Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:39

Musa Yaqub "Neft daşlarında gecəyarı" (Poema)


Qoy əvvəl özümə inanım özüm,
Bilim
bu nə yuxu, nə də xəyaldı.
Bu duyan ürəyim, bu baxan gözüm,
Bu dənizin üstü, göylərin altı...
Suların üstündə nəhəng bir şəhər,
Uzanan küçələr,
Yanan çilçiraq,
Yatan pəncərələr,
Oyaq buruqlar
Bu da gül-çiçəklər,
О da bağça-bağ.
Heyrət qamaşdırdı gözümü bir an,
Gördüm
nə yuxudu, nə xəyaldı bu.
Çıxıb əfsanədən,
Çıxıb nağıldan
Baxdım həqiqətə gözüm dolusu.
Baxdım bu qüdrətə,
Bu dəm-dəsgaha;

Nağıllarda
ulu pəhləvanların
Dəyirman daşını alıb çiyninə
Dağlar aşmağına inandım daha.
Əfsanə şəkilli hər hekayətin
Biryolluq inandım həqiqətinə.
Yeddi div öldürən Məlikməmmədin
İnandım gücünə, cəsarətinə.
Ulduzlar axışıb
Tökülüb yerə,
Zülmətin evini yıxdım bu gecə.
Bütün nağıllara, əfsanələrə
Həqiqət gözüylə baxdım bu gecə.
Eh tarix uzunu,
nə sayım ki, mən
Çox, çox möcüzələr yaradıb insan.
AXIR ki, əllərin möcüzəsindən
Birinə zər düşüb,
Birinə ad-san.
Biri qarğış deyib,
ölümə qarğış,
Ömrünü həyatda bac qoyub gedib.
Guya axirətdə şah olacaqmış,
Başına ehramdan tac qoyub gedib.
BU NEFT Daşlarısa başqa möcüzə,
İnsan qüdrətidir о çıxıb üzə.
Bax insan gücünə,
bax inadına,
Gəl sən də heyrətlə bu dünyadan keç.
Hələ dünyamızda
zəhmət adına
Bu boyda abidə qoyulmayıb heç.
Кörpülər yol gedir üfüqə sarı
Əsrin bir sehrkar karvanı kimi.
Vatır neft daşları bu gecəyarı
Hünərin sonuncu imkanı kimi.

Bir qarış torpağı min qarış eylər,
Dəryanın altını şum eylər insan,
Qayanı əridib mum eylər insan.
Daşları öyrədər gül bitirməyə,
Buludu öyrədər süd gətirməyə.
Zərrə ümidi də qalmasa əgər,
Cəsarət düşərmi öz həvəsindən?

Yaşamaq haqqını alacaq hünər,
Lap iynə ucundan, qum dənəsindən.
Buna şahid olar gələcək özü,
Mənə inam dərsi deyir bu gecə,
Mənə Neft Daşları deyir bu sözü.
Bilmirəm torpağı hayandan gəlib,
Bəlkə Abşerondan, Şirvandan gəlib.
«Daşlar» öz üstündə torpaq yetirmiş,
Torpaq qızıl-qızıl güllər bitirmiş.
Bu yanda
Nəfəsi soyuq dirəklər,
Bir yanda
Göz kimi yanan çiçəklər.
Bir budaq sığınıb polad sütuna,
Əllərin qayğısı,
İnsanın gücü
Görün bir-birinə yovuşub necə,
Sərtliklə incəlik qovuşub necə?!

Alıb öz altına tufanlarını,
Bu gecə quzudur,
Xumardır dəniz.
Güzgüdür, aynadır,
Hamardır dəniz.
O, burda özünü çox işə saldı
Qasırğalarını, tufanlarını,
Bütün qəzəbini, küləklərini
döyüşə saldı;
Amma fatehlər ilə
Bacarmadı bu dəniz.
Döyüşkənlər önündə
Qasırğalar çökdü diz.
Gəldi polad dirəklər,
Damarları gərilmiş
Cod əllər,
Daş biləklər.
Işində inad olan,
Nəfəsləri od olan
Gəldi sözü bütövlər,
Gəldi baxışı sərtlər.
Dalğaların içində
Goriindü tunc sifətlər,
Bərkidi tunc bədənlər.
Bir də inama dönüb
Gəldi qurban gedənlər.
Gəldi polad sinələr
Ölümlərlə döş-döşə.
Dəniz girdi döyüşə.
İnsan girdi döyüşə.
Bu yıxanda
О durdu,
O sökəndə
Bu qurdu.
Dəniz pəhləvanları
Burda dənizi yordu,
Qasırğalar usandı.
Axır insan inadı
Buruq-buruq ucalıb,
Dirək-dirək böyüyüb,
Körpü-körpü uzandı.
İndi
heç ağlına gətirmədiyi
Çiçəklər altında, güllər altında,
Ayaqlar altında, əllər altında
uyuyur dəniz.
Dəfnə ağacının yarpağı altda,
Yatır meydanların çırağı altda.
Əbədi nəğməsi dodaqlarında
Estakadaların ayaqlarında
Çırpına-çırpına uyuyur dəniz.
Bu şirin yuxunun üstündə şəhər,


Dincəlir binalar, yatır küçələr.
Otaqlara axan,
Körpünü aşan,
Şıltaq ləpələrə düşüb oynaşan
Ayın ziyası da başqa bir xəyal...
Yatır fəhlələr də, yuxusu halal.
Təkcə mən oyağam,
Yox, yatan mənəm,
Çox mürgü döyübdür əlimdə qələm
Xəyalım oynayıb dağla, aranla,
Çəməndə çiçəklə,
Döşdə dumanla;
Duyğusuz günləri vermişəm yelə,
İndi dəniz kimi ha dalğalan, coş,
Belə möcüzələr önündə hələ
Sözümüz kasaddır,
Qələmimiz korş.
Hanı şeirimizdə belə ehtişam?
Heyrətlənmək gəlir əlimdən bir az,
Mən də hazırına gəlib çıxmışam.

Bir az söhbət açıb eldən, obadan,
Anam danışardı mənə о zaman:
«Bizim Babadağın ətəklərində
Odyana adlanan sehrli yer var.
Orda alov çıxar yerin çatından,
Torpaq gecə-gündüz yanar, odlanar.
Biz çox isinmişik çəndə, qırovda,
Qazan qaynatmışıq həmin alovda».
İstərdi ürəyim quş olub uça,
Mənim uşaq fikrim, uşaq xəyalım
Daim yol gedərdi bu söz dalınca.
Bilməzdim Odyana hayanda yanar,
О ocaq başında fıkrim dolanar,
Körpə hisslərimi isindirərdim.
Dağa qar düşəndə
Titrədi könlüm,
Heyf, Odyanamız söndü deyərdim.
İndi о anımı salıram yada,
Onda nə biləydim
buz altında da
Bizim ocağımız yanır həmişə.
Çox ocaqlar yanır ocağımızdan,
Çox cıraq alışır çırağımızdan.
Arandan dağlara,
Dağdan arana,
Daşlar Odyanadır,
Düzlər Odyana.
Ən böyük Odyana Xəzərdir özü,
Dalğalar alovu,
Damcılar gözü.
Mən də od üstdəyəm bu gecə yarı,
Sanki bir qazandır,
Oaynayır Xəzər.
İşləyir torpağın qan damarları.
Mazutlu daşlar da
qapqara çıraq,
Bizim od-ocağın nişangah yeri.
Dənizin içində bardaş quraraq
Oturub qocaman neft elçiləri.
Вıı da bir ömürdür,
Yansın hər vədə,
Kimin tapdığını kim itiribdir...
Gül-çiçək bitirə bilməyəndə də
Bu torpaq altında od yetiribdir.
Xəzər od püskürdü günün birində,
Torpağın ahını bir az kiritdi.
Axır ki, Xəzərin ocaq yerində
Babəkin kəsilən qolları bitdi.
Yetər bu biləklər aya, ulduza,
Dünyanın boynuna qol sala bilər.
Bu nəhəng körpülər baş-başa dursa,
Bakıdan Təbrizə yol sala bilər.
Bu kimin eşqiydi sinəmdə dindi?!
Könlüm tilsimdədir,
Gözüm sehirdə.
Əvvəlkilər kimi deyiləm indi.
Ən uca yerdəyəm,
Ən uca yerdə.
Burdan deməliyik hər sözümüzü,
Fəhlə kürsüsüdür bu Neft daşları,
Fəhlə kürsüsü.
Şöhrət kürsüsüdür bu Neft daşları,
Şöhrət kürsüsü.
Çatacaq dünyamn üfüqlərinə,
Hələ şöhrətimiz gedir dərinə,
Hələ qüdrətimiz gedir dərinə,
Deməzlər Xəzərin suyu soyuqdur,
Yollar ocaq-ocaq,
Buruq-buruqdur.
Yol yenə uzanır,
İz yenə gedir.
Xəzər,
Azərbaycan,
bu odlu diyar,
Alıb şöhrətini çiyninə gedir.
Körpülər yol alıb üfüqə sarı
Əsrin bir sehrkar karvanı kimi.
Yatıb Neft daşları bu gecə yarı
Hünərin sonuncu imkanı kimi.

İyun -A vqust, 1976
XS
SM
MD
LG