Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Sizin başınız xarab olub, bu necə oyundur? (Seçmə hekayələrdən)


Asiman Eyniyev
Asiman Eyniyev
-

- Bu qəribə hadisə eyni ilə bu cür baş verib. Mən xəstə deyiləm, doktor, mənə inanın, xəstə deyiləm. Bunların hamısı baş verib...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Asiman Eyniyev


MƏKTUB

“Həmin gün möhkəm yağış yağırdı. Köhnə taksidən endim, hə, yadımdadır, taksi tamam əldən düşmüşdü.

Ürəyim sıxılırdı, bir neçə dəfə dərindən nəfəs aldım, sonra vağzala tərəf getdim.

Vağzalda hay-küy qopmuşdu. Adamlar saat altıda çıxacaq qatara tələsirdilər. Kassaya yaxınlaşdım. Kiçik pəncərədən içəri boylandım.

Kəskin hava burnumu qıcıqlandırdı. Elektrik sobasına tərəf əyilən kassir corablarını qurudurdu.

Çağırdım, üç dəfə asqırandan sonra axır kı, başını qaldırıb: “buyurun, eşidirəm” - dedi. Pırtlaşıq saqqalı, solğun bənizi onu bir az da yaşlı göstərirdi. Bakıya bilet olub-olmadığını soruşdum. O: “Yoxdur, qurtardı” - dedi.

Bu vaxt bir kişi çamadanını ayağıma çırpıb, bərkdən: “Bilet var?” -deyə, soruşdu. Sonra mənə baxıb: “Bağışlayın” -dedi.

Başımı tərpədib, bağışladığımı bildirdim. Qarşıdakı səs-küylü kafeyə tərəf addımladım. İşim yenə tərs gətirmişdi. Həmin gün mütləq o rayondan getməliydim, amma yubanırdım.

Kafedə aləm dəymişdi bir-birinə. Köhnə masaya dirənmiş, rəngi qaçmış stulu altıma çəkdim.

İki, ya üç boş masa vardı. Ciblərimi eşələyib, məktubu tapdım. Əzilmiş kağız parçasını oxumağa başladım. Məktubu əzbər bilsəm də, yenə də yeni söz görəcəyimə inanırdım.

Ağ xalat geyinmiş azyaşlı ofisiant mənə yaxınlaşıb, qulağının arxasından qələmini çıxartdı. Məktubu dərhal pencəyimin döş cibinə qoydum.

–Nə yeyəcəksiz?

-Zəhmət olmasa, bir stəkan çay gətir-dedim.

-Limonlu, limonsuz?

-Başa düşmədim, limon hesaba daxil deyil?

-Yox, limon və konfetlə çayın stəkanı qırx qəpik eləyir. Təkcə çay içsən iyirmi qəpik tutar.

- Limonlu olsun –bir az fikirləşib, dedim.

Oğlan əlini alnına tərəf aparıb, qəribə hərəkət etdi. Deyəsən, “baş üstə!” demək istədi. Sonra sürətlə məndən uzaqlaşdı.

Şalvarımın yan cibinə salıb-çıxartmaqdan əzik-üzük olmuş qutudan siqaret çıxarıb, dodaqlarımın arasına qoydum. Alışqanım yox idi.

Ətrafa nəzər saldım. Siqaret tüstüsündən, samovarın buxarından göz-gözü görmürdü.

Məndən üç masa o tərəfə iki nəfər oturmuşdu. Bir-birinin çənəsinin altına girib elə qızğın söhbət edirdilər ki, onlardan alışqan istəməkdən vaz keçdim.

Öz-özümə: “Oğlanı gözləsəm, daha yaxşı olar” -deyə, fikirləşdim.

Bir dəqiqədən sonra oğlan gəldi. Saralmış, yaxşı yuyulmadığı aydın görünən stəkanda çayı qarşıma qoydu.

İçindəki limon kəsiyi çayın rəngini tamamlayırdı. Qəndqabında isə kağızı üstünə yapışmış iki nəmli konfet vardı.

Oğlandan alışqan istədim. Yenə əlini alnına aparıb, bayaqkı qəribə hərəkəti təkrar etdi. Siqaretimi yandırmaqdan ötrü balaca uşaqdan alışqan istədiyimə görə utandım.

Çox keçmədi, oğlan yanıma qayıtdı. Əlindəki maşanın dişləri arasındakı samovarın közünü mənə tərəf uzatdı. Mən çaşqın halda siqaretimi yandırdım. Dərin bir qullab götürəndən sonra utana-utana oğlana başımla minnətdarlığımı bildirdim.

Oğlan dərhal uzaqlaşdı.

İslanmış pencəyimin döş cibindən məktubu çıxarıb, yenidən oxumağa davam etdim”.

***

- O adamın ağlı yoxdur, doktor. Üstündən uzun illər keçəndən sonra axı mənə niyə məktub yazmışdı? Bizim sevgi oyunumuz çoxdan bitmişdi. Əslində, elə mən də normal deyiləm. Mənə deyən olmadı ki, bir məktuba görə o qədər yolu niyə gedirdin, heç utanmırsan?

***

“Bütün diqqətim məktubda idi. Bu vaxt arxadan kimsə kürəyimə möhkəm şapalaq vurdu:

-Oho, şair, xoş gördük, haralardasan, yaman arıqlamısan.

Məktubu yenidən cibimə qoydum. Adamın üzünə baxdım. Onu tanımadım.

-Bağışlayın, mən şair deyiləm, kimləsə səhv salırsız.

Adam bir qədər dayanıb gözlərimin içinə baxdı. Sonra ağlamağa başladı.

-Sənsən, tanıdım, dənizdə boğulanda məni qurtaran adamsan.

O, dərhal əlimdən yapışıb, diz çökdü. Mən üşəndim. Onu sakitləşdirməyə çalışdım.

-Siz nə edirsiz?

-Mən sənə borcluyam, sən məni xilas etmisən.

-Baxın, mən üzə bilmirəm. Belə bir hadisəylə də qarşılaşmamışam.

O, qəfildən gülərək ayağa qalxdı, üst-başını düzəltdi.

-Zarafat edirdim. Görürsünüz də, kimdən əskik aktyoram? İncəsənət universitetini bitirmişəm, amma məni teatrlara dəvət etmirlər. Bilirsiz, mən komediyanı və dramı çox mərharətlə oynaya bilirəm. Baxmayaraq ki, çoxları məni axmaq kimi tanıyır. Mən gəncliyimi bu sənətin öyrədilməsinə həsr etmişəm. Hər gün bu kafedə sizin kimi yad adamlara öz məharətimi göstərirəm. Belə düşünürəm ki, nə vaxtsa mənə sahib çıxan olacaq. Kafeyə gələnlərin arasında nə vaxtsa biri rejissor olacaq və məni dartıb aparacaq buralardan. Amma nə vaxtsa...

O, monoloqunu bitirib nəmli plaşının düymələrini açdı. Böyrümdəki stulu altına çəkdi. Məni çoxdan tanıyırmış kimi taleyini danışmağa başladı:

-Mən bu rayonun sakiniyəm. Açığını desəm, yaxşı yaşamıram. Özüm işləmirəm, daha doğrusu, iş tapa bilmirəm, səksən iki yaşlı anamın təqaüdü ilə birtəhər dolanırıq. Hə, ola bilər, bu sizin üçün o qədər də maraqlı deyil, amma mən heç ailə həyatı da qurmamışam. Ancaq evdə hərdən ər və arvad roluna girib, yüngül səhnə hazırlayıram. Bu işdə anam da mənə köməklik edir.

-Qəribədir, axı yaşlı adam sizə necə kömək edir?-soruşdum.

-Hə, o mənim həm anam, həm də arvadımın qayınanası olur. Anamı ayaq yoluna aparanda evin gəlini roluna girirəm və onu döyə-döyə aparıram.

-Sizin başınız xarab olub, bu necə oyundur?– onun danışdıqlarına çox əsəbiləşmişdim.

-Dostum, sizi əsəbiləşdirdim. Görürsüz, mən adamı bir dəqiqənin içində yolundan çıxara bilirəm. Narahat olmayın, mən zarafat edirəm. Mən o qadının hesabına nəfəs alıram. Yoxsa indiyə çoxdan aclıqdan ölüb-getmişdim.

Adam sözünü bitirib dərindən nəfəs aldı. Gözləri dolmuşdu. Adını soruşdum, cavabında:
-Axı bunun mətləbə nə dəxli var? Mən adımı sizə desəm, nə dəyişəcək? –dedi.

Sonra ayağa durdu. O, getməyə hazırlaşırdı.

-Məni Şekspirin Otellosu, Qoqolun Müfəttişi kimi yadınızda saxlayın. Məni unutmayın, doktor.

Adam bunu deyib, sürətlə qapıya tərəf getdi. Mən çox təəccüblənmişdim. Onu arxasınca çağırdım. O, geriyə baxmadan bir anda kafedən çıxdı. Çayın pulunu stolun üstünə qoyub, onun arxasınca kafeni tərk elədim. Hava qaralmışdı.

Ətrafa baxdım, o yox idi. Naməlum adamın üz cizgiləri yaddaşıma oturdu. Nədənsə qəhqəhə çəkmək istədim, axı bu adam kim idi və mənim həkim olduğumu haradan bilirdi?

Birdən məktub yadıma düşdü, kafenin qapısına yaxınlaşdım.

Qapının üstündə parıldayan zəif işığın altında dayandım. Cibimi eşələdim. Məni həyəcan bürüdü. Bütün ciblərimi təkrar-təkrar yoxladım. Məktub yox idi. Kafeyə girdim, oturduğum masanın ətrafına baxdım. Məktub sanki qeybə çəkilmişdi. Balaca ofisiant oğlanı çağırdım, dedim bəlkə, masanı yığışdıranda görüb.

Oğlan görmədiyini dedi.

Dərhal oğlandan bayaq yanımda oturmuş adamı tanıyıb-tanımadığını soruşdum. O dedi ki, yanımda adam görməyib. Hətta tək oturduğumu, yanımda kiminsə olmadığını dedi...”

***

- Bu qəribə hadisə eyni ilə bu cür baş verib. Mən xəstə deyiləm, doktor, mənə inanın, xəstə deyiləm. Bunların hamısı baş verib...
XS
SM
MD
LG