Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:57

Ha çalışsa da, dünyaya kənardan baxmağı bacarmır


Mətanət Vahid
Mətanət Vahid
-

“Ölü mətn” bir növ, insanlar arasında sevgi və bağlılığın yox olduğu ekzistensial cəmiyyətdə öz içinə qapanıb ətrafından təcrid olunmuş insanın yenidən “həyata qaytarılması”na cəhddir. Lakin yalnız cəhd...


Tənqidçi Mətanət Vahid bu məqaləsi ilə yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Mətanət Vahid


“DİRİLƏ BİLMƏYƏN” MƏTN


Müasir dövrdə oxucuya təqdim olunan nəsr nümunələri əksərən elə ilk epizodlardanca oxucunun çözdüyü, necə deyərlər, mabədinə vardığı asan, üzdə olan mətnlərdir.

Ədəbi hazırlıqlı oxucu isə rahatlıqla “həzm olunan” mətnləri sevmir, oxuduqca düşünmək, düşündükcə sözün ən ciddi mənasında “əylənmək” istəyir.

Orxan Fikrətoğlunun çoxplanlı “Ölü mətn” romanı bu baxımdan əsl tapıntıdır. Amma məsələ burasındadır ki, kitab işıq üzü görən kimi müəllif bir neçə müsahibə verib, romanın adının mənasından tutmuş, strukturuna, məna qatlarına, ideyasına qədər bir çox mətləblərə aydınlıq gətirib.

U. Eko “Şöhrətli əsr” essesinin “Kitablar haqqında” bölməsində yenicə çapdan çıxan mətn haqqında müəllifin müsahibə verməsini, yumşaq desək, cəfəngiyyat adlandırır. Doğrusu, bu fikirlə razılaşmamaq olmur. Çünki müəllif əsəri yazıb bitirdiyi andan mətn oxucuya məxsus olmalıdır və haqqında bütün yanlış və doğru qənaətlərə peşəkar, yaxud qeyri-peşəkarlığından asılı olmayaraq, oxucu gəlməlidir. Müəllifin mətnin məzmunu, ideyası ilə bağlı oxucuya açıqlama, yaxud izah vermək, mətni şərh etmək kimi bir vəzifəsi, borcu yoxdur.

Realizmlə fantastikanın, modernizmlə postmodernizmin bir araya gəldiyi “Ölü mətn” konkret bir üslubda meydana çıxmır, bütün bu miksin nəticəsi olaraq yaranan mətni isə müəllif özü “post sufi janr”da yazılmış roman adlandırır.

Kitabın annotasiyasında yazılır: “Roman post sufi janrına aid ilk romandır.” Mətnin janrı romandırsa, post-sufi olması sadəcə onun üslubu, bədii təcəssüm üsulu hesab olan bilər, onu “post sufi janr” adlandırmaq doğru deyil.

Klassika və modernizmi həm təsdiq, həm də inkar edən postmodernizm kimi, “Ölü mətn”in meydana çıxdığı “post-sufi” üslub da klassik sufizmə münasibətdə təsdiqləyici və inkaredici mövqedə dayanır; orta əsrlərə məxsus klassik sufizm düşüncəsi müasir mətnə tətbiq olunaraq başqa bir şəkildə doğrulur.

“Ölü mətn” bir növ, insanlar arasında sevgi və bağlılığın yox olduğu ekzistensial cəmiyyətdə öz içinə qapanıb ətrafından təcrid olunmuş insanın yenidən “həyata qaytarılması”na cəhddir. Lakin yalnız cəhd. Çünki bu mətnin qəhrəmanı da ha çalışsa da, öz içindən çıxıb dünyaya kənardan baxmağı bacarmır; mətnin həm müəllifi, həm də iştirakçısı olsa da, nəticə etibarilə, bütün çabası yenə də özünə çatmaqdır.

Azərbaycan poeziyasında bir sıra müəlliflərin yaradıcılığında ardıcıl olaraq, sufilik öz əksini tapsa da, nəsr haqqında bunu deyə bilmirik. Bəzi nəsr əsərlərində adda-budda sufizmə işarələr olsa da, tamamilə sufiliyə aid olan mətnlər, demək olar ki, meydana gəlmir.

Elə Orxan Fikrətoğlunun da romanının tamamən sufi rəmzləri üzərində qurulduğunu demək olmaz. Bununla belə, “Ölü mətn”ə çoxqatlılıq, simvoliklik xasdır, hər bir hekayədə işarələr sistemi öz əksini tapır. Mətnin üçüncü səhifədən başlanması, insanların yaşayarkən deyil, ölərkən bir-birinə bənzərliyi, “Şəcərəsi Adəmə qədər uzanan sufi şeyxi”nin dərgahında yaşananlar, onun ustada “verdiyi” səssiz, sözsüz cavabları, “Əsas odur ki, ölümə diri gedə biləsən” kimi fikirlər və bir xeyli bu kimi elementlər mətni sufi həqiqətlərinə yaxınlaşdırır.

“Ölü mətn”in papirus kağızında əski əlifba ilə yazılması müəllifin ədəbiyyatı başlanğıca, milli kimliyə, dəyərlərimizə bağlamaq arzusunun ifadəsidir. “Ölü mətn” mövcud olmayan, anlaşılmayan, dərk olunmayan mətndir. Onu yalnız sufi dərk edir. Yəni bu mətni yalnız sufiyanə biliklərə ərməklə anlamaq olar.

Romanın mətni boyu maraqlı bir oyun qurulur: öncə hekayələr oxucuya romanın içindəki “Ölü mətn”in tərkib hissələri kimi təqdim edilsə də, sonda məlum olur ki, bunlar ustadın oxumağa çalışdığı mətndə yaşananlar deyil, bizim oxuduğumuz mətndə baş verənlərdir.

Romanda zahirən heç bir bağlılığı olmayan hekayələr biri digərinin başlanğıcı rolunu oynayaraq bir-birini tamamlayır; buradakı hər bir hekayə növbəti hekayənin “bətnində” mövcuddur. Biri digərindən başlayan mətnlər ədəbi labirint yaradır, oxucunu öz içərisinə çəkir. Təbii ki, yazı texnikasından, ədəbi oyunlardan, “izm”lərdən xəbərdar olmayan oxucu üçün bu roman kifayət qədər ağır mətn təəssüratı yarada bilər. Lakin müəllif əsərin qayəsinin, məqsəd və məramının anlaşılmasının “qeydinə qalaraq” dəfələrlə publisiistik dillə dil, əlifba, onun insan və cəmiyyətin həyatında, şüurunda oynadığı əhəmiyyətli rol haqqında geniş fikirlərini sərgiləyir.

Psixoloji, dramatik planda yazılmış mətn boyunca həmçinin əsərin adını doğruldan fikirlərə rast gəlmək mümkündür. Roman hər cümləsi ilə oxucuya təlqin edir ki, “ölü mətn” kimi mövcud olmamaq üçün keçmişinə, ilkin enerjiyə bağlı olmaq, ondan qopmamaq lazımdır. “Bir yerin ki göylə, qeyblə əlaqəsi itib, yoxdur, o yerdə heç vaxt ədalət olmaz.”

Ən böyük həqiqət isə qətlə yetirilmiş dustaqların qəbri üzərində ağac əkən qoca ilə danışarkən yenə ustadın dilindən səsləndirilir: “Belə yazıqlıqla, acizliklə daha yaşamaq olmaz. Birdəfəlik bunu anla. Ölənlərə xatirə abidəsi qoymaq zəiflərin işidir. Biz ancaq güc olanda tanınacağıq. Hələlik biz ölü mətnik. Oxunmuruq. Görünmürük. Yoxuq.”

“Ölü mətn” müəllifini narahat edən ciddi və əhəmiyyətli məsələlər kitabın səhifələrində romanlaşır: ədəbi-bədii, fəlsəfi düşüncəsi etibarilə dünəni bu günündən xeyli zəngin olan toplumun keçmişi unutmağa haqqı yoxdur. Onu xatırlamaq üçünsə yetərincə öyrənmək, dərk etmək, duymaq lazımdır.

Unudulmuşları şüurlarda bərpa etmək bu gün demək olar ki, mümkünsüzdür. Çünki qısa bir zaman kəsiyində dəfələrlə əlifbası dəyişdirilmiş xalq öz keşmiş mədəniyyətindən, ədəbiyyatından bu vasitə ilə qoparılıb. Əski əlifba ilə yazılan mətnlər bu gün də yavaş-yavaş transliterasiya edilməkdədirsə belə, yeni əlifbaya köçürülən köhnə mətnlər əvvəlki enerjisini daşıya bilmir.

Elə roman da bu fikri vurğulayır: “...Əlifba təmasdır. Düşüncəndə nə varsa, ancaq bu hərflərin yanaşı durmasından sonra insanlara aydın olur. ...Mən əski əlifbanı bilmirəm. “Ölü mətn”i yazmış oğlan əski əlifbanı yenidən xatırlamaqla mənə yeni və naməlum bir düşüncə sistemini təklif edir. İçində minlərlə gəlinmiş nəticələr ölmüş, bitkin fikirlər basdırılmış o əski əlifba sistemi bir vaxt dünyaya deyilən sözlər, qənaətlərdir. Mən o sözləri, fikirləri xatırlamıram...”

Yəni daşıdığı enerjidən məhrum olan sözlər, mətnlər yalnız o mətnin skeletidir, ruhu deyil, o üzdən ölüdür.

Ölü mətn kimi mövcud olmaq yaddaşı, kimliyi məhv edilmiş bir xalqın taleyidir. Əsərin cilddən cildə düşən qəhrəmanı milli kimliyi zorlanan, dilinə təzyiqlər olunan, əlifbası dəyişdirilən, inancına zərbələr endirilən Azərbaycan vətəndaşıdır. Onun mətn boyu yaşamaq uğrunda bütün çabaları mənən sağ qalmaq, var olmaq uğrunda mübarizəsidir. Roman tarixilik kontekstində də maraq doğurur. Ustad bütöv bir milləti, xalqı təmsil edən bir nəslin – babası, atası və özünün bir əsrlik taleyini fraqmental hekayələrdə yaşayır.

Roman boyu ustadın ədəbiyyatla bağlı fikirlərilə tanış olduqca bu gün həqiqi ədəbiyyat nümunələrinin yaranmadığından narahat olduğuna, insanların ruhi çaşqınlıq vəziyyətində olmasını nəinki yaxşı, ümumiyyətlə ədəbi nümunələrin yaranmadığı ilə bağladığına şahid oluruq:

“Bu gün bədii mətn yaranmadığından insan ruhu çaşqındır. Olanları anlamır. Yeniləşmir.” Bağdakı meynələrin, onlar arsında qalıb yaydan bəri dərilməmiş, içi çürüsə də, qabığı təzə-tər qalan qarpızın təsvirini verərkən düşünür: “Bu kiçik detalların hamısında bir ədəbi nəsə var.” Və bir şeyi özü üçün müəyyənləşdirir: “Amma bu nəsə hələ ədəbiyyat deyil. Elə-belə, gördüklərinə məna verməkdir. Görüntüdür.”

Bu məqamda sual yaranır: Orxan Fikrətoğlunun da romanı bu vaxta kimi yazılmış yüzlərlə ölü doğulan mətnlərə qarışır, yoxsa bambaşqa bir enerji ilə meydana çıxır?

Bir-birinin ardınca yaranan xeyli sayda digər romanlardan nə ilə fərqlənir? Yazı texnikasını bir kənara qoyub sadəcə onun ideyası haqqında fikir yürütsək, müəllif bu romanla oxucusuna ünvanlamaq istədiyi mesajı çatdırmağı bacarıbmı?

Bir əsrlik dönəm boyunca taleyinə ölü mətn olmaq yazılan xalqın “dirilməsi”, dirçəlməsi, ruhu, enerjisi olan mətn kimi mövcud olması üçün müəllifin göstərdiyi yol nədən ibarətdir?

Bu yazıda qəsdən “Ölü mətn”dəki sufi simvolikasını açıqlamaqdan, müəllifin nəyi yazdığını şərh etməkdən qaçındım. Bunlar hər oxucunun özünün dərk etməli olduğu mətləblərdir. Əgər müəllifin nəyi yazdığını deyil, necə yazdığını araşdırırıqsa, onda baxaq görək mətn annotasiyada əks olunan mətləbləri doğrulda bilirmi:

“Müəllifin bu romanda zamana və dünyaya təklif etdiyi xilas ideyası – Sufi sevgisidir” fikri mətnin özündə nə dərəcədə reallaşıb?

Fikrimcə, “Ölü mətn”də oxucuya təqdim edilən bu “xilas ideyası” mətndə yetərincə əyaniləşmir. Ona görə biz bu haqda yalnız annotasiyada oxumalı oluruq.
XS
SM
MD
LG