Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:50

"Ədəbi Azadlıq-2013"ün qalibindən yeni hekayə: "Tutmatora"


Beşiyin içi zığla dolmuş, kəndın bütün milçəkləri ora qonmuş…

Hamid Əhmədi
Hamid Əhmədi
-

...Əmməxanım cinlərdən amanda qalsın deyə həmişə döşlüyünə bir sancaq sancarmış...


"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin qalibi Hamid Əhmədinin "Oxu zalı"na göndərdiyi yeni hekayə


Hamid Əhmədi


TUTMATORA


Insanlardan bəzi şəxslər
cinlərdən bəzi kimsələrə
sığınırdılar və bununla da onların azğınlıqlarını artırırdılar

Quran, 72-ci surə, 6-ci ayə


I.

Böyük dədəmin bibisi Əmməxanımdan qalmış nağıllarda onun Tutmatorani ağlarca dəhlizdə oturduğu halda tutmasından deyilmiş.

Amma Əmməxanımı Tutmatoranı görən adam kimi tanıtdıran bircə sənəd həmən böyük dədəyə mənsüb olan Hac Nuruşun Quran dalındakı yazılar idi.

Nəsə cöhər yayılmış, xətt elə oxunmur:

“1365 qəməri ziqədə ayi, bərabər 1325 günəş ili, Əmməxanım cinlərdən birisini görüb və onu təsxir etdi. {{Qol əuzo berəbbennas.}}”

Təbii ki, Əmməxanım kəndin mallası Hac Seyyed Kərbəlayının yanına getmiş, Hac Seyyed Kərbəlayı də bir para tövsiyələr edib dualar-diləklər yazmışdı.

Ondan bəri Tutmatora təkbaşına yuz nəfərin işini görən adam kimi Əmməxanıma qulluq edib evini süpürürdü, ona isə ğəza bişirirdi.

Tutmatoranın təsxiri özünə görə bir nağıldır. Əmməxanım cinlərdən amanda qalsın deyə həmişə döşlüyünə bir sancaq sancarmış.

O gün dan yeri sökülməmiş həyətdə dəstəmaz aldıqda hövzün qırağında uzanmış Tutmatoranı görür.

Tilismat elmini bir para kəramat sahıbı, arif və ğeyb aləmiylə ilgidə olan atasından öyrənmiş Əmməxanım yubatmadan - cin özünə gələnə kimi – yavaşca sələvat çevirib pufləyə-pufləyə sancağı sancır cinin bədəninə.

Tutmatora çoxraq bir qıraqda oturub Quran oxuyurdu, əldən vermiş zamanların nigəranidi.

Əmməxanımdan da ürəyi çox çirkin imiş. Hamamda yatdığına görə Əmməxanım ğusl elədiyi çağlarda hirslənib onu garğışlayardı: - Dur! Səni pis günə qalasan… tez ol namazım qəza oldu…

Qaragünlük ancaq Tutmatora doğduğu zamandan bəri başlandı. Uşağın boyu iki kişi qədər uzun, canı isə qıllı idi. Ağzının yaşıl suyu həmişə axmaqda idi, keçəl başı da gözə çarpardı onun.

Tutmatora evin dalında bir beşik qoyub hamıya yalvar-yaxarla, bir az da zor-billahla beşiyin altına süpürgə çəkməməyi tapşırdı.

Qaragünlük o zaman yox, bəlkə də bir az sonra Əmməxanımın qız nəvəsi Tovuz evin arxasında sevgilisini gözlədiyi halda işsizlikdən orada süpürgə çəkdiyi zamandan bəri başlandı.

Hamıdan öncə Tutmatora bildi. Səhərdən ürəyinə qoymuşdular sankı. Cin ölüsünün qoxusu hamam davasının iysiylə qarışıq evin hər yanını bürümüşdü.

Əmməxanım qap-bacanın açmasını təklif etdikdə Tutmatoranın qışqırığını eşitdiyi zaman işin harda olduğunu anladı.

Hamı səsə sarı qaçdı. Evin dalında Tutmatora qəşşi adamlara tay, əl-ayaq çalıb başını yerə çırpa-çırpa ucadan qıçqırırdı. Beşiyin içi zığla dolmuş, kəndın bütün milçəkləri ora qonmuş…

Əmməxanım yeddi dönə Həmd-Sürəni zəfəranla bir qaba yazıb suyla yuyub içdi. Kərbəla torpağından bir ovuc evə səpib daladal dilaltı zikr oxudu.

Tutmatora uç gün heç kəslə danışmayıb boynunda olan işləri yerinə yetirmədi. Əvəzinə o neçə gündə evin dalında oturub zığ yedi səssizcə. Gəyirəndə isə ağzından milçəklər çıxırdı eşiyə. Zığı yeyib qurtarandan sonra ayağa durdu. Yorğun idi, yaralı idi, sancaq sancılmışdı bədəninə.

Getdi ha getdi,

Yetişdi bir arxa.

Oturdu.

Batmış alt paltarını yuyan bir qıza üz tutdu: - “Bu sancağı açsan, istəyini yerinə yetirərəm” - dedi.

Üzü çil-çil qız sancağı açcaq üzünün çilləri getdi.

Tutmatora da getdi çıxdı damın üstünə. Başını bacadan içəri soxub Əmməxanımı səslədi. Əmməxanım zikr oxuya oxuya tələsikcə bacanın altına gəlib, -“Kim sancağı açdı?” - deyə ondan soruşub ayaq oxuduğu sözləri püflədi yan-yörəsinə.

- “Özüm”

- “Lənət sənə, soruşuram kim sancağı açdı?”

- “Onnan işin olmasın… mənim ürəyim sənə yanır, bir belə vaxtı fəqət iş çəkdın mənnən, heç soruşmadın: Tutmatora o dünyadan de, de niyə Hac Nuruş o az yaşiynan bu tezliyə öldü? Ğeyb aləmindən heç zad soruşmadın sən…”

- “Gəl indi de” - Əmməxanım nigəranca gülümsədi.

- “Yox, Cəmğüş məni gözləyir. Bir də işim sənnən qurtarmayıb… uşağımın qanını alacağam.”

Bunu deyib getdi, günün işığı Əmməxanımın gözlərini qamaşdırdı.

II.

Amma Hac Nuruşun nağılı.

Üç arvadı var idi, on üç uşağı. Xan balası və göyçək. Oxuyub yazmaq bacarırdı. Neçə yol alver üçün Bakı və Moskoya getmiş. Rusca bilir, Ruslardan ancaq zəhləsi gedərdi. Tiryək çəksəydi də, kefləndirən içgilərlə arası yox idi. Üç yol həccə getmışdi. Bir sözlə dünya görmüş bir kişi idi özünə görə. Doğum ili düz olsa, bir-iki il o yan-bu yan qırx yaşı olardı.

Cümələr bəylərdən ikisiylə ova çıxardı. O gün günorta namazını qılıb altı nökər, üç bəy çölə gedirlər. Naharı yeyib bir az gözlərinin odunu aldıqdan sonra, güllə atmağı başlayırlar. Bir az sonra, Hac Nuruş kölgəyə oxşar bir zadı Şadullahın atı üstündə görür, dayan deyib maşanı çəkir. Kölgə düşür, məsələ burada hamıya qurtarırsa, Hac Nuruşu amma qızışma basır.

Gecə, öldürdüyu kölgə yuxusuna gəlir, - “Hac Nuruş! Səni bir cin öldürdüyünə görə tayfandan yeddi başını qarğış elədim.” - deyir.

Yeddi gündən sonra Əmməxanim Tutmatoranı tutur və yenə yeddi gün ondan sonra üsyan edən nökərlər Hac Nuruşu asıb qarnını isə yırtırlar. Boğarsaq¬ları yerə dağıldıqdan sonra milçəklər qarnından çıxırlar.

III.

Əmməxanımın üzündə qırmızı uçuqlar çıxıb bütün canına daraşdı. Tükləri töküldü, gözləri batıb, yerinə iki dənə dərin quyu açıldı. Üzünə baxmaq olmayan qədər kifir. Dərisi qabar çaldı, ölü qalan dişləri də çürüdü. Qarnının dərisi mədəsiylə boğarsaqları görünən qədər nazikləşdi. Evi həmişə milçəklərlə doluydu. O qədər nəzr, nıyaz, zikr və Kərbəla torpağı da kar kəsmədı və Əmməxanım qara bir şey oldu qırmızı uçuqlarla ki silis qoxusu bütün kəndi bürümüşdü.

Bir gün səhər çağı daha iy gəlmədi. Milçəklər də kəndi tərk etmişdilər. Dünən gecə yuxusu gəlməyən əttarın oğlu Məmmədəli, gecəyarısı dağın başında bir kölgə görmüşdü neçə anlıq.

Bu-iki nəfərdən başqa Hac Nuruşun ailəsindən dördü də ğeyri-adi şəkildə ölürlər. Əli, Hac Nuruşun yeddinci oğlu suda boğulur, nəvəsi Nəyyirussadat cüzam tutub ölür, üçüncü arvadı Gulara uşaq doğduqda canı çıxır və Nəqibullah nəvəsini də yabançılar öldürürlər.

IV.

Aılənın başqa ölüləri adıcə dünyalarını dəyişir və təkcə mən qalmışam, Əli Nurullahi. Ədəbiyyat öyrəncisi, 25 yaşında, Təbrizdə yaşayıram. Hac Nuruşun kötükcəsiyəm. Həmişə belə kimi nağıllar məni özünə sarı çəkmış. Bunları Saraya söylədikdə deyir heç də olmayan bir iş deyil. O, ruha-zada da inanır və hər zaman metafizikin olub-olmamağından danışdığımızda az qala dava-dalaş duşsun aramızda. Birinin belə kimi şeylərlə şuxluq eləməsinə göylü yoxdu əslən. Əlbəttə əvvəllər belə deyildi, bir-iki ildir belə olub.

Indi orda oturub, -“Arazın başı mənəm, dibinin daşı mənəm, hər yanda qərib olsa, onun yoldaşı mənəm.” - deyə mızıldana mızıldana mənə toxunma toxuyur, iki rəngli. Hərdən başını qaldırıb gülür və yenə toxuyur. Saranı “mən qarğış olanların yeddincisiyəm, indi başıma bir qada-bəla gəlməlidir.” - sözüylə çox rahatca ağlatmaq olar. Gedib yanında otururam. Əlimi boynuna salıb, - “Sara! Necə olar axı? Mən indi gərəh ölmüş olam ba?...” deyirəm.

Narahat olur, gözləri dolur. Qızları incitmək ləzzətli bir işdir.

V.

Tutmatoranı yuxularımda və hətta yazılarımda təsəvvür etməyə çalışıram. Atalarımın yuxularının varisi olduğunu düşünürəm. Eşitdiklərimə görə, boz boyalıdır, ayaqları isə at dırnağına oxşayır. Məxsusi iyi var: (İyi təsəvvür etmək mənim xoşuma gələn işlərdən biridir) kifsəmiş xıyar iysi, yoxsa Mosko gecələri ətiri. Canı çox yumuşaq, muma tay ya içində məhtabi* yanan xəmir kimidir o.

________
*neonlu işıqlandırma


Hələ də nağıllarda olan paradoksları anlaya bilmirəm, məsələn, Tutmatoranı ilk dəfə Hac Nuruş görüb, yoxsa Əmməxanim? Ya Əmməxanımın Tutmatoranı tutmaq haqqında deyilmiş sözlər, dəhlizdə yoxsa həyətdə?...

VI.

Neçə gündür Saraya göz qoymuşam. Onda bir zad dəyişməkdədir elə bil. Hamamda ağlamaqları, rəng-rufunun ağappaq olmağı, hövsələsizliyi və əlbəttə ər-arvadlıq təklifinə göyül verməməzliyi. Uşaq salmaqdandir bəlkə də. “Qadınlar uşaq salandan sonra bir ara depres olarlar” sözünü kitabların birində oxumuşam qabaqlar.

VII.

Sara gedib hamama. Yuyunub çıxandan sonra bəlkə də onunla baş verəcək seksi düşünürəm.

Hamamdan yenə ağlamaq səsi gəlir. Qaragünlük yenə başlayıb. Silis qoxusu burnumu qaşıyır, Tutmatora hamamda ölmüş uşağına ağlayır, indicə anasının gen rəhemindən tupurulmuş, qana bələşmiş, canı yağlı cəninə tay.

Qaytarıram

Bütün atalarımın mirasını qaytarıram.

Milçəklər hamamı doldurur...
XS
SM
MD
LG