Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:16

Qan Turalı "Mustafa" (Romandan parça)


Yazıçı Qan Turalının yeni çapdan çıxmış "Mustafa" romanından ("Qanun nəşr.) bir parçanı təqdim edirik.

Qan Turalı


MUSTAFA

(Romandan parça)

Müəllimin səsini hələ də eşidirdim. Bir azdan bu səs eşidilməz oldu və mən qeyb aləminin ilk qapısını açdım. Burda imtahan gedirdi. Özü də fəlsəfə tarixindən. Bileti qarşıma qoyub vərəqə gərəksiz qeydlər edirdim. Müəllimə cavab verən uşaq ayağa qalxdı, qiymət kitabçasını götürüb çölə çıxdı.

Sinifə uzun boylu bir adam daxil oldu. O Antik dövr paltarını geymişdi. Onun büstünü mən kitabda görmüşdüm. Bu adam kim idi? Qapını örtüb içəri keçdi. Müəllim onu görən kimi dedi:

- Bilet çək, keç hazırlaş.

O da bilet çəkib mənim arxamdakı partada oturdu. Elə bil onu ancaq mən görürdüm. Bütün sinif üçün isə o, adi bir adam idi.

Əlindəki biletə baxıb gülümsədi və üzünü mənə tutub təmiz Azərbaycan dilində dedi:

- Məni burda bircə sən tanıdın.

Mən də başımı tərpətdim. Düzü hələ də tanıya bilməmişdim. Mən stulun arxasına söykənmişdim. O da az qala ağzını mənim qulağıma dirəmişdi.

- Mən Mark Avreliyəm. Tarixin ilk filosof hökmdarı. Mən yaxşı bilirdim ki, öləndən sonra məndən nişan kimi bircə yazdığım “Özümlə söhbət” əsəri qalacaq. Bu əsərin hər cümləsi üzərində düşünürdüm. Kitab yazdığımı isə heç ən yaxın filosof yoldaşlarım da bilmirdi.

Orda sizin Şah İsmayıl Xətai ilə dostluq edirəm. Baxma, filosoflar dünyası olsa şahlar həmişə şahdır. Hamıdan gənc olduğuna görə çox enerjilidir. Bir ara şiəlik təbliğatı aparmaq istəyirdi. Lakin buna görə aləm qarışdı. Axırda yığışıb qərar verdik ki, burda heç kim öz fikirlərini yaymasın. O da razılaşdı. İndi başqa işlərlə məşğuldur. Hegelə at çapmaq, qılınc vurmaq öyrədib. Aradabir şairlər ölkəsindən Füzulini qonaq çağırır. Oturub bir-birinə şeir deyirlər. Biz də qulaq asırıq. Bir dəfə Füzuli Nizamini də özü ilə gətirmişdi. Nizami tərcümələrindən şikayətlənəndə Xətai ona dedi ki, adam dilində yazaydın. Nizami də bir şey demədi.

-Bəs cənnət, cəhənnəm yoxdur?

- Filosoflara, şairlərə yoxdur. Biz filosoflar o dünyada adətən bir yerdə oluruq. Düzdür, bu, çox çətindir. Onların az qala bütün günləri çənə-boğazla keçir. Aramıza təzə filosof gələn kimi sevinirik ki, o bizə dünyadan təzə xəbər gətirəcək. Bircə
Marksla Engelsdən başqa. Hər gələn filosof onlara bəd xəbər gətirir. Buna görə də onlar axır vaxtlar heç təzə gələn adamların söhbətlərinə qulaq asmırlar. Axırıncı dəfə Maoya qulaq asdılar. Kaş asmayaydılar.

-Niyə?

-Mao öz fəlsəfəsini danışan kimi köməkləşib onu döydülər. Sonra da yuxarı şikayət elədilər ki, bu filosof deyil, hökmdardır. Amma rəhbərlik Maoya dəymədi. İndi Stalinlə bir yerdə xış sürür, fəlsəfədən heç danışmır.

- SSRİ-nin dağılmasını onlara kim xəbər verdi?

- Düzü, yadımda deyil. Amma bu xəbərə onlar xeyli sevindilər. Hətta Marks Engelsi zirzəmidə saxladığı çaxırın dalınca göndərdi. O çaxırı hamımız içdik. Məclisin tamadası Trotski idi. Bütün sağlıqlarına belə başlayırdı: “Mən deyirdim ki, bu quruluş dağılacaq”. Leninin o gün üzü gülürdü. Hətta o günə qədər danışdırmadığı Plexanovu öpüb qucaqladı. Plexanov da onu öpdü. Çəllək qurtardıqca Engels Diogenlə təzəsini gətirirdilər. Məclis dağılanda Diogen boşalan çəlləkləri üst-üstə yığdı. Hamımız çəlləklərin üstünə çıxıb “İnternasional” oxuduq. Bir az keçəndən sonra Diogen bizi qovdu və çəlləyin içinə girib yatdı.

-Nitsşe neynir bəs?

-Başı nəşə çəkməkdən ayılmır. Bir də arada gedib Mao ilə Stalinin atını qucaqlayıb ağlayır. Freydlə oturub-durur.

- Bəs bura niyə gəlmisən?

- Orda filosoflar bilirsənmi ən çox nədən xəcalət çəkirlər? Fikirlərinin düz anlaşılmamasından. Hitlerin hakimiyyətə gəldiyini eşidəndə Nitsşe özünü öldürmək istədi. Amma bu mümkün deyil. Çünki hər nəfs yalnız bir dəfə ölümü dada bilər. Marks da özünü çox qınayır. Oturub, durub deyir: “Məni anlamadılar”. Mən də istədim kitabımın indi necə başa düşüldüyünü öz gözümlə görüm. Elə eləmişəm ki, biletimə özümlə bağlı sual düşüb. İndi görək müəllim mənim cavabıma neçə verəcək? Yaxşı da hazırlaşmışam. “Özümlə söhbəti” azı beş dəfə oxumuşam. Bu dəqiqə harasından deyirsənsə əzbər danışa bilərəm.

Biz bu söhbəti eləyəndə müəllimin başı dekanla söhbətə qarışmışdı. Dekan görünür kiməsə qiymət yazdırmaq istəyirdi. Müəllim isə razı olmurdu.

Bir azdan müəllim əliylə Mark Avrelini çağırdı. Mark müəllimin qarşısında oturub bileti stola qoydu. Müəllim ona gözucu baxıb dedi:

- Hə, sənin heç qayıbın yoxdur. Bütün dərslərdə olmusan. Birinci sualın nədir?

Mark Avreli cavab verdi:

- Mark Avreli.

- Danış.

Mark danışmağa başladı. İnsan həyatının mənasızlığından, fəlsəfənin məqsədinin insanı ölümə hazırlamasından danışdı. Müəllim onun sözünü kəsdi:

- Mark Avrelidən danış. Sən nə danışırsan?

Mark dərhal ayağa qalxdı. Mənə tərəf gülümsədi və müəllimin heyrət dolu baxışları altında auditoriyanı tərk etdi. Müəllimin əlinin hərəkətindən başa düşdüm ki, o Marka “qeyri-məqbul” yazdı.

Sonra müəllim mənim familiyamı kağızdan oxudu. Gəlib müəllimin qarşısında oturdum. Birinci sual “Absurd fəlsəfəsi” adlanırdı. Ağzımı açmağa imkan tapmamış telefonumun vibrasiyasına oyandım. Mesaj idi. Xəyal yazmışdı: “Sabahın xeyir”. Zəngə 7 dəqiqə qalmışdı. Yuxuda ikən axmağa başlayan ağız suyum dəftərimdə qısa və ensiz bir ləkə salmışdı.

Müəllim kağızlarını yığmağa başlayanda zəngə iki dəqiqə qalırdı.

Mark Avreli daha yuxularıma girmir.

Həmçinin oxu
"Mustafa" romanının təqdimetməsi oldu
XS
SM
MD
LG