Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:48

Mürvətin donu


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 20-liyindən


Mehman Rəsulov


Mürvətin donu



Mürvət dil açanda nə demişdi heç kimin yadina gəlmirdi. Süddən kəsildiyi gün başının üstündə anası ilə atası söhbət edirdi. Mürvət onları anlamasa da başa düşmüşdü ki, atasının dediyi sözdən anasının ürəyi dağlanmışdı. Axı anasının bətnində ikən toyda, yasda, dükanda, bazarda, ən axırda da həkimin yanında olmuşdu. Və Mürvət hiss eləmişdi ki, anasının üzündəki qorxu ifadəsi, O dünyaya gələndə bətnində də vardı.

3 gündən sonra Mürvəti əynində ətəklə evə gətirdilər. Axşama yaxın qohumlar, dostlar, tanışlar yığılıb bu günü qeyd etməyə başladı. Hər kəs Mürvəti balaca kişi deyə çağırsa da, Mürvət onları anlamırdı. Axı onun ətək geyindiyi günə qonaq gələn kişilərin hamısı şalvar geyinmişdi. Mürvət bilmirdi ki, yeyib-içərək televizordan siyasi xəbərlərə baxan böyük kişilər də vaxtilə ətək geyiniblər.

Onun don geyindirilmiş həqiqəti 7 gündən sonra sağaldı. Amma anası hər dəfə dırnağını kəsəndə soruşardı. Mürvət, “Ana, barmağıma niyə don geyindirmirsən?”sualına cavab olaraq qarşısında təbəssüm görərdi.

İllər ötür, amma Mürvət donda gizlənmiş kişiliyi anlaya bilmirdi. Bir dəfə atasından həyətdə nə üçün çadır qurulduğunu soruşdu. – “Oğlum həyətdə yas düşüb, Saleh əmi rəhmətə gedib”-dedi atası. Mürvət Saleh əminin çadırından başa düşdü ki, onun həqiqəti daha böyükdü və çadıra girənlər də orda nə görürsə qanıqara çıxır. Bəlkə gələnləri acılayır Saleh əmi, ayıbdır axı adam da gələn qonağı incidər? Saleh əminin çadırı da Mürvətin donu kimi 7 gündən çox qalmadı.

İndi o bir şeyi özü üçün yəqin etmişdi. Adamlar nəyisə gizləmək üçün don geyinir.
Elə məktəbə getdiyi ilk gün parta yoldaşı Həlimədən də bunu soruşmuşdu.

-Həlimə niyə don geyinmisən, axı sən balaca kişi deyilsən. Nəyi gizlədirsən ki, məndən?

Həlimə isə hər kəsə verdiyi cavabı vermişdi: “Mənim donumu atam alıb”

Deməli Həlimənin donunu da vaxtilə don geyinmiş atası almışdı.

Mürvət başa düşmüşdü ki, Həlimənin nə gizlədiyini atası bilir ancaq.

20 ildən sonra atası Mürvətə çadırda böyük toy elədi. Bu dəfə gələn qonaqlar daha çox idi. Bəy masasında onun yadına Saleh əminin çadırı düşdü. Mürvət anlamağa başladı ki, həqiqətin üstünü təkcə bu çadır örtmür. Yanında oturmuş Həlimənin də həqiqəti onun üçün sirr idi hələlik.

Həmin gecə Mürvət Həlimənin atasının aldığı donun gizlədiyi sirri öyrəndi.

Toydan bir neçə ay sonra qonşular Mürvətə tərs baxmağa başladı. Salam verənlər azalıb-azalıb yoxa çıxdı. Haçandan-haçana öyrəndi ki, Həlimə sirrini ondan başqa da kiməsə açır. Zaman keçdikcə ətrafındakılar onun qeyrətini axtarmağa başladı. Kimi qonşu evdə, kimi Həlimənin iş yerində, kimi isə yaxınlıqdakı parkda axtarmağa başladı Mürvətin qeyrətini.

Günlərin bir günü Mürvət Həlimə ilə sağollaşmamış qeyrətini axtarmağa getdi.

Ağır döyüşlərin getdiyi məqamda əsgər yoldaşlarının arxaya qaçdığını görən Mürvət geriyə baxaraq: “Qayıtmayın, mən ordan gəlirəm, orda qeyrət yoxdu, orda ancaq Həlimə var”deyə bağırdı. Çiyninə dəyən güllə ilə huşunu itirdi Mürvət.

Ayılanda düşməni başının üstündə gördü. Əsirliyin ilk sualına cavabı bu oldu:

“Müharibəyə qeyrət axtarmağa getmişdim”

İki gündən sonra Mürvətə don geyindirdilər. Bu onun geyindiyi ikinci don idi. Yadına kiçik toyunda siyasi verilişlərə baxan əmilər düşdü. Sonra böyük toyunda oynayanları xatırladı. Zirzəmidəki sınıq güzgü parçasında Həliməni gördü Mürvət.

3 illik sükutdan sonra Mürvəti qaytardılar. Əliboş evinə qayıdan Mürvət nə Həliməni axtardı, nə də başqasını. Deyirdilər ki, guya o daha evlənə bilməz.

İndi Mürvət üçün fərqi yox idi. O kiçik toyundakı kimi sakit oturub vaxtilə don geyinmiş siyasi xəbərlər verən əmilərə qulaq asirdi.
XS
SM
MD
LG