Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32

Ceyhun Gündüz "Onun möcüzəsi" (20-likdən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyinə keçib.


Ceyhun Gündüz


ONUN MÖCÜZƏSİ

“Özünütənqidin olmaması şizofreniyanin əlamətlərindən biridir.”
Tibdən


Yeni Eranın 51-ci ili Əvəzsiz Xoşbəxtlik dekadasının on üçüncü ilinə təsadüf edirdi. Dekadanı artıq üçüncü il idi ki, uzadırdılar. Növbəti dekadanın hansı olacağı hələ elan edilməsə də, louderlər Əvəzsiz Xoşbəxtliyin uzadılması üçün ardı-arası kəsilmədən müraciətlər edirdilər. Hökumət də vətəndaşların müraciətini cavabsız qoymayaraq dekadanı uzadırdı.

“Yəqin yenə uzadacaqlar” – bu gün işdə imzaladığı müraciəti xatırlayan Vasso düşündü. Boz Şəhərin tozlu səkiləri onun iri addımları altında can verirmiş kimi titrəyirdi. Yerdən qalxan toz havanı kimyəvi elementlərlə bir qədər də zənginləşdirərək nəfəs almağı çətinləşdirirdi. Amma o, tələsməli idi – Xoşbəxtliyə Məhkumların növbəti yığıncağı bir saata başlayacaqdı.

Son doqquz iclasda qarşıdan gələn Güllər Gününə hazırlıq müzakirə edilmişdi. Yəqin bu gün də eyni məsələ danışılacaqdı – bayrama cəmi dörd gün qalırdı. Yeni bir şey eşidəcəyinə ümid etməsə də ora tez çatmağa can atırdı. Şalin... Bu gün o da ilk dəfə Xoşbəxtliyə Məhkumların yığıncağında iştirak edəcəkdi. Onun iclasa dəvət olunduğunu eşidəndə Vasso çox sevinmişdi, daxilində hər an püskürüb çıxmağa hazır, izahedilməz bir hiss yaranmışdı. Onunla görüşmək, həm də Qranit Şəhərdə! Bu deyildimi xoşbəxtlik?!

Xoşbəxtliyə Məhkumların toplantıları həmişə Qranit Şəhərdə keçirilirdi. Louderlərin Qranit Şəhərə girişinə isə yalnız müəyyən günlərdə icazə verilirdi. Həmin günlərdə də Qranit Şəhərin öz sakinləri küçələrə çıxmamağa üstünlük verirdilər. Louderlərlə bir küçədə gəzmək, eyni havadan nəfəs almaq onların həyat tərzinə və dünyagörüşünə zidd idi. Belə günlərdə Qranit Şəhərdə Asayiş Nəzarəti də gücləndirilirdi. Hər an nəsə baş verə bilərdi. “Louderlər özlərini apara bilmirlər – bu, Qranit Şəhərdə ən tez-tez səslənən fikir idi – onlara daim nəzarət lazımdır!”.

Həqiqətən də, Böyük Tort Günündə baş verənlər çətin ki, tezliklə unudula. Axşam saat 5-də, tortun bölünüb paylanması elan ediləndə indiyədək görünməmiş tərbiyəsizlik və itaətkarsızlıq baş verdi. On bir nəfər louderin təkrarən tort üçün növbəyə girdiyi müəyyən edildi. Özü də yaşlılar! Bu ahıl insanların dörd saat ərzində seyr etdikləri tortdan ikinci dəfə yemək istəmələri heç məntiqə də sığmırdı. Belə də deyirdilər ki, onlar Qocalar Evində onlarla birlikdə yaşayan Ulduzlu Qəhrəmanının yubiley məclisi üçün tort aparmaq istəmişlər. Amma hər bir halda bu, qeyri-qanuni idi və cinayətkarlar layiqli cəzalandırıldılar.

Belə hallar digər bayram günlərində də baş verə bilərdi. Çünki bayram gününün sonuna ora toplaşan louderlərə nə isə paylanırdı. İlk vaxtlar heç də həmişə hamıya bu şeylərdən çatmırdı. Buna görə də Hökumət normalar qoymuşdu – Güllər Günündə hərəyə 3 çiçək, Böyük Tort Günündə 137 qramlıq tort parçası, Enli Bayraq Günündə 4 ədəd rəngbərəng lent, Yüksəliş Günündə hərəyə iki ədəd doldurulmuş hava balonu, Yaşıl Torpaq Günündə isə bir çevrəbura verilirdi. Çevrəbura əvəzinə əvvəllər şəkərbura verilirdi, amma qəndin insan orqanizminə ziyanı və həm də çətin tapılması səbəbindən Hökumət daha şəkərbura bişirmirdi və onu çevrəbura ilə əvəz etmişdi.

Bundan başqa, bayram günlərində louderlərə günün qalan hissəsini də Qranit Şəhərdə keçirməyə icazə verilirdi. Amma yalnız atəşfəşanlığa qədər. Atəşfəşanlıq bitəndə isə onlar hamısı Qranit Şəhəri tərk etməli idilər.

Xoşbəxtliyə Məhkumların yığıncaqları isə adi günlərdə keçirilirdi. Yığıncağa buraxılış elə əslində Qranit Şəhərə giriş üçün lazım idi, çünki yığıncağın keçirildiyi Mərmər Binanın girişində adətən xüsusi mühafizə olmurdu. Yalnız O özü yığıncaqda iştirak edəcəyi təqdirdə hər bir kimsə, hər şey və hər yer yoxlanılırdı, bir neçə dəfə.

Bu gün isə belə bir şey gözlənilmirdi. Yəqin ki, toplantı da tez bitəcəkdi – artıq hər şey dəfələrlə danışılmışdı və hər bir kəs də öz görəcəyi işi mükəmməl bilirdi. Buraxılış isə bütün gün üçün qüvvədə idi. Bundan istifadə edib Şalin ilə Qranit Şəhərdə gəzmək, ən azı bir neçə möcüzəni ona göstərmək olardı.

Möcüzələrə giriş bayram günlərində bağlı olurdu və demək olar ki, louderlərdən heç kim bu möcüzələri görməmişdi. Sadəcə televiziyada gedən gündəlik “Mənim Möcüzəm” proqramı insanlara bu möcüzələrin mükəmməlliyi, vacibliyi, ölkənin inkişafında onların rolu və düşmənlərin əzilməsi vasitəsi olduğu barədə müfəssəl məlumat verirdi.

Növbəti möcüzənin – Dərin Fontanın açılışı 3 aya planlaşdırılırdı. Bu möcüzə ölkə barədə Cənub-Kontinent Respublikasında müsbət fikir yaratmalı idi. Altmış min ton ağırlığında olan fontan və onun ətrafını bəzəyən malaxitin əksər hissəsi Cənub-Kontinent Respublikasından gətirilmişdi. Bu respublikanın isə dünyada nüfuzu yüksək idi və televiziyanın dediyi kimi, bu yolla onları ələ almaq olardı. Həqiqətən də, fontan hələ tikilib başa çatmamış öz möcüzəvi qüvvəsini göstərdi – Cənub-Kontinent Respublikasının Baş Naziri Onu öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Əlbəttə ki, bu, xarici siyasətdə qazanılmış ən böyük qələbələrdən biri idi!

Bunları düşünərək Vasso buraxılış vərəqəsini cihaza oxudub Ön Qapılardan Qranit Şəhərə daxil oldu. Buradan Mərmər Binaya çox da uzaq deyildi. O, cəld addımlarla binaya yaxınlaşdı. Mərmər Binanın enli, qara mərmərdən düzülmüş pilləkənləri onu Sütunsuz Zala doğru aparırdı. Zalın döşəməsi də, divarları da qara mərmərdən idi. Tavandan heyrətamiz böyüklükdə və təbii ki, qızılda olan çil-çıraq sallanmışdı. Amma buna baxmayaraq, içəridə məzar rütubəti və qoxusu vardı...

Vasso tez qeydiyyatdan keçib zalın dərinliyinə doğru addımladı. İndi iclas başlayana qədər fürsət tapıb Şalini görmək, onunla toplantıdan sonra hara gedəcəklərini qərarlaşdırmaq lazım idi. Aha... Şalin bir-neçə qız ilə dayanıb onlara paylanmış bukleti vərəqləyirdi. Yəqin ki, onun yanında oturmaq alınmayacaq, amma qısaca sözünü çatdıra bilərdi.

– Gəlmisən? Təbrik edirəm.
– Təşəkkürlər... – Şalin maraqla gözlərini Vassoya tuşladı. Vasso bilirdi bu gözlərə baxsa, bu gecə də yuxusuz qalacaq, amma başqa əlacı yox idi.
– Bura necə də qəribə bir bina imiş! Bizi bütün binanı gəzdirdilər, inanılmaz şeylər gördük. – Şalin sözünə davam etdi.

Bu, qəbul olunmuş bir qayda idi. Yeni gələnləri Mərmər Bina ilə tanış edirdilər. Binada quraşdırılmış texnoloji avadanlıqlar, zalların əzəməti, xidmət otaqlarının mükəmməlliyi heç kimi biganə qoya bilməzdi. Vasso bu binada ilk dəfə olarkən keçirdiyi hissləri xatırladı. Şalinin nə deyəcəyini, nədən danışacağını qabaqcadan bilirdi. Ona görə də sözlərin mahiyyətinə varmadan sadəcə başını razılıq əlaməti olaraq yellədir, gözlərini onun gözlərindən çəkmirdi.
– Toplantıdan sonra Dənizli Parka gedərik, sənə Möcüzələri göstərəcəm – Vasso yaranmış qısa pauzadan istifadə edib dedi. “Bəyəm belə olar?” – qızın gözlərindən oxunan suala Vasso dərhal cavab verdi:
– Bizim Anım Saatına qədər icazəmiz var, – əlindəki buraxılış vərəqəsinə işarə etdi – düşünürəm ki, Fil Sümüyü Qalasına getsək və oradan Baobab Meşəsi ilə Sərdabənin yanından keçib Sol Qapılara üz tutsaq vaxtımız çatar.

Şalinin ürəyindən keçənləri üzündən oxumaq olardı. Bu, həm təəccüb, həm sonsuz sevinc, həm ad günü hədiyyəsini açmağa hazırlaşan uşağın gözləntisi idi. Gözlərində kiçik bir qorxu da sezilirdi, amma Vassonun yanında olması qorxuya üstün gəlmişdi.

Aramla çalınan zəng iclasın tezliklə başlayacağını bildirdi. Vasso vidalaşmadan zalın louderlər üçün nəzərdə tutulmuş hissəsindəki öz yerinə tərəf addımladı. Fikrində bu axşamkı gəzintidən daha çox Güllər Gününə hazırladığı plan idi. Keçən il dostu Səmim bayramdan sonra əldə etdiyi 3 çiçəyi Qızlar Evinə, Lulitə göndərə bilmişdi. Bu ideya Vassonun də xoşuna gəlmişdi, amma daha nəfis formada...

***

Hökumət louderlərin qeydinə qalırdı, onları hər şey ilə təmin etmişdi. Uşaqlar anadan olan kimi mexaniki Beşhərfin onlara verdiyi adı və sıra nömrəsini alıb əvvəl Körpələr Evinə, bir qədər böyüdükdən sonra isə müvafiq olaraq Oğlanlar və Qızlar Evinə yerləşdirilirdilər. Ailə Binasında olan otaqda həm də uşaqları yerləşdirmək humanizm prinsiplərinə zidd olardı, ona görə də Hökumət uşaqlar üçün ayrıca Evlər tikmiş, onların yaşayışını, tərbiyəsini və təhsilini təmin edirdi.

Uşaqlar məktəbdə ən vacib dərsləri – Fiziki Hazırlıq, Yüzədək Yazı, İşlə-Çalış və gündə iki dəfə Bizim Möcüzəli Yolumuz dərslərini keçirdilər. Altıillik təhsil bütün louderlər üçün məcburi idi. Məktəbi bitirənlərin əksəriyyəti dərhal Mədən Zavoduna işə götürülürdülər. Məlum olmayan səbəbdən burada çalışanlar çox tez vəfat edirdilər, buna görə də zavodun işçi qüvvəsinə daim ehtiyacı vardı. Louderlər gündəlik yeməklə və ildə iki dəfə yeni paltarla təmin edilir, təmiz və işıqlı otaqlarda yaşayırdılar. Xoşbəxt həyat üçün demək olar ki, hər şey vardı.

Vasso artıq iyirmi yaşına yaxınlaşırdı. Bu da o, demək idi ki, tezliklə Oğlanlar Evini tərk etməli olacaqdı. Ailə Binasına köçməsi üçün isə müvafiq qız tapmalı idi, yoxsa qız siyahısından növbəsi çatan birisi ilə “birləşməli” olacaqdı. Siyahıda isə yalnız problemli qızlar olurdu. Bu baxımdan Şalin ilə rastlaşması lap vaxtında baş vermişdi. Bu ilki ilk Görüş Saatına bir aydan da az vaxt qalmışdı. Bircə onun razılığını ala bilsə idi...

Onlar gəzintilərini başa vurub Sol Qapıya yaxınlaşanda Qızlar Evinə gedən son tramvay artıq yola düşməyə hazırlaşırdı. Şalin gördüklərindən heyrətini gizlədə bilmirdi, hələ də nə isə deməyə can atırdı, amma tələsməli idilər. Əl verib qısaca vidalaşdılar. Vasso Şalinin tramvaya mindiyini müşahidə edib pəncərədən onun gözlərinə baxmağa bir daha cəhd etdi. Buna nail olmasa da, qızın sifətindəki təbəssümü sezib öz dayanacağına tərəf yollandı...

***

Günəşin tənbəl şüaları Boz Şəhərin üzərindən artıq neçə vaxtdır ki, çəkilməyən qəhvəyi buludu yararaq tozlu asfaltı qızdırırdı. Üzbəüz dayanmış Oğlanlar və Qızlar Evlərinin arasında yerləşən asfalt meydanda səhərdən başlamış bir canlanma var idi – Görüş Saatı artıq başlamışdı. Meydana toplaşmış oğlanlar bir-bir öz cərgələrindən çıxıb qızlar olan cərgəyə yaxınlaşırdılar. Onlar hər biri yaxınlaşdığı qızla çox qısa dialoqdan sonra ya öz yerlərinə tək qayıdır, ya da, bəxti gətirmişsə, həmin qızla birlikdə xoşbəxtcəsinə qeydiyyat stoluna tərəf yollanırdılar. Hələ ki, cəmi on bir cütlük “birləşmək” qərarı vermişdi. Bu il irəlidə daha iki Görüş Saatı olduğu üçün qızlar razılıq verməyə tələsmirdilər.

Vassonu isə bu, artıq narahat etmirdi. Çünki Güllər Günü çox uğurlu keçmişdi. Nəzərdə tutduğu planı həyata keçirə bilmişdi. Səmim və digər üç dostu ilə birlikdə bayramın sonuna qədər qalmış və onlara çatacaq gülləri ala bilmişdilər. Sonra isə Səmim və dostları öz çiçəklərini ona bağışlamışdılar. Düzdür əvəzində Vasso da iyirmi gün öz səhər yeməyindən növbə ilə onların xeyrinə imtina edirdi, amma belə al qırmızı çiçək dəstinin əvəzində bu, heç onun gözünə də görünmürdü.

Vasso əlindəki çiçəklərə fərəhlə baxdı. Çiçəkləri bükdüyü əzilmiş kağız parçasını açdı, bir kənara atdı. Bir daha çiçəkləri saydı – düz on beş ədəd idilər. Düzdür bəziləri bir qədər əzilmişdi, amma zavodun zibilliyindən gətirdiyi parlaq yaşıl daşlar çiçəkləri tər saxlamış, onlara rəngarənglik bəxş etmişdi.

O, bir qədər düşünərək çiçək dəstəsini önünə qaldırdı və inamlı addımlarla qızlar cərgəsinə tərəf irəlilədi. Sanki meydanda ondan başqa bir kimsə yoxmuş kimi, hamı eyni vaxtda nəzərlərini Vassoya, daha doğrusu onun əlində tutduğu çiçək dəstinə çevirdi. Bu baxışlar içərisində həsəddən, paxıllıqdan, maraqdan fərqlənən və daha ülvi hisslərlə dolmuş yalnız bir cüt gözlər var idi.

Şalinin daxilindən titrətmə, yanaqlarını allanmağa məcbur edən zəif bir cərəyan keçdi. O, heç vaxt belə hiss keçirməmişdi – nə ətrafında olan insanlara qarşı, nə böyüyüb başa çatdığı Boz şəhərə, nə öz təmtərağı ilə göz oxşayan Qranit Şəhərə, hətta nə də, Onu ilk dəfə görüb canlı çıxışını dinləyəndə, Ona qarşı. Bu, louderlərə tanış olmayan, yad bir hiss idi.

Bu hissin fəsadlarını çox gözəl bilən Hökumət louderləri hələ uşaq ikən bundan məhrum etməyə nail olmuşdu. Hökumət dəqiq bilirdi ki, bu hissin ardınca qayğıkeşlik baş qaldıracaq, daha sonra özünü təsdiqetmə həvəsi oyanacaq, bundan sonra isə itaətsizliyə yol açan cəsarət və mərdlik. Buna isə yol vermək olmazdı, heç vəchlə! Çünki bu, elə bir hissdir ki, o, bir nəfərdə doğsa, tezliklə digərlərini də yoluxdurardı.

Bunların hamısından bixəbər olan Vasso isə tam əminliklə, özünün belə anlamadığı möcüzəsinə tərəf addımlayırdı. Şalinə tərəf...
XS
SM
MD
LG