Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:03

Xalq yazıçısı Sabir Əhmədlini Fəxri Xiyabanda dəfn etməyə kim qoymadı?


Azadlıq Radiosunun müxbiri Cavid Zeynallı (sağda) Sabir Əhmədlinin həyat yoldaşı Şaban xanım və oğlu Etibar bəylə birgə yazıçının evində.
Azadlıq Radiosunun müxbiri Cavid Zeynallı (sağda) Sabir Əhmədlinin həyat yoldaşı Şaban xanım və oğlu Etibar bəylə birgə yazıçının evində.
-
"Bir gün hətta atamı dəfn etmədik ki, görək icazə verirlərmi? Dedilər, Prezident ölkədə yoxdur, onun icazəsi olmalıdır. Sonra..."

"Mən müəllimə işləyirdim, məktəb kitabxanasına gedib baxırdım ki, adi bir yazıçının kitablarını latın əlifbasında çap ediblər, amma mənim yoldaşımın kitabları sovet dövründə çıxan kitablardır".

"Oğlu Məhəmməd öz doğum günündə şəhid oldu"



Cavidlə xatırlamaq

(Xalq yazıçısı Sabir Əhmədlinin evindən reportaj)


"Nəvəm məndən soruşur ki, baba, sən bu kitabların hamısını oxuyubsan? Deyirəm, hə, oxumaq bir yana, mən onların hamısını yazmışam da...”

Sabir Əhmədlinin
bir müsahibəsindən



İyulun 10-u Sabir Əhmədlinin doğum günüdür. Deyirlər, sağlığında onu Dədə Sabir çağırırmışlar... Azərbaycan nəsrinin patriarxlarından olan bu insan haqqında yazılan bütün xatirələrdən kədər, nisgil ələnir.

Niyə? Nəyə görə?

24 yaşlı oğlunu - Məhəmmədini itirib, qardaşının məzarı qərib yurddadır – Polşada.

Doğum günündə ailəsi ilə görüşməyi, söhbətləşməyi özümə borc bildim. Qoy hər şeyi özləri danışsın – Ömür-gün yoldaşı Şaban xanım, oğlu Etibar...


Etibar Əhmədli:

- İkinci Fəxri Xiyabanda, qardaşımın yanında dəfn olunmaq arzusunda idi. Nədənsə, inanırdı, çox inanırdı ki, oğlundan ayrı düşməz. Hərdən evdə zarafatla deyərdi, gələndə ikimizə də birdən dəyərsiniz, sizə əziyyət olmaz. Yaxın dostları - Sabir Rüstəmxanlı,
Sabir Əhmədli həyat yoldaşı Şaban xanımla
Sabir Əhmədli həyat yoldaşı Şaban xanımla
Aqil Abbas Prezident Aparatına, Ramiz Mehdiyevə müraciət etdilər. Bir gün hətta atamı dəfn etmədik ki, görək icazə verirlərmi? Dedilər, Prezident ölkədə yoxdur, onun icazəsi olmalıdır. Sonra xəbər gəldi ki ... yox! Düzü, bu münasibəti gözləmirdik. Başa düşürəm, belə şeylərin giley-güzarını etməzlər, amma atam xalq yazıçısı idi, Azərbaycanın müstəqilliyi uğrunda neçə-neçə yazılar yazmışdı. Binəqədidə dəfn etdik. Qohum-əqrəbamızın məzarı həmin qəbiristanlıqdadır. Sabir müəllim öz bildiyi həqiqətdə heç kimə güzəştə getməzdi, sözünü deyərdi. Bilirsiniz, dünya qurulandan belədir, sözünü deyən adamlar heç vaxt hakimiyyətin xoşuna gəlməyib, bundan sonra da gəlməyəcək.

Gileylənirəm ki, Sabir müəllimin əsərlərini kitab mağazalarından tapmaq olmur, bunun səbəbi nədir? Şaban xanım dərindən köks ötürür:

- Mən deyim bunun səbəbi nədir! Sovet vaxtı nəşr olunan kitabların hamısı satılıb qurtarıb, mağazalarda qalmayıb. Latın əlifbası ilə nəşr olunan kitabların siyahısına Sabir müəllimin adını salmadılar. “Axirət sevdası”, “Şəhid ruhu”, “Yazılmayan yazı” kitablarını öz hesabımıza nəşr etmişik.

Sadəlövhcəsinə sualları uc-uca calayıram: məsələn, heç maraqlanmadınızmı bu ögeyliyin səbəbi nədir? Yenə nə isə demək istəyirəm, sözümü ağzımda qoyur Şaban xanım:

- Burda maraqlanmalı nə var? Hər şey aydındır də! Prezidentin fərmanı ilə latın əlifbası ilə nəşr olunması nəzərdə tutulan kitabların siyahısı Aparata təqdim olunanda, həmin siyahıda Sabir müəllimin adı yox idi. Özü dəfələrlə Anara zəng vurdu ki, o siyahıda niyə mən yoxam? Bir məsələni də deyim, maraqlı olar. Həmin siyahıya Hüseyn Abbaszadə və Qılman İlkini də salmamışdılar. Bir yerdə ərizə yazdılar, amma sonradan məlum oldu ki, Hüseyn Abbaszadə ilə Qılman İlkinin adı siyahıya salınıb, Sabirin yox! Prezident Aparatında Cəlal adlı adam bu işlə məşğul olurdu, elə deyirdi ki, darıxmayın, Sabir müəllim, gələn il sizin də əsərlər çap olunacaq. Mən müəllimə işləyirdim, məktəb kitabxanasına gedib baxırdım ki, adi bir yazıçının kitabları latın əlifbasında çap olunub, amma mənim yoldaşımın kitabları sovet dövründə çıxan kitablardır. Təsəvvür et ki, adam hansı hissi keçirər? Bu cür ögey münasibət “Ədəbiyyat qəzeti”nin baş redaktorluğundan sonra başladı. Qəzetə baş redaktor getmək istəmirdi. Deyirdi, Ayaz Vəfalını təyin edin. Anarla Fikrət Qoca dəfələrlə onu dilə tutdular ki, yox, mütləq sən olmalısan. Axır məcbur olub, qəbul elədi. O vaxt qəzeti çıxarmağa kağız tapılmırdı. İşçilərin əmək haqqını vermək üçün pul ayrılmırdı. Bir də gördün, sifarişlə əsərlər göndərirdilər ki,
Sabir Əhmədli (solda) Müsavat Partiyasının başqanı İsa Qəmbər (soldan ikinci) və digərləri ilə
Sabir Əhmədli (solda) Müsavat Partiyasının başqanı İsa Qəmbər (soldan ikinci) və digərləri ilə
qəzetdə çap elə, kim olur olsun, yazı zəif idisə qoyurdu qırağa. Səhv eləmirəmsə, 96-cı il idi, qəzetin redaksiyasında dəyirmi masa təşkil etmişdilər. Həmin söhbətdə əsasən cavanlar iştirak edirmişlər. Yazıçılar Birliyinin əleyhinə olan tənqidlər, olduğu kimi qəzetdə çap olundu. Həmin söhbət böyüdü, Sabir Əhmədliyə qarşı təzyiqlər başladı. Yadımdadır, həmin gün onu evə Rafiq Əliyevlə Famil Mehdi gətirmişdi. Qəzetdən uzaqlaşanda sevinirdi, deyirdi, qayğıdan qurtardım. İşçilərin maaşı gecikdirilirdi, ona görə heç birinin üzünə baxa bilmirdi. Gənc istedadları o qədər çox sevirdi ki, elə bil öz doğma balaları idilər. Həmid Herisçinin, Əsəd Cahangirin, Şərif Ağayarın, Seymur Baycanın, Mövlud Mövludun bir yaxşı yazısını oxuyanda uşaq kimi sevinirdi. İstəyirdi ki, həmişə cavanlarla oturub-dursun.

***

Şaban xanım dolanışıqlarından danışır:

- Güzəranımız pis olmayıb. Düzdür, hər şeylə təmin olunmamışıq, amma korluğumuz da olmayıb. Mən ömrü boyu müəllimə işləmişəm, Sabir də gözünün nurunu əridib halal çörək qazanıb. Təmtəraqlı həyata heç vaxt meylli olmayıb, adicə maaşı, qonorarı ilə dolanmışıq. Bizim evə haram tikə gəlməyib. Mənim anam doqquz yaşından namaz qılıb, oruc tutub. Qurban kəsəndə həmişə qardaşlarıma deyirdi ki, amandır, aparın pulunuzu Sabirin pulu ilə dəyişin, sonra qurban alın. Onun pulu halal puldur. Qardaşım rayonun baş cərrahı idi, anam həmişə deyirdi ki, bala sən puluna haram qata bilərsən, ona görə o pulla qurbanlıq alma.

- İstəyirəm, Sabir müəllimin yazı prosesi haqqında danışasınız... Nə vaxt yazırdı?

- Yazmaq istəyəndə otağına çəkilib qapını bağlayırdı. O vaxt Şərifzadədə yaşayırdıq. Vaxt olurdu, sübh tezdən-beşdə altıda oyanıb yazmağa başlayırdı. Səhərlər işləmək onun üçün daha rahat idi. Özünə çay dəmləyib içirdi, səkkizə qədər yazandan sonra işə gedirdi. Elə ki işdən qayıtdı, yemək yeyib, gəzməyə çıxırdı. Bir də saat 10-dan birə-ikiyə qədər stol arxasından qalxmırdı. Heç vaxt razı olmurdu ki, əsər yazılan müddətdə kimsə bir cümləsini oxusun. Elə bil, qorxurdu ki, yazı məhrəmliyini itirər. Sabiri xırda məişət işlərinə görə heç vaxt narahat etməzdim. Elə ki, yazı stoluna oturdu, uşaqlar da bilirdi, səs-küy salmaq olmaz. Bir dəfə qışın oğlan çağında dedi, gedirəm neft daşlarına. Qorxurdum, başına bir iş gələr. Qayıtdı ki, bəs orda işləyənlər adam deyillər? Sonradan bildim ki, bir əsərində Talıb adlı qəhrəman sonradan neft daşlarında
Məmməd Arazla
Məmməd Arazla
işləyəcəkmiş. Ömrünün sonuna qədər yazdı. Lap sonuncu günəcən...

Ömür-gün yoldaşı deyir ki, Sabir Əhmədli doğum günlərini qeyd etməyə həmişə həvəsli, meylli olub. Dostları, qohumları bir yerə yığışanda sevinirmiş. Etibar bəy atasının vəzifəyə, gənclərə qarşı münasibətindən danışır:

- İndi hər şeyi xırdalığına qədər danışmaq istəmirəm, amma sovet vaxtı atama çox şeylər təklif olunub. Məsələn, əsərlərində partiyanı, sovet həyatını mədh etsin deyə ona çox şey boyun olublar. Gizlətmirəm, çox incidiləndə hətta evdə biz də deyirdik ki, bəlkə bəzi şeylərdə güzəşt etmək lazımdır? İntriqalardan uzaq durmağa çalışardı. Deyirdi, yazıçı işləməsə daha yaxşı olar. Atamın yaxşı dostları olub. Ən yaxın dostları Məmməd Araz, Altay Məmmədov, Fərman Kərimzadə, Sabir Rüstəmxanlı, İsi Məlikzadə idi. Bu adamlar dəfələrlə bizim evdə olublar. Yeyib-içməyə o qədər meylli deyildi, amma dostları başına yığışanda kefi kök olurdu. O vaxt indiki Yaşıl Teatrın yanında kirayədə qalırdıq.

Şaban xanım uzaq 60-cı illəri yaddaşında canlandırıb xatirələrini danışır:

- Mən Sabirin məktəbdə şagirdi olmuşam. İnstitutu bitirəndən sonra Cəbrayılda ədəbiyyat müəllimi işləyirdi. Qohumluğumuz yox idi, heç vaxt da hiss etməmişəm ki, məndən xoşu gəlir. Amma qardaşımla dost idi. Mən institutun ikinci kursunda oxuyanda ürəyini açdı. (gülür). Toyumuz təmtəraqlı olmadı, daha doğrusu, yaxın qohumları rəhmətə getmişdi, ona görə heç onların qapısında toy da çalınmadı. O vaxtlar həmişə deyərmiş ki, onsuz da rayonda qalmayacam, imkan olan kimi şəhərə gedib yazacam, burda imkan yoxdur. Yaşıl Teatrın yaxınlığında yaşayanda Vəli Axundov bizə Yasamaldan ev verdi.

Yeri gəlib deyə, Sabir Əhmədlinin ölümündən sonra nəşr olunan “Yazılmayan yazı” romanından bir parçanı bura yazıram:

“Bu qız on, on iki yaşında mənim ürəyimə girən ilk sevgi surətlərindən biri idi. Çox
Sabir Rüstəmxanlı ilə
Sabir Rüstəmxanlı ilə
sonralar, hər ikimiz böyüyüb yekə adam olunca, evlənəndən çox sonra, ailə-uşaq yiyəsi olduğumuz halda, uşaqlıq istəyi mənim ürəyimdən çəkilməmişdi...

Mən kiçik yaşlarımdan sevməyə, vurulmağa başlamışdım. Bu, haradan, nədən törəyirdi? İlk sevgi duyğusu. Necə, nədəndi? Onu bilirəm ki, mən çox, ertədən uşaqkən məhlədə , qonşuda, qızlara meyllənməyə başladım. Bu duyğudan özüm utanırdım, kimsəyə söyləyə bilmirdim...”.

***

Övlad itkisi

- Bir dəfə cəbhəyə getmişdi. Gəlib əsgərlərdən danışırdı.

Məhəmməd bir qayıtdı ki, ata, birdən səndən soruşdular ki, neçə oğlun var, hansı cəbhədədir, nə cavab verəcəksən?

Dedi, bu suala sən özün cavab verməlisən! Məhəmməd ərizə verib orduya yazılanda Sabir sevinirdi.

Şaban xanım danışmağa çətinlik çəkir, ortalığa uzun sükut çökəndə Etibar bəy davam edir:

- Məhəmməd doğulduğu gün Kəlbəcərdə şəhid oldu. Yasamal Batalyonunu birbaşa Murova aparmışdılar.

Həmin batalyon xəyanət ucbatından mühasirəyə düşmüşdü, çox oğullar şəhid oldu. Atam Məhəmməd haqqında “Şəhid ruhu” adlı kitab da yazıb. O kitabda hər şey var.

O vaxt atamın qardaşımı saxlamaq imkanı var idi, amma bir müsahibəsində demişdi ki, bəs o boyda oğulu xalqdan necə gizlədəcəkdim?

Məhəmmədin şəhid olmağını mərd qarşıladı, amma çəkdiyini içində çəkirdi.
Həyat yoldaşı Şaban xanımla
Həyat yoldaşı Şaban xanımla

Atası, anası, əmisi və qardaşı ilə...
Atası, anası, əmisi və qardaşı ilə...

Sabir Əhmədli dostları ilə, 1954
Sabir Əhmədli dostları ilə, 1954

Sabir Əhmədli Varşavada qardaşının məzarını ziyarət edir
Sabir Əhmədli Varşavada qardaşının məzarını ziyarət edir

Kamal Abdulla, Çingiz Əlioğlu, Sirus Təbrizli və digər dostları ilə... 1999-cu il.
Kamal Abdulla, Çingiz Əlioğlu, Sirus Təbrizli və digər dostları ilə... 1999-cu il.

Sabir Əhmədli ailə üzvləri ilə.
Sabir Əhmədli ailə üzvləri ilə.

Anar, Yaşar Qarayev, Abbas Zamanov, Cavad Heyətlə...
Anar, Yaşar Qarayev, Abbas Zamanov, Cavad Heyətlə...

Almurad Əliyev, Sabir Rüstəmxanlı, Mahmudəli Çöhrəqanlı və Sabir Əhmədli... 2002-ci il.
Almurad Əliyev, Sabir Rüstəmxanlı, Mahmudəli Çöhrəqanlı və Sabir Əhmədli... 2002-ci il.

Şaban xanım həyat yoldaşının yazı kabinetində
Şaban xanım həyat yoldaşının yazı kabinetində
XS
SM
MD
LG