Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:20

Sulutəpədə evlər sökülür, qarşıdurma olub (VİDEO)


Sulutəpədə SOCAR-ın Mühafizə xidməti evləri sökür
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Dekabrın 14-də Bakıda Sulutəpədə sənədsiz evləri sökməyə çalışan Dövlət Neft Şirkətinin işçiləri və sakinlər arasında qarşıdurma olub. Sakinlər daş-kəsəklə buna müqavimət göstəriblər.


Dekabrın 14-də Binəqədi rayonu, Xocasənin Sulutəpə yaşayış massivində əməlli-başlı küçə döyüşləri gedirdi desək yanılmarıq.

Dövlət Neft Şirkəti Sulutəpədə söküntü işləri aparılması üçün yaşayış massivinə az qala əməlli-başlı ordu yeritmişdi. Küçələr Neft Şirkətininin təhlükəsizlik xidmətinin əli dəyənəkli, hərbi geyimli əməkdaşları, həmçinin dəbilqəli, əli dəyənəkli-qalxanlı polislərlə doldurulmuşdu. Sakinlərsə evlərinin sökülməsinin qarşısını almaq üçün onlara daş atıb ərazidən uzaqlaşdırmağa çalışırdılar.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Neft şirkətinin işçiləri də dinc durmurdular, sakinləri daşlayır, söyüşlər yağdırırdılar. Polis hər iki tərəfi sakitləşdirməyə çalışsa da müvəffəq olmurdu.

«DƏYƏNƏKLƏ, TƏPİKLƏ DÖYÜRDÜLƏR»

- Burda yaşayansınız?
- Bəli.
- Sizi kim bu günə qoyub?
- SOCAR-ın işçiləri.
- Nə ilə vurdular?
- Dəyənəklə, təpiklə.
- Polis sizi bu vəziyyətdə gördü?
- Polisin özünü də döydülər.

Xəsarətlərdən üzündə-gözündə salamat yer qalmayan Sulutəpə sakini Rəhman Tağıyev deyir ki, Dövlət Neft Şirkətinin təhlükəsizlik işçiləri tərəfindən döyülməyi bir tərəfə, evi də bir anın içərisində yerlə-yeksan edilib.

«ADAMIN EVİNİ BELƏ YIXARLAR?»

- Adamın evini belə yıxarlar? Prezidentin o boyda qərarı var ki, üstüörtülü evi sökmək olmaz. Prezidentin qərarına belə hörmətlə yanaşırlar?

Bu, damını bir gün əvvəl örtüb getdiyini, ikimərtəbəli evinin sökülməsi xəbərini yolda eşidib gəldiyini deyən Şakir Hüseynovdur. Hadisə yerinə gələndə evinin uçurulduğunu görən ev sahibi gözyaşlarını saxlaya bilmədi:

- Evi bələdiyyə sənədi ilə tikmişəm. Heç bir bildiriş, məhkəmə qərarı yoxdur. Bir adam gəlib deməyib ki, bunu tikmək olmaz. Özbaşınalıqdır.

ƏŞYALARI İLƏ BİRLİKDƏ UÇURULAN EVLƏR

Ərazidə bəzi uçurulmuş evlər də vardı ki, sahibləri bundan axşam işdən qayıdandan sonra xəbər tutacaqdılar. Belə evlər əşyaları içərisində ola-ola uçurulmuşdu.

Təqribən saat 5-ə qədər ərazidə evləri uçurmaq üçün fürsət gəzən neft şirkəti işçiləri özləri ilə gətirdikləri ağır texnikayla küçələri dolaşsalar da sakinlərin kütləvi etirazları onlara söküntü işlərini davam etdirməyə imkan vermədi. Sakinlər dedilər ki, «belə hallar tez-tez baş verir. SOCAR işçiləri əraziyə bir də ara sakitləşəndən sonra qəflətən gələcəklər və bir neçə ev də söküb etirazlar altında çıxıb gedəcəklər».

MƏHKƏMƏ QƏRARI OLMADAN...

Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevə müraciət etdik:

- Sakinlər deyirlər ki, heç bir bildiriş, məhkəmə qərarı almayıblar.

- Məhkəmə qərarı olmadan heç bir yerdə ev sökmək olmaz. Oralar Binəqədi Oil şirkətinin əraziləridir. Bizim təhlükəsizlik idarəsi onların obyektlərini də qoruyur.

- SOCAR işçiləri evi sökülən sakinləri döyürdülər. Hətta xəstəxanaya aparılanlar da oldu.

- Mən orda olmamışam. Heç nə deyə bilmərəm, yalnız onu deyə bilərəm ki, məhkəmə qərarı olmadan belə şey mümkün deyil.

İCRA MƏMURLARI VƏ POLİS

Hüquqşünas Namizəd Səfərov deyir ki, mülk məhkəmə qərarı olmadan sökülə bilməz. Hətta məhkəmə qərarı olsa belə, ərazidəki söküntü işlərində yalnız icra məmurları iştirak edə bilərlər. Məhkəmə qərarının icrası çətinləşsə, icra məmurları icra yerinə polis də dəvət edə bilərlər ki, icra prosesində asayişi qorusun.

Bu ilin mart ayında prezident İlham Əliyev keçirdiyi müşavirədə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı göstəriş verib. Belə evlərin sənədləşdirilməsinə dair ilkin layihə hazırlanaraq Milli Məclisə təqdim olunub.
XS
SM
MD
LG