Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Mövlud Süleymanlı: “O erməni qadın mənə çox ağır söz dedi”


Mövlud Süleymanlı: “O erməni qadın mənə çox ağır söz dedi”
Gözlə

No media source currently available

0:00 0:52:42 0:00
Direct-ə keçid

Mövlud Süleymanlı: “O erməni qadın mənə çox ağır söz dedi”

.
- O vaxt kinostudiyada Qreta Qəhrəmanova işləyirdi, Qarabağ ermənisiydi. Azərbaycan dilini gözəl bilirdi, amma bu dildə danışdıra bilməzdin.

O mənimlə mübahisə edəndə çox ağır bir şey dedi. Dedi ki, "gəl tarixlərə qayıdaq. Mən gedib erməni filosoflarına çıxacam, sən çobandan başqa heç kimə çıxmayacaqsan”.

Çox ağır söz idi...


Bunu Azadlıq Radiosunun “Pen klub” proqramının qonağı olan xalq yazıçısı Mövlud Süleymanlı danışır. (PROQRAMI DİNLƏ)

Onun “Erməni adındakı hərflər” romanı “Oxu zalı”nda müzakirəyə çıxarılır. Tənqidçilər yazmazdan öncə sözü Mövlud Süleymanlının özünə verək. Roman haqda özü danışsın.



- Romanı diqqətlə oxuyanlar bilir “Erməni adındakı hərflər” adı hardan gəlir. Romanda erməni müəlliməsi var.

Bu müəllimənin tələbələrinə verdiyi dərsdən doğur bu ad. Erməni adını lövhəyə yazır və hərf-hərf sabahın əxlaq dərsini verir, mübarizə dərsi verir.

Əgər desəm ki, mən bu romanı yazıb bitirəndən sonra rahatladım, yanlış olar. Sadəcə, özümün içindəki mərhələlərdən biriydi, bu şəkildə ifadə etdim.

- Mövlud müəllim, icazə versəz, romanın girişindən bir neçə cümlə oxuyardım:

“Dörd tərəf silsilə dağlardı, dağlardan o yana heç nə görünmür, görünən üzü Şirak ovalığıdı.

İmirxanlının yozumuyla Şirak, çırak- sirak Göytürk tayfalarının adıyla bağlıdı... Şöröy, Şoray, Saray, Şərur da deyilib, indi də deyilir.


Dağların görünməyən üzü Ağbaba bölgəsidi,- Amasiya...Şirak- Sirak ovalığı oralara qədər uzanır. Sağa Gürcüstandı, axska- sak türklərinin boş qalmış yurdlarıdı, indi ermənilər yaşayır, Axalkələkə qədər...”

Romandakı bu İmirxanlı kimdir? Mövlud Süleymanlının özüdürmü?


- Tam olaraq mən deyiləm. Məndən də var o İmirxanlıda. Özümdə gördüyüm zəif cəhətləri onda verməməyə çalışmışam.

Bu, bizim çox da açıq təbliğ olunmayan tariximizdir. Bizim “Orxon-Yenisey” adında daş kitabələrimiz var.

Mövlud Süleymanlı və Şahnaz Bəylərqızı
Mövlud Süleymanlı və Şahnaz Bəylərqızı
Bilgə Xaqanın abidəsində sir xalqı haqda yazılır. Orda deyilir ki, Göytürk dövlətinin əhalisini oğuzlarla yanaşı sir xalqı təşkil edir. Yazır ki, bu xalq 6 tayfa birləşməsindən ibarət idi: ediz, tura, boku, bayı, ku, si bir yerdə bir xalqı təşkil edir.

Məsələn, Şirvanın özü həmin Sirvandır, sir xalqıdır, tarixçilər bunu açıblar. İndiki Ermənistan ərazisində Şirak ovalığı var. Həmin sir xalqının yerləşdiyi yerlər var.

Bunu ermənilər bilir, bilir ki, kimin yerinə gəlib. Amma çox təəssüf ki, biz bilmirik, heç vecimizə də deyil. Bu tarix təbliğ olunmadı, gizlədildi. Məktəblərdə keçirilmədi.

- Bəs xalq yaddaşı?

- Elə xalq yaddaşından istifadə etmişəm də burda. İmirxanlı da elə odur. Roman da təxminən bunun üstündə yazılıb.

“ALMADIĞIM ÜÇÜN DEMİRƏM, MİLLİ KİTAB MÜKAFATI SAĞLAM YARIŞMA OLMADI...”

- Sizin roman Milli Kitab Mükafatında iyirmiliyə düşdü. Amma gəlib onluğa düşmədi, gəlib birinci olmadı.

Niyə, Mövlud müəllim? Başqa Qarabağ haqda yazdıqları romanlar da birinci ola bilmir. Oxucu marağı yoxdur, yoxsa oxucunu maraqlandıra bilmirsiz?


- (Kinayəylə gülür) Mən başqa cür düşünürəm. Bu qənaətdəyəm ki, seçim düzgün getmir. Mən heç kəsi qınamaq istəmirəm.

Bu gün siz qalxıb oxucu kimi desəz ki, bu roman xoşuma gəlməyib, qəti təəccüblənmərəm.

- Niyə?

- Ona görə ki, o romana çox inanıram. Bir var ki, məni diqqətlə, tədqiqatçı kimi oxuyasan...

Mən üzr istəyirəm, özündən razılıq kimi çıxmasın, məni elə-belə ayaqüstü, tələsik oxumaq olmaz. Mən yarı yaşdan keçmişəm, mən bu haqda danışa bilərəm. Siz romandan bir abzas oxuduz, əgər Şirakın, çırakın, Coratın yozumunu bilməsək əsər marağını itirər. Yəni hazırlıqlı oxucu lazımdır.

Bu mənada həmin yarışma mənə maraqlı gəldi. Mən birinci yer tutmaq üçün təqdim eləmədim romanı.

Bu tədbirin özü bizdə yeni idi, müsabiqəni saydım göndərdim. Qəti eynimə deyildi, neçənci yeri tutmuşam. Çünki mən bilirəm ki, o yazı hansı yerlərə layiqdir.

- Siz birinci yeri verərdiz romanınıza?

- Çox yəqin. Əlbəttə. İndi mən durub başqa söz desəm qeyri-səmimi olaram. İndi siz tənqidçilərin ixtiyarına verirsiz “Erməni adındakı hərflər”i. Onlar məni tanıyır, mən də onları. Kim olur-olsun nə deyirlər-desinlər, qəti incimərəm. Mən öz sözümə inandığıma görə bu fikri deyirəm.

Oturub mübahisə edə bilərik. Məni inandıra bilərlər, mən geri çəkilə bilərəm. Çox təəssüf ki, bizim mühitimizdə belə şey yoxdur. Almadığıma görə demirəm, Milli Kitab Mükafatı sağlam yarışma olmadı.

Alsaydım da o mükafat mənə lazım deyildi. Yəni onun maddi tərəfinə ehtiyacım yoxdur. Amma birincilik mükafatını alan ona layiq deyildi.

“ROMAN TƏNQİDİN DİQQƏTİNDƏN KƏNARDA QALDI, OXUMADILAR”

- Bəs Qarabağla bağlı başqa yazılar niyə önə çıxa bilmir?

- Bu söhbətin üstündən keçək. Bizdə seçim yoxdur.

- Bəs oxucular necə bəyəndilərmi romanı? Hansı reaksiyalar oldu?

- Oxucularla əlaqəm yoxdur. Özü də mən yazanda fikirləşmirəm ki, oxuyacaqlar-oxumayacaqlar. Doğru deyirəm, necə düşünürlər düşünsünlər.

Düzdür, mən çox böyük bir sözün qulluğundayam, mənim külüngümün səsi və zərbəsi ancaq onun üçün işləyir. Yəni məndən nəsə götürülsün deyə.

Çox-çox üzr istəyirəm, o düşük sözün yox... Hər şeyin bolluğu yaxşıdır, sözün bolluğu yox. Necə gəldi, hardan gəldi pəncərədən doldur, qapıdan doldur, o yana döndər, bu yana döndər, 500 səhifəlik roman yaz...

- Vaqif Yusifli sizin romanı çox tərifləyir, amma deyir ki, roman tənqidin diqqətindən kənarda qaldı. Niyə sizcə, tənqidin diqqətindən qıraqda qaldı?

“İNDİ ÖZÜM DƏ XIRDA YAZILARI OXUMAĞA ÇALIŞIRAM”

- Düzdür, hə, düzdü. Oxumadılar.

- Sizcə, niyə?

- Bunun üçün gərək mütləq səmimi olasan. Əvvəla təəccüb elədim. Bir də ki, indi özüm də xırda yazıları oxumağa qaçıram.

Ola bilsin mən 100 il sonranı gözləyirəm. Ola bilsin! Mən gözləmirəm ki, bu günün oxucusu məni oxuyacaq və biz diz-dizə oturub söhbət edəcəyik. Bu günkü oxucunun başı qarışıqdır, yönü başqa səmtədir.

- Amma sizin vaxtilə yazdığnız romanlar vardı ki, günə hesablanmışdı...

- O... İndi başqa zamandır. Ola bilsin ki mən... (dərindən köks ötürür) Bayaq dedim də, o qızı filankəs qaçırdı, anası məhkəməyə verdi...

Belə şey indi oxuna bilər, hamı ayaq üstədir, qaçaqaçdı, heç kim təzə yük götürmək istəmir. Mənim yazdıqlarımsa dərd daşıyır. Belə deyək, torpaq dərdi, əxlaq dərdi...

YAZIÇI TƏNQİDÇİNİN İRADINI QƏBUL ETDİ

- Tənqidçi Vaqif Yusiflidən sizə irad gəlir: “Demək istəyirəm, ay QOCA Mövlud, sənin əsərlərində tarixi, etnoqrafik detalların, izahların, şərhlərin bolluğu obrazların hardasa dolğunluğuna mane olur”.

- Bununla razılaşıram. Onu nəzərə alaram. Yaşım çox da olsa. Ancaq bu sözü, bu
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
qeydi mənə deyən olmayıb. Düz deyir.

- Oxumamışdız bu yazını?

- Yox.

- 2008-ci ildə çıxıb yazı.

- Mənim haqqımda? Oxumamışam.

- Razılaşarsız ki, etnoqrafiya, tarixlə tarixçilər, etnoqraflar məşğul olur, yazıçı bəs bununla nə demək istəyir, nəyi izah etmək, nəyin sirrini açmağa çalışır?

- Bizim jurnalistlərdən Yerevanda olanlar var idi. 10 ilin söhbəti olar. Qrant Matevosyan onda sağ idi. Onunla görüşmüşdülər. Həmid Herisçi də orda olmuşdu.

Görünür, Həmid Herisçi həyəcanla danışıb. O yaxşı ziyalılarımızdan biridir, maraqlı yazıçıdır. Həmidin bir qeydi vardı ki, Qrant Matevosyan bizə dedi ki, sən nahaq yerə həyəcan keçirirsən.

Erməni nə qədər cəhd eləsə, sizin içinizdən çıxa bilməz. Yəni bizim türkcəmiz erməni dilinin içinə girib tamam strukturunu dəyişib.

Yəni Qrantın dediyi odur ki, ermənini tamam dəyişdirmisən, ha qışqır-bağır salsın... Bu romanı da həmin hava üstündə yazmışam.

Orda erməniyə bir kəlmə təhqir, bir kəlmə aşağılama, söyüş tapmazsan. Elə yer var ki, erməni bizdən güclü verilib, doğrunu yazmalı oldum... Bizim “Sarı gəlin” mahnısı var. Türkiyə türkləri bir söz deyir, erməni deyir: “mənimdir”...

Amma heç kim əslini bilmir. Bu xalq mahnısı “Dilək” yallısında oxunan mahnıdır. Ana dilək edir ki, oğluma ömür ver, onun də birçəyini uzadıb, “Dilək” Yallısında kəsəcəm. Uşağın 15-16 yaşına kimi saçı uzadılır və birçəyi sallanır. “Dilək” Yallısı günü ürək açma günüdür. Qızlar da, oğlanlar da gəlir. Həmin hava oxunur:

“Saçın ucun hördülər, Sarıgəlin.
Gülü sulu dərdilər, Sarıgəlin.
Səni mənə verdilər, Sarıgəlin.
Qoy anan anam olsun,
Dərdimi qanan olsun”.


Buna həm də “Alma” yallısı deyirlər. Oğlan hansı qızı istəyirsə, almanı ona atır, qız almanı tutur, meyli varsa almanı dişləyir.

Ötən əsrin 20-ci illərinə kimi qalmışdı bu adət. Onda onları yanaşı oturdub saçlarını bir-birinə hörürlər, qızla oğlanın birçəyini deyirəm.

Əvvəlcə “Səni mənə verməzlər” deyirlər, birçək hörüləndən sonra “Məni sənə verdilər” oxuyurlar. Bunun kökünü erməni də bilmir. Biz də bilmirik. Ondan sonra deyirlər ki, etnoqrafiya kimə lazımdır?

“QRETA QƏHRƏMANOVA DEDİ Kİ, MƏN ERMƏNİ FİLOSOFLARINA ÇIXACAM, SƏN İSƏ ÇOBANDAN BAŞQA HEÇ KİMƏ ÇIXMAYACAQSAN”

- Deyirsiz ki, romanda erməniləri aşağılamamasız. Amma yazırsız:

“Elə xalq var ki, haralı olduğu bilinməz, bilməzsən aran adamıdı, dağ adamıdı. Erməni nə aran adamına oxşayır, nə dağ adamına, bizə deyilən kimi deyə bilməzsən ki, erməninin bir suyu hansı torpağasa, hansı yerəsə çəkir, oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən...çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır..."

Romanı başdan-ayağa oxumasam da, nəzər yetirəndə görürsən ki, bu xalqın xarakterini açmağa çalışmısız. Bu romanda erməni xalqına yuxarıdan aşağı baxmaq var ara-sıra, onların buralarda, Qafqazda yaşamadığnı sübut etmək cəhdi var.

Amma o da var ki, əsrlərlə burda yaşayıblar, ortaq mədəniyyət yaradıblar...


- Səhviniz var. Çox ağırdır mənə, bunu eşitmək. Aparıcı kimi siz bu fikirdəsizsə, bunu
eşitmək gözlərimi yaşardacaq qədər ağırdır. Erməninin bura gəldiyi vaxtı özləri də bilir.

- Mövlud müəllim, amma osmanlılar da başqa torpaqları tutub tarixlərini, mədəniyyətlərini yaratdılar. Mən erməni xalqını müdafiə etmirəm. Sadəcə, əgər bu, diskussiya verilişi olsaydı, onların da nümayəndəsi burda olsaydı...

- Onların ən böyük nümayəndəsi mənəm. Bayaq dedim ki, onların öz yazıçısı Qrant Matevosyan məndən də sərt deyir.

Siz oxuduğunuz hissədəsə təhqir yoxdur. O vaxt kinostudiyada Qreta Qəhrəmanova işləyirdi, Qarabağ ermənisiydi. Azərbaycan dilini gözəl bilirdi, amma bu dildə danışdıra bilməzdin.

O mənimlə mübahisə edəndə çox ağır bir şey dedi. Dedi ki, gəl tarixlərə qayıdaq. “Mən gedib erməni filosoflarına çıxacam, sən çobandan başqa heç kimə çıxmayacaqsan”. Çox ağır söz idi. Bir az da həqiqəti var...

Amma dedim ki, Qreta, erməni ona görə yersizdir, ona görə çörəksizdir ki, çoban olmayıb. Çoban bir mərhələdir, minilliklərin mərhələsi. Çobandan keçməlisən. Bu gün niyə Qafqazda bütün dağların adları türkcədir? Ona görə ki, çoban qoyub. Çoban bir zamanın filosofu idi.

“BU GÜN QARABAĞDAN PAFOSLU DANIŞMAQ VAXT İTİRMƏKDİR”

- Dinləyici yazır: “Mövlud müəllim, Qarabağ haqda boğazdan yuxarı, pafosla yazmaqdansa heç yazmamaq yaxşı deyilmi? Məsələn yazırlar ki, canım Qarabağ, gözüm Qarabağ, sənə qurban gözüm Qarabağ”.

- (Gülür). Sağ olsun. Nə deyim, izahı özündə olan sualdır. Bu gün Qarabağdan pafoslu danışmaq vaxtı itirməkdir. Bir atalar sözü var ki, düşmənini söymə, söyəcəksənsə intiqam ala bilməyəcəksən.

“QARABAĞ HAQDA ROMANLARI OXUMAMIŞAM”

- Daha bir dinləyici sualı var. Qazaxdan Nigar soruşur ki, son zamanlar Qarabağ haqda yazılan əsərləri necə qiymətləndirirsiz?

- Mən çox üzr istəyirəm...

- Oxumamısız?

- Yox, mən də oxumamışam. Aqil Abbasın “Dolu” romanı yazı prosesi vaxtına düşdü, oxuya bilmədim. Amma müzakirələri oxudum. Orda yaralı süjetlər, igidlik, bizim boş yerlərimiz var, o mənada maraqlı nəsə var, hiss edirəm, amma oxumamışam.

- Şərif Ağayarın “Haramı”sını, Seymur Baycanın “Quqark”ını oxumusuz?

- Oxumamışam, boynuma alıram. Vaxtım olmadı. Yazı içindən çıxa bilmədim. Əlbəttə heç düzgün deyil oxumamaq, çox ola bilsin ona görə də onlar məni oxumurlar.

- Heç kim heç kimin kitabını oxumur?

- Oxumur.

- Onda niyə yazırsız?

- Oxuyacaqlar da. Bu tarixdir. Yazılmalıdır. Nə olsun, mən oxumadım...
XS
SM
MD
LG