Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:38

Orxan Orxanov. İkinci məktub



ikinci məktub

almas ildırım şeirində tanış olmuş iki sətirdik
tənbəl məktəblinin əzbərində uzaq düşmüşdük
müstəqilliyini elan etmişdi ayrılıq
və bütün həyatlarımın bütün küçələrindən asılmışdı bayraqları yalnızlığın

qürbətim olmuşdu üzün və dəyişən heç nə yox idi
bir-iki damcı ayrılıq sıxılmışdı gürubun üstünə
bir-iki pəncərə şüşəsi sınmışdı
bir-iki əsr keçmişdi
və abşeron səmasının itkin düşmüş böyüklüyündə
köhnə bir rəsmimizə sarılıb ağlayırdım mən...

...səndən uzaq, səndən iraq, darmadağın,
üsyan edən, özünə məğlub, sənə həsrət
bütün saatlarında bütün zamanları durmuş mən...
içində qəhvə fincanları sınmış gözlərin
uzaq gözlərin üçün darıxırdım, ey yar,
saçlarımda itən küləkləri toplayırdım
yavaş-yavaş zaman yoxa çıxırdı, itib gedirdi hamı
saçlarımda itən küləkləri toplayırdım
sonra bütün xəzriləri, bütün giləvarları təhvil verib
barmaqlarıvı istəyəcəkdim geriyə
...çünki sən
barmaqlarının ucuyla toxunsaydın ruhuma
hər şey başqa cür olacaqdı
başqa cür olacaqdı... bilmirəm necə... amma başqa cür...
məsələn, daha küləkli... daha sonsuz... daha ikimiz...

dünya da sürətini azaltmışdı elə bil
hədəfə dəyirdi kədər tapancasından atılan bütün güllələr
bir az yaralıydıq, bir az yorğun
kilidini dəyişmişdilər həyatın
bütün açarlarım yad dururdu
çünki
iki yağış damcısıydıq ağacların qara kölgələrinə ilişib qalmış,
yerin cazibə qüvvəsinə məğlub
başa çatmışdı səma rəqsimiz və ayrılmışdıq
lakin... ən böyük hərbi sirr idi sənə olan sevgim
və iç qanaxmalarımda gizlətmişdim bizi...

yediyimiz balıqların dadını, toxunduğun fincanda barmaq izini,
pəncərə şüşələrində donub qalmış nəfəsivi, nəfəsində yazılmış hərfləri,
duaları, kəhanətləri, ayaq izlərin başqa ayaq izlərinə qarışmasın deyə,
bu şəhəri... uzaqlarda... iç qanaxmalarımda gizlətmişdim
və ruhumdakı partlayış yerlərini heç bir xəritədə tapa bilməyəcəkdilər

çünki
güzgülər önündə çoxalırdı yalnızlıqlar
nəfəsin çəkilmişdi həyatımın bütün məhəllələrindən
və boğulurdum mən

...sonra nələrsə baş verdi, dəqiq xatırlamıram, çığlıqlar vardı...
çəhrayı rəngə qarışmış zəncəfil qoxusu vardı...
deyəsən, mən intihar edirdim... deyəsən, hansısa uzaq ölkədə hərbi çevriliş baş vermişdi...
güzgülər üstümə gəlirdi, qonşum divarı döyürdü
iki addım uzaqda təmir gedirdi... iki addım uzaqda sən yox idin

güzgülər üstümə gəlirdi, gülümsəyirdilər və soruşurdular:
kim deyib ki, sevgi iki nəfərlik oyundu?
sən heç qarğadalı zəmisini qarğalardan qoruyan qoşa qorxuluqlar görmüsən?
bəli, sevgilim... qorxuluqlar... qarğalar...
bəli... yalnızlıq... qarğıdalı zəmisi... biz... ikimiz... yalnızlıq...

iki addım uzaqda, söykənib o divara biz sevişmişdik
sənin gözlərində sözlər var idi, lüğətimi itirmişdim oxuya bilmədiyim
heç yerə tələsmirdik, sanki ayrılıq çoxdan nəsli kəsilmiş heyvan növüydü.
XS
SM
MD
LG