Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:43

Tağı Şahbazi (Simurğ). Keçdiyim yol


Tağı Şahbazi (Simurğ)
Tağı Şahbazi (Simurğ)
-

Tağı Şahbazi (Simurğ)


Keçdiyim yol


(Tərcümeyi-halım əvəzinə)

Xatırımdadır, qardaşım "mollaxanada" - məhəlləmizdə Qasımbəy məscidi cünbündəki üsuli-ətiq məktəbində oxuyurdu, mən isə balaca olduğumdan, hələ məktəbə verilməmişdim. Amma məktəbə göndərilməyimi hər gün tələb edirdim. Bir gün evdə özbaşıma oynayırkən həyətimizdə sevincli səslər qopdu. Tez otaqdan bayıra atıldım. Qarşımda gördüyüm mənzərə məni heyran buraxdı.
Şaşırmış qardaşımı dövrələmiş məktəb uşaqları anama:
- Muştuluğumuzu verin, Abdulla (qardaşımdır) Quranı xətm elədi! - deyə gülüşürdülər.
Anam şad xəbərlə gələn bu uşaqlara muştuluq verib, atasına dəxi xəbər aparmağı tövsiyə etdikdə, uşaqlar:
- Bilirik, ay xala, xəbər verəcəyik, - dedilər.
Sonra ovuclarını şirniyyatla doldurmuş uşaqlar yollanmaq istədilər. Mən bir tərəfdə durub, həsrətlə baxırdım.
Uşaqlardan biri - sonradan bildim ki, bu, məktəbdə "xəlifə" imiş - həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. Anam razı oldu və mənim əlimdən tutmaq lazım olduğunu qardaşıma və onun yoldaşlarına tapşırdı.
Mən sevindim. Tez geyinib onlarla bərabər qardaşımın Quranı çıxmasını atama və yaxın qohumlanmıza xəbər aparmağa yollandım...
Biz gülə-gülə gedir və hərdənbir uşaqlardan biri qardaşımın papağını başından alıb yerə vuranda, "mübarək, mübarək!" - deyə çığırırdıq. Məndən ötrü bu şadlığın intəha və əvəzi yox idi. Baharın ilk günlərinə məxsus şən günəş bizimlə bərabər sevinir, gülümsəyirdi.
Bu gündən mən məktəblilər içərisinə daxil oldum. Bu hadisə mənim günlərimin sabahdan axşamadək evdə, küçədə qayğısız oynamaqla keçməsinə son verdi.
Həmin gün axşam atam mənə:
- Bəsdir oynadın, - dedi, - sabahdan sən də məktəbə getməyə başlarsan.
Mən bu qərardan son dərəcə xoşlandım, qardaşım kimi məktəbə getməyə çoxdan həvəslənmişdim. O gecəni də qarşısında bulunduğum böyük bir hadisənin həyəcanı içində keçirdim: düşüncələrdən yorulub yuxuya gedə bildimsə də, yenə də yuxuda məktəb düşüncələrindən azad olmadım...
Mirzə Hadının məktəbi uzun və dar bir otaqdan ibarət idi. Otağın işıq mənbəyi bircə qapı və bir də damdakı şüşələnmiş balaca pəncərəvari bir baca olduğundan, otaq lazımi qədər işıqlı deyildi. Qapmm sağ tərəfındə sandalya üzərində molla özü oturmuşdu. Molla uzun və qara müştüyün başına sancdmış eşmə papirosa qullab vuraraq, ətrafına tüstü yayırdı...
Molla məni görcək başını əyib eynəyinin üstündən baxdı və sonra uşaqlara müraciət edərək, mənə yer verilməsini təklif etdi.
Məktəbin yerinə həsir döşənmişdi. Həsirin üzərinə ayaq qoyul-duqca toz qalxır və havadan gəlmiş uşaqları asqırdırdı.
Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən yuxarı pillədəkiləri kitab, aşağıda oturanları "çərəkə" oxuyan idilər. Mən "çərəkə" oxuyanlar sırasında oturdum.
Molla bir-bir şagirdləri çağınb dərslərini göstərir, kitab oxuyanlara yazı dərsi də verirdi. Şagirdlər yerlərinə qayıdıb, yırğalana-yırğalana dərslərini mütaliə edirdilər.
Birdən molla məni öz adımla çağırdı. Yanımdakı şagirdlər məni dürtmələdilər.
- Dur get, molla çağırır...
Mən qalxıb mollanın hüzuruna gəldim.
- Əyləş, - dedi.
Mən oturdum.
Mizin üzərindən bir kitabça götürüb, mənim qarşımda açdı. Bu, çərəkə idi. Molla qələmyonan bıçaqla hərfləri mənə göstərərək:
- Bu, əlifdir. Bax, buradan buraya kimi, bu zəbərdir, bu oldu ə. Bu beydir, buradan buraya kimi, bu da onun bir nöqtəsi...
O deyirdi, mən də dinləyir, bir şey qanmayırdımsa da ürəyimdə molla deyənləri höccələyirdim.
Bu qayda ilə molla əbcəd, həvvəz, hutti ləfzlərini "təhlil" edib, mənə bunları hazırlamağı əmr etdi. Mən də bunları höccələyərək, səsimi şagirdlərin xor dəstəsinə qatdım və başqa şagirdlər kimi çərəkə üzərində yavaş-yavaş yırğalanmağa başladım. Mənim təhsilim buradan - bu üsul ilə başlandı. Bu "mollaxananın" da, başqa köhnə üsullu məktəblər kimi, tədris vasitələri ağac və fələqqədən ibarət idi. Bizim mollanın ağac və fələqqə üsulu ilə tələbələrinin müvəffəqiyyətlərini yüksəltməyə çalışması və bu sahədə özünü zabitəli göstərmək istəməsi, ümumiyyətlə, köhnə məktəblərin adi ənənəsi qəbilindən olduğundan bu xüsusda yazmaqdan vaz keçirəm.
1902-ci ildən Bakı rus-tatar məktəbində oxumağa başladım. Əvvəlcə İçərişəhərdə Əbdüləlibəy Vəlibəyovun müdiriyyətində bulunan 9-cu məktəbdə oxudum. Birinci müəllimim də Vəlibəyov idi. Türkcəni bizə burada Mirzə Muxtar Məhəmmədov təlim edirdi. Bir il burada oxuyub ikinci sinfə keçəndə bu məktəb başqa yerə köçürüldü.
Ona görə ikinci sinfə davam etmək üçün qardaşımla bərabər 1 -ci rus-tatar məktəbinə verildik. Həbibbəy Mahmudbəyovun müdiriyyətində olan bu məktəbdə iki il oxuyub məktəbi bitirdim. Burada rus dili və riyaziyyat dərslərindən müəllimlərim Həbibbəy, Abbas Minasazov, Mehdibəy Hacıbababəyov, türkcədən isə Məhəmməd Tağı Atakişiyev idi.
Məktəbdə aldığım hazırlıq realni məktəbinin 1-ci sinfmə imtahan tutmağa imkan verirdi. Lakin realni məktəbinə daxil olmağa bir çox maneələr var idi. Yaş məsələsi, məktəbə məxsus forma geymək məsələsi, tədris haqqı vermək məsələsi, dil məsələsi və sairə.
Realni məktəbinin birinci sinfinə 11-12 yaşından yuxarı şagirdlər qəbul edilməyirdi; buna görə də yaş göstərən təvəllüd şəhadətnaməsi tələb olunurdu.
Bu şəhadətnaməni Tiflisdən şeyxülislam dəftərxanasından almaq lazım gəlirkən, nə mənim, nə də qardaşımın adı metrik dəftərində tapıldı. Bu fəqərəni məhəllə mollaları vasitəsilə "düzəltmək" lazım idi.
Forma məsələsinə gəldikdə, rus paltarı geyib, şapka qoymaq ən çətin işdi: mollaların təsiri altında olan mühitdə şapka qoymaq - rus olmaq kimi tələqqi edilirdi. Buna atam razı olurdusa da, dostları onu bu işdən imtina etməyə çalışırdılar. Bu və ya başqa maneələrə baxmayaraq, edadi məktəbə girməyimiz üçün təlaş edən elm dostları bizi realni məktəbinə imtahan verməyə gətirdilər.
Bahar mövsümü idi. Məktəb müdiriyyəti məktəbə daxil olmaq istəyən uşaqları imtahan edib, qəbul məsələsini payıza - təlim ilinin başlanışına qədər təxirə buraxdı.
Realni məktəbində oxumaq müyəssər olacaqmı, yoxmu? Bu fıkir məni tamam yayı rahat buraxmadı. Təlim ilinin başlanmasını böyük bir intizar içində gözləyir, qarşıda olan məmaniətləri rədd etmək üçün vasitələr arayırdıq.
Nəhayət, sentyabr ayı çatdı. Məlum oldu ki, məktəb qardaşımı da, məni də birinci əsas sinfə qəbul etmişdir. Lakin... bir tərəfdən işin maddi cəhəti, o biri tərəfdən də molla və mollaqulaqların təbliğatı, bizi rus məktəbində oxutmaq fıkrindən atamı vaz keçməyə məcbur etdi...
Bu əhvalatı dostlanmıza xəbər verdikdə, onlar təzədən atamı razı etmək üçün çalışmağa başladılar... Atam, əsasən, etiraz etmədi. Məktəbdən qayıdandan sonra yenə adi paltarımızı geyib dolanacağımızm mümkün olmasını nəzərə alaraq razı oldu.
Sentyabrın onu idi. Dərslər başlanmışdı. Vaxtında dərsə gəlməyənlərin adı pozulacağı ehtimah var idi... Məktəbin müdiri Denfer İvan Viktoroviç (mən ona ehtiram bəsləyirəm) qanunu güdməyərək, adımızı pozdurmamışdı.
1905-ci il sentyabrın 10-dan realni məktəbində oxumağa başladım. Realni məktəbinə daxil olmağım üçün çalışan Həbibbəy Mahmudbəyov, Mehdibəy Hacıbababəyov və İbad Əliyevin zəhmətlərini unutmaram. Bu zatların sayəsində də birinci ilin tədris haqqı maarif cəmiyyətləri tərəfındən verildi. Sonralar isə məktəb məni hər il tədris haqqı verməkdən azad edirdi.

***

Mənim realni məktəbinə daxil olduğum 1905-ci il inqilab ili idi.
Az bir zaman içərisində məktəbdə, inqilab hərəkatının başlanmış olduğunu öyrəndik. Yuxarı siniflərdə olan böyük şagirdlər arasında təşkilat olduğunu bilirdiksə də, bizə yuxarıdan-aşağı baxan bu böyüklərlə bizim heç bir əlaqəmiz yox idi. Buna müdiriyyət də yol vermirdi; bizi yuxan siniflərin bulunduğu üst qatlara da buraxmayırdılar.
Buna baxmayaraq, biz gizlin-gizlin inqilabi mahnılar öyrənirdik. "Marselyoza" və başqa mahnılan bilən yoldaşlanmız dərslərin arasın-
dakı fasilələrdə sinfın qapısını bağlayıb mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. Bundan ruhlanır və özümüzü inqilabçı mübariz kimi hiss edirdik. Gözəl çocuqluq!..
Bir dəfə Fransa inqilabi mahnısını oxuduğumuz zaman mahnının atəşin sözlərinə o qədər aludə olmuşduq ki, hətta müəllimin gəlməsini bizə xəbər vermək üçün qapıda qoyduğumuz yoldaşımız da bizə qoşulub öz vəzifəsini unutmuşdu. Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda üzərimizə elə çığırdı, elə çığırdı ki, yoldaşlarımızdan bəziləri qorxulanndan ağlamağa başladı. Nəfəsimizi udduq.
- Bir də belə çirkin hərəkətlərdə sizi görsəm, hamını məktəbdən çölə atacağam! - deyə nazir ayaqlarını yerə döydü...
Bir neçə gündən sonra dərs vaxtı birdən qapı açıldı. Yuxarı sinif şagirdlərindən biri sinfə daxil olub, şaşırmış kimi müəllimi heç də görmək istəməyərək, bizə:
- Yoldaşlar, dərsinizi tamam edin, inqilab başlandı: Rusiya hürriyyətə nail olmuşdur. Yaşasın hürriyyət! Urra! - dedi və bizə ümumi nümayişdə iştirak etmək üçün çölə çıxmağı təklif etdi. Müəllim jurnahnı götürüb getdi. Biz də kitablarımızı sinifdə buraxıb, küçəyə çıxdıq. Burada bizim səfərimizi tərtib etdilər. Başqa məktəblərin şagirdləri ilə bahəm: "Yaşasın inqilab! Rədd olsun mütləqiyyət! Yaşasın hürriyyət!" - çığıra-çığıra fəhlə nümayişinə qoşulmağa yollandıq. Müəllimlərimizdən çox azı bizimlə iştirak edirdi. Lakin bir az getmişdik ki, Nikolayın şəklini gəzdirən ağ bayraqlı bir dəstəyə rast gəldik... Qarşımızı polis məmurlan saxladı və bizi məktəbə dönməyə məcbur etdilər. Böyük yoldaşlarımız bizi buraxıb irəlilədilər. Biz pərakəndə olduq.

***

Ümumən ədəbiyyatla realni məktəbində maraqlanmağa başladım. Bunun da dil və ədəbiyyat müəllimlərinin təsiri sayəsində olduğunu tərəddüdsüz etiraf edə bilərəm.
Türk dili və ədəbiyyatına olan həvəsim tamamilə Mirzə Abdulla Şaiqin əməyinə aiddir. Şaiq realni məktəbinin türk lisanı müəllimi idi. Türk dilinin dərs cədvəlində altıncı saata qoyulmuş olmasına baxmayaraq, bizim sinifdəki türklər tamamilə dərsə qalır və həvəslə türkcəni oxuyurdular. Lakin şagirdlərin savadı müxtəlif idi. Aramızda əsla savadı olmayanlar da var idi. Ona görə də müəllimimiz savadsızlarla əlifba, savadlılarla isə ədəbiyyat dərsləri keçirdi.
Heç xatırımdan çıxmaz. Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarif Dairəsi baş inspektoru Slavinski sinfə daxil oldu. Biz Şaiqin "Uçdu mələkim, ah, mənə qaldı məlali" şerini dəftərə yazıb təhlil edirdik. Dəftərlərimiz də qarşımızda idi.
Slavinski bizə müraciətlə:
- Kitablarınız hanı? - deyə soruşdu.
Biz dedik ki, türkcə ədəbiyyat kitabı olmadığından ədəbiyyatı kitabsız keçirik. Slavinski təəccüb edərək, kitabsız nə sayaq oxuduğumuzu soruşdu. Biz anlatdıq ki, müəllimimiz mənsur və mənzum parçalar yazdırır, sonra da onu təhlil edirik. İnspektor bu məsələ ilə maraqlanaraq, yazdığımız şeirlər və nəsrlərdən dinləmək istədi. Biz yazdığımız parçaları oxuyub tərcümə etdik.
Nəhayət, "Uçdu mələkim" şeiri oxundu. İnspektor onun tərcüməsini tələb etdikdə, yoldaşımız Haşım Əliyev tərcümə etməyə izin istəyib qalxdı və şeirin nə münasibətlə yazılmış olduğu haqqında bir az əvvəl Şaiqin vermiş olduğu məlumatı söyləməyə başladı.
Şeir ikinci dövlət dumasının qovulması münasibətilə yazılmışdı. Bunu inspektor eşidincə dönüb rəngi qaçmış Şaiqə acıqlı-acıqlı baxdı.
- Çoxmu belə şeirlər oxuyursunuz?
Biz düşünürdük ki, yoldaşımız Haşım sadəlövhlük edərək heç də inspektorun bilməsi lazım olmayan sirrimizi açmışdır. Abdulla Şaiq irəli yeriyib, bilmirəm nə demək istəyirdi. Mən vəziyyəti belə gördükdə, tez ayağa qalxdım və:
- Bu şeir Lermontovun "Mələk" sərlövhəli mənzuməsinə nəzirədir, - dedim.
İnspektor gedəndən sonra yerbəyerdən yoldaşımız Haşımın üzünü danlamağa başladıq. Yazıq Haşım heyrətlə:
- Dumanın qovulmasından müfəttiş özü dilgir deyilmi? Mən elə bilirdim ki, o bu şeirdən razı qalar, - dedi.
Mirzə Abdulla bizi sakit edib:
- Mən özüm gərək sizi irəlicədən başa salaydım. Mütləqiyyət tərəfdarı olan rus məmurları bu kimi şeirlərin məktəbdə oxudulmasına razı olmazlar, - dedi.
Biz müəllimimizdən çox xəcalət çəkdik.

***

Rusiyanı dalğalandırmış 1905-ci il inqilabından sonra rus nəşriyyatında bir çox siyasi risalələr meydana çıxmaqla bərabər, işçi vəziyyət və yaşayışını tərənnüm edən və əvvəllər çap edilməsinə senzor tərəfindən ixtiyar verilməyən kitablar da mətbuat aləminə buraxıldı. Şagirdlərdən bir taqım azadəlik sevənləri bu kitabları həvəslə mütaliə edirlərdi. Lakin bu nəşriyyatın oxunması məktəb tərəfındən tövsiyə olunmadığından gizlin surətdə oxumaq lazım gəlirdi.
Mənim oxuduğum bu yeni kitabçalar arasında Oktav Mirbonun yazmış olduğu "Fəhlələrin uşaqları" və İvan Najivinin "Madonnanın tükü" hekayələri xoşuma gəlmişdi...
Oktav Mirbo kitab şkafını təmir etmək üçün dəvət olunmuş bir xarratın dilindən Fransa kimi kəndisini mədəni ölkə hesab edən bir məmləkətdə sihhiyyələri* üçün hökumət tərəfındən tədbir görülməyən işçi balalarının qeydsizlik nəticəsində tələf olması təsvir edilirkən "qanunlar qanun yaradan dövlətlərin lehinə, fəhlələrin əleyhinə olaraq yazılır... Fikir və mülahizələr kitablarda fərağət yatır, onlardan kənara çıxmayır", - deyə fəryad edilirdi.
Mən bu əsəri türkcə vermək istədim və yay tətilindən istifadə ilə 1908-ci ildə Oktav Mirbonun məalını** alıb bir hekayə yazdım. Lakin bu hekayəni çap etmək lazım idi. Müəyyən nəşriyyat idarəsi yox idi. Mən də öz xərcimə çap edə bilmədim.
Sonra ixtisarən "Tərəqqi" qəzetəsində buraxdım.
Eyni zamanda rus ədiblərindən Tolstoy Lev Nikolayeviçin yubləsi - bayram edilməsi münasibətilə əsərlərindən "İnsana çoxmu yer lazımdır" hekayəsini yoldaşım Haşım və qardaşım Abdulla ilə bərabər tərcümə edib Mirzə Ağa Əliyevin xərcilə kitabça surətində nəşr etməyə müvəffəq olduq.
Najivinin yuxarıda göstərilən əsərinin məzmunu dəxi əhvali-ruhiyyəmə müvafıq gəlirdi. Məzmun dövlətlər arasındakı hüdud haqqında idi: hüdud yoxdur. Torpaq üzərində heç bir xətt çəkilməmişdir. Dövlətlər hüdudu, dinçilər tərəfındən avam camaata göstərilən və əslində mövcud olmayan Madonnanın tükü kimidir...
Millətləri bir-birindən ayıran hüdudların yox olmasını irəli sürməkdə olan bu kitabçanı tərcümə edib çap etmək istədimsə də çar senzoru tərəfındən izin verilmədiyindən vaz keçmək məcburiyyətində qaldım. Tərcümə bu vaxtadək portfelimdə qalır. İndi də heyifsilənirəm və o senzoru nifrətlə yad edirəm.
Realni məktəbinin 3-cü sinfındən başlayaraq bu və ya başqa məktəbdə oxuyan şagirdlərə dərs verməyə başlayıb özümü idarə etməyə çalışmışam. Bəzən öz sinfimizin tələbələrinə də dərs verirdim.

_____________
*Səhiyyə gigiyena xidməti
**Məna

***

Realni məktəbini 1912-ci ildə bitirdim. Təhsilimə davam etmək üçün darülfünuna daxil olmaq istəyirdim. Lakin darülfünuna qəbul edilmək üçün mənə latınca da oxuyub gimnaziya nəzdində imtahan vermək lazım gəlirdi. Buna görə realni məktəbini tamam etdikdən sonra latın dilini oxumağa başladım. Eyni zamanda dərs verməklə özümü təmin edirdim.
Bir ildən sonra, 1913-cü ildə 3-cü gimnaziyada latıncadan imtahan verib şəhadətnamə aldım və həmin il Xarkov darülfünunun fızika və riyaziyyat fakültəsinin təbiyyat şöbəsinə daxil oldum. Bioloji elmi ilə maraqlandığımdan təbiyyat şöbəsinin bioloji seksiyasında oxumağa başladım.
Darülfünuna daxil olduğum tədris ili darülfünun tələbələrinin tətili ilə başlandı.
Darülfünunun eşigində və içərisində daima tələbələr maarif nəzarətinin və darülfünun müdiriyyətinin xərti-hərəkəti ətrafında müzakirə edirdilər. Hər gün bu və ya o fakültə tələbələrinin yığıncağı çağırılırdı. Dərslərə davam edən yox idi.
Darülfünunun binası ətrafında atlı və piyada polis nəfərləri qoyulmuşdu. Tələbələr içərisinə şpionlar göndərilib fəal tələbələrin ardınca agent salınmışdı.
Müdiriyyət dərsə davam etməyən tələbələrin xaric ediləcəyini elan etdiyi gün darülfünun qarşısında böyük bir tələbə izdihamı var idi.
Atlı polis nəfərləri tələbələri dağıtmaq istəyərək atlarını tələbələrin üzərinə sürürlərdi. Tələbələr isə kənara çəkilir, yenə toplanırlardı.
Tələbələr bir də içlərinə kənar adamların soxulduğunu görüncə bunların jandarm agentləri olduqlarını duyar və bunları aralarından çıxarmaq üçün dinməz-söyləməz itələməyə başlarlar; görməli bir mənzərə idi. Bu adamlar bir tələbə çiyni ilə vurur, o biri tələbə də qolu və ayağı ilə vurub özündən uzaqlaşdırırdı. Yarım saat ərzində bu adamlar tələbələrin arasından bu surətlə kənara atıldılar. Özləri də məbhut qaldılar...
Sonralar polis məmurları darülfünun binasında durub gələn tələbələrin tələbə biletlərini yoxlamağa və binaya daxil olanların adlarını yazmağa başladılar. Bu qayda ilə polis darülfünuna gəlib də leksiyalarda iştirak etməyənləri bəlli etmək istəyirdi.
Təcili tələbələrin icması çağırıldı və oradaca protesto yazılıb polis nəfərlərinin darülfıinun binasından təxirsiz çıxarılması müdiriyyətdən tələb edildi. Müdiriyyət tabe olmaq məcburiyyətində qaldı. Yenə darülfunun içərisinə daxil olmaq sərbəst buraxıldı.
Bu hadisələr zamanı mən tələbə hərəkatına alışdım. Burada bir çox inqilabçı tələbələr ilə yaxın oldum. Tətil qurtarandan sonra da mən o yoldaşlarla əlaqə saxlayaraq inqilabi hərəkatdan uzaq olmamağa çalışırdım.
Darülfünuna daxil olan ildən mən Bakıda çıxan türk qəzetlərinə arasıra məqalə yazırdım. Birinci illərdə yazdığım məqalələrdə milli hissə qapıldığımı da qeyd etməliyəm. Bu isə mənim çar hökumətinə olan nifrətimdən və xalqımızın qeyri millətlərə nisbətən geridə qalmasından və mənim də eyni zamanda burjuaziya məfkurəsi ilə zəhərləndiyimdən və sosialist amal və məramından xəbərsiz olduğumdan irəli gəlirdi.
Bir ildən artıq təbiyyat şöbəsində bulunduqdan sonra darülfünunun tibb şöbəsinə daxil oldum. Bu da 1914-cü ildə, yəni haman aləm-şümul müharibə başlanan ildə idi.
Bizim darülfünunun tibb fakültəsinin tələbələri ən inqilabçı tələbə hesab olunurlardı. 1915-ci ildən başlayaraq müharibə əleyhinə bir çox icmalanmız oldu. Xarkovda müharibə əleyhinə birinci qərar çıxaran bizim fakültə idi.
Bu icmalar yenə mənim inqilabçı tələbələr ilə yaxınlaşmağıma səbəb oldu. Gizli mətbuat ilə tanış olmağa başladım və nəhayət, 1915-ci sənədə özüm də sosial-demokrat bolşevik firqəsinin tələbə fraksiyasına daxil oldum.
Həyatımın bundan sonrakı hadisələri bir çox yoldaşlarımın və mənsub olduğum firqənin məlumudur. Ona görə də nə 1917-ci ildə Bakıya gəlib "Hümmət" təşkilatında çalışmamı, nə də 1918-ci ildə Xarkovda Cənub türk-tatar işçi hərəkatında iştirak etməmi, nə 1919-cu ildən sonra Bakıya qayıdıb maarif və mədəni işlərdə və şura işlərində firqənin mənə tapşırdığı iş və vəzifələri ifa etdiyimi yazmıram.
Lakin hər hansı bir işdə oldumsa da mətbuatda iştirak etməklə bərabər uyqu saatlarından istifadə edərək sevdiyim ədəbiyyatla da az-çox məşğul olmağa çalışdım. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm.

Bakı, oktyabr, 1933
XS
SM
MD
LG