Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:18

Zərdüşt Şəfizadə "Musa Daşçı" (Hekayə)


Zərdüşt Şəfi

“Başqa Adamlar” kitabından

MUSA DAŞÇI

O gün Zaurun kafesində adam çox deyildi.

Qapı ilə üzbəüz məşhur aktyor oturmuş, əllərini qarnının üstündə çarpazlamış nə isə düşünürdü.

O həmişəki saatda borş içməyə gəlmiş, sifarişini verib gözləyirdi. Gözlərinin sürətli hərəkətindən beynində növbəti oynayacağı obrazı düşündüyü hiss olunurdu- son zamanlar ona ancaq epizodik rollar verilsə də, o, öz işini namusu ilə görmək istəyirdi.

Əslində, hər gününü müəyyən rejimlə yaşayan bu aktyor, o günün faciəsini yaşamamalıydı. Əgər pərəstişkarlarından biri bu zirzəmi-kafeyə təsadüfən gəlib çıxmasaydı, onu görüb yanına oturmaq, onunla söhbət eləmək istəməsəydi, o öz borşunu içərək qalxıb evinə gedəcək, bir az qəzet oxuyacaq, sonra elə oturduğu qoltuqdaca mürgüləyəcəkdi.

***

Aktyordan bir stol sağda, üzünü divara çevirib oturmuş əyyaşın adı İsgəndərdi- böyük, pala bığları vardı. Iskəndər hər gün bir neçə saatını bu kafedə keçirir, həmişə məhz bu stolda oturur, bir neçə şüşə ucuz çaxır içir və elə bu divardakı qara, keçəl başlı adama oxşayan ləkəyə pıçıltı ilə nəsə danışırdı. Danışarkən tez-tez nitqini kəsir, oğrun-oğrun ətrafına baxır, kiminsə ona fikir verib-vermədiyini dəqiqləşdirir, sonra yenə öz nitqinə davam edirdi.

Mən bir neçə dəfə o kafedə olanda, İsgəndərin divardakı ləkəyə Cəlil deyə müraciət etdiyini eşitmişdim.

Isgəndərlə bağlı bir şey dəqiq idi: aktyordan fərqli olaraq İsgəndərin gündəlik rejimi bütün hallarda onun məhz o saatda, o məkanda olmasına zəmanət verirdi. Isgəndər sanki neçə aydı ki, bu kafedə bığlarını bura-bura o faciəli anı gözləyirdi.

***

Faciə günü Zaurun kafesində bir dilənçi qadın və onun balaca, çolaq oğlu da var idi. Onlar qapının arxasındakı balaca stola sığınmış, soyuq havada canlarını isitmək üçün tələm-tələsik çay içirdilər: qadın həm burda çox oturaraq günün ən qaynar saatları “iş”dən kənarda qalmaq, həm də bayaqdan bəri küçədə oynadıqları “oyun”u burda çox oturaraq unudub, biruzə vermək istəmirdi- oğlanın çolaq olmadığını kiminsə anlayacağını düşünərək həyəcan keçirirdi. Oğlan isə heç də narahat deyildi: maraqla ətrafı gözətləyir, kafeyə girib-çıxanlara baxır, nələrisə anlamağa çalışırdı.

***

Zaurun kafesi iki şərti hissədən ibarətdi. Pilləkənlərlə aşağı enən müştəri ilk öncə mətbəxdən arakəsmə ilə ayrılan balaca zala, sonra isə içəri zala daxil olur. Içəri hissə ilə balaca zal bir-birindən tamamən ayrılmır, kafe zirzəmidə yerləşdiyindən arada beton piltələr arkalar şəklində bir-birinə uzanır.

Içəri zalda taxtalarla balaca bir otaq ayrılıb, hətta qapısı da var. Bütün faciənin səbəbi də məhz bu qapılı, balaca, “vip” otaqdadı desəm, təbii ki, mənə inanmayacaqsınız.

Faciə günü, o saatlarda otaq artıq tutulmuşdu. Içəridə iki gənc cütlük bir butulka çaxır və bir neçə gürcü xingəli sifariş verərək oturmuş, həyatın və dodaqlarının, bir-birinin dərisinin dadını çıxarmağa çalışırdılar. Otaq sanki onlara hesablanmışdı. Faciə saatlarında onlar içəridə olsalar da, tamamilə kənarda, bağlı qapılar arxasında olduqlarından heç nədən xəbərləri belə olmamışdı. Onlar bir-birlərindən bezib, artıq yeni bir ləzzət almaq üçün kafeni tərk edəndə nə baş verdiyini görərək heyrətlənmişdilər. Hətta oğlan qiyamətin çatdığını belə qışqırmış, qızı içəridə qoyaraq qaçmışdı. Qızınsa ürəyi getmiş, ağzı üstə qan gölünün içinə düşmüş, beton döşəmə onun bir neçə saniyə qabaq incədən-incə hərəkət edən dodaqlarını, oğlanın doymadan öpdüyü yanaqlarını əzmiş, sifətini qaraltmışdı.

Bu hadisə onların həyatında da dərin iz buraxmışdı: onlar o gündən sonra bir-birlərini bir də axtarmamışdılar. Halbuki ayrılıq səbəbləri tamam fərqli idi: qız onu zirzəmidə qoyub qaçdığını oğlana, oğlan isə gördüyü səhnəni həyata bağışlaya bilməmişdi.
Mən nə qədər araşdırsam da məlum gün, qızla-oğlanın məhz o saatlarda, o kafedə olmaları ilə bağlı bir zərurət və ya təsadüf tapa bilmədim. Onlar o gün, o saatlarda sadəcə ordaydılar. Başları da bir-birlərinə bərk qarışıq olduğundan çöldən gələn səslərə fikir verməmişdilər.

***

Hadisə anında otağın qapısı ilə üzbəüz iki adam oturmuş, pivə içir, son dövr dayanmadan yazılan romanlardan, onlardakı postmodernist elementlərdən danışır, bütün bunların ədəbiyyata nə faydası olduğunu qızğın mübahisə edirdilər.
Cavan olanı qarşılarındakı qutabı dürmələyib ard-arda mədəsinə ötürərək, həm də onlardan bir stol aralıda oturmuş məşhur şairlə gənc jurnalistin söhbətinə qulaq asırdı. Tez-tez də çevrilib “vip” otağın qapısına tərəf baxır, sanki altıncı hissi ilə içəridə baş verənləri duymağa çalışır, az qala gözləri ilə otağı görünməz edən taxtaları deşib keçmək istəyirdi.

Yaşlı ədəbiyyatçı isə dayanmadan danışa-danışa tamam başqa şeylər də düşünürdü: “Bu ağzından süd iyi gələn qurumsaq özünü böyük ədəbiyyatçı hesab edir; iki hekayə, bir neçə essefason şeylər yazaraq, özünü, mənim 20 ildə tanıda bilmədiyim ədəbiyyata tandıb- indi bu cavanı bala-Markes kimi tanıyırlar; hələ bunun pivə içməyinə bax, mən birini içməmiş, üçünü içib, heç dəmliyi də hiss olunmur...” İmkanı olsaydı qarşısındakı pivə camını onun başına çırpar, heç “uff” da deməzdi.
O gün onların yaxındakı teatra biletləri vardı. Ölkə teatrlarından biri ilk dəfə Markesin “Gözlənilməz qətlin tarixçəsi” əsərini səhnələşdirmişdi. Onlar isə tamaşadan bir saat qabaq görüşərək bu ətrafdakı ən ucuz kafeyə pivə içib, bir loxma nə isə yeməyə gəlmişdilər. Əgər o gün onların ikisinin cibində 10 manat artıq pul olsa idi, onlar elə o teatrın önündəki kafedə oturar və bu faciənin qurbanı olmazdılar.

***

Faciə saatı yaxınlaşanda, Musa Daşçı həmişəki saatda kafeyə gəlmiş, kafe sahibi Zauru həmişəki kimi mehribanlıqla salamlamışdı. Qapının arxasında oturmuş qadın və balaca oğlana baxaraq gülümsəmiş, onların dilənçi olduqlarını başa düşərək çaylarının hesabını bir işarə ilə üzərinə götürmüşdü: qadın bu jestinə görə az qala onun əllərindən öpəcəkdi. Sonra Musa yenə də onlar üçün, öz hesabına bir rulet sifariş vermişdi. Bax bu rulet gecikdiyindən, dilənçi qadın və onun əslində sappasağlam oğlu o gün kafedə ləngimiş, faciənin şahidlərindən olmuşdular.
Musa içəri zala keçib, ilk olaraq həmişəki yerində əyləşmək istəmişdi: otağın qapısını açmışdı. Otaqdakı qızla-oğlan dodaqlarını bir-birindən çəkmədən ona baxmış, o isə gülümsər ifadə ilə onlardan soruşmaq istəmişdi, “işiniz uzundu?”, ancaq üzr istəyərək qapını bağlamış, keçib zalın sol küncündə əyləşmişdi.
Şair-heykəltaraş Musa Daşçı həmin gün otaqda oturmuş olsa idi, onunla həmsöhbət olan gənc həmkarı, jurnalist Cəsarətin dediklərini ancaq bir o, bir də Allah eşidəcəkdi və bununla da hər şey bir neçə yumruqla bitə biləcəkdi.

Musa əvvəllər çox istedadlı bir heykəltaraş kimi tanınırdı. Son bir neçə ildə isə şeirlər yazaraq ədəbi mühitə daxil olmuşdu. Özünü yeni bir cərəyanın banisi elan edən Musa yaratdığı cərəyana “Daş” adını vermişdi. Bu cərəyanın hələ ki ondan başqa heç bir tərəfdarı olmasa da, bir çox tənqidçilərin fikrincə bu cərəyan tezliklə bütün Azərbaycanda vüsət alacaqdı

Musa ağır çəkisini plastmas stulda tarazlamağa çalışaraq stulun çıxardığı səsdən şeir düzəltməyin mümkün olub-olmadığını düşünürdü.

Zaur həmişəki kimi ilk öncə ona çay gətirdi.

- Qonağınız olacaqmı?

- Olacaq, əlbəttə olacaq- Musa ağır bədənini silkələyərək cavab verdi.

- Hazırlayım?

- Hazırla. Mən deyəndə verərsən.

Zaur əllərini belinə qoyub mətbəxə yollandı. Rəsul adlı işçisinə lazımı tapşırıqlarını verdi. Ondan Rüstəmi soruşdu. Rüstəm sifariş edilmiş ruleti almaq üçün dükana getmiş, hələ də gəlib çıxmırdı.

“Yenə dükandakı qıza yalmanır, axırda o gədəni işdən qovacam.”-deyən Musa kafedən çıxdı, yerüstünə uzanan pillələrə qalxaraq bir siqaret odladı.

Gözləri ilə çisənli havanı süzən Zaur kafeyə enən oğlana yol vermək üçün divara qısıldı və onun gənc və yaraşıqlı üzünə gülümsədi, gözləri ilə onu salamladı- Zaur bir kafe sahibinin gülümsər üzünün nə qədər önəmli olduğunu yaxşı bilirdi.

Oğlan pilləkənləri enib bir anlıq dayandı. Bayaqdan bəri telefonla danışırdı:

- ... Sözümüz sözdü, bircə o soruşsun, mən qəsdən, birdən-birə demiş kimi olmayım, dua et o özü soruşsun, mən deyəcəm... və sən görəcəksən ki, burda şişirtməli heç nə yoxdu. Burda nə var ki? Bax aaa, bir saat sonra mənim yeyib içməyimi alassan, hazırlaş...

Telefonu bağlayıb özündən razı halda gözlərini ondan çəkməyən Zaura gülümsədi. Sonra qapını açaraq içəri daxil oldu. Elə bu andan etibarən Zaurun ürəyində yaranan narahatçılıq ta son nəfəsini verənə kimi onu tərk etmədi.

Oğlanın ardınca kafeyə enən iki adam isə onun diqqətini yayındırdılar: onlar birdəfəyə dörd pivə və 10 ədəd qutab sifariş verərək keçib içəri zalda otaqla üzbəüz oturdular.

Zaur onların ikisini də yaxşı tanıyırdı: xüsusilə gənc olan yazdığı anlaşılmaz hekayələrlə yaman məşhur idi, onun haqqında Azərbaycanın Markesi deyə danışırdılar, oğlan yaman pivə içirdi, dörd pivənin üçü onun sifarişi idi.
Zaur gənc yazarın bir gözünün otağın qapısında olduğunu görüb köks ötürdü: “Gənclik buna deyirlər, otaqdakıları görməyib, amma baş verənləri duyur.”
Onların sifarişlərini aparanda artıq Cəsarətlə Musanın üzbəüz oturaraq maraqla nə isə müzakirə etdiklərini gördü.

O kiçik zaldan keçib mətbəxə çatmamış özünü ona yetirən Musa ondan bıçaq istədi, o da heç bir tərəddüd eləmədən bıçağı verdi- elə bildi ki, Musa özü ilə meyvə gətirib və onu doğramaq üçün bıçaq istəyir. Ancaq adətən Musa heç vaxt yerindən tərpənmirdi. Birdən-birə oğlanın qapıda dedyi sözləri xatırladı və diksindi.

Bu məmləkətdə hər kəs bilirdi ki, şair Musaya nə istəsən demək olar, ancaq bircə ona “sən şeir yaza bilmirsən” demə. Zaur bir neçə dəfə bu kafedə Musanın ağır şapalaqları altında əzilən adamlar görmüşdü: onlar onun hansısa bir şeirini bəyənmədiklərini demişdilər. Hətta bir jurnalist bir dəfə Musanın heykəltaraşlığını daha istedadlı saydığını bildirdiyindən, yazığın qulağını Musanın ağzından birtəhər almışdı.

***

- Deməli mən şeir yaza bilmirəm, hə?- deyə Musa əlində bıçaq zala girən kimi bağırdı.

Bayaqdan bəri qutab yeyə-yeyə olacaqları maraqla gözləyən ədəbiyyatçılar heyrətlə Musaya baxırdılar. Onlar bayaq bu cəsarətli oğlanın dediklərini eşidən kimi gülümsər gözlərlə bir-birlərinə baxmış, burada bir qanqaraçılıq olacağını dəqiq bilmişdilər, ancaq işin belə vüsət alacağını gözləmirdilər.

Cəsarət çox sakit bir ifadə ilə oturmuş, nə baş verdiyini tam aydınlığı ilə başa düşmür, Musanın əlindəki bıçağa sadə qələmə baxan kimi baxırdı.

Musa çox nəzakətlə üzünü pivə içən həmkarlarına tutdu:

- Nuş olsun.

Cavan oğlan özünü toparlayıb dedi:

- Sağ olun.

Musa üzünü bir az yaşlı olana tutub soruşdu:

- Mənsur bəy, illərdi ədəbiyyatdasınız, ədəbi təcrübəniz də kifayət qədərdi, nə deyirsiz, mən şeir yaza bilmirəm?

Qəfil sualdan özünü itirən adam Musanın əlindəki çörək bıçağına baxaraq udqundu. Musa heç cavabı gözləmədi:

- Deməli mən şeir yaza bilmirəm, amma sən yazırsan hə?- bunu deyib Musa adamı çiynindən tutub ayağa qaldırdı və bıçağı sonuna qədər onun qarnına soxdu. Adam bir kəlmə belə demədən arxası üstə yerə dəydi.

Sanki birdən-birə yuxudan ayılan Cəsarəti artıq əsmə tutdu: oturduğu stul qarışıq divara qısıldı- sanki divara girmək istəyirdi.

Musa üzünü cavan oğlana tərəf çevirdi:

- Mən şeir yaza bilmirəm, hə?

- Musa bəy, siz çox gözəl şeir yazırsız, bunu kim deyir axı?

Oğlan tir-tir əsir, bir gözü ilə də pivə camına baxırdı. Bircə saniyədə onu Musanın başına keçirmək haqqında düşünürdü. Ancaq Musa onun gözlədiyindən də cəld çıxdı:

- Sən də yalan deyirsən, canının dərdindən yalan deyirsən...

O pivə camını qaldırana kimi Musa onu yaxalayıb yerə çırpdı, əlindəki bıçaqla onun üstünə yeridi. Yerdə uzanıb geri-geri Musadan qaçan oğlan çiynindən asılmış aşırma çantadan nə isə çıxartmaq istəyirdi. Ancaq artıq gec idi. Musa əlindəki bıçaqla onun sinəsinə çökmüşdü.

Gördüklərini dərk edə bilməyən Cəsarət şok vəziyyətdə Musaya baxırdı. Onun gözləri hədəqəsindən çıxmışdı. Şalvarından aşağı süzülən pəşodan belə xəbəri yox idi.

***

Zaur hay-küyə özünü içəri zala çatdırdı. Yerdəki cəsədləri görüb Musanın üstünə cumdu. Musa o anda dişlərini qıcayıb Cəsarətin üstünə yeriyirdi. Zaurun işə qarışdığını görən Musa onunla yaxalaşdı, ağır çəkisini onun üstünə salaraq onu divara sıxdı. Bir saniyə sonra Zaur da doşəməyə çökdü.

Musa əlində qanlı bıçaq kiçik zala daxil oldu. Çevrilib arxada, divara qısılaraq oturmuş, hələ də yerindən tərpənməyən Cəsarətə baxıb gülümsədi, sonra aktyorun üstünə yeridi. Aktyor əlindəki qaşığı supun içinə atdı, bir anda boşqabı Musann sifətinə tullasa da onun əlindəki bıçağının qarşısını ala bilmədi. Onunla söhbət edən pərəstişkar oğlan isə artıq çoxdan pilləkən boyu qışqıra-qışqıra qaçırdı. O bu kafedən sağ çıxan birinci adam idi.

İsgəndər divardakı ləkə ilə söhbətini kəsib, başının üstündə dayanmış adama baxdı.

- Nə lazımdı?

- Gəl bura.

Isgəndər əlində yarmçıq çaxır butulkası Musanın ardınca içəri zala getdi. Ancaq nə aktyorun hələ də can verən meyidinə, nə Zaurun donuq sifətli cəsədinə baxmadı. Onların yanından çox sərbəst və sakit keçdi. Içəridə yerə uzanan ədəbiyyatçılara soyuq bir nəzər atdı. Bircə şalvarını batırmış gənc jurnalisti görəndə qəhqəhə çəkib gülməyə başladı.

- Buna de, mən şeir yaza bilirəm, ya bilmirəm?

- Mən şeir oxuyan deyiləm.

- Niyə?

- Çünki şeir yoxdu.

- Necə yəni yoxdu?

- Yoxdu da, var ki, bəyəm?

Musa bir anlıq duruxdu, birdən qışqırdı:

- Deməli yoxdu hə? Şeir yoxdu? Şeir yoxdusa, mən də yoxam... Çünki mən şairəm. Amma mən varam, bax, varam və mən Azərbaycanın ən gözəl şeirlərini yazıram...
Isgəndər çox sərbəst şəkildə və sakit səslə dilləndi:

- Özünü aldatma, sən də yoxsan, bax, mən də yoxam...

Musa İsgəndərə bir bıçaq atdı, ancaq bayaqdan bəri ilk dəfə əli boşa çıxdı. Isgəndər sanki buluddandı- Musanın əli havada bir dairə cızıb dayandı.

İsgəndər onu öldürmək istəyən adama gözünün ucu ilə də baxmadan çevrilib getdi. O bu kafedən çıxan ikinci sağ adam, həm də polisə müraciət edib, hay-küy qaldırmayan yeganə adam idi.

Musa bir anlıq özünü itirdi, İsgəndərin arxası ilə adladı. Onun heç nəyə baxmayaraq belə sakit çıxıb getməsindən şoka düşmüşdü. Sonra sanki birdən-birə ayıldı, əlində bıçaq içəri zala tərəf çevrildi.

Ancaq, onun bir neçə saniyə İsgəndəri izləməsindən istifadə edən Cəsarət ölmüş “Markes”in aşırma çantasını eşələmişdi- bu rəhmətlik son anda burdan nə isə axtarırdı.

Cəsarət çantanı tərsinə çevirmişdi- çantadan kitab dəftərdən başqa heç nə çıxmamışdı. Ancaq kitablardan birinin üstünə Musa Daşçı yazılmışdı- bu Musa Daşçının “Daş əsri” kitabı idi.

Cəsarət cəld kitabı açıb artıq zala qayıdan Musanın önündə dayandı.

Elə bu an otağın qapısı açıldı. Gülə-gülə içəridən çıxan cütlük yerdəki qan gölünü və cəsədləri görüb bir anlıq duruxdular. Oğlan ona zillənmiş Musanın baxışlarını, əlindəki bıçağı görüb “qiyamət” qışqırıb qaçdı. Qız isə bircə dəfə qıy çəkib ağzı üstə düşəməyə düşdü.

***

Rəsul artıq neçənci dəfə idi polisə zəng vurur, artıq özünü saxlaya bilməyib, ağlaya-ağlaya şairləri, kafeləri söyürdü.

Bir neçə dəqiqə sonra içəri doluşan polislər gördükləri mənzərəni ömürlərinin sonuna kimi unuda bilmədilər: bir tanınmış aktyor, iki tanınmış ədəbiyyatçı və kafe sahibinin cəsədləri; ayılıb-ayılıb özündən gedən bir qız; onlardan bir az aralı ayaq üstə dayanmış Musa Daşçı adlı şair- üzündə və ağ köynəyində mərci supu və qan ləkələri, əlində qanlı, böyük çörək bıçağı; bir də ayaq üstə, islaq şalvarda dayanıb, əlindəki kitabdan bərkdən-bərkdən, az qala çığıra-çığıra şeir oxuyan bir oğlan.
Şair Musa cavan oğlana gözüyumulu qulaq asır, əlindəki bıçağı dirijor çubuğu kimi havada yellədir, tez-tez də misralara başını yellədərək razılığını bildirirdi.
Polisləri görən Cəsarət ürəkləndi, oxuduğu şeiri yarımçıq kəsib kitabı Musanın üzünə çırpdı və bayaqdan bəri susmayan telefonunu açıb ağlamağa başladı.

Oktyabr, 2011
XS
SM
MD
LG