyük idilər. Amma onların arasındakı sosial uçurum böyük olduğu qədər də dərindi.

- Sən bir bunun adına bax: Pısik! Bu nə addı ona qoyublar? - Tələbələr arasında ən çox diqqəti çəkən cins şalvarlı Lalə üzünü Samirə tutub dilləndi, -o, laldı?

- Yox, lal deyil, sadəcə, az danışandı, Bobik kimi də sözə qulaq asandı, - Samir gülə-gülə cavab verdi, - o ki qaldı adına, bu onun ayamasıdı.

Lalə yenə Samirdən əl çəkmədi:

- Bəs onda əsil adı nədir?

- Bilmirəm, -Samir sözün düzünü söylədi, - bir ildən çoxdur ki, bizdə yaşayır, biz onu elə belə çağırırıq: Pısik...

***

Bir dəfə... Qara gəlmiş günlərin birində Samirin valideynləri toya getməli oldular, Samir də evdən çıxdı, amma tez qayıtdı, özü də kefli, üzgün.

Canındakı ağrının da səbəbini bilirdi; gəzdiyi qızla yeldöyən eyvanda tək qalanda içki havasına ehtiraslı öpüşlərə o qədər aludə oldu ki, xəzri kürəyini, boynunu qurutdu və evə çatandan sonra qonaq otağındaca divanın üstünə sərələnib özünü qınamağa başladı. Sağa-sola ha qurcalandısa, gördü yox, ağrıları azalmır. Birdən-birə Simnarəni səslədi:

- Pısik, gəl mənim belimi ovxala!

Simnarə itaətlə arxası qatda divana uzanmış Samirin kürəyini ovxalamağa başladı:

- Elə yox! - Ev sahibəsinin oğlu gözlənilmədən incik səslə dilləndi, - əvvəl köynəyimi çıxart, belimə krem sürt, sonra.

Simnarə Samirin bu tələbini də yerinə yetirəndən sonra onun kürəyini, peysərini o qədər ovxaladı ki, dili ağzından çıxdı, tamam yoruldu və birdən-birə Samir qanrılıb onu altına salanda, pal-paltarını zorla əynindən çıxarmağa başlayanda qorxusundan yumağa döndü, tir-tir titrədi, amma başa düşə bilmədi ki, ev sahibinin oğlunun hansı sözündən çıxıb ki, onunla belə davranır, niyə onu sıxıb övkələyir?; niyə döşlərini dişləyir? Simnarə elə bil dilsiz-ağızsız buz parçası idi. Bu evdə itaət etməyə o qədər öyrəşmişdi ki, elə indi də cınqırını çəkə bilmədi və elə bu anda da Samir zor gücünə qızın ayaqlarının arasına girə bildi...

Sonra o, için-için ağlayırdı... Amma cismini parçalayan qəfil ağrıdan yox, qız ona görə yanıb-yaxılırdı ki, onu bu kökə salan, inanıb sədaqətlə qulluğunda dayandığı, xoş sözdən başqa ondan heç nə ummadığı adamdı. Bu o adamdı ki, bu evdə ilk dəfə onu mərhəmətlə dindirmişdi: ona "Pısik" demişdi, onu sevindirmişdi. Amma indi onu bədbəxt eləmişdi, amma başa düşə bilmirdi ki, nəyə görə. Nədir onun günahı?

Bir qədər keçəndən sonra Simnarə xalçanın üstündəcə xoruldamağa başlayan Samiri qaldırıb çarpayısına uzatdı, üstünü örtdü, "qəfil talandan" sonra yerdə nə qalmışdısa hamısını silib yığışdırdı və canının ağrısına baxmayaraq, hamama girdi ki, özünü yusun.

Səhər tezdən isə Samir heç nə olmayıbmış kimi onu səslədi:

- Pısik! Bəs mənim saroçkam hanı?

Simnarə dinməz-söyləməz köynəyi gətirib ona uzadanda da, Samir, adət etdiyi kimi, yenə də qızın üzünə baxmadı, amma astadan, günahkarcasına pıçıldadı:

- Pısik! Bağışla məni, dünənkinə görə... Mən kefli idim, özün başa düşürsən, nə deyim, amma sən... bunu heç kimə demə. Danışdıq?

Simnarə dinmədi və Samir bu sualı dilinə bir başqa biçimdə gətirdi:

- Söz verirsən?

***

Simnarə bu hadisəni açıb-ağartmaq fikrində deyildi; amma bir neçə aydan sonra o, elə bir hala düşdü ki, Əminə xanım evə həkim çağırmalı oldu. Və yaşlı həkim də qızı müayinə eləyəndən sonra inamla dilləndi:

- Qorxulu heç nə yoxdur bu qızda: hamilədi, hamiləliyə də xəstəlik demək olmaz! Bətnindəki də üç aylıqdı, hamiləlik zamanı da qadın bədənində nələr baş verdiyini siz də bilirsiniz, tezliklə ağrıları da səngiyəcək, özü də yaxşılaşacaq.

Əgər on il qabaq qadın xəstəliyindən əziyyət çəkdiyinə görə uşaqlığı dibindən kəsilib götürülən Əminə xanıma desəydilər ki, hamilədi, bu qədər dəhşətə gəlməzdi, sarsılmazdı.

- Axı, o, necə hamilə ola bilər? O ki, evdən bayıra çıxmır! - Və heyrət içində səsini qaldırdı, -Yaxşı, indi biz neynəyək?! Başımıza haranın daşını salaq?

Qızı heyrətlə süzəndən sonra əlini dizinə çırpıb üzünü həkimə tutdu:

- Nahaq yerə demirlər ki, suyun lal axanı, adamın yerə baxanı.

Əminə xanım sualı suala calasa da, Simnarə dinmirdi, danışmırdı, başını aşağı salıb yerə baxırdı. Elə bu səbəbdən də Əminə xanım evdə əsil məhkəmə qurdu, istintaqa başladı. Samir ağappaq aparmışdı, professor isə anbaan haldan çıxan, qışqırıb-bağıran arvadını sakitləşdirməyə çalışırdı:

- Qızı belə incitmək olmaz, Əminə! Cavandı, qanmayıb. Məsələni aydınlaşdırmaq lazımdı, günahkar kimdisə, onu da məcbur etmək lazımdır ki, qızla evlənsin!

Əminə xanım bir qədər qeyzləndi:

- Belə də qız olar? Üç gündür ki, mən istəyirəm bundan bir söz qopardım, ağzına su alıb susur. Mən bu məsələni necə aydınlaşdırım? Heç nəyi də boynuna almaq istəmir. Boynundan tutub evdən qovmaq lazımdı bu pozğunu! Gör bir mənim evimdə nə hoqqa çıxartdı!

Professor da səsini qaldırdı:

- Hay-küy salma! Onu qovmaq olar? Doğrudanmı, sən başa düşmürsən ki, o, nə qədər acizdi? Demək, onu kimsə aldadıb! Biz onun atasının üzünə necə baxa bilərik? Axı o, bu qızı bizə etibar eləyib, demək, bizdən istəməyə də haqqı var, günahı özümüzdə axtarmalıyıq, demək, biz onun qızını qorumamışıq!

- Biz niyə qorumalıydıq? - Əminə xanım qışqırdı, -bizim nə taxsırımız, kim qızı yoldan çıxardıbsa, o da cəzasına çatmalıdı, bizim borcumuz ərizə ilə polisə müraciət etməkdi, vəssalam, kim onun saqqızını oğurlayıb, namusuna toxunubsa, qoy cavab versin!

Araya çökən ani sükutu professor pozdu:

- Axı bu qız heç vaxt bu evdən çıxmayıb...

Araya çökən sükutu yenə də professor pozdu, amma gözlərini oğlunun üzünə zilləyəndən sonra:

- Görəsən, biz səndən şübhələnməməkdə nə dərəcədə haqlıyıq?

Samir onsuz da həyəcan içindəydi; bu atmacadan isə, diksinib kağız kimi ağardı.

- Niyə susursan? - Professor hədə ilə səsini qaldırdı, - axı sən niyə etiraf etmək istəmirsən ki?

Və professor sözünü tamamlamamış Samir stuldan qalxıb, ox kimi otaqdan çıxdı.

- Necə yəni? - Əminə xanımın səsi kimi ayaqları da titrədi, stula çökdü, - Yəni bu əməli törədən mənim oğlumdu?! İnanmıram... Axı necə ola bilər ki, mənim oğlum bu iyrəncə, bu qara pıspısaya tamah salsın?

Professor əlini ürəyinin üstünə qoydu:

- Alçaqlıq eləyib bizim oğlumuz! - dedi. - Özü də yekəsindən...

- Günahın hamısı bu qara pıspısadadı! - Əminə xanım yenə qışqırmağa başladı, -mənim uşağımı bu mundarca, bu rəzil yoldan çıxardıb! Şəhərlilərin adı çıxıb, bütün kənd qızları belədi, saman altdan su yeridirlər, başlarına çadra salıb, min hoqqadan çıxırlar! Bələkdən çıxan kimi gözləri qalır malın, heyvanın erkəyində, dişisində ki, görsünlər necə cütləşirlər, ona görə də tez yetişirlər, ona görə də..

***

Amma bu dava-mərəkə bununla bitmədi, çox başağrısı gətirdi, çox su apardı.

- Uşağı abort eləmək lazımdı, - oğlanın anası təkidlə dedi, atası isə qətiyyətlə bildirdi ki, heç bu barədə danışmağa da dəyməz. Əminə xanım yenə də öz şərtini ortaya qoydu:

- Onda uşaq doğulan kimi verərik yetimxanaya.

Amma professor arvadının bu təklifini də etirazla qarşıladı və arvadını inandırmağa çalışdı ki, yeganə çıxış yolu təcili toya hazırlaşmaqdı. Günlərlə sürən və nəticə verməyən bu mübahisələrdə, dava-savaşda bu bədnam hadisənin səbəbkarları iştirak etmirdilər; taleləri ilə barışmış bu iki nəfər sakitcə, səbrlə bu hadisəyə necə düyün vurulacağını gözləyirdilər.

Əminə xanım:

- Axı, sən necə razı ola bilərsən ki, yeganə oğlun bu çuşkaya, bu kifir kütbaşa evlənsin? - dedi. - Görmürsənmi o, necə iyrəncdi?

Professor bir anlıq fikrə gedəndən sonra:

- Bu, onun öz seçimidi, - dedi, - mən heç vaxt yol vermərəm ki, o, qızın taleyi ilə oynasın!

Çox keçmədi ki, toy elədilər və bu düyündə "Pısik"in qohumları da gəlib ağ qarğa kimi əyləşdilər. "Qara Pıspısa" isə qızıl, brilyant daş-qaş içində nəinki yaxşılaşmışdı, hətta ağarmışdı. Qar kimi bəyaz fata sahmana salınmış tünd qara, mirvari sancaqlar taxılmış saçlarını, əsmər sifətini dərhal nəzərə çarpdırırdı. Gecə-gündüz işləməkdən şiş gətirmiş barmaqlarını incəldə bilməsələr də, sınıb-çatlamış dırnaqlarını nigarlamışdılar, əllərinə isə, fatası kimi bəmbəyaz, bir qədər iri ölçülü ağ əlcəklər geyindirmişdilər ki, biləklərinin, qollarının natarazlığı da sezilməsin. Samir özünü utancaq, yanaqları tez-tez qızaran arvadına qarşı çox səmimi, inamlı aparırdı, arabir onları alqışlayanda ehtiramla baş əyirdi, bir sözlə, əsl bəy rolu oynayırdı. Bu qiyafədə onlar bir-birinə çox yaraşardılar, amma bir şərtlə; Simnarənin görkəmində özünə əbədi yer eləmiş qorxu, həyəcan çəkilsəydi və bu qeyri-adi gündə heç olmasa aradabir üzü gülsəydi, sir-sifəti təbəssümlə işıqlansaydı...

Bəy isə öz kefində idi; danışırdı, gülürdü, qollarını qaldırıb oynayırdı. Niyə də oynamasın? - Onun həyatında heç nə dəyişməmişdi, yenə də anasının "gül balası" idi, atasının pullarını xərcləyirdi, o ki, qaldı arvadına çevrilmiş Pıspısaya, bir qədər rahat yaşayacaqdı, daha Simnarəni hara gəldi buyuranda, atasından utanıb-çəkinməyəcəkdi.

İlk zifaf gecəsində Samir qərara gəldi ki, Pıspısaya şişmiş ayaqlarını yudurtsun və qız ərinin bu tələbinə, fatasını başından çıxarmadan əməl elədi, özü də zövqlə, həvəslə, necə deyərlər, canla-başla.

***

Samir yenə də hər səhər instituta gedirdi, Pıspısa isə evin işini görürdü, üstəlik də, doğub-törəyirdi, onun uşaqlarını böyüdürdü. Amma elə ki, onların sayı üçə çatdı, Əminə xanım heç nəyi və heç kimi saya salmadan qəti sözünü dedi:

- Bura bax, Pıspısa, bura sənin üçün atanın kənddəki evi deyil ki, oğlan doğana qədər balalayasan. Biz də sənə belə şərt qoymuruq. Üç qız bəsindir.

Pıspısa başını aşağı saldı, qıpqırmızı qızardı. Və elə o gün Əminə xanımla razılaşdı ki, onu qadın həkiminə aparsın və adına "spiral" deyilən tibbi qoruyucu ilə uşaqlığına gedən yolu bağlasın.

Cavan gəlin əvvəllər olduğu kimi hər gün, hər saat özünü iş başında sayırdı, ərindən daha artıq qaynanasının, qaynatasının qulluğunda dayanırdı. Onun bu evdəki sosial durumu, demək olar ki, dəyişməmişdi, amma hərdən bir onu yaxın qohumların toyunda-şənliyində "üzə çıxarırdılar" və belə günlərdə onu qabaqcadan evlərinin tinindəki "Qaraböcək" gözəllik salonuna aparırdılar, bəzəyirdilər və əsl professor gəlini kimi geyindirirdilər.

Qaynanasının ondan narazı olduğunu Pıspısa hər saat, hər an hiss eləyirdi. Bir dəfə Əminə xanımın köks ötürərək telefonla kiməsə dediyi sözü özü də eşitdi:

- Çuşka ki çuşka, istəyirsən lap qızıldan don geyindir, yaraşmır ki yaraşmır, sir-sifəti də, deyərsən bəs buz bağlayıb, elə bil oxlov udub köpəyin qızı, belə gəlinlə bir evdə yaşamaqdansa, ölmək yaxşıdır!

***

Amma bütün bunlara baxmayaraq, evin bütün yükünü Pıspısa çəkirdi; nə donquldanırdı, nə şikayətlənirdi, nə də xəstələnirdi. Naxoşların qulluğunda dururdu, dəymədüşər həyat yoldaşının, həmçinin qaynanasının nazıyla oynayırdı, bütün günü bişirib-düşürürdü, yuyub-ütüləyirdi, evləri yığışdırırdı, uşaqları yedizdirirdi.

Əminə xanım amiranə səslə:

- Uşaqları qəşəng geyindir, - dedi, - mən onları yolka bayramına aparacam, tez elə!

Əminə xanımın əmrlərinə adət eləmişdi, ürəyində xoşu gəlməsə də. Belə anlarda sevinirdi, demək, nəhayət ki, tək qalacaqdı, döşəməni istədiyi kimi siləcəkdi, kafelləri sürtüb parıldadacaqdı, vaxtı qalsa, tifillərinə corab toxuyacaqdı, amma indi gərək tez-tələsik onları geyindirə, saçlarına bant bağlaya. Üçü də istəyirdi ki, Pıspısa onu öncə geyindirsin. O, deyirdi "Pıspısa", bu deyirdi "Pıspısa". Bəli, bu ailənin bütün üzvləri kimi, bu qızlar da ona "Pıspısa" deyirdilər.

Nəriman müəllim öz oğlunu şəhər xəstəxanasının nevroloji şöbəsinə müdir təyin etdirəndən sonra dissertasiya yazıb alimlik dərəcəsi almasına da kömək elədi. Samir inamla yüksəlirdi. O, kef əhli idi, gücü, qüvvəsi qaynayıb daşdığından və hökmranlığı bacardığından, utanmadan dilsiz-ağızsız, evdə maşın kimi işlək arvadına xəyanət eləyirdi.

Samirin atası vəfat eləyəndə bütün yas mərasiminin ağırlığı Pıspısanın çiyninə düşdü, çünki qəm-qüssəyə batmış Əminə xanım nə isə eləmək iqtidarında deyildi.

Mərhumun qırxından sonra da, Pıspısanın qayğıları azalmadı, əvvəla, ona görə ki, Əminə xanım tez-tez xəstələnib yatağa düşürdü və Pıspısa da onun qulluğunda durmağa çalışırdı. Axı o, mümkün olan və olmayan bütün işləri görməyə adət eləmişdi. İkincisi də, atasının ölümündən sonra özünü tam hüquqlu ev sahibi kimi aparan Samir o dərəcədə qudurdu ki, gecələr evə əxlaqı dumanlı olan adamlar gətirməyə başladı, hətta hərdən onları səhərəcən evdə saxladı. Anası o qonaqları görəndə, lap haldan düşürdü və keçirdi öz otağına, Pıspısa isə ərinin qulluğunda dayanırdı, axırda da ərini qonaqlarla tək qoyub keçirdi qızlarının otağına və elə orda da yuxulayırdı. Çox keçmədi ki, Samirin məşuqəsi də evin "qonağı" oldu və göz-görəsi Pıspısanı eyninə almadan Samirə məzə verməyə, hətta mazaqlaşmağa başladı...

***

İllər keçdi və Samirin nəzərə çarpmadan ərgən yaşına çatan qızlarına elçilər gəlməyə başladı. Əminə xanım qonaqları oğlu ilə qarşılayırdı, qızların anasını məsələdən agah eləmədən, ağlı kəsənə razılıq, xeyir-dua verirdi və nəvələrinə cehiz hazırlamağa başlayırdı. Çoxbilmiş nənələrinin gözü qabağında böyüyən, ondan görüb-götürən qızlar analarına açıq-aşkar həqarətlə baxırdılar və onu saya salmırdılar. Nənə evdə nüfuz sahibi idi və onun sözü qızlar üçün də qanundu.

Pıspısa onların nazıyla oynayan, gecə-gündüz qulluqlarında duran adi bir icraçı-avtomat idi və nənələri ilə qürrələnən, nənələrinin tərbiyəsini görən qızlarının bütün tapşırıqlarını sorğu-sualsız yerinə yetirməliydi.

Professor öləndən sonra Samirin dul qalmış, xəstə anasını sanatoriyaya aparması ənənə halını alanda və ən azı bir ay o, əri ilə qaynanasının yolunu gözləməli olanda demək olar ki, evin bütün yükünü çəkirdi, üstəlik qızlarının doğub-törədiyi körpələrinə həvəslə dayəlik eləyirdi. Qızların üçü də doğub-törəməyə macal tapmışdılar və hərdən evdə bir yox, bir neçə körpənin səsi bir-birinə qarışırdı və bu evdə yalnız istəkli nənələri onların nazıyla oynayırdı. Uşaqlar xeyirxah, mülayim nənələrinə o qədər öyrəşmişdilər ki, ondan ayrılmaq, öz evlərinə getmək istəmirdilər və Pıspısanı da qanadlandıran, bu ailədə, nəhayət ki, əsil xoşbəxtliyin nə olduğunu ona andıran elə bu idi.

Zavallı Pıspısa! Axırı ki, ona da bu evdə fərəhlənmək qismət oldu... Dünyaya gətirdiyi uşaqların heç biri ona nəvələri qədər mehr salmamışdı, onu nəvələri kimi sevməmişdi. Pıspısa şadlanır, qürrələnirdi: nəhayət ki, bu dünyada onu da səmimi qəlbdən sevən canlılar peyda olmuşdu və onlar onu Pıspısa yox, nənə deyə çağırırdılar! O, nəvələrinə qulluq etməkdən həzz alırdı və arzulayırdı ki, yay tez gəlsin, əri qaynanasını sanatoriyaya aparsın və o, istəkli nəvələri ilə birlikdə evin mütləq hakimi olsun. Yalnız bu zaman professorun mənzilindən Pıspısanın incə, məlahətli səsi yüksəlirdi, çünki ona ən sadiq, ən vəfalı canlılar, onun laylalarına qulaq asa-asa yuxuya gedirdilər. Pıspısa o qədər də çox sayda oxşama, layla bilmirdi və elə bu səbəbdən də, hərdən ürəyindən keçənləri söyləyirdi, amma əsl layla avazı ilə:

Lay-lay balam, a laylay,
İndi şirin yuxuda
Görürsənmi sən məni?
Beşiyinin başında
Laylay deyən nənəni?
Yuxudan oyananda
Axtaracaqsan məni?
Beşiyinin başında
Laylay deyən nənəni?
Laylay dedim, yatdınmı?
Gülşən gülə batdınmı?
Yuxuda gülən balam,
Şirin yuxu tapdınmı?

***

Belə yay günlərinin birində, Samir anası ilə Moskva yaxınlığındakı kardioloji sanatoriyalardan birində dincələndə, Bakıdan qəfil bir teleqram aldı: "Pıspısa bu gün xəstəxanada vəfat elədi".

Və teleqramda yazılana aydınlıq gətirmək üçün Bakıya zəng vurandan sonra gününün çoxusunu müalicə korpusunda keçirən, bir "vannadan" çıxıb, o birinə girən anasını növbəti müalicə növbəsində tapdı və teleqramı qorxa-qorxa ona uzatdı.

Əminə xanım teleqrama ötəri göz gəzdirən kimi səsini qaldırdı:

- Bu nə axmaq zarafatdı sən mənnən eləyirsən? - dedi, - bəyəm sən bilmirsən ki, mənim ürəyim nə gündədi?

- Bu zarafat deyil, həqiqətdir... Bakıya zəng vurub öyrəndim hər şeyi... O, xəstəxanaya düşəndə, sadəcə, bizi narahat etmək istəməyiblər... O, mənim şöbəmdə yatıb, özü də cəmi iki gün... - Samir sözünə ara verdi, - qızlar telefonda dedilər ki, bu gün onu morqdan götürməliyik...

Əminə xanım bu deyilənlərə də inanmaq istəmirdi:

- Axı kim onu xəstəxanaya aparıb? - dedi. - O ki madyan kimi sağlam idi!

Samir yenə də astadan, hüznlü səslə:

- Mama, mən xəstəxanaya da zəng vurdum, - dedi, - mənə söylədilər ki, mənim arvadım insultdan ölüb, kardioqrammadan məlum olub ki, o, uzun illər yüksək qan təzyiqi ilə yaşayıb, amma bu bizim ağlımıza da gəlməyib...

-Yalandı! İnanmıram! - Əminə xanım yenə də öz hökmünü verdi, - sən Bakının ən yaxşı nervipotoloqlarından birisən, ola bilməz ki, sən öz evindəki gipertoniki görməyəsən!

Samir başını aşağı saldı:

- Görməmişəmsə, bu mənim günahımdı, - astadan dedi, - demək, mən Bakının ən yaxşı nervipotoloqlarından biri deyiləm...

Amma Əminə xanımın üzündəki, gözlərindəki, həmçinin, səsindəki qəzəb hələ soyumamışdı:

- Bu yerdə də o, istəyinə çatdı! - dedi, - öz xəstəliyini gizləməklə, bizim də istirahətimizi alçaqcasına pozdu, bunu yalnız o eləyə bilərdi! O...

Və Əminə xanım birdən-birə oğlunun onu ikrahla süzdüyünü sezdi və kiridi.

***

...Bir neçə saatdan sonra onlar Moskvadan uçdular, amma yol boyu bir kəlmə də kəsmədilər. Evə girəndə qarşılaşdıqları mənzərə onları dəhşətə gətirdi. Mənzilin səliqə-sahmanı tamam pozulmuşdu, otaqlar çirk-çirkab içində idilər, əzizlənməkdən məhrum olmuş, acından rəngləri solmuş nəvələr qışqırışır, ağlaşırdılar, o otağa, bu otağa keçib əbədi itirdikləri nənələrini axtarırdılar. Samirin ərkəsöyün qızları bir-birilə öcəşirdilər, onlar mənzili, yas qapısını sahmana salmaq halında deyildilər, bu fikrə gəlmişdilər ki, anaları vaxtsız ölməklə onları çox pis vəziyyətdə qoyub. Onlardan hansısa balkonun qapısını açıq qoymuşdu və içəri vız-vız vızıldaşan milçək sürüsü dolmuşdu.

- Denən, ay arvad, ölmək vaxtıdı? - Böyük qız gileylənməyə başladı. - İndi mən Aykanı kimin yanında qoyub instituta gedəcəm? Axı o heç kimnən qalmır, özüm də diplom yazıram, sabah elmi rəhbərlə görüşməliyəm, opponentləri tapmalıyam...

Ortancıl qız da sözünü utanıb -çəkinmədən söylədi:

- Mənim körpəmi özünə o qədər öyrətdi ki, indi heç məni tanımaq da istəmir! Qışqırır, elə bil ətini kəsirlər, başa düşmürəm nə istəyir?

- Sizə şükür, - kiçik qız incik halda bu giley-güzarı bir qədər də şişirtmək qərarına gəldi,- o, sizinkiləri heç olmasa ayağa qaldırmağa macal tapdı! Mənim oğlumun heç bir yaşı da yoxdu, özüm də bilmirəm ki, uşağı necə, haçan yedirtmək lazımdı!

- Bizim işimiz necə olacaq?

Əminə xanım bu sualı təşviş, heyrət içində nəvələrinə verirdi və deyəsən, ömründə ilk dəfə hiss eləyirdi ki, Pıspısasız bu evdə onnan nə ev sahibi olar, nə ana, nə nənə. Bəs yası kim yola salacaqdı? Axı tanış-biliş hamısı bu evə toplaşacaqdı...

Və içində baş qaldıran sual da Əminə xanımı birdən-birə kövrəldib, acı-acı ağlatdı və nəhayət ki, ömründə ilk dəfə gəlininin tamam unudulmuş, əsl adını dilinə gətirdi:

- Mən sənsiz neynəyəcəm, Simnarə?

***

Başını itirmiş Samir şöbəsində işləyən həkimləri, tibb bacılarını bir-bir dindirirdi:

- Doğrudanmı, o, son nəfəsində heç nə söyləmədi?

- Doğrudanmı, heç nə demədi ki, mənə çatdırasınız?

- Yəni bir kəlmə də?!?!?!

- Doğrudanmı?

Pıspısa yaşadığı kimi də, heç kimə əziyyət vermədən, heç kəsi zəhmətə salmadan dinməz-söyləməz bu dünyanı tərk eləmişdi. Nə vəsiyyətnamə, nə bir məktub, nə bir söz söyləməmişdi. Yalnız ondan qalan o qəmli bayatı idi ki, onu nəvələrinə öyrətməyə macal tapmışdı, bu isə ona dəlalət edirdi ki, hər halda o, insanlarla ünsiyyət qurmağı bacarırmış. Ömründə ilk dəfə sarsılmış Samirə elə gəlirdi ki, o, həyat boyu hədsiz sədaqətlə, səssiz-səmirsiz ona xidmət edən qollarını itirib, həm də yer üzündə ona kölgəsi kimi sədaqətli olan bir varlığı, amma o, hələ də bilmirdi ki, bu varlıq onun qəlbinə köçüb...

Hollandiya, Reykyavik.

Ruscadan çevirən:
Məmməd ORUC

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG