Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:31

Məqsəd Nurun romanı "Oxu zalı"nda müzakirəyə çıxarılır


-

Milli Kitab Mükafatında ikinci yerə layiq görülmüş yazıçı Məqsəd Nurun romanı "Oxu zalı"nda müzakirəyə çıxarılır. Romandan bir parçanı təqdim edirik.


Məqsəd Nur


Şəhər meri
(Romandan parça)

…adam var,
səssiz cinayət daşıyır…
(bunu şair Çılğınca da deyə bilərdi)



Kinoteatrın yeddinci mərtəbəsindəki qülləyə bitişik dairəvi şüşəbənddə yatmağı xoşlamağım hündürlüyü sevdiyimdəndi. Yatmamışdan qabaq eyvana çıxıb Bakının hər tərəfinə – dənizə, yamaclara, basırıq küçələrə baxır, havamı dəyişib yerimə uzanırdım…

Həmin gecə mənim sonuncu xidməti növbətçiliyim, şüşəbənddəki sonuncu yuxum oldu. O gecədən bu yana həyatımda nə baş verdisə, özü bir yuxuydu…

Sapıntı

1986-cı ilin aprelində, sübh tezdən daxili telefonla zəng gəldi. Cəmi üç söz deyildi:

- Təcili aşağı düş! – kinoteatrın gözətçisiydi. Tələsmədən paltarımı geyindim, saçlarımı daradım, siqaret yandırdım və kinoteatrın yeddinci mərtəbəsindən beşinci mərtəbəyə düşüb liftin qarşısında durdum , təbii ki, vərdiş üzrə siqaret tutduğum əlimlə liftin düyməsini basdım. Lift asta-asta yuxarı dartıldı.

Gözətçini öz postunda görməyib kinoteatrın iri, bahalı ağacdan hazırlanmış ikilaylı qapılarından bir tayını var gücümlə özümə tərəf çəkdim. Bülbül prospektinə açılan qapıdan yenə də ilk gördüyüm ağaclar oldu: asta bir meh təzə açılmış küknar yarpaqlarını səhər şəfəqləri altında tərpədirdi; quşlar civildəşir, zərif səsləri ara-sıra qarşıdan ötən maşınların boğuq siqnallarına, mühərrik səsinə qarışırdı.

Pilləkənlərdən aşağıda, səkinin ağzında qara, zəhmli, arxa qapısı yarı açılı minik avtomobili dayanmışdı, bizim Gözətçi də başını bədəninin yarısınadək həmin avtomobilin qapısından içəri salıb durmuşdu. Birdən, Gözətçi bədənini avtomobildən çıxarıb dikəldi, geri boylandı və qəddini düzəldib mənə tərəf qaçdı. Avtomobilin açıq qapısından içəridə zümrüdü rəngdə dəridən çəkilmiş oturacağın bir hissəsini, parıltılı kişi ayaqqabısının bir ucunu və uzun ayaqları örtmüş təptəzə, şümallı qara şalvarın dizdən aşağıya doğru kəsiyini gördüm. Gözətçi göz-qaşla avtomobilə yaxınlaşmağı işarə etdi və mən də özümdən asılı olmayaraq yaxınlaşıb başımı avtomobilin açıq qapısından içəri salmalı oldum.

***
…Ağzımda acılıq vardı: nə bir stəkan çay içə bilmişdim, nə bir şey yemişdim. Siqaretin acısı bağırsaqlarıma qədər işləmişdi. Odur ki qarşılaşacağım adamla üzbəüz qalmaqdan uzaq durmaq vərdişiylə atüstü duruxdum, amma:

- Otur! - içəridən soyuq və zəhmli bir səs gəldi.

Bir ayağımı avtomobilin salonuna saldım. Və tez də dönüb geri baxmağım gəldi. Yenə kinoteatrın gözətçisini gördüm. O, pilləkənin başında dayanıb gülümsünür və deyəsən bizə – avtomobilə tərəf əl edirdi. Hə, Gözətçi sol əlini azca qaldırıb yellədir, sonra da həyəcanla sağ əlini sinəsinə qısıb bizə tərəf təzim edirdi. Elə bil ya mənimlə birdəfəlik vidalaşır, ya da bu maşına oturmaq şərəfinə layiq görülməyimdən qürur duyduğunu ifadə etmək istəyirdi.

***

…İkinci ayağımı salona qoyan kimi qapı bayırdan örtülmüşdü. Sürücüydü , qapı üzümə örtüləndən dərhal sonra ətrafa göz atmalı oldum: hər tərəfin yüngül mavi rəngə büründüyünü sezdim. Yanımdakı Adam sağ əliylə bərabərindəki tutacaqdan tutmuş, sol qoluyla aramızdakı qalın qoltuğa dirsəklənmişdı, üzünə də azca təbəssüm verib mənə zillənmişdi…

Başıyla salam verdi. Əlini uzatmasa da elə davrandı ki, mən ona əl uzatmaqçün əvvəl qolumu qaldırsam da yersiz davrandığımı tez də qandım. O, irəli baxdı, bu müddətdə gözlərimi avtomobilin pəncərəsindən ətrafa fırlatmaq istədim,mənə elə gəldi ki, şəffaf bir gölün dibindəki iri, zümrüdü daş üstündə oturmuşam.

Pəncərədən həyat yüngülcə mavi rəngdə görükürdü, görünür, bu gün işığının qarşısını almaqçün avtomobilin şüşələrinə çəkilmiş qoruyucu rəngə görəydi. İçəridə isə zümrüdü çalarda dəri işləmələr, onların da arasıyla qaçışan açıq boz xətlər salona dərin bir rahatlıq gətirirdi.

Sanki şəffaf gölün dibində oturduğum halda ətrafdakı xırda, rəngbərəng daşlara, sualtı bitkilərə baxırdım. Çoxlu düymələr, xırda süxurlar rəngbərəng göl dibini xatırladırdı.

Mən avtomobildən bayırda gördüyüm hər şeyin yüngülcə maviliyə bürünməyindən sıxılıb şüşəendirəni axtardım, əlimin altına keçən düyməni basdım, pəncərə şüşəsi azca enib dayandı və bu yarımçıq açıqlıqda həyat təzədən öz rənginə qayıtdı...

Oturcaqda rahatlanan kimi hövlankca sağa döndüm. Hündür qaməti oturuşundan bəlli, iri, kəskin yaşılı gözlü, qart bədənli və orta yaşlı zəhmli bir kişinin yanında bənd almışdım.

Bu o idi – Şəhər Meri!

Gördüklərimdən ağzım açıla qaldı, boğazım qurudu, ayaqlarım əsməyə başladı. O, məni sakitləşdirmək və bu vəziyyətdən çıxarmaq üçün heç nə eləmədi, xofum canımdan çıxsın deyə heç gülümsəmədi də, əksinə, üzünü yana döndərib avtomobilin pəncərəsindən çölə baxmağa başladı. Yandan görünən sərt sifət cizgilərinə baxdıqca dizlərimə isti, əllərimə tər gəldi və instinktiv olaraq öz bədənimi hiss etməyə, harda olduğumu anlamağa çalışdım…

- Hardadı bu… - O, üzü pəncərəyə tərəf soruşdu və özü də cavabını verdi… - …prostitutka? Yessuntikiyə getməyə vaxt tapıb?

Elə bil məni çoxdan tanıyırdı, bu dedikləri də adi bir şeydi, ərkdən başqa bir az da gizli məsləhətləşməydi sanki. Mən çiyinlərimi çəkib durmuşdum və o mənə baxmasa da çiyinlərimi çəkməyimi nətəhərsə görürdü:

- Sən bilmirsən, o bilmir... bəs, kim bilməlidi… - dedi.

Avtomobil tərpəndikcə ətraf seyrəlir. Maşınlar, insan kölgələri tamam azalır, sanki hər şey öz-özünə bu avtomobilin əhatə dairəsindən uzaqlaşdırılır, ara-sıra milis miqalkaları, arxada və öndə bizi müşayiət edən qara maşınlar gözə dəyir, sonra da itirdi.

Maşın işıqforların rənginə əhəmiyyət vermədən irəli şütüyür, döngələri tez dönür, ara-sıra yol qırağında, işıqforun altında dayanıb əlini tələsik papağının dimdiyinə aparan mil duruşlu milisləri görürdük.

Küçədə gedən adam kölgələri də elə bil dayanır və heyranlıqla avtomobilə zillənən sahiblərini təqlid edirdilər. Onların üzü pəncərədən boyağı qarışmış və solğunlaşmış tablolardakı kimi görükürdü...

Şəhər Meri öz tərəfindəki şüşəni azca endirdi. Solumuzda Günəş doğmuşdu. Amma mənə elə gəlirdi ki, Günəş onun üzü üçün doğub və o, Günəşi doğdurmaqçün bacarıqlarını gizlədə bilir.Bəlkə də buna görə içəri soxulmalı olan çılğın şəfəqlərini Günəş də eyni təmkinlə mavi şüşələrin o üzündə saxlaya bilirdi. O əmindi ki, bayırlarda Günəş şəfəqlərinin tükənməməsində onun da danılmaz, bilinməz, sirli bir rolu var…

O, açdığı şüşəni tamam qaldırdı. Günəş hündür ağacların arxasında qaldısa da , onun üzü tərpəşmədi və ağacların arxasından boylanaraq mavi şüşədən axıb keçə bilməyən şəfəqlər onun hüsnüylə beləcə vidalaşdılar… Sonra Günəş çarəsiz halda binaların arxasına girdi. Mən də özümdən asılı olmayaraq, onun soyuq, düşüncəli sifətindən gözlərimi çəkib aşağı baxmağa başladım.

Baxdıqca canımda heç vaxt bilmədiyim tutmalar – qarınağrısı, əzələ və bel sancıları duydum. Ayaq və əl barmaqlarımın ucları gizildəməyə, əsməyə başladı.

Əvvəl başım, sonra da qəddim öz-özünə lap aşağı sallandı. Şəhər Merinin kölgədə belə par-par yanan ayaqqabılarına doğru süründüm, ona yalmanmaq, ayaqqabılarını yalamaqçün ağzımı açdım…

- Heç görmüsənmi, itin balası ceyran ola? – Şəhər Merinin bir az sallaq, bir az təəssüf dolu səsi məni ayıltsa da gözlərimin səkisində hələ də parıltılı, ucu mic ayaqqabıları görürdüm.

- … mən, baxımsızlıqdan itib-batan kino lentlərini səliqəyə salmaqçün can verirəm, orda sizin… gərgin fəaliyyətinizin illər öncəki lentləri var, o lentləri evimdə – öz pulumla qurduğum rütubət buraxmayan dolablarda qorumağa çalışıram … Axı, dövlət bu lentlərin çəkilməsinə pul xərcləyib… kinoteatrdakı arxivdə onları nəm tutur… şəraitsizlikdi…

Mən bu sözləri dedikcə qəddimi əyik tutub qalmışdım və ağzımı, əllərimi onun ayaqqabılarına uzatmağa çalışırdım. Barmaqlarım tərpəşdikcə uclarından caynaqlar çıxdığını görür və ağrılarımın artığını duyurdum.

mkm.az
XS
SM
MD
LG