Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:46

Niyə biz dirilərdən çox ölülərə hörmət edirik?..


Rövşən Yerfi
Rövşən Yerfi
-

Təsəvvür edin ki, qonşu kəndlərdən olmağımıza baxmayaraq Ələkbər Salahzadənin baş redaktor işlədiyi illərdə bu jurnalda bir hekayəm belə dərc olunmadı.


Rövşən Yerfi


O, ADİLƏRDƏN DEYİLDİ

(Ələkbər Salahzadənin xatirəsinə)


Hələ orta məktəbdə oxuyanda Ələkbər Salahzadəni “Ulduz” jurnalının səhifələrindən tanıyırdım. Heç kimin şeirlərinə bənzəməyən, öyrəşmədiyimiz qeyri-adi, qəribə şeirləri vardı. Bu şeirlərdə sözlərin, səslərin assosiativliyi, obraz zənginliyi istər-istəməz oxucunu heyrətləndirirdi. Şeirdə yenilik yaratması heç də hamı tərəfindən xoş sifətlə qarşılanmırdı.

Bəzi tənqidçilər onu eksperimentçi, formalist adlandırırdılar, bəziləri də gələn əsrin şairi hesab edirdilər.

Altmışıncı illərdə onun sayaq yenilik ardınca axtarış edənlər sonralar yollarından döndülər. Amma Ələkbər Salahzadə öz orjinallığından geri çəkilmədi, yaradıcılığının sonrakı mərhələlərində də şeirlərindəki harmoniya və bütövlüyü qoruyub saxlaya bildi:

Şeirin dərdi çoxdu, deyirlər,
gileyi çoxdu.
yan-yörəsində hərlənən
dəllal, dəlləyi çoxdu...


Şairlə mənim şəxsi tanışlığım da “Ulduz” jurnalının redaksiyasında oldu. Sadə, təmkinli, azdanışan, təvözökar, özü haqqında danışmağı sevməyən bir insandır Ələkbər müəllim. Ömrünün on beş ilini “Ulduz” jurnalına sərf edən şair orada üç il poeziya şöbəsinin müdiri, on iki il – 1992-ci ildən 2004-cü ilədək baş redaktor işləmişdir. O, bu günümüzədək jurnalda işləmiş baş redaktorlar arasında ən uzun müddət işləyənidir. Bu nailiyyəti ona görə əldə edə bilmışdir ki, Ələkbər müəllim “Ulduz”da işinin dəyərini bilən, məsuliyyətli bir rəhbər olmuşdu. Redaktor olduğu müddət ərzində kiminsə səlahiyyətindən istifadə edib jurnalı gözdən salan, səviyyəsini endirən yazıların dərc etdirməsinə imkan verməzdi.

Təsəvvür edin ki, qonşu kəndlərdən olmağımıza baxmayaraq onun işlədiyi illərdə bu jurnalda bir hekayəm belə dərc olunmadı. Bir-neçə dəfə cəhd etsəm də, Ələkbər müəllim hər dəfə daha yaxşı yazmağım üçün klassik yazıçıları çoxlu-çoxlu oxumağımı tövsiyyə edərək məni yola salmışdı. Cəmi bircə dəfə mərhum müavini Allahverdi Məmmədlinin təşəbbüsü ilə kəndimizin şəhidləri haqqındakı xatirə yazımı çap eləmişdi. Yəni Ələkbər müəllim işinə bu dərəcədə tələbkar, məsul redaktor idi.
Ələkbər Salahzadə
Ələkbər Salahzadə

Ələkbər Salahzadənin bənzərsizliyindən biri də şöhrətdən, təbliğ olunmaqdan qaçmağı idi. Sevməzdi efirə, ekrana can atsın, özünü gözə soxsun, göstərsin... Hətta bu insan haqqında internetdə axtarış etsəydin son vaxtlaradək şəklini də asan tapa bilməzdin.

Gəl ki, altmışıncı illərin ən fəal şairlərindən biri kimi onun adını Azərbaycan ədəbiyyatına dair bütün məqalələrdə, kitablarda görmək mümkündür. O, imzasını həmin dövrün ədəbiyyat tarixinə həkk etmiş görkəmli yaradıcılardan biri hesab olunur.

Şimşək kimi
Sıyrılır
bir alqışdan
Koroğlunun qılıncı!
Bir ürəyin qanından,
bir əlin torpağından
qalxır
titrək bir çubuq-
dirijor çubuğu..


Əsasən lirik janrda şeir və poemalar yazan şair həm də çoxlu radiopyeslər və iyirmidən artıq uşaq nağıllarının da müəllifidir. Yüzdən çox essesi və məqaləsi, onlarla bədii tərcümə nümunələri nəşr edilib. “Kölgədən qorxan” (1983), “Yayın qış gecələri” (1985), “Nağaraçı naxırçı” (1987) pyesləri Şəki, Sumqayıt və Ağdam Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuşdur. Bir çox əsərləri xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Sovet dövründə altı kitabı nəşr edilən Ələkbər müəllimin son iyirmi ildə cəmisi iki şeir toplusu – 1995-ci ildə “Yanıltmaclı əlifba” və on iki illik fasilədən sonra 2007-ci ildə “Vaxt vadisi” çap olunub.

Hədsiz tövəzökarlığının və ədəbi ictimaiyyətin ona diqqətsizliyinin nəticəsi idi ki, bir neçə dost məqaləsini nəzərə almasaq 70 illik yubileyini “səs-küysüz” qeyd etdi:

Böyüdük,
böyüdük nə boyda qaldıq?!
Ta bu, böyümək olmadı,
yaşa dolmaq oldu.
Yaş boya kömək olmadı,
ta bu, boy atmaq yox,
yaşla yaşadılmaq oldu!


Nə yaxşı ki, 2005-ci ildə fəxri adların verilməsi üçün təqdim olunan siyahıda onun adına dəymədilər, layiq olduğu “əməkdar incəsənət xadimi” fəxri adını ona çox görmədilər.

Ələkbər Salahzadənin vəfatından sonra bir çox saytlar, sağ olsunlar, haqqında məqalələr verdilər, poeması, şeirləri dərc edildi. İki il əvvəl də bu saytlar var idi və şairin 70 illiyində bir cümlə də olsa haqqında yazmamışdılar... Niyə biz diriləri sevmirik, dirilərdən çox ölülərə hörmət edirik...?

Bəli, o, adilərdən deyildi. Əməkdar incənət xadimi, Rəsul Rza adına mükafat laureatı (2002), 2004-cü ildən “Qobustan” jurnalının baş redaktoru olan Ələkbər Salahzadə 72 illik ömründə laqeydliyə görə kimsədən inciməyən, heç nə ummayan, iddiasız, bənzərsiz şair, tərcüməçi idi. Allah rəhmət etsin, ruhu şad olsun...
XS
SM
MD
LG