Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:07

«Amnesty International» R.Tağının ölümünə görə İrana müraciət etdi


Foto: Arxiv
Foto: Arxiv
«2006-cı ildə İran ruhanisinin yazıçı və jurnalist Rafiq Tağının ölümünə fitva verməsi və bu günlərdə həmin ruhaninin oğlunun yazıçının öldürülməsini alqışlaması İranın Cinayət Məcəlləsində islahatlar aparılmasına ehtiyac olduğunu göstərir».

Bunu «Amnesty International» hüquq-müdafiə təşkilatı yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı dekabrın 1-də yaydığı bəyanatda bildirir.

İRAN HAKİMİYYƏTİ FİTVANI PİSLƏMƏDİ

Bəyanatda xatırladılır ki, Rafiq Tağı 2006-cı ilin noyabrında «Sənət» qəzetində çap etdirdiyi «Avropa və biz» məqaləsinə görə İranda ayətullah Fazil Lənkərani onun ölümünə fitva verib. Dindarlar onun bu məqalədə Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələr işlətməkdə, xristian dəyərlərini islamdan üstün tutmaqda ittiham edirdilər.

Bu məqaləyə görə milli, irqi və dini düşmənçiliyi qızışdırmaq ittihamı ilə Rafiq Tağı 3 il, qəzetin redaktoru Samir Sədaqətoğlu isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onlar 8 aydan sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxıblar.

«İran hakimiyyəti heç vaxt qətl qızışdıran bu fitvaları pisləməyib, heç kimi Rafiq Tağı və Samir Sədaqətoğluna hücum planlaşdırmaqda, yaxud hücumu həyata keçirməkdə şübhəli saymayıb».

«Amnesty» xatırladır ki, oxşar fitvanı 1989-cu ildə Ayətulla Xomeyni britaniyalı yazıçı Salman Rüşdiyə qarşı çıxarmışdı. Ancaq 1998-ci ildə İran rəsmiləri bildiriblər ki, onlar «Rüşdiyə qarşı sui-qəsd planlarını nə dəstəkləyəcək, nə də mane olacaqlar».

226-CI MADDƏ LƏĞV OLUNSUN

Rafiq Tağı
Rafiq Tağı
«İran Cinayət Məcəlləsinin 226-cı maddəsində deyilir ki, qəsdən qətl törədənlər o halda eyni cəzaya (qesas-e nafs) məhkum edilirlər – edam olunurlar ki, «öldürülən şəxs ölməyə layiq deyildi». Bu metoddan İranda qətl törətməkdə ittiham olunan şəxslər məhkəmədə özünümüdafiə üçün istifadə ediblər – onlar məhkəmədə qurbanlarının ölməyə layiq olduğunu sübut etməyə çalışırlar. Görünür kiminsə qətlinə çağıran fitvalardan da belə bir müdafiə üsulu kimi istifadə oluna bilər.

BMT-nin İnsan Haqları Komitəsi 226-cı maddə sarıdan narazılığını bildirib, İran hökumətinə bu maddəni məcəllədən çıxarmağa çağırıb ki, qatillər törətdikləri cinayətlərə görə ədalətlə mühakimə olunsunlar».

«Amnesty International» İran hakimiyyətini hazırda Məclisdə müzakirə olunan Cinayət Məcəlləsindən həmin maddəni çıxarmağa çağırır ki, «ölümə layiq olmaq» anlayışı qətli əsaslandırmaq üçün istifadə olunmasın; qətlin İranda yaxud başqa yerdə törədilməsindən asılı olmayaraq, qətli qızışdıran, planlaşdıran, həyata keçirən və bu işə yardım edən istənilən şəxs beynəlxalq standartlara uyğun, ədalətli şəkildə, ölüm cəzasına məhkum olunmadan mühakimə edilsin.

İRAN HAKİMİYYƏTİ AZƏRBAYCANA YARDIM ETSİN

«Amnesty International» Azərbaycanda Rafiq Tağının qətlinə görə cinayət işinin açılmasını alqışlayır, hakimiyyəti araşdırmanı hərtərəfli və səmərəli aparmağa, qatilləri tapmağa və beynəlxalq standartlara uyğun mühakimə etməyə çağırır.

Təşkilat həmçinin İran hakimiyyətini Azərbaycana istintaq prosesində lazımi əməkdaşlıq etməyə səsləyir.

Yazıçı Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb, dörd gün sonra xəstəxanada vəfat edib.
XS
SM
MD
LG