Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:54

Seyfəddin Hüseynli “Bitirilmiş yerqazma” (Cəlil Cavanşirin romanı haqda)


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-


Kaş, o cavan oğlanın öhdəliyi “İtirilmiş əlyazma” yox, “Bitirilmiş yerqazma” olaydı. Yazmayaydı, qazaydı, yəni.

Mühit bir də onda xəbər tutur ki, filan müəllifin dünənəcən qoltuğunda hərlədiyi yarıitkin-yarıbitkin əlyazma bu gün “Kanon” nəşriyyatında “Hər yeni ədviyyat” silsiləsindən kitaba çevrilib, sabahdan isə “Az qaldıq“ radiosunun “Yuxu Falı”nda müzakirəyə çıxarılacaq.


Seyfəddin Hüseynli bu məqaləsi ilə gənc yazar Cəlil Cavanşirin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "İtirilmiş əlyazma" romanının müzakirəsinə qoşulur.


Seyfəddin Hüseynli


MƏHKUMİYYƏT MUZEYİ: ÖHDƏLİKLƏR ALTINDA


“Varmış bir günahımız ki, cəfəngiyyatlar haqqında yazı yazmaqla ömür sürməyə məhkum olunmuşuq...”

Tutduğu “tərəf” kimlərinsə xoşuna gəlmədiyi üçün bu yaxınlarda “Taraf”dan uzaqlaş(dırıl)malı olan Ahmet Altanın cümləsidir bu – “Kuzu kebabı”ndan.

Güman ki, Ahmet Altan barı bizdəki “itkin əlyazmalar”dan xəbərsizdir, heç olmasa, bu cəhətdən bəxti gətirmiş saya bilər özünü.

Cəbrən kəsilən, hökmən verilən cəzalar da var, əvvəl öhdəlik, mükəlləfiyyət kimi götürülən, yaxud təşəbbüs kimi irəli sürülən, sonradan cəza şəklinə düşənlər də.
Ancaq yox, istənilən cəza öhdəliklərin ardınca gəlir.

Yerinə yetirilməsi bir cür cəzadır, əməl olunmaması ayrı cür. Cəhənnəmdəki daş misalı: tərpətmək də peşmanlıq gətirir, əl vurmamaq da.

“İtirilmiş əlyazma” barədə müzakirəyə qoşulmaq, yazı yazmaq da belədir: bu haqda fikirləşməyə başladığın andan ziyanda sayılırsan artıq. Əvvəldən hesabda geriyə düşmüş durumda girirsən meydana, getdikcə də fəlakətin miqyası böyüyür: “Ömür də tükənir, söz də tükənir...”

* * *

Məsum bir cavanı “itkin əlyazma” axtarışına baba vəsiyyəti müqabilində götürdüyü nəvə öhdəliyi sövq-təşviq edir. Ailəsinin keçmişini, əcdadının yüzillər əvvəlki yaşayışını, macəralarını “ehya etmək” istəyir. Həm də o əhvalatların nəsil-nəsil yazılıb gələcəyə ötürüldüyü, zaman nəhrində gah batdığı, gah göründüyü bilinən müəmmalı “əlyazma”nı tapmağa, bərpa etməyə girişir.

Müəllifin tarixə, diyarşünaslığa, din-təriqət məsələlərinə marağı, sülaləsinin aqibətini, mənsub olduğu xalqın sonralar, elə bugünün özündə də üzləşdiyi hadisələrin köklərini araşdırıb-öyrənmək, yazıb-yaymaq meyli də var söhbətin içində. Cavan oğlanın nəslin sayılıb-seçilənlərindən olmaq, bir işə yarayıb hörmət qazanmaq, üstəlik, qələm adamı, yazıçı kimi ad çıxarmaq məramı da öz yerində. Normal niyyətlər, başadüşülən istəklər kimi gəlir, hardasa. Di gəl, bunların hamısının başının bağlandığı həmin o “vəsiyyət-öhdəlik söhbəti” dəliqanlının çiyinlərinə, kürəyinə son dərəcə ağır bir yük şələləyib...

İndiki halda o yükə “baxış keçirməyin” əsas ağırlığı, çox heyf ki, Zərif Çiyinlərə düşüb. Bu səbəbdən, “İgidlik ondur - doqquzu qaçıb qurtarmaq, biri də heç gözə görünməmək” məsəli də havada qalır belə məqamda: “Lələ dedi, gəl qayıdaq bu yoldan, Dedim, dönmək namusuma ar gəlir".

İradə Musayeva: “…Böyüyəndə dayıları kimi böyük adam olacağına söz verən oğlan həm də babasını inandırır ki, gələcəkdə onun danışdığı əhvalatları yazıb bütün nəvələrinə verəcək...
Musa babasının da öz babasından dinləyib əski əlifba ilə yazdığı dəftərin varisi Tofiq dayısıdır. O isə dəftəri itirib...”


Elnarə Akimova: “- … Danışdığımız kimi, bütün bunları sənə ona görə danışıram ki, böyüyəndə hamıya çatdıra biləsən. Tariximizi unudulmağa, nəslimizi yaddan çıxmağa qoyma. Qoy bütüb nəvələrim bilsin ki, biz kimik. Bu da babanın sənə nəsihəti olsun...”

* * *

Rünoske Akutaqava bir hekayəsində “iki pisdən birini seçmək – Yaponiyaya tütünün, yoxsa İblisin öz təlimini yaymasının daha az ziyanı dəyəcəyi barədə qərar vermək” dilemmasında, dolayı yolla, ikinciyə işarə vurur. “Tütün, içki, qumar hər bəd əməlin
Cəlil Cavanşir, "İtirilmiş əlyazma"
Cəlil Cavanşir, "İtirilmiş əlyazma"
anasıdır” deyilir ha, bax, indi o siyahıya gərək “əlyazma” kəlməsi də mütləq əlavə oluna.

Bu mənada, bəşər tarixindəki önəminə görə hər nə qədər müstəsnalıq daşısa da, kaş ki, dünyada əlyazmalar olmayaydı, heç belə bir anlayış yaranmayaydı! Lap dünyada cəhalətin hökmranlığı, bilgisizliyin təntənəsi bərqərar olsa belə! Qorxunc bir bəddua, müdhiş bir bədxahlıq faktı sayıla bilər bu arzu, aydın məsələdir. İnsanlığa bundan böyük bədbəxtlik arzulamaq bəlkə də mümkün deyil.

Ancaq yenə də olsun. İnsan övladı aciz yaradılmayıb, başına bir çarə qılardı, bir yolunu tapardı, hər halda. Əvəzində, qaramat-quramat əlyazmalar olmazdı; nə itirilər, nə yandırılardı (hərçənd “yanmır” deyən də var); nə kimsə onların “axtarış”ına çıxar, nə həmin “axtarışların nəticəsi” kimi uzun-uzun əsərlər yazılar, ağır-ağır kitablar bağlanardı; nə o yazılanların müzakirəsi keçirilər, nə müzakirələrə qoşulanların (haşa üzünüzdən!) abır-həyası gedərdi.

Yoxsa belə – indiki kimi?! Dilimiz yanır, kitabımız bağlanır, ömrümüz gedir!..
Bundan doğan təəssüf o qədər ağırdır, yanğılıdır ki, hətta predmetə kifayət qədər xanımyana baxışın, mülayim yanaşmanın da nəticələri, istər-istəməz, sərt ton alır, tünd boyalarla ifadə olunur:

İradə Musayeva: “…Misallar və “ tarixçi yazır”- deyə giriş verilən, Azərbaycan tarixi kitabından götürülmüş sitatlar da Cəlil Cavanşirin oxucusunu onun sevdirmək istədiyi tarixə bağlaya bilmir. Hətta, babaların balışının altında gizlətdiyi məzmunu bəlli qara dəri üzlü dəftərlər - əlyazmaları da bizi maraqlandırmır...

… Heç bir söz deməyən bu söz yığını yükünün altında səhifə-səhifə irəliləyirik - itirilmiş vaxt boşluğunda təəssüflənə-təəssüflənə...”


Elnarə Akimova: “…Təkrarlar əsərə bir ağırlıq, yoruculuq gətirir.

Təsvir edilən hadisələrin bir-birinə bənzərliyi, müəllifin eyni lad üzərinə köklənməsi əsərdə yeknəsəqlik yaratmaqla bahəm, onun mənasız yerə uzadıldığı təəssüratı doğurur, …ölçü hissi itir”.


* * *

…Roman yazmaq yükü! Müasir roman yazmaq yükü! Müasir tarixi roman yazmaq yükü! Müasir tarixi-bioqrafik roman yazmaq yükü! Müasir tarixi-bioqrafik, dini-siyasi məzmunlu roman yazmaq yükü!.. Buna çiyin neyləsin, buna kürəkmi dayanar?! İnsafən, təkcə ona yox, qat-qat təcrübəli, imkanlı qələmdaşlarına da ağır gələr bu şələ, necə ki, son illərdə yazılanların mütləq əksəri də bundan xəbər verir.

Elnarə Tofiqqızı: “…Bir-birini təkzib edən ehtimal və faktları birləşdirməyə çalışıb və çox ciddi, bağışlanmaz səhvə yol verib. Müəllif öz şəcərəsinə niyə belə etinasızlıq göstərib? Səbəbi bilinməyən bu yanlışlıq hansı tarixi məlumatlar əsasında yazılıb? Müəllif heç bir ədəbi mahiyyəti və məqsədi olmayan bu səhvlərə niyə yol verib? Axı, tarixi romanların öz xüsusiyyəti var və bədii təxəyyül tarixi faktların büsbütün təhrifi üstündə qurulmamalıdır…”

Elnarə Akimova: “Tarixi mətnin yükü çox ağırdı, hamının çəkə bilməyəcəyi qədər ağır, hamının vara bilməyəcəyi qədər dərin. Milli ədəbiyyatımızda bu yükü çəkənlər də heç o qədər çox olmayıb…”

İradə Musayeva: “…Azərbaycan tarixi ilə bağlı məktəbli inşası pafosu ilə yazılan “İtirilmiş əlyazma”da türkçülük, islamçılıq, dövlətçilik, millətçilik, sufilik, hürufilik məlum ədəbi ənənələri təqlid və təkrar səviyyəsində işıqlandırılır...

Ümumiyyətlə, həyat həqiqətləri və tarixi gerçəkliyə müəllifin yanaşma prinsipi bəsit və birmənalı olduğu üçün tarixi ədəbiyyatlaşdıra bilməyib, tarixdən ədəbi estetik yararlanmanı uğursuz şəkildə icra edib. Oxucu elə hey baba nəsihəti, vəsiyyəti eşidir…”


* * *

Görəndə ki, şələ əyildikcə əyilir, naçar qalan müəllif çıxış yolunu «xəlvətiliy»ə çəkilib,
Cəlil Cavanşir
Cəlil Cavanşir
yükləri bircə-bircə çiynindən-kürəyindən atmaqda tapır. Vəsiyyətin, öhdəliyin tək bircə bəndinə əməl etməklə kifayətlənir: yazmaqla. Ta işin necəlik tərəfi, yazılanın nə səviyyədə alınmağı “onluq deyilmiş” kimi. Belə də baxanda, neyləsin: “bitməz” işə buyurulanın adı “yarıtmaz” çıxar!

Kaş, o cavan oğlanın öhdəliyi “İtirilmiş əlyazma” yox, “Bitirilmiş yerqazma” olaydı. Yazmayaydı, qazaydı, yəni.

Elnarə Tofiqqızı: “İtirilmiş əlyazma”da tarix, nəsil, ürfan sahibləri, təriqətlər, hakimiyyət mübarizələri yoxdur, yalnız onlar haqqında ümumi sözlərdən ibarət nəql etmə, nağıl var”.

İradə Musayeva: “Tarixlə qürurlanmaq və tarixin itirilmiş əlyazmalarda daha şanlı-şöhrətli, əzəmətli olması ehtimalları ilə nağıllara uymaq bu günün oxucusunu nə qədər düşündürür? Tarixin ən çox yayılmış və rəvayətlənmiş faktlarını ictimai-siyasi və etno-tarixi aspektlərdən, yeni ədəbi düşüncə tərzi meyarlarına uyğun şəkildə deyil, sadəcə tarix dərsi şəklində… bədiyyata çəkmək sadəlövh baxışın primitiv inikası kimi əks-səda verir...”

* * *

Bu “öhdəliklər zənciri”nin hörülüb bağlanmasında - adının əvvəlinə kiminsə nə vaxtsa bir “ədəbi” epiteti qoşduğu - mühitin də barmağı var, odur ki, indi o da öz cəzasını çəkir, hələ çəkəcək də.

Sanki hər əliqələmliyə roman yazdırmaq öhdəliyi götürübmüş kimi, “İtirilmiş əlyazma” müəllifini (hələ ondan da savayı neçələrini), guya stimul vermək adıyla “qaza gətirən” məhz həmin mühitdir. “Kimsədən qalma dala, tez bir roman qarala”, yaxud “hamının romanı çıxdı, sənin romanın yoxdu” tipində təhrikçi cümlələri çoxdur mühitin.

Hələ səmtini, yolunu arayıb-axtarmaqda olan, bu məramla nələrsə oxuyan, nələrsə də yazan, təzə-təzə diqqət dairəsinə düşən müəlliflərin tezbazar roman havasına qol qaldırmasında mühitin çaldığı əlləm-qəlləm təranələr öz nəhs rolunu həmişə ustalıqla oynayıb. Ancaq mühitin “silah“ı ikibaşlı çomaqdır, bir başı həmişə özünü tutur.

Ayrı-ayrı müəlliflərin cəzası hər dəfə, eyni təsir gücüylə, mühitin özünə də kəsilir; fərdlərə yönələn boz-bulanıq tənələr əvvəl-axır ümumun üzərində cəmləşib qapqara töhmət buluduna dönür.

Nəşriyyat sistemi, media şəbəkəsi də bu cəhətdən mühitin bir cinahı sayıla bilər, əslində. Həm çox güclü, həm də işgüzarlıqda, təşəbbüskarlıqda mühiti özünü xeyli geridə qoyan cinahı! Mühit bir də onda xəbər tutur ki, filan müəllifin dünənəcən qoltuğunda hərlədiyi yarıitkin-yarıbitkin əlyazma bu gün “Kanon” nəşriyyatında “Hər yeni ədviyyat” silsiləsindən kitaba çevrilib, sabahdan isə “Az qaldıq“ radiosunun “Yuxu Falı”nda müzakirəyə çıxarılacaq.

Axırı da ki...

* * *

...”Axırı” da Ahmet Altanlıqdır, ortaya yenə “Kuzu kebabı” gəlir:

“Yunan mifologiyasında, ən böyük cəza kimi, Sizifin “bir qayanı davamlı olaraq dağın kəlləsinə qaldırmağa”, ac Tantalın isə “hər dəfə başının üstündəki meyvə ağaclarına əl uzadanda budaqların geri çəkildiyini görməyə” məhkum edilməsindən söz açılır.

Ancaq kiminsə cəfəngiyyatlar haqqında yazı yazmağa məhkum olunmasına rast gəlinmir o mifologiyada.

Halbuki bu cəza bir qayanı davamlı şəkildə dağın kəlləsinə qaldırmaqdan da, ac adamın hər dəfə meyvələrə əl uzadanda budaqların geri çəkildiyini görməsindən də betərdir…”
XS
SM
MD
LG