Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:37

Əkrəm Əylislinin qalmaqallı romanına reaksiyalar


Rafiq Əliyev
Rafiq Əliyev
-

Fəzail Ağamalı:

“Mən onun dili ilə desək, həmin torpaqlarda doğulan, böyüyən “yerazlar”dan biriyəm. Mənim doğulduğum torpaqların minlərlə oğlu Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçib".

Seyran Səxavət:

"Bir xalq, cəmiyyət olaraq görünür biz hələ ədəbiyyata qiymət vermək səviyyəsində deyilik".



“Mən Əkrəm Əylislinin qalmaqal yaradan “Daş yuxular” romanını oxumamışam. Bu haqda fikir deyə bilmərəm. Amma Əkrəm Əylisli haqqında onu qeyd edim ki, o, nəhəng yazıçıdır”. Bunu Modern.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, tanınmış alim Rafiq Əliyev deyib. Onun sözlərinə bu, yaradıcılıq azadlığının məhsuludur.

“Əkrəm Əylisli özü nəyi yazmaq lazım olub-olmadığını yaxşı bilir. “Yaradıcılıq azadlığı” deyilən bir anlayış var. Həmişə azadlıqdan danışırıq. Azadlıq təkcə fərdin sərbəst fəaliyyəti deyil, həm də fəaliyyətin nəticəsinə dözümlü yanaşmadır”.

Deputat, şair Musa Quliyev hesab edir ki, “Daş yuxular” romanında Azərbaycana və türk dünyasına qarşı heç bir erməni yazarının nail olmadığı təhqirlər, töhmətlər və rişxəndlər var, xalq yazıçısı adını daşıyan adam erməni xalqını böyütməkdən ötrü öz xalqını bu qədər aşağılamalı deyildi.

Millət vəkili bildirib ki, bu cür əsərlərlə bəşərilik qazanmaq olmaz: “Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına
Musa Quliyev
Musa Quliyev
atan yazıçı ümumbəşəri ola bilməz”.

“Mən düşünməzdim ki, Azərbaycan xalq yazıçısı adını daşıyan, Azərbaycanın ən yüksək mükafatlarını alan, prezidentdən o mükafatları təbəssümlə, minnətdarlıqla qəbul edən bir yazıçı, əslində mənim ona yazıçı deməyə dilim gəlmir, Azərbaycan xalqını bu dərəcədə təhqir edə bilər”.

Bu sözləri isə “Yeni Müsavat”a açıqlamasında deputat Fəzail Ağamalı deyir.

F.Ağamalının sözlərinə görə, Əkrəm Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqının heysiyyətinə toxunmaqla yanaşı, onun bəlli bir kəsimini “yeraz” sözü ilə təhqir edib: “Mən onun dili ilə desək, həmin torpaqlarda doğulan, böyüyən “yerazlar”dan biriyəm. Mənim doğulduğum torpaqların minlərlə oğlu Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçib. Əkrəm Əylisli Şəhidlər Xiyabanındakı məzarlığa baş çəksə, bunun şahidi olar”.

“Yeni Müsavat”ın “Daş yuxular”la bağlı suallarına Ağdamda - Azərbaycanın erməni qoşunları ilə təmas xəttindəki son səngərinin yaxınlığında cavablandıran yazıçı, Milli Məclisin digər bir üzvü Aqil Abbas isə deyir ki, baş verənlər Əkrəm Əylislinin xarakterindən irəli gəlir: “Əkrəm Əylisli hər zaman axına qarşı gedib. Onun yaradıcılığına bələd olanlar bilir ki, bu, onun əsərlərində ermənilərə simpatiya ilə bağlı birinci məsələ deyil. 1989-cu ildə Əkrəm Əylisli elə həmin ”Drujba narodov" dərgisində çap olunan əsərinə görə Azərbaycanda ciddi qınaqlarla üzləşmişdi. Hətta onun kitablarını yandırmışdılar. Bu məsələ isə qara olsa da Ə.Əylislinin piarı oldu. İndi hamı o əsəri
Aqil Abbas
Aqil Abbas
axtarır. Demək, Əkrəm bəy istədiyi hədəflərdən birinə çatıb - əsəri səs-küyə səbəb olub. Ancaq mənə görə yazıçı hər şeydən yüksəkdə dayanmalıdır - olaylara həqiqətin gözü ilə baxmalıdır.

Birmənalı öz xalqını aşağılamaq, Azərbaycana qarşı olmazın vəhşiliklər etmiş, torpaqlarını işğal etmiş bir xalqı əzilən tərəf kimi göstərmək, bu, doğru yanaşma deyil.

Əsərdə erməninin öldürülməsi təsvir edilibsə, bəs niyə ermənilərin soydaşımızın başına açdığı oyunlardan söz açılmayıb?”

Müzakirələrə qoşulan Xalq yazıçısı Mövlud Süleymanlı Kulis.Az-a açıqlamasında Əkrəm Əylislini həqiqətləri yazmamaqda günahlandırıb:

“Əkrəm Əylisli yazıçıdır, nə istəsə yaza bilər. Əkrəm həmişə sərbəst olub. Amma onun istinad etdiyi tarixi materialların hamısı saxtadır. Əkrəm ermənilərin saxtalaşdırdığı tarixi faktlara əsaslanıb. Azərbaycanlılar haqqında qətiyyən düz yazmayıb. Bu Əkrəmin növbəti səhvidir.

O, yenə də ermənilərlə bağlı səhv edib. Bütün incə nüanslara qədər yazdıqları hamısı səhvdir. Erməni ilə bağlı tərəfkeşlik edib, əcəb edib. Amma düzgün etmir. Əkrəm obyektiv deyil, subyektivdir, yazdıqlarında qərəz hiss olunur. Niyə qərəzlidir bax bu bilinmir”.

Yazıçı Seyran Səxavət isə Əkrəm Əylislinin son romanına qarşı olan çıxışları mənasız
Seyran Səxavət
Seyran Səxavət
addım sayıb: “Romanı oxumasam da, mətbuatda çap olunmuş hissələrlə tanışam. Bir xalq, cəmiyyət olaraq görünür biz hələ ədəbiyyata qiymət vermək səviyyəsində deyilik. Bunu Əkrəmin son romanına münasibətdə gördüm. Əkrəmə bu cür münasibət tarixi səhvdir. Əkrəmin bütün əsərlərini oxumuşam və Əkrəmin Azərbaycan ədəbiyyatında ən böyük kitabı elə Əkrəmin özüdür. Mən bu kitabla artıq 50 ilə yaxındır ki, tanışam. Bu kitabı oxu-oxu bitmir. Əkrəm böyük ustaddır. Əkrəm “Azərbaycan” jurnalında çevriliş edib, sinəsi orden-medallı, boynu zəncirli, adlı-sanlı yazıçıları bir kənara sürüşdürüb, ədəbi gəncliyi çap edib. Bu gün Əkrəmə qarşı olan yersiz, cılız, düşük, mənasız hücumlar onun ayağının altından keçib gedir. Əkrəm Azərbaycan ədəbiyyatının yüksəkliyini fəth edib. Bu sözləri onun əsərlərinə, əqidəsinə, “Azərbaycan” jurnalındakı fəaliyyətinə bələd olan biri kimi deyirəm. Əkrəmə qarşı çıxmaqla böyük bir məbədi daşlayırıq”.

Seyran Səxavət “Daş yuxular” romanını siyasiləşdirməyin əleyhinədir: “Əkrəmin romanını siyasiləşdirmək istəyənlər bilməlidir ki, Əkrəmi dünya siyasətinin nəhəng qazanında nə qədər qaynatsalar da ondan siyasətçi çıxmaz. O, siyasətçi deyil. Əkrəm böyük söz sahibi, böyük ədəbiyyatçıdır. Bu mənasız demaqogiyaya son qoymaq lazımdır”.

Daha bir neçə tanınan şəxsin olaya münasibəti azvision.az saytından:

Millət vəkili Fazil Mustafa bu yanaşmanı düzgün hesab etmədiyini bildirib: “Əkrəm Əylislinin mövqeyini bəyənmədim. Əsərdə Azərbaycanın maraqlarına zidd bir sıra məqamlar var. Ancaq yazıçı təxəyyülü ilə yazılmış bir əsəri bu cür siyasiləşdirmək düzgün deyil. Yazıçılara qarşı bu formanı seçmək olmaz. Amma əsəri də, yanaşmanı da bəyənmirəm. Çünki əsərdə çox ciddi təhriflərə yol verilib. Azərbaycanlılarla ermənilərin müqayisəsində həqiqətən də millətimizi aşağılayan mövqe sərgilənib. Hadisələrə qeyri-dəqi baxış da, təhqir də var”.
Ancaq millət vəkili yaradıcı adamların bu cür yanaşmasının hər zaman gözlənilən olduğunu vurğulayır.

Bir il yarım əvvəl çapa verilən, lakin yazıçının yubileyi münasibətilə məhz bu məqamda
Fazil Mustafa
Fazil Mustafa
üzə çıxarılan və Azərbaycan oxucusunun qəbul edə bilmədiyi bu roman Rusiyanın ölkəmizə qarşı planlı siyasətinin bir hissəsinə çevrilə bilərmi? Bu mənada ədəbiyyatın vasitə ola bilməsi mümkündürmü?

Bu aspektdən politoloq Zərdüşt Əlizadənin məsələyə münasibətini öyrəndik: “Azərbaycan ədəbiyyatının inkişafı Rusiya ədəbiyyatı ilə əməkdaşlıq şəraitində baş tutub. Şərqi Avropa ədəbiyyatının ideyaları Azərbaycana yalnız Rusiya ədəbiyyatı - Puşkin, Lermontov, Çexov, Tolstoy və digərlərinin vasitəsilə gəlib. Azərbaycan ədəbiyyatının korifeyləri sayılan şəxslər də Sovet ədəbiyyatının nümayəndələri olublar. İndiki dövrdə isə Əkrəm Əylislinin romanının Rusiyada çap olunmasına biz ancaq və ancaq sevinməliyik. Rus dili dünyada ən çox istifadə olunan dillərdən biridir. Azərbaycan dilində kim oxuyur axı? Heç kim. Odur ki, rusu dilində çap olunmaqla Azərbaycan ədəbiyyatı tanınacaq. Bu əsəri siyasətə qatmaq lazım deyil”.

Zərdüşt Əlizadə bir məqama da diqqət çəkir: “Millətçilik davası edənlər özləri Azərbaycan mədəniyyətini, ədəbiyyatını bilirlərmi? Onlardan hansı biri mədəniyyət, incəsənət sərrafıdır? Onlar nə bilir ki, Ə.Əylisli nə yazıb? Hər şeyi qısa, ötəri, səthi maraqlara qurban vermək olmaz. Ucuz millətçilik etmək lazım deyil”.

Əsərin müzakirəsində maraqlı cəhətlərdən biri də odur ki, yaradıcı insan, yazıçı olaraq
Qan Turalı
Qan Turalı
da Əkrəm Əylislini sevənlər onun özünü “vətən xaini”, kitablarını isə yandıracaqlarını elan etdilər. Bu halda ədəbiyyat uduzurmu?

Yazıçı Qan Turalı isə bu məsələdə bədii əsərdə yazıçının müstəsna azadlığı olduğunu əsas tutur: “Bu azadlığı da heç bir dekretlə, heç bir fərmanla qadağan eləmək olmaz. Bu konstitusion hüquqdur. Kitaba qurulan məhkəmənin hakimlərinin tarix qarşısında aqibəti yaman olub. İstənilən əsəri ədəbi-estetik müzakirəyə çıxarmaq olar. Ancaq bu ərəfədə romana qarşı edilən çıxışların hamısı bayağı və bozdur. Tənqid səsləndirənlərin heç biri o əsəri oxumayıb, ancaq danışırlar. Gəlin, əsər haqda danışanlardan qısa bir sorğu edək, görək əsərin qəhrəmanının adını bilirlərmi?. Bunlar hamısı murdar bir kampaniyanın əlamətləridir”.

Qan Turalı bu hücumları ciddiyə almadığını da bildirib: “Əkrəm Əylisli nəsrimizin yaşayan ustadıdır. O öz yazıçı azadlığı, vətəndaş humanizmi ilə həmişə diridir. Azərbaycan yazıçılarının əksəriyyəti öz sağlığında bu cür ittihamlarla üzləşiblər. Hardadır Mirzə Cəlili “vətən xaini” adlandıranlar? Hardadır Sabiri linç edənlər? Hardadır Füzulinin salamını almayanlar? Bütün bu hücumlar ötəridir, gəldi-gedərdir. Deyilən söz yadigar qalır, nəinki ağzı köpüklü millət qəhrəmanlarının nitqləri”.

Əsər gündəmə gətiriləndən etibarən sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində əsərdən bixəbər olanlar da yazıçını tənqid, hətta təhqir etməkdən belə çəkinmirlər. Səsləndirilən fikirlər arasında yazıçının “Azərbaycanın Orxan Pamuku olmaq” iddiasına düşdüyünü deyənlər də var, vətəninə xəyanət etməkdə ittiham edənlər də. Nədən irəli gəlir bu?

Publisist-yazar Seymur Baycan ictimaiyyətin, xüsusilə də sosial şəbəkə istifadəçilərinin bu cür qiymət cəhdlərini “xəstəlik” adlandırır: “Bu hay-küy təşkil olunmuş bir şeydir. Yoxsa Azərbaycanda kimdi axı “Drujba narodov” jurnalını alıb oxuyan? Heç kimin xəbəri belə olmayacaqdı. O ki qaldı sosial şəbəkələrdə oxumadan fikir bildirmək, yıxıb-sürümək – bu, bizim camaatın xəstəliyidir. Nəinki roman, povest, hekayə, hətta kiçik bir yazı paylaşırsan, yazını oxumadan, hardansa bir cümləsini görüb kifayətlənirlər. Başlayırlar münasibət bildirməyə, min bir fikir söyləməyə”.

Seymur Baycanın fikrincə, əsərin bu şəkildə müzakirəyə çıxarılmasının, ittiham edilməsinin bir səbəbi də ədəbiyyatın kütləvi olmasıdır: “Kimsə 2-3 yazıçı tanıyır, 5-6 yazı oxuyur, başlayır kimisə qabağına qoyub danlamağa. Bu mənada ədəbiyyat adamları yaradıcı insanlar arasında ən məzlum təbəqədi. Məsələn, rəssamlara qarşı belə edə bilərlər? Yox, çünki rəssamlardan qorxurlar. Rəssam deyəcək ki, sən bu əsəri anlaya bilməmisən, “tənqid” edən şəxs də axmaq vəziyyətində qalacaq. Ona görə də, heç nə deyə bilmirlər, özlərini artistliyə qoyurlar ki, guya hər şeyi bilirlər. Bu mənada məsələdən xəbərdar olmadan ittiham etmək rəsmən xəstəlikdir”.
XS
SM
MD
LG