Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:58

Postmodernist KİMDİR, yaxud Qurumuş çayın kənarında


Cavanşir Yusifli
Cavanşir Yusifli
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsi çərçivəsində Cavanşir Yusiflinin yazıları...


Cavanşir Yusifli

Postmodernist KİMDİR, yaxud Qurumuş çayın kənarında

(1-ci məqalə)


“...Biz bu və ya digər dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq, hamımız yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq”.
M.BIanşo

Keçən əsrin əvvəllərindən dünyada başlayan və indi də davam edən humanitar böhran bir sıra izahı məchul, uzun sürən xəstəliyə bənzər hadisələr zəncirini yaratdı. Bu hadisələr, şübhəsiz ki, bədii düşüncəyə də sirayət etdi, orada yuva qurdu və ədəbi aləmdə, ədəbi prosesin girdablarında dərin təbəddülatlar oyatdı. Xüsusi ilə ikinci cahan savaşından sonra dünyaya hakim kəsilən ümidsizlik, pessimizm, bir məşhur ifadədə deyildiyi kimi, “atomlaşma” insanın, insanlararası münasibətlərin və ədəbiyyatın mövcudluq formasına çevrildi.

Bu məqalədən məqsəd postmodernizmin səhih tarixindən danışmaq deyildir, bu barədə hörmətli oxucular professor, mənim müəllimim gözəl alim Qorxmaz Quliyevin

"Postmodernizm təkcə ədəbi-fəlsəfi hadisə deyildir, qeyd edək ki, indi dünyada cövlan edən hadisələr, fikrimizcə bizdə düzgün izlənilmir – onların mahiyyəti, hadisələrin niyə bu məcrada cərəyan etməsi... bizdə demək olar sual doğurmur".

“Postmodernizm” məqaləsinə müraciət edə bilərlər. Bu məqalə XX əsr boyu yaranan ədəbi-fəlsəfi cərəyanlar haqqında müfəssəl məlumatla bərabər xüsusən postmodernizmin estetikası və fəlsəfəsi üzərində sərrast müşahidələrlə zəngindir. Oxucular, nəhayət, Azərbaycan dilində Rolan Bart, Jak Derrida, Umberto Eko və digər görkəmli mütəxəssislərin əsərlərini oxuya bilərlər.

Bizdə bu barədə danışmaq və təhlillər aparmaq niyə zəruridir. Əvvəla, ədəbi prosesimizdə “postmodernist” yarlıqlı xeyli mətnlər var; ikincisi postmodernizm təkcə ədəbi-fəlsəfi hadisə deyildir, qeyd edək ki, indi dünyada cövlan edən hadisələr, fikrimizcə bizdə düzgün izlənilmir – onların mahiyyəti, hadisələrin niyə bu məcrada cərəyan etməsi... bizdə demək olar sual doğurmur. Postmodernizm təkcə texniki məsələ deyil, istənilən yazar bu texnikaya yiyələnib nəsə yaza bilər, ancaq postmodernizm hər şeydən öncə düşüncə tipidir, bizim yazarlar bu sistemə yiyələnməyi unudur və nədənsə yazının texniki tərəfinə yiyələnmjəyi üstün tuturlar. Yazı mühit içində yazılır və doğulur və bu məqamda onu hansısa texnika ilə izah etmək mümkün deyildir, texnika sonradan peyda olur, mətn haqqında mübahisələr qızışdıqda... Qəribə deyil ki, bizdə cavan nasirlərin sönük romanları hətta usta moderatorların qamçıları altında belə sönük görünür. Bu gənc nasirlər özlərini yazmır nədir, yazılırlar və bu proses bir gün yazan subyektin yoxa çıxması ilə nəticələnəcək.

İndi həm siyasi-ictimai sferada, həm də ədəbi mətnlərin qurulmasında paradiqma dəyişir və bu iki sfera bir-birinin içinə elə daxil olur ki, deyək ki, demokratiya bürüncəkli bir ölkədə yüksək çinli məmur-filosofun humanitariya ilə bağlı dedikləri sayıqlamadan və siyasi demaqogiyadan başqa nəyəsə oxşamır. Ədəbiyyatı, ədəbi mətnləri, ümumən ədəbi-fəlsəfi dəyərləri əvvəlki lüğət tərkibi və prinsiplərlə izah etmək ən azı seyrəklikdir. Bizdə hərdən belə cəhdlər olur, ədəbi aləmdəki xaos bəzi münəqqidləri geniş şərhlər yazmağa sövq edir, ancaq bu insanlar ən azı qlobal prosesin ritmini hiss etmirlər, indi ədəbi gedişatdan palaz-palaz yazılar yazmaq dövrü deyildir. Mətn atom deyil, o, özündən əvvəlki və sonrakı minlərlə mətnin bətnində yaşayır, onu bu kontekstdə şərh etmək ağılsızlıqdır, ən azı ona görə ki, mətndə sənin tutmaq istədiyin nəsnə dərhal başqa nəsnəyə çevrilir. Vaxtilə Jak Derridaya belə bir sual ünvanlanmışdı ki, sizin əsərlərinizi labirintə bənzədirlər. O, cavab verir ki, şübhəsiz, bütün mətnlər özündən sonra gələn bütün digər mətnlər üçün sonsuz ön söz rolunu oynayır, bu sonsuz ön söz sonrakı mətnə güc kimi verilir. Vahid mətn parçalanıb bölündü və dünyanın hər bir küncünə səpələndi, vahidlik, bölünməzlik qırıntı, fraqment kimi təzahür etdi. Niyə? Dünyada birdən-birə nə baş verdi? XX əsrdə müəyyən düzümü və sistemi olan nəsnələrin dağılıb parçalanması və prosesin sonsuz stixiya qazanması bütün gerçəkliyi bir ovuc içinə yığmaq və düyünləmək zərurəti doğurdu. Postmodernist əxlaq və esteika nəyin bahasına olursa-olsun dünyanı bir cümləlik metaforaya müncər etməkdədir, görəsən bu cümlənin hansı anlamı olacaq? Hər halda, həqiqət axtarışı sistemsiz və konsepsiyasız yaşamaqdan daha əfzəldir. Belə bir durum – sistemin və dayanıqlı konsepsiyaların yoxa çıxması həqiqət axtarışında və insanın bədii dərkində yeni bucaq yaratdı.

Postmodernizmin münasibəti hər şeydən öncə ambivalentdir - ikilidir, o, klassika və modernizmdə gördüyünü həm təsdiq, həm də inkar edir. Bu, ondan irəli gəlir ki, bədii düşüncənin məhvərini təşkil edən insan – MƏN artıq vahid bir şey deyil, parçalanıb və bu sonsuzluq stixiyası dünyanın xəyalı sonu ilə gerçək əvvəlini bir nöqtədə birləşdirmək cəhdi doğurur. “Dekonstruksiya” anlamı bundan irəli gəlir: bu, təkcə dağıtma deyil, həm də qurmadır, yenidən, təzədən inşa etmək.
Umberto Eco
Umberto Eco
Dünyanın dərkində “postmodernist sual” Şekspirdən qaynaqlanır: zamanın bağları qırılıb... Postmodernizmin qəlpələrinin uzaq keçmişdə tapılması fakt, faktura yox, postmodernizmin özünün keçmişə qəribə səyahəti ilə bağlıdır: XX əsrdə dərin böhranlardan keçən insan şüuru yetkinləşmək əvəzinə gücdən düşdü, dünyanı vahid qavrayış dəyişdi, insan keçmişi və içində yaşadığı gerçəkliyi ayrı-ayrı kadrlar formasında seyr etməyə üstünlük verdi. Pafosu etibarı ilə postmodernizm dünyanın başlanğıcından – mifdən gəlir... Burda elmi izahdakı bir ayrıntıya diqqət yetirmək önəmlidir. Postmodernist estetikanı təkcə XX əsrdə baş verən cahanşümul kataklizmlər şərtləndirmir. Klassik dövrdə, sonra modernist kontekstdə dünyanın bədii dərki “bir nəticə vermədiyindən” yeni estetik çağda paradiqma dəyişdi, dünyanı vahid nəzərlə seyrdə perspektiv öldüyündən üstünlük fraqmentar kəsiklərlə dərkə verildi.

***

Dünyada ifadə edilməyən fikir, mülahizə... qalmayıb - hər dəfə əlinə qələm alan insan bu sadə həqiqətin fərqində olmur, hər dəfə yeni şey yaradacağına inanır və həmişə məğlub olur, demək istədiyi fikir, ifadə etmək istədiyi həqiqət yarımçıq qalır. Bunun səbəbi nədir? Fikrimizcə, bu suala ümumi şəkildə cavab vermək bir sıra yeni müşküllərin, başsındıran sualların meydana çıxmasına səbəb ola bilər, ona görə də bu sualı, yaxud problemi hələlik təsəvvürdə canlandırmaq olar, ona doğru yol aramaq ümidi ilə.

Ədəbiyyatımızın, yaxud digər milli ədəbiyyatların klassik dövrlərini yada salaq, aralarında nə qədər fərqlər olsa da, istənilən kontekstdə bu ədəbiyyatlar arasında qarşılıqlı təmaslar, ümumi mətləblər tapmaq mümkündür. Əslində bütün dünya ədəbiyyatı bir ovuc içində yerləşən nəsnəyə bənzəyir, intəhası kimisi bunu ziddiyyət, kimisi də fərq şəklində görür. Klassik ədəbiyyatda, qəzəl mətnlərinin içində diqqəti ilk cəlb edən nəsnə - savaşıdır, mətnlə məna, müəlliflə forma arasında, bu savaş nə qədər şiddətlənsə də, hansı gücü, intensivliyi qazansa da adicə formanın qəlibini vurub sındırmağa yetmir, hər dəfə yeni mətləb başlanır, hər dəfə eyni həqiqət müxtəlif libaslara girir. İfadə, məna, üslub oyunları, bunların bir-birinə çulğaşması olur ki, müəyyən zaman keçdikdən sonra yeni paradiqma - dünyanı dərkin yeni rakursunu yaradır. Əşyaya, sözə, onlar arasındakı əlaqələrə münasibət dəyişdikcə, sanki dünya da dəyişir, insanlar əsrlər boyu axtardıqları həqiqəti tapmış kimi olurlar, bu məqamdan etibarən bu yeni tapılan nəsnəyə “kütləvi yürüş” başlanır və bir göz qırpımında o tükənir, sonra hər şey yeni sətirdən və sıfırdan başlanır, lap Kamünün Sizifdən bəhs edən essesində olduğu kimi. Əslində bu dünya qədim əmək nəğmələrində olduğu qədər sadə və primitivdir. Görəsən bu primitiv nəsnələri bu qədər şiddətlə axtarmağın, ifadə etmək həvəsinin (özü də orijinal şəkildə) sirri nədədir. Maraqlı məsələlərdən biri də bu savaşda yaranan cərəyan və üslub hadisələrinin də bu sualı cavablandırmağı həmişə yaddan çıxarmasıdır.

Müasir sənətdə sözün məkanı daralır, işarə yükləndikcə yüklənir, hər şey, hər bir ifadə vasitəsi, üslub yönü ifrat işarəvilik keyfiyyəti qazanır, belə olduqda qədim zamanlardan bəri formalaşan ənənələrin yeni mətnlərdə dolanma, nüfuz etmə imkanlarının rakursu dəyişir, baxırsan ancaq müəyyən konturları görürsən, ancaq yeni tipli mətnlər təkcə baxmağı, oxumağı və dərk etməyi tələb etmir, burada sənin mətnə və əksinə mətnin oxucuya münasibətinin tipi dəyişir. Bir fransız yazıçısının belə bir deyimi var: günlərin bir günü dünya yerlə-yeksan olsa, yerdə ancaq mətnlər qalsa, nəyəsə ümid etmək olar. Ancaq yalnız mətnlər məhv olsa,
Jacques Derrida
Jacques Derrida
bu dünyada bircə gün də yaşamağa dəyməz. Bu anlamda hər yeni cərəyan, hər yeni üslub hadisəsi əslində bu köhnə ənənələrin saxlanması üçün bir fürsətdir. Fikrimizcə, postmodernizmin ilkin fəlsəfi mahiyyəti elə bundan ibarətdir - qədim əmək nəğmələrindən ultra-müasir mətnlərə qədər dünyanı bir ovuc içinə yerləşdirmək və hifz etmək.

Başqa bir nümunə: müşahidələrimə görə, bizim mədəniyyətdə elə dövrlər olub ki, onlara münasibətdə müxtəlif üslub hadisələrinin qarışığından bəhs etmək daha münasib görünür. Bu mənada barokko sənətinin ən çeşidli təzahür formaları müxtəlif ədəbi dövrlərin praktikasında bəzən açıq-aydın görünür. Barokko memarlıq nümunələrində ev qapısız və pəncərəsizdir. Hündür tavanlı və pəncərəsiz otaqların tavanında gözlə görünməyən məsamələr var və havalanma da həmin məsamələr sayəsində baş verir. Bu xüsusi quruluş tipi, ədəbi formalarda “iki mərtəbəlilik” - maddi və mənəvi qatların müstəqilliyi və qəribə şəkildə bir-birinə nüfuz etməsi bizim XVII əsr ədəbi mətnlərimizdə aydın şəkildə ifadə edilib.
Hər bir dövrün mədəniyyəti, onun ortaya qoyduğu mətnlər həm də ondan əvvəlki və sonra gələcək mədəniyyət üçün görüş yeridir. Bu adi həqiqəti konkret mədəniyyət tipinin fəlsəfəsinin açımında, daha çox onun əsas metaforalarının timsalında öyrənmək olar. Postmodernizmə də bu şəkildə yanaşmaq lazımdır.
Məlumdur ki, postmodernizm problemindən bir sıra qərb tədqiqatçıları bəhs edib (Bodriyar, Delez, Batler, Fokkema, Bruk-Rouz, Hobermas, Liotar, Velş, Devis, Cenks və başqaları).

J.F.Liotarın fikrincə, postmodernizmin mahiyyəti haqqında məsələnin həlli - dünyanı özünüdərkə sövq etməkdən ibarətdir - zamanın ruhuna ən uyar konsepsiya vasitəsi ilə. J.F.Liotardan sonra bu məsələ ilə məşğul olanlar postmodern vəziyyət postmodernist həssaslıq kimi anlayışlarla “dünyanı səbəb-nəticə bağlarının qırıldığı xaos kimi, şüuru isə yalnız iyerarxik qaydada nizamsız fraqmentlər şəklində təsvirə və şərhə can atırdılar.
Yaranma tarixçəsini bir kənara qoysaq, postmodernizm əslində orta əsrlərin məhsuludur, yəni dünya, zaman, gerçəklik haqqında müxtəlif anlayışların bətnində yığıla-yığıla cəmiyyətdəki iyerarxiyaya qarşı formalaşmışdır. Postmodernizm istənilən iyerarxiyaya qarşı orta əsrlərdən damcı-damcı yığılan üsyanın nəzəriyyə formasına düşməsidir, bu - azadlığın avtoritetlə müharibəsidir. Liotara görə, postmodernizm dedikdə “determinizmin böhranı sayılan” “metatəhkiyəyə” inamsızlıq başa düşülməlidir. Liotar biliyin mahiyyətini, onu “həqiqəti bilməməklə” eyniləşdirməklə nəzərdən keçirir. Bu bilik elə “biliksizlikdir” və müasir insan üçün istinadgah ola bilməz.

Şübhəsiz ki, Liotar təsvirin özündə təsvirə gəlməyən nəsnələri ön plana çıxaran müasir incəsənətin problemlərindən bəhs edirdi. İncəsənət “ali estetikaya” tabe olmalıdır, yəni nəyi təsvir etməyin mümkün olmadığı duyğusunu aşılamaq üçün yeni təsvir üsullarını axtarmalıdır. Postmodernist yazıçı filosof mövqeyindədir: yazdığı mətn prinsip etibarı ilə əvvəlcədən qurulmuş qaydalara tabe deyil, ona qarşı ümumi qiymətləndirmə meyarlarını tətbiq etməklə hökm çıxarmaq yanlışlıqdır. Bu qayda və kateqoriyalar sənət əsərinin özünün apardığı axtarışların predmetini təşkil edir. Liotara görə, yazıçı qaydalarsız yaradır, onun məqsədi hələ hazırlanmalı olan qaydaları formalaşdırmaqdır. Bu konsepsiyaya görə əsərin yaradılması “qeyri-iyerarxiya” prinsipinə tabedir, müəllif mətnin linqvistik elementlərinin qabaqcadan seçilməsindən imtina edir, oxucu isə “deşifrə” zamanı öz təsəvvüründə mətnlə bağlı qurulan interpretasiyadan qaçmalıdır.

Bu kontekstdə postmodernizmdə əslində məna problemi qoyulur və həll edilir, baxmayaraq ki, postmodernist mətndə ən çox inkar edilən də elə mənadır. Beləliklə yalançı məna dəf edilir və dəf edildikcə parodiya yaranır, postmodern estetikada “ikiqat kodlaşdırma” effekti bu lüzumdan yaranır.

Postmodernist fəlsəfənin metaforalarının təsviri xüsusi diqqət tələb edir, belə ki, bu metaforalar onun üçün prinsipial əhəmiyyətə malikdir və onların postmodernist mətnlərdə rolu ənənəvi fəlsəfədə tutduqları yerlə müqayisədə daha əhəmiyyətlidir. Bu faktı postmodernizmin nümayəndələrinin özləri də etiraf etmişlər və belə bir ustanovka öz əksini “postmodernist həssaslıq” prinsipində tapmışdı, yəni bu cərəyana mənsub filosoflar hər şeydən öncə xüsusi assosiasiya və metaforaları ilə diqqəti çəkən poetik dilə üstünlük verirdilər. Postmodernizmin nəzəriyyəçiləri Haydegerdən sonra təsdiq edirdilər ki, əsl müdriklik məntiqi düşüncənin o biri tərəfindədir və ən dərin fikirlər diskursiv formada yox, əksinə, ədəbi və bədii vasitələrin köməyi ilə ifadə edilə bilər, bunların arasında assosiasiya seli doğuran metafora xüsusi yer tutur.

Metafora ilə postmodernist fəlsəfə arasındakı əlaqə hər şeydən öncə postmodernizmin şüursuzluq fəlsəfəsindən asılılığı kimi, həm də metaforanın bu sahə ilə əlaqəsi kimi izah edilə bilər. Bu kimi hadisələrin ümumiliyini, hər şeydən öncə onlardan hər birinin şüursuzluğun içində kök salmasında görürük. Bundan başqa, məntiqi fəaliyyəti beynin sol yarımkürəsi ilə əlaqələndirən müasir psixologiyanın məlumatlarına əsaslanmaqla (şüursuzluq sahəsi isə sağ yarımkürənin fəaliyyəti ilə bağlıdır), təsdiq edə bilərik ki, həm şüursuzluq sferasını, həm də metaforanı sağ yarımkürə ilə əlaqələri birləşdirir.

Bəşəriyyətin intellektual tarixində kəfgirəbənzər hərəkət baş verir, bu da, bir-birinin dalınca əsasən sağ və sol beyin yarımkürələrinin fəaliyyətinin, həm də
Postmodernist türk yazarı Orxan Pamuk
Postmodernist türk yazarı Orxan Pamuk
şüursuzluq fəaliyyətinin növbələşməsini bildirir. Belə ki, məlum olduğu kimi, insan cəmiyyətinin erkən çağlarında mövcud olan mifoloji düşüncə əsasən sağ beyin yarımkürəsinin fəaliyyəti ilə bağlı olub. Deyilənlərdən anlaşılır ki, bu, həm də şüursuzluq sahəsindən asılı olub və Yunqun tədqiqatlarına uyğun olaraq öz əksini insan psixikasının şüursuz arxetip özülündə tapıb.

Şüursuzluq sferasının prinsiplərinin postmodernizm fəlsəfəsinə və mədəniyyətinə təsiri barədə, yeri gəlmişkən özünün “Simvolik mübadilə və ölüm” əsərində fransız filosofu J.Bodriyar da bəhs etmişdi. Onun kitabından sitat gətirək: “ağıl yetişməyən reallığa cəhddə maddi istehsal kimi nəzəri iş də özünün determinasiyasını itirir və sonsuz özünüifadə ştoporundan qoparaq boş-boşuna fırlanmağa başlayır. Bu gün biz elə belə yaşayırıq: ümumi həll edilməzlik, üzən və bir-birinin içində itən nəzəriyyələr. Bütün indiki nəzəriyyələr, mənşəyindən asılı olmayaraq səbatsızlıqla səciyyələnirlər. Onlardan hansısa “reallığa” uyğunluğu tələb etmək əbəsdir. Sistem digər fəaliyyətlər kimi istənilən nəzəri işdən referensiya özülünü qoparıb atmışdı. İstehlak dəyəri indi nəzəriyyədə də yoxdur, nəzəri işin güzgüsü çatlayıb, nəzəriyyənin belə bir qərarsızlığı o deməkdir ki, indi bütün nəzəriyyələr biri digəri ilə dəyişən kursla mübadilə edilə bilər”.
J.Bodriyar bu situasiyanı şüursuzluq stixiyası ilə əlaqələndirir. “Bu sözü deməkdən özünü saxlaya bilmirsən: “bu, şüursuzluğun hökmranlığıdır”. “Doğrudan da bu gün subyekt kimi məhv edilmiş və obyektiv əlaqələrindən qoparılmış fərdlər bir-biri ilə münasibətlərində dreyf, arasıkəsilməz çalxalanma vəziyyətindədirlər: Delezə görə bütün ictimai həyat şüursuzluğun terminləri ilə gözəl ifadə edilir (axınlar, bağlantılar, ayrılmalar, transfer-kontrtransfer)”. Bodriyar hesab edir ki, “şüursuzluq sadəcə psixi strukturdur. Şüursuzluq bizim müasir mifimizdir, psixoanaliz isə onun əcdadı”.

J.Bodriyar intuitiv olaraq müasir epoxa və müasir fəlsəfənin mühüm aspektlərini düzgün araşdırmış, bununla bərabər hesab edirik ki, şüursuzluğun doğrudan da postmodernist fəlsəfənin psixoloji (hətta ontoloji) prototipi olması ideyasının əsaslandırmasını təqdim etmək lazımdır.

Bir qayda olaraq şüursuzluğa aid edilən xarakteristikanı postmodernist fəlsəfənin mühüm cəhətləri ilə müqayisə edək. Psixoloqlar şüursuzluğun belə xarakteristikası kimi adətən asistematikliyi, irrasionallığı, işarə kombinasiyasının sərbəstliyini, məkan və zamanla bağsızlığı, dinamiklik, analoq əməliyyat sistemi, obrazlılıq, yaxud vizuallıq, ikonalılıq, ilkin düşüncə əməliyyatlarının üstünlüyü, yaradıcı insaytın mümkünlüyünü... götürürlər.

Şüursuzluq sahəsinin digər mühüm cəhəti onun “şəxssizliyindədir”, yəni şüura münasibətdə şüursuzluq insanın psixi həyatında iştirak edən “obyektiv başlanğıc”dır. Freydin rəyincə, şüursuzluq sahəsinin “kəşfi” insan şüurunun öz evində hakim olmadığına dəlalət edir. Yunqun da göstərdiyi kimi, şüursuzluq şüurdan fərqli olaraq hər birimizin adəti üzrə fərdi “mənimizi” bağladığımız kollektiv psixi mahiyyəti bildirir.

Görmək olar ki, postmodernist fəlsəfənin əsas prinsiplərinin aşkarlandığı zaman, üzdə görünən “prinsipsizliyə” baxmayaraq, postmodernist fəlsəfənin özündə ehtiva etdiyi oxşar cəhətlərlə rastlaşırıq. Onlara öz aralarında əlaqələnən və qismən çarpazlaşan bir sıra müddəalar daxildir. Bu xarakteristikaların sırası onun prinsipial asistematikliyini əks etdirir, bunların arasında məsələn, istənilən postmodernist təhkiyənin fraqmentarlığını bildirən eklektizm var. Birinci ilə sıx əlaqədar olan postmodernist fəlsəfənin digər prinsipi, yaranan mətnin fraqmentlərinin seçilməsi prinsipinin olmamasını anladan “seçimsizlik” prinsipidir. Postmodernist mətnlərinin qurulmasının mühüm prinsiplərinə təhkiyənin və ifadə ardıcıllığının substansional vəhdətinin yoxluğunu göstərən kollaj, o cümlədən müxtəlif elementlərin ironik müqayisəsini ehtiva edən popurri daxildir. Ən çox tanınan postmodernist prinsip ardıcıl və bitkin təhkiyə kimi anlaşılan və Liotara görə bütün istiqamətin özülünü təşkil edən metatəhkiyəyə inamsızlıqdır. “Metatəhkiyə” anlayışının bir balaca fərqli şərhini Amerikan ədəbiyyatşünası F.Ceymson verir. Bu məqsədlə o, “böyük təhkiyə”, “dominant kod”, yaxud “dominant təhkiyə” terminlərindən istifadə edir. O, əvvəlcə Liotarın fikrini inkişaf etdirir, belə bir mülahizəni təsdiq edir ki, “təhkiyə” ədəbi forma, yaxud struktur olmaqdan çox “epistemioloji kateqoriyadır” və Kantın zaman və məkan kateqoriyalarına oxşar şəkildə mücərrəd koordinatlardan biri kimi anlaşıla bilər – onların içərisindən biz dünyanı “məzmunsuz forma” kimi dərk edirik (reallığın formasız, xam axını...). Ceymsona görə, hətta fiziklər də nüvə hissəciklərinin “tarixini nəql etməklə” məşğuldurlar. Bu halda özünü hansısa tarixdən kənarda mövcud olan kimi təqdim edənlər (struktura, forma) yalnız təhkiyə formasında təsəvvür edilə bilər.

(ardı var)

Həmçinin oxu
Məşhur postmodernistlər: Nabokovun mühacirət oyunları
Postmodernizm haqqında mümkün qədər sadə dildə
Robert B.Rey. POSTMODERNİZM NƏDİR?
XS
SM
MD
LG