Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:36

Elnarə Tofiqqızı - Əlabbasın Qarabağ haqda romanını tənqid edir


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı

ƏLABBASIN "ƏFSUN ÜSYANI"

Görünür, ilk növbədə bu suala cavab tapmalıyıq: yazıçı Əlabbasın «Qararaqovaq çölləri» romanı müharibə mövzusundadırmı?

Əvvəlcə, süjetə qısaca nəzər salaq: əsərin qəhrəmanı Əfsun öz vicdanının səsi ilə, könüllü olaraq müharibəyə gedir, həbs həyatı yaşayır, yurduna qayıtdıqdan sonra isə bacısının əsir aparıldığını öyrənir və hər vəchlə onu əsirlikdən qurtarmağa çalışır; çıxış yolu kimi isə cəbhə xəttini keçib düşmən tərəfə adlamaqdan, bacısı ilə dəyişəcək əsir gətirməkdən başqa əlac görmür.

Əfsun istəyinə çatır, Üz kəndindən «dil» gətirir, amma rəsmi qurumlar hərəkətə keçir və oxucu bir də Əfsunun ölümündən sonra əsirlikdən qurtaran bacının (Əfruzun) kəndə gəlməsini öyrənir…

Əslində roman bütövlükdə Əfsunun müharibədən sonrakı yaşamına həsr olunub; döyüş səhnələri bir neçə yerdə yalnız xatırlanır: oxucu müharibənin özünü deyil, onun gətirdiyi dəhşətləri və məğlubiyyətin doğurduğu komplekslərin cəmiyyətdəki nizama təsirini görür…

«Azərbaycanlı Rembo»

Roman – müəyyən istisnalarla – uğursuz Vyetnam müharibəsindən geri qayıtdıqdan sonra «qəhrəman kimi qarşılanmadıqları» üçün inciyən və ictimai mövqe tutmaqda çətinlik çəkən amerikalı döyüşçülərin taleyini xatırladır.

İlk növbədə isə təbii ki, «bəs, Vətən bizimçün nə edib?» sualı ilə 70-ci illərdə okeanın o tayında formalaşan yeni baxış və yeni ideoloji yanaşma yada düşür (Məşhur «Rembo» filmi bunun ən kütləvi nümayişi idi).

Ancaq dediyimiz kimi, «müəyyən istisnalarla»: yazıçı hər bir halda doğulduğu və yaşadığı cəmiyyətin ifadəçisidir və o, öz toplumunun yaşantılarından doğan reallıqları əks etdirir. Bu baxımdan Əlabbas da Azərbaycan reallığını əks etdirir.

Əfsun - «Azərbaycanlı Rembo»dur, ona qarşı hər yerdə təzyiq, təqib, ədalətsiz yanaşmalar, suçlamalar görürük. Nəhayət, dövlət məmurlarının bütün vasitələrlə müharibə döyüşçüsünə qarşı çıxmaları, onun haqqını tanımamaları, hətta heç kimin yaşamaq istəmədiyi» bir cəbhəyanı kənddə icazəsiz ev tikməsinə imkan verməmələri Əfsunu özününkülərdən qisas alan «qəhrəmana» («Rembo»ya) çevirir: o, silahı həmvətənlərinə qarşı yönəldir və altı soydaşını qanına qəltan, bələdiyyə binasını yerlə-yeksan edəndən sonra özünü öldürür.

Məğlubiyyət kompleksi

Əfsuna qarşı münasibət təkcə müharibədəki məğlubiyyətin cəmiyyətdə yaratdığı natamamlıq kompleksindən irəli gəlmir.

Müəllifi həm də bu suallar narahat edir: əgər ayrı-ayrı qəhrəmanlıqlar varsa, minlərlə gənc vətən uğrunda öz həyatını qurban verməyi bacırıbsa, insanlar hələ də qisas hissiylə alışırlarsa, müharibə niyə uduzuldu və torpaqlar işğal olundu?

«Qaraqovaq çölləri»ndə alt qatda bu istək ayrı-ayrı müharibə uğursuzluqları ilə təbii paralellik yaradır.

Diqqət etmisinizsə, Böyük Vətən Müharibəsi zamanı («qızıl əsgər ailəsi» məmurların və xalqın güvəncindəydi) və müharibədən sonra Sovetlər Birliyində belə bir kompleks yaşanmadı.

Çünki Sovetlər Birliyi bu savaşı Vətən Müharibəsi səviyyəsində aparırdı,
xalqın bütövlükdə qatıldığı müharibələrdə isə belə bir kompleksin yaşanması – hətta uduzulmuş olsa belə – mümkün deyil.

Ancaq Birinci Qarabağ Savaşı yalnız cəbhə xəttində idi: könüllü olaraq döyüşə qatılan və torpaqların azadlığı üçün savaşan insanlar geridə «hər şeyin cəbhə üçün səfərbər olunduğu» «arxa cəbhəni» görmürdülər. Bu isə psixoloji gərginlik və barışmazlıq stereotipii yaradırdı.

«Qaraqovaq çölləri» böyük mənada ədəbiyyatın hədəfi olan bu psixoloji gərginliyi ifadə edə bilərdi…

İddiasızlıq

Əlabbas bu romanını müharibənin doğurduğu sosial-ictimai xaosun geniş və bəşəri bədii əksinə çevirməkdə iddialı olmadığından, əsərin imkanlarını xeyli kiçildib.

Digər tərəfdən, problemləri bir məkanda və bir qəhrəmanda ifadə cəhdləri nəticəsiz alınıb. Çünki:

1. «Heç kəsin yaşamaq istəmədiyi» cəbhəyanı bir kənddə sənədsiz ev tikilməsinə dövlət məmurlarının bu qədər aqressivliklə münasibət bildirməsi faktı ümumiləşdirmə deyil. Bu, daha çox meqapolisə aid problemdir ki, müəllif onu cəbhə bölgəsinə köçürməklə ictimai mahiyyətini kiçildib.

2. «Kəndə hücum edərək» bir qızın əsir aparılması süjeti romanla vəhdət təşkil etmir.

3. Müəllifin öz baxışlarını əks etdirmək üçün «akademik ritorika»nı müəllim obrazlarının (hətta Əfsun əsir gətirəndən sonra kənd meydanından aparılarkən «missiyanı» «Səfurə müəllimə» davam etdirir) üstünə köçürməsi həddən artıq sadə bədii priyomdur ki, bu da romanın məziyyətlərini artırmır və s.

Müəllif üsyanı

«Qaraqovaq çölləri»ndə cəmiyyətdəki bir çox ədalətsizliklərin əksini müşahidə etmək mümkündür: Əfsunun bacısı düşmənə, qardaşı «özümüzünkülərə» əsir düşür, qəhrəman həqiqət tərəfdarı olduğu üçün olmazın böhtanlarla üzləşir… Ona özünü təsdiqləməyə imkan vermirlər, vətən üçün canından keçməyə hazır olan insanı, nəhayət, qatilə çevirirlər.

Roman boyu bir neçə yerdə müəllimlərin dilindən müəllif fəryadı eşidilir: Müharibə qəhrəmanı Əfsunun polis idarəsində, rayon məmurları səviyyəsində başına gətirilənləri müşahidə edən gənclər hansı nəticə çıxaracaqlar? Müharibə başlayarsa, əfsunlar döyüşə yollanacaqlarmı? Kimsə düşmənə qarşı fərdi qəhrəmanlıq göstərmək istəyinə düşəcəkmi?

Arxasında müəllifin göründüyü və açıq mətnlə deyilən bu publisist siyasi-ictimai monoton diktələr müzakirənin və mətnin şaxələnməsinə sipər çəkməklə bərabər, ideyanı konkretləşdirir; romanın ictimai-psixoloji mahiyyətini azaldır, həmçinin artıq keçilmiş sayılan bir mərhələ haqqında düşüncələr yaşam reallığını ehtiva etmir:
ƏLABBAS
ƏLABBAS
məsələlərə qeyri-qənaətbəxş və birtərəfli yanaşma məhdud müəllif baxışının birqütblü təqdimatından o tərəfə keçmir.

Təsvirlər və publisistik cəsarət

Əlabbas təsvirlərin canlı, bir qədər də poetik təqdimatında maraqlıdır. Bu təqdimat bəzən süjetin dinamikliyinin qarşısını alsa da, uzun illərin yazı vərdişi öz təsirini göstərir.

«Qaraqovaq çölləri»ndə Əfsunun cəbhə xəttinə getməsi, Uz kəndində apardığı müşahidələr dolğundur, hətta əsir götürülən Arşak müəllimin yaralandığı zaman, «Ara, bu qan məni öldürəcək, gör neynirsən! Bir doxdur çağır» (s., 138) - sözü xalq təfəkküründəki məşhur məsəlin qısa və lakonik bədii təcəssümü kimi maraqlıdır.

Ancaq «Adını ziyalı qoyan sizləri hara qədər lazımdır, ora qədər qorxuzublar» (s. 146) və ya «İmdad sadəcə qardaş davası döymürdü, o çıxış qeyrət və namus üçün oxunan ağı idi» (s., 147) və s. çoxsaylı ifadələr mətnin diqtəsi olmadığından (çünki ziyalı – Zülfü müəllim, qeyrət simvolu – Əfsun obrazlarıdır), publisistik müdaxilə təsiri bağışlayır.

Qaraqovaq xəbərdarlığı

Əfsun kimi daim psixoloji təzyiq altında saxlanılan və tikmək istədiyi evi uçurulan insanın qatilə çevrilmə ehtimalı müəllifin olduqca dəqiq düşünülmüş ictimai xəbərdarlığıdır. Artıq burda qəhrəmanın «müharibə veteranı» olması arxa plana keçir və mətn şaxələnir.

Ancaq sosial ədalətsizliyə qarşı ictimai reaksiyanın doğuracağı faciənin xəbərdarlıq hədəfini kiçik vəzifəli məmurların fərdi özbaşnalığına bağlamaq istəyi əsərdə öz həllini tapmayıb. Əksinə, Əfsunun «dil» gətirməsindən sonra Mərkəzin – Bakının özünü göstərməsi, qardaşının məhz Bakıda dəlixanaya salınması fonunda «Ölkə başçısı bilsə, mütləq əfv edərdi» - deyənlər isə saysız hesabsız idi… Nəinki əfv edər, əksinə, onu bu əmələ təhrik edənlərin dərsini verərdi, özü də necə lazımdı, – fikrində bulunanlar isə sayda heç də onlardan geri qalmırdılar» (s., 202) - tipli müdaxilələr siyasi konyukturaya uyğunlaşma istəyindən doğan redaktə təsiri bağışlayır.

Dil və üslub

«Qaraqovaq çölləri» klassik formada yazılıb və ümumiyyətlə, Əlabbasın nəsrində «60-cılar»dan Əkrəm Əylislinin güclü təsiri özünü xüsusi qabarıqlıqla göstərir.

Canlı danışıq dilindən müəllif təhkiyəsində istifadə isə fərqli cümlə strukturu ortaya çıxarır və bəzən anlaşılmazlıq yaradır ki, bunu Əlabbasın fərdi üslubu kimi qəbul etmək mümkündür. Ancaq eyni cümlədə təkrar ifadələrdən qaçmaq üçün strukturu dəyişmək əvəzinə sinonimlərinin axtarılması və həddən artıq redaktəyə məruz qalan mətnin dialekt və şivələrlə yüklənməsi istər-istəməz müəllifin dilini xeyli yükləyir. Bu, oxunmanı ağırlaşdırsa da, hesab edirik ki, hazırlıqlı oxucu üçün ciddi narahatlıq yaratmır. Əksinə, Əlabbasın dilin imkanlarından istifadə cəhdinin özünü dəyərləndirmək olar – bu cəhdlər təcrübəli qələm sahibi üçün bir qədər gecikmiş sayılsa da…
XS
SM
MD
LG