Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Tablo


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Vüqar Cəfərov


TABLO


Rusiyanın ucqar yerlərindəki qəsəbələrdən birində şaxtalı aprel gecəsi davam edirdi.

Adətən sərxoşların yığışdığı kiçik bir yerdə 4 nəfər gənc qızğın müzakirələrə qapılmışdı.

Gənclərin yaşı 18-24 arası olardı.Vadim “dəstənin rəhbəri” idi,digərləri adətən onunla hesablaşırdı.Aleksey isə Vadimin ən yaxın dostu idi.(Dost sözünün nə anlama gəlməsinin dərinliklərinə varmırıq).Dörd nəfərdən biri də Dmitri idi.

Adətən o,müxtəlif kitablardan nələrsə oxuyub bu cür içki məclislərində müzakirə üçün ortaya atardı.

Sonuncu gənc isə Fyodor idi.Utancaq və ya sadəcə çox danışmayan bu gənc,bəlkə də,sadəcə hansısa bir qrupda olmaq xatirinə bu gənclərlə birlikdə olurdu.

Onların olduğu yer az işıqlı,alçaq tavanlı bir yer idi.

Siqaret dumanının da hər yeri bürüməsi dərdlərini unutmaq üçün bura gələnlərə və ya sadəcə içib,boş-boş danışmaq istəyənlərə əlverişli şərait yaradırdı.

Bizim gənclər də yaxşıca içmişdilər,səsləri hər kəsin səsini üstələsə də,onlara fikir verən yox idi.

Aralarında ən çox qızışanı isə Vadim idi:

-Qadına azadlıq vermək,başa oyun açmaqdır,dostlar! Bu məxluq yaradılışı etibarilə axmaqdır! Düz demirəmmi, Alyoşa?

-Düzdü,dəyərsiz məxluqdu,ancaq doğub-törəmək və ev işlərini görmək üçün yaranıb!

-Yox, Vadim.Heç inanmıram ki,qadınsız bir dünya arzulayaydın,-Dmitri Vadim və Alekseyə nəzərən sakit idi.

-Həm də axı bizim analarımız da qadındır.Belə danışmaq yaramaz,Vadim.Qadınlar olmasa,bizlər də olmazdıq,-Fyodor sanki ürkəkliklə əlavə etdi.

-Heç kim məndən soruşmamışdı ki,olmaq istəyirəm ya yox! Boş-boş danışma,Fyodor...

-Həm də tanrı kişini və qadını eyni mərtəbədə yaradıb,bu barədə söz demək bizə düşməz.

-Eh Fyodor,nə tanrıbazlıqdı? Hələ heç kəs elmi olaraq sübut etməyib ki,o var. Heç mən özüm də onu görməmişəm,ona görə onun adından yazılanlar mənim heç vecimə də deyil!

-Elədir ki,var.Özünü göstərsin,biz də inanaq!-Aleksey sanki Vadimin dediklərinin icmalını verirdi.

Bunu eşidən Dmitri oxuduğu kitabdan söhbət salmaq üçün imkanın olduğunu düşünüb,dedi:

-Tanrı demişkən,yeni bir filosofla tanış olmuşam.

-O kimdir,elə?

-Fridrix Nitşe.O tanrının öldüyünü bildirir!

-O necə olur?-Aleksey axmaq bir təəccüblə soruşdu.

-Heç baş açmadım.

-Onda belə çıxır ki,tanrı əvvəlcə var imiş?-Fyodor maraqlandı.

-Əşi,mən nə bilim.Onu bilirəm ki,bir az qəribə filosofdur.Deyir ki,mərhəmətli olmaq günahdır! Amma bizə öyrədirlər ki,mərhəmətli olmaq lazımdır.

-Bax burda Nitşe yanılır.İnsan gərək mərhəmətli olsun!-orijinal bir fikir söyləmiş insan ədası ilə Aleksey “Nitşenin səhvini düzəltdi”.

-Əşi dayan bir görək!Bizə çox şey öyrədirlər,-Vadim Alekseyə çımxırdı,-de görüm,sənin bu Nitşen niyə deyir ki,mərhəmətli olmaq lazım deyil?

-O deyir ki,insan güclü olmalıdı.Mərhəmətli olanda isə sənin gücün azalır.(Düzünə qalsa,Dmitri Nitşenin heç bir əsərini oxumamışdı.O sadəcə hansısa fəlsəfəyə dair bir kitabda Nitşeyə aid səhifədəki cümlələrdən ikisini mənimsəyə bilmişdi.)

-Bax ha...Heç də pis fikir deyil.Sağ ol,Nitşe.Əşi hər nəysə...Gəlin bu gecə maraqlı nəsə edək!-Vadim bir qədər həyəcanlandı.

-Nə fikrin var,de görək.

-Gəlin Annanın evinə gedək!Hə,əla fikirdi.Gedək Annanın evinə!

-Orda nə işimiz var?

-Bilmirəm.Əylənməyə bir şey taparıq!

Anna qəsəbənin kənarında tək-tənha yaşayan,təxminən 25-30 yaşlarında bir qadın idi. Qəsəbənin sakinləriylə sıx əlaqədə olmaz,öz evinə çəkilər və deyilənə görə günün əksər hissəsini ibadətdə keçirərdi. Övladı olmasa da,deyilənə görə hamiləydi və bu yaxınlarda da övladı olacaqdı. Əri təxminən 6 ay əvvəl hansısa bir dəstəyə qoşulub macəra axtarışına getmiş, Annanın hamilə olması belə onu fikrindən döndərməmişdi. Onun haqda qəsəbədə çox dedi-qodular gəzirdi, öz ruhunu şeytana tapşırdığını,hətta
onun insan deyil,cin olduğunu söyləyənlər belə var idi.

Gənclər yola düşdükdən bir az sonra Fyodor:

-Yox,mən getmirəm,-dedi.

-Niyə,ay qorxaq?Yoxsa sən də onun cin olmasına inanırsan?-Vadim bir qədər əsəbiliklə soruşdu.

-Yox,cin olmadığını bilirəm.Hətta onunla söhbət də etmişəm.O əsl tanrı adamıdır,Vadim,mən belə insanı incidə bilmərəm.Tanrı qəzəblənə bilər.

-Qorxaq! Sənin kimisi heç bizə lazım da deyil,-deyib Vadim Fyodoru itələdi. Beləliklə Fyodor ümumi dəstədən ayrılıb,evlərinə yola düşdü. Qalan üç nəfərdən Vadim və Aleksey nə etdiklərindən əmin bir halda yola davam edirdilər. Vadimdəki özünü mühüm hiss etmə və pafos simasından aşkar görünürdü.Aleksey sakit idi,düzü onun heç nə vecinə deyildi,əsas məsələ o idi ki,etməyə nəsə olsun və o darıxmasın.Dmitri
isə daxilində narahatlıq hiss etsə də,özünə sığışdırmadığına görə bunu açıq dilə gətirməyə və ya dəstədən ayrılmağa çəkinirdi:

-Vadim,gəl onu incitməyək.Axı onun bizə nə pisliyi dəyib?

-Onsuz da,incitmək fikrim yoxdur.Bir az lağa qoyub,əylənərik,vəssalam. Özü də axmağın biri axmaq,bayaq Nitşedən,mərhəmətdən danışan sən deyildin?İndi birdən-birə mərhəmətlimi oldun?!

Sanki birdən-birə özündə “Nitşeyə sadiqlik məsuliyyəti” hiss edən Dmitri cəsarətləndi:
-Hə,doğru deyirsən!Gəl bu gecəni maraqlı edək!Mən səninlə razı!

Hava şaxtalı olsa da,üçlük üşümürdü.Həm içkinin təsiri,həm də geyindikləri qalın paltarlar bunu təmin edirdi.Bir azdan getmək istədikləri ev də görünməyə başladı.Annanın yaşadığı yer güclü bir külək zamanı dağıla biləcək daxmadan və kiçik həyətyanı sahədən ibarət idi.

Onlar evə çatdıqda hava tamamilə qaralmışdı.Vadim irəli çıxaraq qapını döydü.Anna qapını açıb bir qədər narahat şəkildə onlara baxdı.Bu gözəlliyi hələ də tam itməmiş,qara paltarlı,sadəcə siması və əlləri görünən bir qadın idi.

-Buyurun.

-Salam! Siz yəqin ki,Annasız.Bu gecə könlümüzdən sizi ziyarət etmək keçib.Yəqin ki,qonağı qapıdan qaytarmazsız,-Vadim Annanın cavabını gözləmədən,qapını aralayıb,içəri keçdi.Ev,həqiqətən də,kiçik idi. Sadəcə bir otaqdan ibarət,gecələr şam və ya əl lampasıyla işıqlanan olan bu evdə kiminsə bütün zamanını keçirdiyini düşünmək bir çoxlarında ürək sıxıntısı əmələ gətirə bilərdi. Otağın bir küncündə bir
stol,stolun üstündə isə şüşəsini his bürümüş lampa,vərəqlərindən çox oxunduğu görünən Biblya və yemək yeyilmiş bir boşqab var idi. Digər tərəfdə səliqə ilə yığılmış yataq,yeganə pəncərədə isə iki dibçək göründü.Qarşı divarda İsa Məsihin tablosu asılmışdı və bu möhtəşəm tablo əzəmətinə görə içərisində olduğu bu daxma ilə çox güclü ziddiyət əmələ gətirirdi.Evin digər küncündə isə bələyin içərisində bir
çağa mürgüləyirdi.

-Anna,həyatınız necə keçir?-Aleksey soruşdu.Dmitri isə susqunluqla olanları izləyirdi.O hansı bir vəziyyətin içində olacağını bilmədiyi üçün qorxu qarışıq narahatlıq keçirsə də,bu naməlumluq ona daxili bir həzz də verirdi.Hətta düşünmək olardı ki,o bu narahatlığı keçirmək üçün xüsusi olaraq səy göstərir.

-Çox sağ olun,həyatım normaldır,-Anna hələ də təşviş içində idi.

-Biz sizinlə İsa peyğəmbər və tanrı haqda danışmağa gəlmişik,-İçəri girəndə “əylənmək üçün” heç bir ideyası olmayan Vadim yeni bir ideya tapmışcasına,hətta bir qədər sevinclə dilləndi.

-Niyə mənimlə danışmağa gəlmisiz?Özü də gecənin bu vaxtı?-səsindəki ürkəklik hələ də qalsa da,sanki İsanın adının çəkilməsindən cəsarətlənən Anna soruşdu.

-Məgər İsadan danışmaq üçün hansısa vaxtmı lazımdır?Biz danışmağa,müzakirə etməyə və öyrənməyə gəlmişik!-Vadim,yəqin ki,özünü natiq kimi hiss edirdi.

-Yaxşı,öyrənmək istədiyiniz nədir?-Anna yavaş-yavaş qətilik qazanırdı,lakin təlaş onu tərk etməmişdi.

-Əvvəlcə deyin görək bu həyatın mənası nədir?-sanki Vadim bu sualı önəmli bir sual yox “hansısa söhbət başlanğıcı hesab edirdi.

-Tanrını dərk etmək,İsanı xilaskar kimi qəbul edib,cənnətə layiq olmaq-Anna,bəlkə də,cavabına ən çox əmin olduğu suala cavab verdi.

-Hə,belə de,-yeganə danışan Vadim idi,- bəs bunları etməsəm,necə olacaq?

-Tanrı sizi cəhənnəmlə cəzalandıracaq.

-Tanrı cəhənnəmi niyə yaradıb bəs?

-Günahkarları cəzalandırmaq üçün.

-Bəs günah?Onu niyə ixtira edib?

-Günahı tanrı yox,insan ixtira edib.Adəm tanrının əmrindən çıxmaqla ilk günahı işlətdi və insan paklığını itirdi.

-Yaxşı bəs Adəmdən bizə nə?

-İlk insanın günahı işlətməsi digər insanları da doğuşdan günahkar edir.

-Necə?Bu ki axmaqlıqdır!Mənə nə var,Adəm nə edib!Tanrının başı işləmir nədir?

-Anlamadan,mühakimə etməyə çalışmayın.

-Mən anlamıram?Mən...anlamıram?Sənin kimi bütün günü İsaya yalvarmaq deyil anlamaq! Sənin Biblyandan yaxşı kitablar da var! Məsələn,sən heç Nitşeni tanıyırsan?Amma mən tanıyıram! İsanın isə üzünə tüpürmək lazımdır!

-Tanrı səni sevir,onun sənə olan sevgisini anlasan,bütün bunları da anlayacaqsan.

-Kəs səsini,axmaq qarı.Boş-boş sözlərlə başımı ağrıtma!Sənə dedim ki,İsa üzünə tüpürüləsi şarlatandır,vəssalam!

Vadim özündən çıxmışdı.Vadimin gəliş məqsədinin “gecəni daha maraqlı etmək” olduğunu yada salsaq,ona bu anda özündən çıxmaq üçün adi bir səbəb də kifayət edəcəkdi.Əgər səbəb olmasaydı belə,Vadim bu səbəbi yaradacaqdı.Anna isə Vadimin bu qızışmasını təəccüblə qarşılamışdı. Gözləri azca bərəlmiş halda Vadimə baxırdı.Diqqətlə baxdıqda isə bərəlmiş gözlərin arxasında az miqdarda qəzəbin
olduğunu da görmək olardı.Lakin Vadim bu anda belə şeylərə fikir verəcək vəziyyətdə deyildi,o daha da qızışırdı.Divardan asılmış tablonu göstərib,soruşdu: -De görüm,bu nə tablodur?Cavab ver,axmaq qarı!

-İsa Məsihin tablosudur.

-O sənin nəyinə lazımdır?

-Mən hər gün onun qarşısında diz çöküb,öz xilasım üçün yalvarıram.

-Xilas! Əgər xilas olsaydın,bu sökük daxmada yaşamazdın!.Özü də görürəm yeni uşağın olub.Hə,bax budur sənin yeganə işin:həmin uşağı doğurmaq və böyütmək! Qadın başqa nəyə yarayır ki!

Təəccüblənmiş Anna buna cavab vermədi.O bütün bunların nə ilə nəticələnəcəyini gözləyirdi.

-Hə,qarı,bax indi mən sənin bu müqəddəs tablona tüpürəcəyəm! Görək İsa heç olmasa öz tablosunu xilas edə biləcəkmi?!

Vadim tabloya yaxınlaşdıqda Anna yerindən dik atılıb,onun qarşısını kəsdi.Lakin bu hərəkət Vadimi daha da cuşa gətirdi.Artıq onun özünü idarə edə bilmədiyi aydın görünürdü.Dmitri olanları sadəcə izləyirdi,Aleksey isə rahat şəkildə hərdən gəzişir,hərdənsə heç nə etmədən olanlara laqeydliklə tamaşa edirdi.

-Hə,belə görünür ki,İsa səni yox,sən İsanı xilas etmək fikrindəsən!Haha,necə də gülməlidir!Lakin qarı,nə İsa,nə də sən bu gün xilaskar ola bilməyəcəksiz!

-Tabloya əl vurma!-Anna Vadimin qollarından tutdu.Onun mimikası və baxışlarında yalvarış və hücum instinktləri qarışmışdı.Vadim bir anlıq ona baxdı və bir neçə saniyə heç nə etmədən dayandı.Simasından nəsə düşündüyü yoxsa sadəcə Annanın müqavimətinə qəzəbləndiyini anlamaq çətin idi.Dmitri və Aleksey də gözlərini Vadimə zillədilər.Keçən bu bir neçə saniyədən sonra Vadimin siması parıldadı.Dodağında
qorxulu bir təbəssüm göründü.

-Yaxşı,olsun qarı! Mən bu tabloya əl vurmayacam. Mən ona tüpürməyi düşünürdüm.Lakin fikrimi dəyişdim. Ona mən yox,sən tüpürəcəksən!

Bu sözlərdən sonra Annanın simasını soyuqluq bürüdü.Sanki o artıq rahatlaşmışdı və əmin idi ki,təhlükə sovuşmuşdur,çünki heç bir qüvvə ona bunu məcbur edə bilməzdi.
Annanın dinmədiyini görən Vadim qışqırdı:

- Sənə deyirəm! Əmr edirəm sənə! Bu tabloya tüpürəcəksən!

Anna hələ də susmuşdu.Qaşları çatılmış halda Vadimi izləyirdi.Annanın heç cür reaksiya göstərmədiyini görən Vadim Alekseyə dedi:

- Aleksey,uşağı bura gətir!

Annanın bütün bədənindən gizilti keçdi.Gözləri qaraldı və qorxuyla Alekseyə baxdı.Aleksey isə heç bir qərarsızlıq göstərmədən küncə doğru getdi və əlində uşaqla geri qayıdıb,onu Vadimə təhvil verdi.

-Hə qarı,uşaq mənim əlimdədir.Ya sən bu tabloya tüpürəcəksən,ya da mən bu uşağı elə burdaca boğub öldürəcəyəm!

-Vadim,artıq lazım deyil,bəlkə?-nəhayət ki Dmitri xeyli təlaşlanmış şəkildə dilləndi.Vadim isə Dmitrini sanki eşitmirmiş kimi,fikir vermədi.

Anna irəli gəlib,uşağı Vadimin əlindən almaq istəsə də,Aleksey onu itələdi və o yerə yıxıldı.Vadim isə qəzəbli şəkildə qadına baxırdı.O öz təntənəsini-qadının tabloya tüpürməsini böyük səbirsizliklə gözləyirdi.Bura gələrkən sadəcə əyləncə axtaran Vadim indi sadəcə öz üstünlüyünün təmin olunmasına vəhşicə susamış birisi idi.Annanın uğursuz müqavimət cəhdləri bu ehtirası daha da artırmışdı və Vadim
indi qadının tabloya tüpürməsi üçün hər şeyi edə biləcək vəziyyətdə idi.Artıq Anna da bunu duymuşdu və bayaqdan bəri ilk dəfə tabloya tüpürmək ideyası görüntü şəklində onun beynindən gəlib-keçdi.Anna dəhşətlə bu fikri özündən uzaqlaşdırdı və oğlu yenidən əsas narahatlıq mənbəyinə çevrildi.

-Son dəfə deyirəm,tüpür tabloya,uşaq əlimdədir! And olsun ki,onu boğacağam!

Anna növbəti dəfə Vadimin üzərinə cumdu,lakin Vadim onu əliylə saxladı.Alekseysə onun qollarından tutub tabloya tərəf gətirdi.Vadim tərləmiş və qızarmışdı.O növbəti dəfə var gücüylə qışqırdı:

-Tüpür,ifritə qarı,tüpür!

Və Vadim heç nədən narahat olmadan uşağın boğazına yapışdı,onu sıxmağa başladı və düz Annanın simasına baxaraq vəhşi bir səslə bağırdı:

-Tüpür!!!

Elə bu anda uşağın qorxunc ağlama səsi başladı.Boğuq səslə ağlayan,daha doğrusu heç ağlaya bilməyən uşağın dəhşətli səsi Annanın bütün beyninə yayıldı...və o bu səsi eşidən kimi qeyri-iradi olaraq,heç özü də bilmədən tabloya tüpürdü...

Artıq ağzı köpüklənmiş Vadim uşağı ehtiyatsızca yerə qoyaraq qalibin qəzəbli baxışları ilə Annaya baxdı və pıçıldıyla:

-Bu da sənin İsan,-dedi,-Vəssalam,getdik.

Aleksey heç nə olmamış kimi sakit simasını qoruyaraq,onun arxasınca getdi,Dmitri isə son dəfə təşvişlə qadına baxdı və onların arxasınca evdən çıxdı.

Hələ də nə olduğunu anlamayan Anna onlar evdən çıxdıqdan sonra bir dəqiqə müddətində yerində donub qaldı.O əvvəlcə tablonu unudaraq,uşağını xilas etdiyinə görə sevinsə də,sonradan tabloya tüpürməsi ildırım tək beyninə yayıldı və o başını qaldırıb tabloya baxdı.Tabloya baxdıqda ilk gördüyü şey İsanın yerə zillənmiş təəssüflü baxışları( bu anda ona belə göründü) oldu.Anna qeyri-insani bir çığırtıyla
tablonun qabağına atıldı.O sanki nə etdiyini indi anlamışdı və artıq İsanın simasında xilaskar yox,sevgisini aradan götürmüş dəhşətli bir mühəkkim görürdü.O dəli tək,dəhşətli qışqırtısı ilə bütün bu ideyanı öz beynindən silib atmağa çalışırdı.Lakin bu mümkün deyildi,İsanın baxışları onun bütün beynini dəlib keçir,ona bütün ömrünün ən böyük dəhşətini yaşadırdı. O diz çökmüş,başını isə dizlərinin arasına
salaraq sanki qışqırmaqdan yorulmuş kimi yüksək səslə ağlamağa başladı.Və yenidən gözünü qaldırıb sanki əfv edilmək ümidilə növbəti dəfə tabloya baxdı.Lakin İsanın baxışları dəyişməmişdi.

-Bağışla,tanrım! Əfv et,məni!Əfv et!Əfv et!Bağışla...-onun səsini indi eşidən birisi onun insan yox,cin olması ideyasına asanlıqla inana bilərdi.Bütünlüklə insaniliyini tərk etmiş Anna tablonun dəhşətinə qapılsa da,öz xilasını da məhz bu tabloda axtarırdı.

-Bütünlüklə səninəm,tanrım! Bağışla,məni! Bağışla!

Hər bir cümləsindən,sözündən sonra tabloda ümid axtaran Anna hər dəfə daha da böyük dəhşətə qapılırdı.İsa onu əfv etmirdi.O,İsanın ona verdiyi uşağa görə İsadan üz çevirmişdi.O bütün kainatın ən dəyərli varlığına olan sevgini adi bir analıq instinktinə qurban vermişdi.Artıq İsaya olan sevgi sanki kəskin mühakimələr irəli sürərək onun bütün beynini doldurur,vəziyyəti Anna üçün daha da dözülməz səviyyəyə çatdırırdı.
Elə bu anda gözləri öz uşağına sataşdı.Sifəti dondu,göz yaşlarını və qışqırığını saxladı.Gözlərinin bərəltisi qorxunc səviyyəyə çatdı...O anlamışdı ki,İsanın onu əfv etməsi üçün yalnız bir yol qalır.Elə bu anda uşağını əlinə götürərək,yenidən tablonun qarşısına özünü tulladı.

-Tanrım,hər şeyim sənindir! Bağışla məni,bağışla!-yenidən dəhşətli qışqırıq bütün evi və gecəni bürüdü.O uşağını boğmağa başlamışdı və bunu hiss etməmək üçün sadəcə tabloya baxır və qışqırırdı,-Əfv et,sənin verdiyin uşağı sənə geri qaytarıram! Əfv et,tanrım! Əfv et.

Uşaq isə bayaqkından da dəhşətli bir səslə qışqırırdı.Bu tükürpədici səs istənilən insanda dəhşət və qorxu yarada bilərdi.Lakin Anna həmin anda sadəcə İsanı görür və sadəcə öz əfv diləməsini eşidirdi.

Bir az keçdikdən sonra uşaq boğulmuşdu, Anna uşaqdan diksinərək geri çəkilmiş,bir müddət sürətlə nəfəs almış və sonra sanki zamanın başlanğıcından susurmuş kimi yerindəcə quruyub qalmışdı.Hətta gözlərində belə kiçik hərəkətə rast gəlmək mümkün deyildi.Hər şey bitmişdi...bu dəfə İsanın simasında mühəkkim yox,övladının yanlış hərəkətindən qəlbi üzülmüş,lakin onu əfv edəcək bir valideyn görünürdü.
Gecə ərzində Anna olduğu vəziyyətdə qalmışdı.Həmin an onun beynindən keçənlərə qətiyyən düşüncə adını vermək olmazdı.Sadəcə fraqmentlər,epizodlar və qırıq-qırıq hissələr,bir-birilərindən əlaqəsiz şəkildə onun təsəvvüründə uçuşurdu.Bütün bunları Anna qətiyyən anlamırdı,heç anlaya biləcəyi onun ağlına belə gəlmirdi...əgər ağlı yerində idisə.Sanki onun beynindən sürətlə gəlib-keçənlər Annanın tanımadığı hansısa yeni və əcaib bir əlifbada yazılmış sözlərdən ibarət idi.Sanki Anna özünün qiymət verə biləcək tərəfini,şüurunu tamamilə itirmişdi.Anna bu anda öz səhifələrində nələrin yazıldığı barədə zərrə qədər də təsəvvürü olmayan şüursuz kitab vərəqlərini xatırladırdı.

Bir neçə saat keçmişdi.Yer bütün bu olanlara baxmadan növbəti dövrəsini tamamlamamış və səhər açılmışdı.Anna hələ də tərpənmirdi.Sanki tabloya tüpürməklə bir yarısını,uşağı boğmaqla digər yarısını məhv etmiş,elə ordaca heykələ çevrilmişdi.

Səhər qapı açıldı,Dmitri və Vadim içəri daxil oldular.Annanın gözləri nəhayət ki tərpəndi, və onları gördü.Lakin onların siması belə Anna üçün heç nə ifadə etmədi.Vadim Annanın hərəkətsiz olmasından heç nə anlamasa da,ona yaxınlaşıb sözə başladı:

-Dünən etdiklərimizə görə...bağışlayın.Biz bir az içkili...

-Vadim!-Dmitri pıçıltılı səslə Vadimi sözünü kəsdi,onun qollarından yapışıb,uşağı göstərdi.

Vadim əvvəlcə heç nə anlamasa da,uşağa yaxınlaşıb,dünən gecə nəyin baş verməsini təxminən də olsa başa düşmüşdü.Çağa İsanın tablosunun önündə bir qurbantək hərəkətsiz halda dayanmışdı. Bu mənzərədən dəhşətə gələn,pafoslu danışmağı bacarsalar da,ruhları ciddi heç nəyə hazır olmayan bu iki gənc yerlərində donub qalmışdılar. Vadim heç nə demədən sakitcə evdən çıxmış,böyük həvəslə Nitşedən
sitatlar gətirən Dmitri isə birdən-birə özünü Annanın ayağı altına atıb hönkür-hönkür ağlamağa başlamışdı:

Yox!Anna sən bağışla bizi,Anna biz səhv etmişik.İstəyirsən,elə bu an məni də öldür!Anna!

Lakin Annadan Dmitriyə reaksiya gözləmək sadəlöhvlük olardı.Dmitri bu anda bütün hislərini tərk etmiş bir ilahəyə ürəkdən ibadət edən bir günahkara bənzəyirdi.
Bəs görəsən,Anna bundan sonra necə yaşayacaqdı?Yenidən bütün qəlbiylə ibadət edə biləcəkdimi?Görəsən Anna,həqiqətən də,xilas ola biləcəkdimi?

2012 sentyabr
XS
SM
MD
LG