Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:20

Nulifər Muğantürk. Onu hamı tanıyırdı…


-

Onu hamı tanıyırdı…

Uşaqlıq…

Evin ilki olduğundan çox ərköyün böyümüşdü. Hələ atası, bircəcik qızını gözlərindən belə, qoruyurdu. Hər nazıyla oynasalar da elə tərbiyə etmişdilər ki, namusu, ailə şərəfi, atasının, ailəsinin adına ləkə gətirəcək hər addımdan çox uzaq olmalı olduğunu hələ on yaşı olanda da çox gözəl bilirdi. Atasının bu dünyada yeganə sərvəti təmiz adıydı.
Hava çisgin yağışlıydı. O gün də adəti üzrə dərsdən gələn kimi yeməyini yedi, ev tapşırıqlarını edib uşaqlarla oynamağa qonşu həyətə getdi. Bağ ağaclarla dolu olduğundan sıx meşəni xatırladırdı. Gizlən-qaç oynayırdılar. Sakit-sakit ağacların arasında gizlənməyə çalışarkən, qulağına tanış səs gəldi. Gülümsədi, qonşusu Əhməd əminin oğlu Rüfətdi. Rüfət də ondan on beş, iyirmi yaş böyük olduğundan ona da əmi deyirdi. Yavaşca yaxınlaşıb qolundan tutdu. Körpə gözləriylə gülümsəyərək ona baxanda Rüfətin üzündəki qorxunc ifadəni görüb gözləri doldu. Qolunu sıxanda qışqırmaq istədi, ağzını əliylə tutdu. Uşaqların səsini eşidib gəlmişdi, rastına o çıxmışdı. Təsadüfi qurban…
O gündən xatırladıqları; qorxu, içində əzilən, alçalan bir şeylər, ağrı, qan, cırıq, palçıqlı paltarları, dəhşətli hay-həşir, anasının göz yaşları və atasının gözündəki utancdı…
Rüfət narkoman idi. Bütün nəslinin “üz qarası”… 8 illik azadlıqdan məhrum edilsə də 5 il yarımdan sonra adı, anasının Ədliyyə Nazirliyinə yazdığı ardı-arası kəsilməyən məktubların sayəsində, prezidentin imzaladığı bağışlanma siyahısına düşdü. 5 il yarım dəmir barmaqlıqlar arasında zindan, ömrünün geri qalanını isə azadlıqda vicdan əzabıyla yaşamağa məhkum oldu!

Qadınlıq…

Tək tənha yaşayırdı. Bütün məhəllə qadınları ona paxıllıq edir, eyni zamanda dəhşətli dərəcədə qısqanırdılar. Onu hamı tanıyırdı. Ama kim olmağını heç kim bilmirdi. Haradan gəldiyindən, nə işlə məşğul olduğundan heç kimin xəbəri yox idi. Kirayə evdə qalırdı. Qaldığı evin sahibi, Moskvada yaşayır, evin pulunu da hər ay sahibinin bank hesabına keçirirdi.
Çayxanada, pivəxanada, hətta evdə də kişilər ondan danışırdılar. Biri, iki gündən bir onunla yatdığından, biri oteldəki fantaziya dolu gecələrindən, biri restorandakı yeməkdən yalanlar uydurur, “qürur” duyurdular. Ama üz-üzə gələndə nəfəs almağa belə cəsarət etmirdilər. Zəhmi kilometrlə uzaqlıqdan basırdı. Heç biri ürək edib yaxınlaşa bilmirdi.
1 saylı şəhər xəstəxanasında cərrah işləyirdi. Onu hamı tanıyırdı. Ama kim olduğunu heç kim bilmirdi. Onu işə götürən, haqqında nə isə bilmə ehtimalı olan baş həkim üç gün sonra avtoparkda, elə cərrah bıçağıyla öldürülmüşdü. Cinayət işi uzun çəksə də heç bir nəticə vermədi. Axırda cinayəti, hər gün xəstəxana həyətinə gəlib dilənçilik edən qoca kişinin üzərinə qoydular. Güya pul üstündə cərrahı elə öz bıçağıyla öldürmüşdü.
Səhərdən axşmacan danışdıqlarını bir yerə toplasan cəmi on dəqiqə edərdi. Onun da çox hissəsi cərrahiyyə otağındakı alətlərin adı və çay, qəhvə sözlərindən ibarətdi. Onu yeni tanıyanlar, hətta lal olduğunu fikirləşirdilər.
On yaşındaykən bibisi onu internata qoyanda, bacardığı yeganə şey bütün nifrətini, kinini içində boğub, bacardığı qədər yaxşı oxumaqdı. Internata gələndən bir həftə sonra onu paytaxta daha müasir uşaq evinə gətirdilər. Orda da əvvəl lal olduğunu düşünmüşdülər, müayinədən sonra psixoloji sarsıntı keçirdiyində danışmadığını dedilər. Sonra, arada tək-tək sözlər deməyə başlamışdı və üstündən on yeddi il keçməsinə baxmayaraq psixoloji sarsıntı hələ də keçməmişdi. Indi də tək-tək sözlərdən başqa heç nə danışmırdı.
Uşaq evindən Tibb Universitetinə qəbul olan yeganə uşaq idi. Ama elə ilk gündən, uşaq evinin müdirinə sərt ərizə yazıb, onu bir də heç vaxt narahat etməmələrini xahiş etmişdi. Xəstəxanada işə düzələndən 1 həftə sonra, xəstaxanaya onu ziyarətə gələn müdir, beşcə dəqiqəlik işıq söndüyündə elə xəstəxananın tualetində, cərrah bıçağıyla öldürülmüşdü. Kimin yanına gəldiyini demədiyindən, kimliyi də bir gün sonra məlum olmuşdu. Bıçağın üstündə isə mərhum baş həkimin əl izləri vardı…
Gecə həyatı. Barlar, restoranlar, gecə klubları. Əsrarəngiz vücudlu gözəlçə. Onu hamı tanıyırdı. Ofisiantlardan, fahişələrdən, müdirlərdən tutmuş müştərilərə qədər. Ama kim olduğunu heç kim bilmirdi. Gözəlliyi hamını məftun edirdi. Müştərilərin çoxu sadəcə ona baxmağa görə gəlirdi deyə, müdirlər heç kimə ona dəyib dolaşmağa icazə vermirdilər. Gözəlliyi heyran edirdi ama yaxınlaşmağa çox azı cəsarət edirdi. Ən xoş sözlərinə ən yumuşaq cavabı içkini başlarına tökmək olurdu. Ona görə həmişə dava düşürdü ama müdirlərin xüsusi nəzarətiylə onun xətrinə dəyən olmurdu. Müştərisi həmişə bayırdan heç kimin tanımadığı adam olardı. Və səhərisi gün, dəniz kənarlarında, bağ evlərində, uzaq yerlərdə, çılpaq vəziyyətdə cərrah bıçağıyla öldürülmüş naməlum kişi meyidləri…
O qadın olmağın ilk acısını duyduğu, on yaşından bəri, qadınlığı unutmuşdu. Indi onun bir adı vardı: soyuqqanlı qatil. Qurbanları isə yaşına kimliyinə baxmadan yoluna çıxan təsadüfi kişilərdi…
On yaşından bəri bircə dəfə də olsun bir kişiylə yaxınlıq etməmişdi. Buna cəhd edənin mükafatı sıradan bir ölüm olurdu. Qurbanlarına heç vaxt fərq qoymurdu, ona illərlə atalıq etmiş internat müdirindən və onu ən nüfuzlu xəstəxanada işə düzəldən baş həkimdən başqa, ehtirasını öldürməkçün bir gecəlik həyat qadınını seçən ata, əmi, qardaş, müəllim, xanəndə, polis, sürüçü, iş adamı, bank müdiri, yazar olan kişilərin hamısını eyni üsulla: əvvəlcə, ilk fürsətdə narkoz vurub keyləşdirib, əl-qolunu bağlayıb, ayılmağını gözləyib, ayılandan sonra on yaşında başına gələnləri ağlaya-ağlaya, birnəfəsə danışıb, bütün yalvarışlara, hədələrə baxmayaraq “sevimli” cərrah bıçağıyla on zərbə vuraraq öldürmüşdü. Baş həkimin və müdirin üzünə baxa bilməmiş, birini avtodayanacaqda, birini də tualetdə arxadan vurduğu on cərrah bıçağı zərbəsiylə öldürmüşdü…
Son qurbanı qırx beş-əlli yaşlarında olan Rüfət oldu. Bu qədər günahsız ölümlərin yeganə günahkarı Rüfətdi ama onun ölümünün bu qədər yubanmasının yeganə səbəbi onu tapa bilməməsiydi. Həbsdən çıxdıqdan sonra birbaşa paytaxta gəlmişdi. Heç vaxt evlənməmiş, bazarda satıcı işləyirdi. 17 il ərzində bir dəfə də olsun doğulduğu rayona getməmişdi, nə də onunla maraqlanan olmuşdu. Ünvanını tapan kimi bazara gəlib, məşhur qadın alt paltarları satıcısı Rüfəti tapıb, özünü müştəri kimi göstərərək paltar dəyişmə otağına çağırıb, oradaca on cərrah bıçağı zərbəsiylə, elə qadın alt paltarlarının arasında öldürmüşdü. Heç bir şey demədən, sadəcə, ağlaya-ağlaya zərbələr endirmişdi.
Onun gözündə kişilərin bir adı vardı: Rüfət əmi… O gün, on yaşında körpənin bütün məsumiyyətini zorlayan, saf gözlərini qanlı yaşda boğan, balaca ürəyini nifrətə, intiqama məskən edən, gələcəyini, bütün həyatını qaraya boyayan, bədbəxt edən bütün kişilər ölmüşdü. Eləcə də on yaşlı qadın və iyirmi yeddi yaşlı qatil!!!

Və son…

Elan: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 127 ünvanında cərrah bıçağıyla öldürülmüş, 25-30 yaş arası naməlum qadın meyidi tapılmışdır. Qadının qara saçları, tünd qara gözləri, əynində qırmızı palto və sol əlində, bərk-bərk sinəsinə sıxdığı köhnə gəlincik var. Zərbələrin vurulma yerlərindən və bıçağın qadının öz əlində olmağından, intihar etdiyi güman edilir. TVnin sol küncündə, qadının ölü rəsmi göründü. Onu bircə dəfə görənlər belə onu xatırladı. Onu hamı tanıdı. Ama kim olduğunu heç kim bilmədi.

kult.az
XS
SM
MD
LG