Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:43

Süleyman Rüstəm. Yaşa baxmıram...


Yaş məni haqlayıb, deyir ki, dayan,
Yox, yox, mən bu yolda yaşa baxmıram!
Bu yol Təbrizimə aparır məni,
Bu yolda kəsəyə-daşa baxmıram.

Deyirəm, ey vüsal, hardasan, harda?
Gedirəm, gedirəm, qalsam da darda.
Dilbilməz tufanda, boranda qarda
Geriyə dön deyən qışa baxmıram.

Yoldayam, yoldayam, yoldayam yenə,
Qoy öyüd verməsin qansızlar mənə.
Önünə çıxsa da min qanlı səhnə,
Gözlərimi tutan yaşa baxmıram.

Əhdimə vəfalı bir insanam mən,
Doğma qardaşımdan nigaranam mən,
Uzun yollar yoran Süleymanam mən,
Qar kimi ağaran başa baxmıram.
XS
SM
MD
LG