Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

Sevda Ələkbərzadə: «Mənim də qəlbim azaddır»


Əməkdar artist Sevda Ələkbərzadə
Əməkdar artist Sevda Ələkbərzadə
Əməkdar artist Sevda Ələkbərzadə AzadlıqRadiosuna müsahibə verib. Sənətçi yeni layihəsindən, qəlb azadlığından danışıb.

«YƏQİN BİR İLDƏN TEZ OLMAYACAQ...»

- Sevda xanım, uzun müddətdir mətbuatda sizin tərəfinizdən bir anons gedir, analoqu olmayan beynəlxalq layihə üzərində işlədiyinizi deyirsiz. Hətta iki əcnəbi musiqiçinin bu işə cəlb olunduğunu bildirmisiz. İstərdik ki, bu haqda bir qədər detallı danışasız.

- Mən indi tam dəqiqliklə açıqlamaq istəməzdim. Amma onu deyə bilərəm ki, layihə çox maraqlı olacaq. Beynəlxalq layihədir. Musiqi baxımından maraqlı və yeni janr kimi səslənə bilər. Bizdə belə bir stildə işlənilməyib hələ. Mənim üçün də yenilikdir, mən də bu janrda indiyə kimi işləməmişdim.

- Siz həmişə xalq musiqisi ilə cazı, pop musiqini, vokal musiqini improvizə etmisiz. Bu dəfə nə olacaq ki, onu yeni janr sayırsız?

- Mən açıqlaya bilmərəm.

- Açıqlamamanızın səbəbi nədir? Şərtlər vadar edir, ya özünüz istəmirsiz?

- Özüm istəmirəm.

- Nə vaxt tamaşaçılar bu layihə ilə tanış ola biləcəklər?

- Hələlik iş gedir. Çox böyük, ağır işdir. Yəqin bir ildən tez olmayacaq. Dünya səviyyəsinə çıxa biləcək layihə olacaq. Əcnəbilər üçün də maraqlı gələcək.

«MƏN ÖZÜMƏ QAPILIRAM...»

- Belə bir təəssürat yaranıb ki, Sevda Ələkbərzadə bir müddət özünə çəkilir, sonra meydanda yenidən görünür. Bu nədir? Özünə qapanmadır? Yaradıcılıq axtarışlarıdır? Nə səbəbdir ki, meydanda çox qalmağı sevmirsiz?

Sevda Ələkbərzadə konsert zamanı
Sevda Ələkbərzadə konsert zamanı
- Mən deməzdim çəkilirəm, ya da qayıdıram. Mən ümumiyyətlə, bir layihə üzərində işləyəndə qapanıram, yəni nə mənada. Mən studiyada oluram, bütün günü məşq edirəm. Yəni bütün günü efirdə olsan, orda-burda olsan, bəs işlə nə vaxt məşğul olarsan? Bu mənada görünə bilər ki, mən çəkilirəm və sonra qayıdıram. Meydanda olmaq nə deməkdir ki? Yəni bu gün mənim diskim bir çox ölkələrdə satışdadır. «Şəbi-hicran» Azərbaycandan yeganə albomdur ki, Avropa musiqi çatına daxil olub. İkinci albomum İspaniyada FM radioların birində musiqi çata daxil olub. Yaponiyadan təklif gəlib. Bir çox məşhur musiqiçilərin yığma albomu çıxır, iki mahnım var orda. Dünya musiqi ballada albomunda da iki mahnım olacaq: «Elə demə, zalım yar», «Getmə, gəl». Yəni meydanda olmaq nədir ki?

«DEMƏZDİM AXTARIŞDAYAM, DEYƏRDİM Kİ, İNKİŞAFDAYAM»

- Demək olarmı ki, indi də yaradıcılıq axtarışlarındasız?

- Mən deməzdim axtarışdayam. Mən deyərdim inkişafdayam. Hər musiqiçinin inkişafı olmalıdır. Mən 20 ildir oxuyuram. 20 il eyni şeyi oxusam nə qədər maraqlı olar? Potensial varsa, inkişaf etdirməlisən. İnkişaf etdikcə dünyagörüşün dəyişir, yeni şeylər tapırsan. Yəni böyüyürsən də...

- Bəziləri düşünür ki, Sevda Ələkbərzadə xalq mahnılarını korlayır, bəziləri deyir ki, əksinə onlara yeni nəfəs gətirir. Sizin cavabınız nədir?

- Bu, normaldır. Hər bir yenilik belə qarşılanır. Mən hər fikrə hörmətlə yanaşıram. Mən özümü müqayisə etmirəm, amma Üzeyir Hacıbəyovu da vaxtilə nə qədər tənqid ediblər. Ya da Qara Qarayevi, Fikrət Əmirovu, Vaqif Mustafazadəni. Yenə də mənim üçün vacib olan sənətkar kimi qəbul etdiyim insanların fikirləridir. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Ağaxan Abdullayevin və başqalarının...

««AY LOLU»YA YUMORLA YANAŞDIQ»

- Azərbaycan xalq mahnılarına həmişə repertuarınızda yer ayırırsız. Xalq mahnılarında sizi cəlb edən nədir?

- Cəlb etməsəydi, təəccüblü olardı. Bütün dünyada bu musiqi janrı mövcuddur - etnik caz. Hətta Herbie Hancockda da etnik musiqi ilə cazın miksi var. Yəni bu dünyaya maraqlı gələn musiqidi. Ona görə bu musiqiyə maraq var. Həm də gözümü açandan mən evdə muğam eşitmişəm. Atam çox gözəl xalq mahnılarını ifa edib. Özüm muğam dərslərinə getmişəm. Həm də cazı öyrənmişəm. Bu, göydən olmur. Miksi edəndə professional etmək lazımdır. Bilmirsənsə etmə. Əslində bir janr daha asandır, nəinki miks musiqi.

Sevda Ələkbərzadə
Sevda Ələkbərzadə
- Yeri düşmüşkən, «Ay lolu» mahnısını Lənkərandan bir qrupla oxuduz. Onları buna necə inandıra bildiz, maraqlandıra bildiz?

- Mən onları inandırmamışam. Dəvət etmişəm, onlar da qəbul ediblər. Bu mahnı Avropada bir çox radioların FM çatına daxil oldu. Bu layihədən sonra «Nənələr» çox təkliflər aldı və maşallah çox məşhurlaşdılar. Mənimlə bir çox konsertlərdə iştirak ediblər. İndiyədək deyirlər ki, bizi də dəvət edin. Maraqlı idi. Niyə görə də yox? Bu da etnik musiqinin miksiydi, yəni bu mahnıya yumorla yanaşdıq.

«MƏNİM DƏ QƏLBİM AZADDIR»

- Sevda xanım, nəyə əlvida demək çətindir?

- Sənətə.

- Yolayrıcında nə gözləyirsiz?

- Yaxşı şeylər. Hamı kimi. Kim pis şey gözləyir ki?..

- Tamaşaçınızı nəylə təəccübləndirmək istəyirsiz?

- Çox keyfiyyətli musiqi ilə. Bu gün keyfiyyətli, yaxşı musiqi Azərbaycanda insanları təəccübləndirir. Arzumdur ki, keyfiyyətli musiqi o qədər çox olsun ki, biz keyfiyyətsiz musiqi görəndə təəccüblənək.

- AzadlıqRadiosuna bəlkə deyəcək sözünüz vardı?

- Hər zaman AzadlıqRadiosu azərbaycanlı insanın qəlbində olub. Hələ o vaxtlar - biz onda uşaq idik, Sovet vaxtı «Azadlıq» var idi, tapıb dinləyirdik onu. Həmişə bizimlə olub. Arzu edirəm həmişə bizimlə olasız.

- Azadsızmı? Musiqidə bu qədər azad, improvizələrə açıq Sevda Ələkbərzadə azaddırmı, Azərbaycanda azad yaşaya bilirmi?

- Bu, hər bir insanın özündən asılıdır. Hansı ölkədə olursansa ol. Sən qəlbində azadsansa, azadsan. Azad deyilsənsə, dünyanın heç yerində azad olmayacaqsan. Mənim də qəlbim azaddır.
XS
SM
MD
LG