Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:18

Günel Mövlud. Kafka dövrünün Nigar Köçərlisi və Qaraqanı


Günel Mövlud
Günel Mövlud
-

Ədəbi tənqidçilərdən xahiş eləyirəm, mümkünsə, Kafka dövrünün «Qaraqan»ını müəyyən eləsinlər. Görək, Kafka öz əzablarından yazanda, o qardaş nə yazıb ki, satılıb…


Günel Mövlud


KAFKA DÖVRÜNÜN NİGAR KÖÇƏRLİSİ

və Kafka dövrünün Qaraqanı


F. Kafkanın xatirələrindən: «Bu gün kitab dükanına baş çəkdim. Cəmi on kitabım satılmışdı. Sevindim. Düzdü, doqquzunu özüm almışdım, amma sevinirdim ki, birini başqa kimsə alıb….»

Əslində, mən bu mövzu barədə danışmaq istəmirdim. Amma məsələ çox uzandı. Bir yazıçı ilə bir kitab dükanı sahibi verilişə çıxdı. Kitab dükanı sahibi yazıçıya dedi ki, siz yaza bilmirsiniz. Sonra da aləm dəydi bir-birinə. Şərif Ağayar da uzatdı söhbəti, Nigar Köçərli də , hələ üstəlik, Şahbaz Xuduoğlu da. İşin sevindirici tərəfi odur ki, müzakirə olunan kitabdır, yazıçıdır, əsərdir. Hansı səviyyədə, hansı müstəvidə davam etməyindən asılı olmayaraq, hər halda, kitabın, yazarın müzakirə olunması Nadir Qafarzadənin “xolodilnik”inin müzakirə olunmağından yaxşıdır.

Amma ortada bir sual açıq qaldı və günlərlə hamı o suala cavab verməyə çalışdı. Sual isə təxmini belə idi, Qazan xan demişkən, igidlər, Nigar xanım doğrumu söylədi? Yazarın kitabı satılmırsa, o, pis yazardımı?

Nigar xanımı bu baxımdan qınamaq lazım deyil ki, o, kitab dükanı sahibidir. Onun işi satmaqdır. O, kitaba, yazara doğrudan da piştaxta arxasından baxmalıdır. Çünki onun yeri sözün məcazi mənasında piştaxta arxasıdır. Bu piştaxtadan o, hansı yazarın kitabın sata bilirsə, o yazar yaxşıdır. Nigar xanım tacirdir. Kitab onun üçün məhsuldur, maldır. Satılırsa, demək yaxşıdır. Satılmırsa, deməli pisdir. O, tacir kimi danışmaqda haqlıdır.
Franz Kafka
Franz Kafka

Bəli, biz də bu arqumentin qarşısında boynubüküyük. Axı biz nə edək ki, hərəmizin səhifəmizin 4-5 min izləyicisi olduğu halda, kitablarımızı min nəfər almır? Biz nə edək ki, sosial şəbəkələrdə bizimlə dost olan, tərif yağdıran, müzakirələr açan, ağıl öyrədən adamlar kitab almaq istəmir? Nə edək ki, Qaraqanın, Elxan Elatlının, Varisin oxusu bizim oxucularımızdan daha səmimidir. Bəli, səmimidir, çünki o oxucu sevdiyi yazarın kitabını alır, oxuyur.

Amma bir yazara «siz də Qaraqan kimi yazın» demək sadəcə ayıbdır. «Siz yaza bilmirsiniz» demək ayıbdır. «Kitabın satılmırsa, demək, yaxşı kitab deyil» demək, ayıbdır. Ən azından, ona görə ki, Şərif Ağayar heç vaxt Nigar Köçərliyə «Siz pis ticarətçisiniz, pis menecersiniz, pis kitab dükanı sahibisiniz, siz kitab sata bilmirsiniz, siz də filan kitab dükanı kimi satın!» deməzdi. Mən də deməzdim. Seymur da deməzdi. Heç bir yazıçı deməzdi. Çünki yazıçı menecer deyil. Ticarəti bilmir. Bu işi bilmir. Və yazar bilmədiyi işin peşəkarına «sən naşısan», «bacarmırsan» deməz. Və yazıçı ticarəti bilmədiyi üçün, bu işin peşəkarına «sən naşısan», «bacarmırsan» deməyi etik saymadığı kimi, kitab dükanı sahibi, menecer də bilmədiyi, peşəkarı olmadığı sahənin adamına «sən naşısan», «yaza bilmirsən» deməyi də etik saymamalıdı.

Yuxarıda Frans Kafkadan sitat gətirdim. Doğrudan, çox acınacaqlıdı. Əsərləri dünyanın az qala bütün dillərinə çevrilmiş, milyon tirajlarla satılan, Qoldşteyndən tutmuş Afaq Məsuduna qədər ağırçəkili yazarların sitatlar gətirdiyi, adını eşidəndə rusdilli qlamurların da məst olduqları bir yazarın sağlığında kitablarının satılmaması çox təsirli, acınacaqlı, kədərlidir. Yəqin ki, Kafka dövrünün də Nigar Köçərlisi olub və ona deyib ki, «Frans, sən yaza bilmirsən». «Frans, gülməli şeylər danışma, sən də Qaraqan kimi yaz». «Frans, gəl kitablarına yiyə dur, satılmır».

Ədəbi tənqidçilərdən xahiş eləyirəm, mümkünsə, Kafka dövrünün «Qaraqan»ını müəyyən eləsinlər. Görək, Kafka öz əzablarından yazanda, o qardaş nə yazıb ki, satılıb…
XS
SM
MD
LG