Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:24

Şərif Ağayar. Ədəbiyyat barışdırır


Şərif Ağayar
Şərif Ağayar
-

Dostumuz Seyfəddin Hüseynlinin oxuzali.az portalında çox maraqlı tərcümələri yayımlanır. Bu tərcümələr üç cəhətinə görə mənimçün əvəzolunmazdır.


Əvvəlinci budu ki, Seyfəddin abimiz tərcümə etdiyi əsərləri özü seçir. Yəni sifariş özünün könül xoşluğudur. Bəyəndi, o saat başlayır tərcüməyə...

İkincisi, o, qısa hekayələri tərcümə edir. Yəni mətləb nə qədər dərin olsa da bu hekayələri iki daşın arasında oxumaq mümkündür.

Üçüncüsü, aktual müəlliflərə, məsələn qonşuluğumuzda yaranan gürcü və erməni ədəbiyyatına üstünlük verir. Təbii ki, ağlı başında və məntiqi yerində olan istənilən oxucu üçün müharibə şəraitində yaşadığı, eyni zamanda dostluq münasibətlərində olduğu qonşu ölkələrin yazıçılarının nə düşündüyü, necə yazdığı ikiqat maraqlıdır.

Seyfəddin Hüseynli tərcümə üçün, təbii ki, mütərəqqi düşünən yazarları seçir və həmin əsərləri peşəkarlıqla tərcümə edir. Sanki tərcümə deyil də, orijinaldan oxuyursan bu hekayələri.

Bu yaxınlarda dostumuz Qarabağ müharibəsinə insani münasibətinə görə Ermənistanda satqın elan olunan istedadlı yazıçı Levon Cavaxyanın “Kirvə” hekayəsinə müraciət edib. Hekayə də gözəldir, tərcümə də! Xatırladım ki, “Kirvə” Türkiyə mətbuatında yayılıb və müəllifinə əməlli başlı başağrısı gətirib.

Kirvə hekayəsinin qısa məzmunu belədir.

Erməni dəli bir inəyi azərbaycanlı kirvəsinə satır. Kirvə behi verir, amma pulun əsas hissəsi qalır. Bu vaxt araya ədavət düşür və azərbaycanlılar yaşayan kəndi boşaldırlar. Azərbaycanlı kirvə erməni komandirinə yanaşıb ona inəyin qalan pulunu verir ki, kirvəsinə çatdırsın. Komandir də pulu yiyəsinə çatdırır. Beləliklə, müəllif azərbaycanlı kirvənin şəxsində namuslu, dürüst, halal bir insan obrazı yaradır.

Bütün bunlar bir yana, sizə başqa bir mətləbdən danışım. Hardasa iki il bundan əvvəl “Müharibə miniatürləri” adlı üç-dörd kiçik hekayət yazıb kultaz.com (indiki kult.az) saytında yayımlamışdım. Oxucular tərəfindən birmənalı qarşılanmayan bu
Levon Cavaxyan
Levon Cavaxyan
ekayətlərin birini sizə təqdim edirəm. Oxuyun və görün ki, qələm adamları, kimliyindən asılı olmayaraq, insana inanmalı, onu sevməli, bütün ədavətlərin, bütün pisliklərin fövqünə qaldırmağı bacarmalıdır. Ədəbiyyatın bir adı da barışdır.

***

Bir dostumuz vardı, Qubadlıdan. Qaçqınçılıqdan sonra Binədə yas yerində gördüm onu. Bizə maraqlı bir əhvalat danışdı. Həmin əhvalatı olduğu kimi diqqətinizə çatdırıram:

«…Kirvəm Sureni tanıyırdınız də… Gorusdan. Şofir idi axı… Bir «kamaz» kubikin pulunu vermişdim ki, gətirsin. Araya Sumqayıt hadisələri düşdü. Mənə dedilər, pul getdi! Dedim, mən tanıdığım Suren düşmənçiliyi də kişi kimi aparar, namərd kimi yox. O, mənim pulumu yeməz. Bir gün, iki gün, kirvəmdən səs çıxmadı. Uşaqlar başladılar mənnən məzələnməyə. Bir gün yükə düşüb yollandım düz Gorusa. Maşın yox idi. Sərhəddə qədər bir tanışla getdim. Ordan erməni kəndinə piyada… Kənddən rayona təbii ki, maşın vardı. Getdim gördüm nə? Gorusda böyük bir mitinq təşkil olunub. Qubadlıya hücum edib «Sumqayıtın qisasını almaq» istəyirlər. Hökumət adamları camaatı gücnən saxlayıb. Düzü, nələr baş verdiyini indi anladım və dizlərim başladı əsməyə. Qaçmaq da mümkünsüz idi. Məni tanısaydılar işim bitmişdi. Birtəhər gəldim Surenin evinə. Arvadı məni görəndə dəhşətə gəldi. Məsələni tezcə başa saldım ona. Məni gizlədi və Surenin dalınca adam göndərdi. Sən demə kirvəm də mitinqdə imiş…

- Ara, qurd ürəyi yemisən nədi?

Nə isə… Dedi, daş üçün pulu vermişəm, üstümdə yoxdu. Qoy axşam düşsün səni birtəhər yola salım, daşı da filan vaxtı filan yerə gətirəcəm, sən də bir maşın tut, köməkli yığarıq, apararsan. Amma etibarlı adam olsun.

Ə kişi, nə daş, nə vədə! Gördü çox qorxmuşam mənə bir az araq içirtdi. Özümə gəldim. Ayrılanda məni qucaqlayıb ağladı… Dedi, kim bilir, bir də görüşəcəyik ya yox. Mən də qəhərləndim. Son sözü bu oldu:

- Hökmən gəl!

Evə qayıdanda gördüm ki, çadırımı qurublar, qəbrimi qazmağa adam göndəriblər. Ağsaqqallar isə hazırlaşır ki, tanış hərbiçilər vasitəsiylə meyitimi geri alsınlar.

Vədə yerinə getməyə qoymadılar məni. Doğrusu, özüm də cəhd eləmədim. Dedim, bir maşın daş nədi ki, ona görə özümü işə salam, qonum-qonşunu narahat edəm…

Bu əhvalatdan təxminən bir həftə keçmişdi. Qoyun nobatında idim. Maraq üçün sürünü otara-otara Surenin vədə verdiyi yerin qənşərinə gətirdim. Dağın başına çıxanda nə görsəm yaxşıdı; daşlar vədə yerində ağarırdı…”

Qafqazinfo
XS
SM
MD
LG