Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:06

"İnqilab"ın oxunmayan qu nəğməsi


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

«Yüz il inqilab»da kompazisiya zəifliyi, alt rabitə və şəbəkələşən süjet natamamlığı var ki, müəllif onları izləməyi yarıda buraxıb.


Elnarə Tofiqqızı bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Yüz il inqilab" romanının ("Qanun") "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Elnarə Tofiqqızı


"İnqilab"ın oxunmayan qu nəğməsi

Sayman Aruzun «Ən yeni ədəbiyyat» seriyasından nəşr olunan «Yüz il inqilab» («Qanun», 2012) romanını təhlilə cəhd etməzdən öncə bir mühüm məqama diqqət ayırmağı zəruri hesab edirik, bu da əsərin «Cənub mövzusuna», soydaşlarımızın haqları və azadlığı uğrunda mübarizəsinə həsr olunmasıdır.

Bir vaxtlar Azərbaycan ədəbiyyatında və xalq yaddaşında xüsusi həssaslıqla toxunulan «Cənub mövzusuna», təəssüf ki, çağdaş ədəbi mühit biganə yanaşır.

Əlbəttə, ədəbiyyat hər şeydən əvvəl söz sənətidir və heç bir coğrafi sərhəd tanımır. Ancaq etiraf etməliyik ki, müəllifin ədəbi özünüifadəsi yaşadığı dövrün ictimai-siyasi və mənəvi sərhədlərindən kənarda mövcud deyil; çünki müəllif düşüncəsi və duyumu da, yaratdığı obrazları da birbaşa onu əhatə edən sosial-siyasi və mənəvi mühitlə sıx bağlıdır. Azərbaycanlı müəllif «avropalı obrazı» yaratmaq imkanından məhrum olduğu kimi, avropalı müəllif də «azərbaycanlı obrazının» ədəbi ifadəsini verə bilməz.

Bu baxımdan hər bir müəllif özünü, yaşadığı mühiti, milli kimliyini, mənəvi sərhədlər daxilində formalaşan düşüncəsini ifadə edir. Sayman Aruzun bu romanı Azərbaycan ədəbi mühitinin uzun müddətdir unudulan mənəvi sərhədlərini təsəvvür etmək və son illər bu sahədə olan boşluğu doldurmaq baxımından təqdirəlayiqdir.

Əsərin süjeti

«Yüz il inqilab» romanı repressiya maşını altında əxlaqını, yaddaşını, şəxsiyyətini itirən İnsanın sevgisi ilə özünü tapması, eşqin insanı saflaşdırması (katarsis) kimi ənənəvi süjet üstündə qurulub.

Roman qəhrəmanın – Seyidin xatirələrindən ibarətdir. Alaqapılarında «qu quşunun şəkli olan», özündən iki yaş böyük qonşu qızı Raziyəni sevən və onu hər zaman qoruyacağına söz verən Seyid yeniyetmə yaşında işdədiyi bir suç nəticəsində rejimin əsirinə çevrilir: onu gənc dostlarıyla yanına getdiyi əxlaqsız qadının evində həbs edirlər; o, qadınla evlənməyə məcbur olur və rejimin cəza maşınının alətinə çevrilir, xüsusi xidmət orqanlarının gizli işgəncə idarəsində işə götürülür.

Seyidin iş yoldaşı Feyzinin də əxlaqsız həyat tərzindən sonra işgəncə verilən yerdə işə düzəldilməsi təsvirləri bu gizli qurum haqqında oxucuda rəy yaradır: müəllif yalnız namusunu, əxlaqını və şəxsiyyətini itirənlərin dəhşətli işgəncələr verməyə qadir olduqlarını mətnin daxilində ifadə edir və əsl mənzərə yaradır.

Seyidin uşaqlıq sevgisi Raziyəyə işgəncə verə-verə keçirdiyi sarsıntı, dəhşətli iztirablar, mənəvi təmizlənmə romanın əvvəlindən sonuna qədər davam edir.

Daha doğrusu, roman Seyidin Raziyə ilə gizli işgəncə idarəsində rastlaşdığı və iztirablar içində qovrulduğu gündən başlayır; xatirələr çözələndikcə süjet də aydınlaşır.

Bəzən xatirələrin süjetin sərhədlərini aşdığını müşahidə edirik və ilk baxışda mətnlə heç cür səsləşməyən hadisə və obrazları da görürük.

Məsələn, Həjər (səh, 28), Papır (səh, 44), Şahin (səh, 49) obrazları, kürd terrorçularının Sulduz qızlarını oğurlaması və namus qisası almağa gedən türklərin doğranması (s., 83) və s. Ancaq bu, yalnız ilk baxışda belə görünür.

Düşüncə və mübarizə fərqliliyi

«Yüz il inqilab» əsərində, əslində, İranın Sulduz şəhərindəki ictimai-siyasi mühit və etnik mübarizə fərqlərinin göstərilməsinə cəhd edilir.

Bu şəhərdə türk (azərbaycanlı) və kürdlər hər ikisi azadlıq uğrunda mübarizə aparırlar. Ancaq:

1) Kürdlər solçuluq nəzəriyyəsinin daşıyıcılarıdır, türklər isə fars teokratik sistemindən kənarda deyillər. Uşaq vaxtı kitab satan Seyidin özünə verdiyi sualla müəllif bu ilk fərqli göstərir: «Axı, niyə türk oxucuları İmamın (İran inqilabının rəhbəri) şəklini və risaləsini almağa gəlirlər, amma bunlar qadağan olunmuş kitabların alıcısıdırlar?» (səh., 29).

2) Kürdlər özlərinə vətən qurmaq üçün silaha sarılırlar, qətliamlar, terrorlar törədirlər. Terrorçuluğu pisləyən Həjər də – yəni kürd ziyalısı da – müharibənin tərəfdarıdır və romanda onun dilindən deyilən «Müharibə azadlığa aparıb çıxarmasa da, azad insan yarada bilir» (səh, 30) fikri bu ideyanın açımına xidmət edir; ancaq türklərin (azərbaycanlıların) mübarizəsi dinc, hüquqi çərçivədə olan mübarizədir ki, bu, Raziyənin dilindən «Mən fəqət öz dilimdə yazıb-oxumaq istəmişəm, milli haqlarımı istəmişəm… Bunun harası xəyanətdi, hansı qanunda günahdı?» (səh, 22) şəklində ifadə olunur:

3) Kürdlər təcavüz edən, türklər təcavüz olunandırlar (Şahindən, Sulduz qızlarının qaçırılmasından bəhs edən xatirələr və s.)

Əsərin bu ideyası ilk baxışda əsas qayəyə heç bir aidiyyəti olmadığı təəssüratı yaranan hadisə və obrazları bir süjet ətrafında birləşdirir. Ancaq müəllif əsərin verdiyi informasiyaları genişləndirmir, təsvirləri artırmır, əksinə, bir tərəfdən kürdlər haqqında, sadəcə, təbiətlərindən, xarakterlərindən irəli gəldiyi üçün, yəni döyüşmək istədikləri üçün döyüşdüklərini bildirir («heç onlar özləri də bilmirlər niyə döyüşürlər» (səh., 70), digər tərəfdənsə «heç vaxt vətəni və dövləti olmayanların vətən sevgisi vətənlilərdən daha çox idi» (s., 35) sözü ilə təzadı dərinləşdirir…

Ümumiyyətlə, müəllif - təsvirlər vasitəsilə oxucuda yaratdığı aydın təsəvvürlərə Seyidin dilindən etdiyi müdaxilələrlə mane olur. Təhkiyəçinin çıxardığı nəticələrə heç bir ehtiyac olmadığı halda, müəllif bölgə siyasətini «təhlilə» çəkir, ziddiyyətli publisistik qeydlərdən özünü saxlaya bilmir və əsərin romanlaşmasına imkan vermir: «Kürd və Kürdüstan vasitəsilə xarici qüvvələr həm İran və Türkiyəyə təsir göstərirdilər, həm də Azərbaycanı təzyiq altında saxlayırdılar. İran hakimiyyəti isə həm kürdləri asırdı, həm də yeri gələndə, onlardan Azərbaycan və Türkiyənin əleyhinə istifadə edirdi» (səh., 70) və s.
Bu müdaxilələr Araz nisgilinin deyil, mənəvi bütövlüyümüzdəki «Araz səddinin» ədəbi düşüncəyə nüfuz etməsi, həmçinin ədəbi mətndəki kobud publisistikanın təzahürüdür.

Tamamlanmamış roman

Papır obrazının xatırlanma səbəbi – Raziyənin dar acağından asılması ilə Seyidin şəxsi intiqama qalxması və iş yoldaşlarını, işgəncə verən insanları öldürdükdən sonra silahı beyninə dayaması ilə aydınlaşır.

Papırın əmisi qızı olan sevgilisini onun qucağında öldürmüşdülər və bu iricüssəli, pəhləvan görkəmli adam aciz-aciz durub baxmışdı. Əslində, sonrakı sərsəm və səfil həyatı onun əmisi qızı ilə bərabər öldüyünü, cəsarətsizliyinin əvəzini ödədiyini göstərirdi.

Sayman Aruz
Sayman Aruz
Bu, seçim azadlığı olmayan mühitdə gənclərin faciəsiylə bərabər, «gündə yüz yol ölən» cəsarətsizin aqibəti idi və Seyid «mən olsam» deyə qərarını o vaxt vermişdi: «Tək qalıb qüssə yeməkdənsə, ölüb qəhrəman olmaq yaxşıdır» (s., 46).
Seyid Papırın həyatından nəticə çıxarır, ancaq qəhrəman ola bilmir. Çünki:

1.

Əsərdə daha dəhşətli bir məqam – ölüm cəzasına məhkum edilən bakirə qızın «siğə» edilməsi və ölənin ailəsinə «şirniyyat və gül» göndərilməsi barədədir.

Yeri gəlmişkən, İranda Allah dərgahına bakirə getməyin «günah» sayılması ilə bağlı uydurulmuş yalana görə dar ağacına göndəriləcək şəxsin ölümqabağı belə bir təhqirə məruz qalması haqqında nüfuzlu publisistlərimizin yazılarına rast gəlmək olar və bu baxımdan Sulduz mühitində yaşamış müəllifin bu nüansı romana gətirməsi olduqca maraqlıdır. Ancaq məsələ ondadır ki, etiraf və Raziyənin razılığını almaqla Seyidin sonuncu cinayəti törətməsinə bəraət qazandırmaq istəyi əsərin qayəsi – sevginin həm fiziki-mənəvi (üst qat), həm də ruhi-ürfani (platonik eşq – alt qat) baxımdan insanı təmizləməsi və qəhrəmana çevirməsi – ilə üst-üstə düşmür.

2.

Seyid sonda özünü öldürürmü? Feyzini, doktoru, mollanı və Hacını öldürdüyü və «bu dünyadan 4 alçağı azaldıb», sonda «gicgahına tərəf apardığı» (səh., 104) tapança barədə Seyid özü danışır. Seyidin son atəşi açdığını qəbul etməliyik – yoxsa, Papırı bu romana heç nə bağlamaz, Raziyənin ölümünün və ümumiyyətlə, Seyidin mənəvi iztirablarının məntiqi sonu olmaz. Onda xatirələri kim danışır və onun son addımlarını kim qeydə alır?

Seyid özünü öldürmürsə, bu xatirələrini harda qələmə alır və hansı işgəncələrdən keçir?
Bəlkə, bu Seyidin yuxusudur? Axı, onun yuxudan ayıldığını da görmürük.
Əsərdəki natamamlıq və anlaşılmazlıq bununla bitmir.

İdeya və obraz

Raziyə obrazı - onun apardığı mübarizə, baxışları, təbliğatı haqqında müfəssəl təsvirlər yoxdur. Oxucu yalnız öz dilində təhsil almaq istədiyini dilə gətirən milli ruhlu Raziyənin fikirləri barədə bir neçə cümlə ilə tanış olur.

Alaqapılarında «qu quşunun şəkli» olan Raziyənin, bazası yaradılmasına baxmayaraq, «son nəğməsini» təsvir etmək də unudulub.

Həmçinin əxlaqsız qadınla evləndirilən, övladları olan Seyidin uzun ayrılıqdan sonra Raziyəyə rast gələrkən keçirdiyi daxili sarsıntılarının evindəki ifadəsini; Raziyənin peyda olmasından sonra Seyidin ailəsi ilə münasibətlərini görə bilmirik; hər şeydən xəbər tutmağa çalışan və «xəbərin ildırım sürəti ilə yayıldığı» Sulduzda Seyid haqqında - harada işləməsi, necə insan olması barədə – heç bir şübhə və rəy də yoxdur.
Nəhayət, əsərin informasiyası da ziddiyyətlərlə doludur. Diktaturanın yaratdığı rejimin insan psixologiyasında və münasibətlərində doğurduğu sarsıntıları qələmə alan müəllifin «din və demokratiyanın ikisi də pərdə kimi hansısa pislikləri ölçmək üçündür (s 36)» yekun fikri də, inqilabı və müharibəni inkar etməsi və əvəzində «islahatı» yeganə çıxış yolu kimi nişan verməsinin səbəbi də aydın deyil. Çünki «islahat» - teokratiyanın və İslam respublikasının mahiyyətiən ziddir…

Əsərin dili

Əsərin dilində Sulduz ləhcəsindən istifadə olunub və həm obrazların danışığında, həm də təhkiyədə (Seyidin xatırlamalarında) bu ləhcənin qorunmasına çalışılıb. Ancaq hər iki halda, xüsusilə obrazların dialoqunda ləhcənin sona qədər gözlənilmədiyini müşahidə edirik. Təhkiyəçinin ədəbi dili qorumasını çox müsbət hal kimi qiymətləndirsək də, obrazların danışığında Cənub ləhcəsinin geniş imkanlarından istifadə şansının qaçırıldığını güman edirik.

Nəticə

Qeyd etdiyimiz kimi, müəllif sanki bu mövzuya toxunulmadığını bildiyi üçün müşahidə etdiyi hər şeyi kiçik bir əsərdə ifadə etməyə çalışıb. Ancaq roman təkcə müşahidələrdən ibarət deyil. «Yüz il inqilab»da kompazisiya zəifliyi, alt rabitə və şəbəkələşən süjet natamamlığı var ki, müəllif onları izləməyi yarıda buraxıb.
Romanda hər biri ayrı-ayrı həqiqəti və reallığı əks etdirən, insanı heyrətə salan hekayə, roman mövzuları kifayət qədərdir və müəllifin növbəti əsərlərində onlara daha peşəkar yanaşacağına ümid edirik.

«Yüz il inqilab» - Sayman Aruzun qələminin romana tam hazır olmadığını göstərsə də, Cənub həyatının ədəbi ifadəsinə, Azərbaycan oxucusunun təsəvvürlərini genişləndirməyə, fərqli xarakterlərin və hadisələrin yaradılmasına cəhd kimi qiymətləndirilməlidir.
XS
SM
MD
LG