Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:15

Lalə Məhərrəmli. Mən evdə olmayacam


-

MƏN EVDƏ OLMAYACAM

Bəsdir daha, uzun çəkdi bu həsrət.
Aylar, illər üzümüzə şiniyir.
Sabah yığış,
yığış bizə qonaq gəl.
Gözümdə gözünün yeri göynüyür.


Ünvanımız köhnə ünvan,
Bilirsən.
Binamızı, qapımızı bilirsən.
Yollar üstə axtarmasın gözlərin.
Sən gəldiyin yol üstə durmayacam.
Məni ki, hamıdan yaxşı bilirsən.
Sən gələndə
Mən evdə olmayacam.


Bilirəm evlənmisən,yoldaşını
Götür gəl.
Bilirəm balan da var, balanı da
Götür gəl.
Evcik – evcik oynasın
Balan mənim balamla.
Yemək də var, çay da var.
Yoldaşın süfrə açar...
Sən oturub söhbət et, tanış ol
Yoldaşımla.
Mən evdə olmayacam.

Arada qalx ayağa,
Yoldaşından, yoldaşımdan xəlvəti
Gəz evin künc bucağın.
Axtar məni o evdə.
Qoxla əşyalarımı.
Donsun əlin – ayağın.
O iydən anlayarsan, necə özgələşmişəm
O iydən anlayarsan
Doğurdan dəyişmişəm.
Sən evimdə olanda
Mənim əşyalarımdan
Sən məni qoxlayanda
Mən evdə olmayacam.
Olmayacam deyirəm
Bir də axı nə bilim
Bəlkə evdə olacam
Olsam da düşünmə gəl.
Mən o mən olmayacam.
XS
SM
MD
LG