Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:54

Rasim Qaracanın romanında alçaqlar...


İradə Musayeva
İradə Musayeva
-

“On bir gecə” əsərində “Savaş günlərində eşq hekayələri - Qarabağ Dekameronu” işarəsinin “səmimiliyinə” inanmayın...


Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Rasim Qaracanın “On bir gecə” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Iradə Musayeva


ARXA CƏBHƏDƏ KÖNÜLSÜZLÜK SİNDROMU

və ya Qarabağ könüllüləri…



Postmodernizm ədəbi anlamda hələ də öz nəzəri və praktik həllini tapa bilmir. 15 ildir bununla bağlı eksperimentlər eksperiment olaraq qalır…

Hələ də postmodernizmə yeni düşüncə və yeni həyat tərzi ekvivalenti kimi baxanlar var. Əslində isə baxışın hormoniyalı və nizamlı nəzər istiqamətini qəsdən hədəfdən yayındırmaq, əks çıxmaq, çarpazlıq və xaos yaratmaq bu düşüncənin mayasındadır.

İddialı, təəccüblü, sensasyon assossiasiyalı jestlər və yanaşmalarla sanki - “ hamı nə deyir bilmirəm, mən bu başdan onun əksini deyirəm”- kimi girişlə mətnə daxil olan müəlliflər israrla sübut etməyə çalışır ki, dünya və ya konkret olaraq haqqında söz açılan hansısa obyekt, hadisə düşündüyünüz kimi deyil, əsl sifət, sima, mahiyyət başqadır.

O “başqa”nın isə özəlliklərinə, incəliklərinə varılmadan təqdimatı asan, yüngül dil və təsvirlərlə başa gəlir. Özü də daha çox yaxşı yox, çox pis bir “başqa” olduğu vurğulanır...

R.Qaracanın “On bir gecə” əsərində “Savaş günlərində eşq hekayələri - Qarabağ Dekameronu” işarəsinin “səmimiliyinə” inanmayın...

“İlk eşq hekayələri”, “Qarabağ”, “Savaş günləri” və s bu kimi müqəddəs, daha çox fiziki-bioloji yox, ruhi – ilahi məqam nişanəsi kimi görünən kəlmələr (bəzəkli, şüarlı pərdə) arxasında əslində çirkli, ürəkbulandırıcı, miskin, qorxaq və aciz bir yığının, toplumun tiplərindən bəhs olunur.

İstehzalı “ilk eşq” hekayələrində qadın-kişi arasındakı məhəbbət adlı münasibət klassik anlamından çıxıb heyvani-şəhvani hisslərin təcəssümü obrazında bədiiləşir.

Hətta “Vətən yolunda canını vermiş bütün oğul və qızlarımızın xatirəsinə həsr olunur” cümləsində də bir istehza duyulur...

“İndi onların heç biri həyatda yoxdur. Yalnız mən sağ qalmışam, əlil arabasına məhkum bir həyat yaşayıram. Qanlı döyüşə girəcəyimiz günə qədər, döyüş dostlarımın danışdığı hekayətləri yaddaşımda canlandırıb yazmağı qərara almışam. Nəyə görəsə bu hekayətlərin silinib getməsini istəmirəm. Bu əhvalatlar yaşadıqca dostlarım da yaşayacaq, mənə belə gəlir...”

Əlil arabasındakı Qarabağ qəhrəmanı Qarabağ şəhidlərinin öyrəşdiyimiz patetik, irreal təsvirindən, igidliyindən yox, vətən sevgisindən yox, ilk yataq macəralarından danışacaq, onların xatirəsinin əbədiləşməsini qeyri-əxlaqi, qeyri-etik, qeyri-estetik mənzərələr fonunda reallaşdıracaq.

Bu mənzərələrdə gözəl qızlar, gözəl oğlanlar, arasında gül ləçəyi olan məktublar, yuxusuz gecələr, müqəddəs andlarla bir-birinə “tikilmiş” cütlüklər yoxdur. Çirkli, yoxsul, avam, fitnə-fəsadlı həyati məqamlardakı uğursuz ilk yataqların acı və kədərli xatirəsi var... Qarabağ şəhidlərini yaşadacaq xatirələr...

İlk təsirdə vaxtilə az qala bütün millətin oxuduğu S.Qədirzadənin “46 bənövşə”sini, Ə.Hacızadənin “İtkin gəlin”ini və elə “Dekameron”un özünü xatırladan bu əsərdə əslində hər şey tam başqadır. Sadə, primitiv görünən hekayələr sadə iyrənclikləri mürəkkəb və düşündürücü situasiyada anlamaq həddinə gətirə bilir.

Təsadüfi və daha çox birdəfəlik görüşlərdən ibarət olan “ilk eşq”lərin hər birində ən azı bir pis qoxulu, üfunətli, ürəkbulandırıcı unudulmaz məqam var: “Bir dəqiqədən sonra artıq biz yataqda qucaqlaşmışdıq. Öpüşməyə başladıq. Yalnız indi hiss etdim, Nəzakətin ağzından dəhşətli iy gəlirdi, buna dözmək mümkün deyildi. Özü bunun fərqindəydimi, bilmirəm”. Bu misal Çingizin “Sarışın, bəyaz tənli bir qadındı..” hekayəsindəndi.

Samirin “Gecəyarı rəqqasəsi” hekayəsində də “səfehcəsinə bitən ilk sevgi təcrübəsi”ndən - narsatan oğlanla “anormal” Lyubanın anti-estetik macərasından bəhs olunur.

Kamilin “Gənclikdə belə səhvlər olur” –söhbətindəki oğlanlar da qorxaq, fərsiz, sevgi ilə heyvani instikti qarışdıran “qəhrəmanlar”dır. Gülşən və Xəyalə əxlaqı, Məzahir əmi – Bəsti xala cahilliyi, Seva – Kamil simasızlığı sadə, məişət üslubundakı səliqəsiz və “pinti” dillə ifadə olunur.

Buradakı “ilk eşq” küçədə qızlara “söz atmaq”la baş tutur. Kamillə Firiş qızları ələ keçirən kimi bəxtə-bəxt bölüşürlər: “Mənim payıma Xəyalə düşmüşdü, ancaq şənlənmək bir yana qalsın , onunla heç danışa da bilmirdim. Birlikdə yelləncəyə getdik. Yanaşı oturub fırlanmağa başladıq. Sürət artdıqca qışqırıb əlimdən tutdu, mən də ona bərk-bərk sarıldım. Yelləncək aramızdakı utancaqlıq pərdəsini qaldırdı, hər ikimiz sanki sərxoş olmuşduq, ayaq üstə güclə dayanırdıq. Aşağı enib dostlarımızın yanına qayıtdıq, ancaq paltarları qumun üstündə qalmış, özlərisə harasa getmişdilər. Əncir ağaclarının olduğu tərəfə baxdıq.. Qəlbimdə dəhşətli bir həyəcan vardı. Nitqim batmış kimiydi. Qızın əlindən tutub əncirliyə tərəf yönəldim. Kiçik təpəciklər insanları görünməz edəndə Xəyaləni qucaqlayıb qumun üstünə yıxdım. Xəyalə müqavimət göstərirdi, ancaq bu müqaviməti qırmaq çox asan idi, yox deyirdi, ancaq buna baxmayaraq dəlicəsinə öpüşürdü, üzümü yalayıb təmamən tüpürcəyə bulaşdırmışdı”.
Rasim Qaraca
Rasim Qaraca

Diqqət yetirdinizsə anti-məkan təsvirləri, dəniz sahili, yoxsa əncirlik? (əncirlik adlı bir yerdə olmusunuzmu? Oksigeni alıb korbon buraxan əncir ağaclarının meşəsində?) Hələ təpəciklər, yelləncək-yoxsa karusel? Anlayışlar qarışıb.(sevgi ilə şəhvətin, döyüş səngəri ilə məcburi sürgün (əsgərlik) yerinin sərhəddi itib. Öpmək yoxsa “tüpürcək selinə qərq etmək” və s. Oğlanların bu əyləncəsindən sonra Seva adında bir qadın, Şamil adında oğlan və Sevanın əri kimi təqdim olunan kişi qızların yiyəsi kimi peyda olur və Firişin valideynlərindən xeyli pul-para alır. Sonda isə məlum olur ki: “Sən demə nə Şamil onun oğluymuş, nə də yanında gələn kişi əriymiş. Pul qopartmaqdan ötrü bir oyundu vəssəlam”.

Növbəti Qarabağ döyüşçüsü Rövşənin əhvalatı ( “Poxludərədə öpüşmə”) romanın kulminasiya nöqtəsinin başlanğıcı ola bilər, süjetə - hadisələrin inkişaf dinamikasına görə yox, “anti”lərin, kontrastların, rənglərin şiddətləndiyinə, tündləşdiyinə görə...

Bu “eşq” də fiziki təmasdan (basabas avtobusda bir-birinə toxunmaqdan) başlayır. “Onunla ilk tanışlığım... 4 nömrəli marşrut avtobusunda ... Heç bilmirəm necə danışım bunları.. Təsəvvür edin, avtobusda ayaq üstə durmuşam, qarşımda fırfıra kimi fırlanan, tez-tez dönüb mənə baxan bir qız dayanıb”.

Bütün hekayələrdə olduğu kimi burda da “aşiq” oğlan saf, məsum və etiraf məqamında təqdim olunur. Hətta müəllifin kitabın əvvəlində “vətən yolunda canını vermiş”lər siyahısına saldığı Rövşən “Məni buraya- bu ölüm düşərgəsinə gətirən də Əfsanənin ahları oldu, bilirəm” - etirafında “döyüş, qəhrəmanlıq meydanı “ yox, qarğışlara tuş gəlmiş zavallının məcburi “ölüm düşərgəsi” adlandırdığı məkanın xarakteri, siması açılır:

“İndi müharibəyə gəldiyim gündən bəri bütün sevgilərimi yadıma salıb əzab içində qovruluram, hər biri üçün ağlayıb allahdan bağışlanmağımı diləyirəm. Axıtdığım göz yaşlarını hər gecə geri ödəyirəm. Cəzalı olduğumu bilirəm, qardaşlar, peşmançılıq məni yandırıb –yaxır...”

Əfsanədən əvvəlki “sevgi” nin tarixi də maraqlıdı:

“Məktəbdə karnaval vardı. Deyəsən yeni il bayramıydı. Rus və Azərbaycan bölməsinin uşaqları sıra ilə düzülərək göstərilən proqramı izləyirdilər... Təşkilati işə nəzarət edən Allahverdi müəllim tez –tez meydanı genişlətməkdən ötrü əlində çubuq tamaşaçıları geri çəkilməyə məcbur edirdi. 10-cu sinifdə oxuyan qızlardan biri hər dəfə geri çəkilərkən arxasıyla mənə toxunurdu... Gülyaza olan sevgim birdən- birə çox dərin nifrətə çevrildi, artıq onu görməyə gözüm yox idi”.

Allahverdi müəllimin çubuğunun təzyiqindən yaranan “ilk eşq” başa çatandan sonra sevginin ünvanı dəyişir. Yeni məhəbbət macərasının dövr və cövr elədyi məkan :

“Neft mədənlərinin arasında tikilmiş bu evlərin kənarlarında çoxlu mazut gölməçələri var. Gölməçələrdən birinin kənarında uşaqlar toplaşıb çığır-bağır salaraq oyun oynayırdılar. .. Havalar o qədər də istiləşmədiyinə görə gölməçədəki mazut hələ uşaqların ağırlığını saxlayacaq qədər qatıdır. İçərilərindən ən cəsarətlisi irəli çıxıb mazutun üzəriylə qaçaraq qarşı tərəfə keçir, qışqırıq səsləri aləmi bürüyür.. Sonra ikinci uşaq cəsarətlənir, yenə qışqırıq səsləri havaya yüksəlir. Mazut gölməçəsinin sərtləşmiş üz təbəqəsi onların ayaqlarının altında ləngər vurur, dalğalanır, ancaq uşaqlara heç bir şey olmur. Dayanıb onlara tamaşa edirəm, arabir Əfsanəgilin darvazasına baxıram... Yolun sağ tərəfi evlər, sol tərəfi isə zibilxana idi. Yandırılmış tullantılardan qalxan tüstü burumları buranın hərzamankı mənzərəsi idi. Öküz gözlərini qırmızı parçaya tutan kimi, mən də heç nğyi vecimə almadan, gözümü göy qapıya tutub gedirdim”...

Burada C.Məmmədquluzadə üslubu - gözəl, ürəkaçan təsvir, təqdimat intonasiyası, ahəngi ilə eybəcərlik və kəskin tənqidi ruh aşılayan mahiyyətin təsviri aydınca özünü göstərir. Daha sonra həmin mazut bataqlığında bir inəyin batma, xilasolma və kəsilmə prosesi yenə həmin ironik çalarlarla təsvir edilir. Bütün bu “gözəlliklər” avtobus əhvalatının yaratdığı sevgi obyektinin - Əfsanə adlı qızın evlərinin qarşısında baş verir. Bu hekayənin sonu da “qəhrəmanlıq”la bitir... Əfsanəgilin həyətinə soxulub onunla görüşdüyünə görə sevgilisinin küçəsindəcə döyülən, qorxudulan oğlan bir daha o həndəvərə hərlənmir... Və bu qəhrəmanlar sabah Qarabağ uğrunda ölüm-dirim savaşına qalxacaq - “Sabah, on birinci gecənin tamamında, hava işıqlanmadan mühasirəni yarmaqdan ötrü döyüşə atılacaqdıq. Qərarımız beləydi; ya ölüm, ya qalım”. İnandınızmı?..

Növbəti hekayələrdə də eybəcərliklər davam edir.. “Yol azmış iki nəfər”də Fəxri ilə Zeynəbin xarabalıqda tüstüsü istisindən çox olan (az qala hər detalda mənfilik və uğursuzluq) ocaq qalayırlar. Rurda da sanki “ mazuta batan uşaqlar və inək “ lövhəsi təzələnir. Xarabalıqda “eşqə dalan” cavanlar el arasında qədim türkəçarə üsulu kimi istifadə olunan “dəriyə salmaq” əməliyyatının şahidi olurlar. Qoca xəstə bir qadını övladları qışqırda-qışqırda dəriyə doğru sürüyürlər:

“Yaşlı qadını təzə soyulmuş buxarlanan qanlı dana dərisiylə büsbütün bürüdülər. Qadın əl-qol atır, çığırır, səsi sanki quyunun dibindən gəlirdi. Ancaq buna baxan yox idi. Əksinə dərini üstündən atmasın deyə hər tərəfdən əlləriylə basdırırdılar”.

Bayaq mazutun içində xilas üçün çabalayan inək, insanların ona köməyi, canını qara bataqlıqdan xilas etməmiş əli bıçaqlı,əli qanlı insanlara tuş gələn zavallı inəklə övladlarının heysiz qarını çığırda –çığırda dəriyə basması vəhşiliyi xaraba sevgililərinin ovqatına “rəng” qatır...

6-cı – “Nasos stansiyasında işləyən adam” hekayəsində artıq müharibə qəhrəmanlarımızın keçmişi, obrazı, kimlik portreti eybəcərləşdikcə eybəcərləşir. Xəstə, şikəst qonşunun - Nəbinin güvəndiyi, etibar edib arvadının yanına hayan kimi qoyduğu uşaq ona xəyanət edir, namusunu ləkələyir. Nəticədə, Nəbi lal-kar, şikəst arvadı Adiləni də, gələcək Qarabağ döyüşçüsü İlqarı da baltalayır və evə od vurur. Arvadı ölür, İlqar xəsarət alsa da sağ qalır.

Növbəti hekayədə (“Başqa bir sevgili”) vərəm dispanserinin xəstəsi 17 yaşlı Svetlana və Sərdar əhvalatını dinləyirik . Yenə hər detalın ən eybəcər, şübhəli, ikrah doğurucu çeşidləri...

“Sabah torpaq uğrunda ölüm-dirim savaşına yollanacaq” növbəti əsgərimiz Ramiz (“Film kimi həyat”) sevgilisi Solmazla mal pəyəsində, samanlıqda görüşə-görüşə axırda onu “sevməli” olubmuş... Ailələri tərəfindən lənətlənmiş bu cütlüklərin də sonu yaxşı qurtarmır. Solmazı elektrik plitəsinin spiralını bağlayan vaxt naqili cərəyandan ayırmadığı üçün “tok vurur” və o ölür. Bu hekayə daha “təsirli” bitir: Ramiz deyir: “Bundan sonra həyatımın heç bir mənası qalmadı. Könüllü müharibəyə gəldim”.

Qaraşın danışdığı “Sevginin nifrətə çevrilməsi” – hadisəsinin tipi – Qaraş da eyni səbəb üzündən (“Bunları yalnız Səidəni itirəndən sonra anladım. Ancaq sonrakı peşmançılıq fayda verməz deyiblər... Cəbhəyə könüllü gəlmişəm. Yaşamağın mənim üçün heç bir mənası yoxdur”.) Qarabağdadır...

Şahinin hekayəsi (“Çətini ölənəcəndi”) yarımçıq görünür, amma əslində orada da çox söz deyilir.

Sonda “3 ayrı hekayə” (“Sevgilim “yox” olub, “Könülsüzlər”, “Şair Mazan Şələqulaq”) də verilib. Fərqli mətləblərdən, ancaq eyni ideya və ifadə maneraları ilə danışılır...

Bir sual bizi tərk etmir : bu kitab Qarabağ haqqındadırmı? Bəli, Qarabağ və onun “könüllü” şəhid qəhrəmanları haqqında. “İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq”.

Biz Qarabağ haqqında yazıçılarımızdan “qəhrəmannamə” pafoslu əsərlər istəmədiyimizi dəfələrlə vurğulamışıq... Qarabağı itirmə prosesi uzaq tarix deyil, onun qarış-qarış boşaldılması, onun torpağındakı qələbəyə inanan, sözün həqiqi mənasında igid oğulların qanı hələ də udduğumuz havanın canındadı...

Vətəndaşı olduğu vətənin torpaqları uğrunda canından və qanından keçən şəhidlərimizin haqqını danıb, onların ruhu ilə əylənmək, əlbəttə, ən azı namus və vicdan deyilən anlayışların lüğətdən silindiyi təqdirdə mümkün ola bilər. Lakin bu fikri R.Qaracanın haqqında söhbət açdığımız romanına aid edə bilmərik. Qarabağın əldən çıxmasının günahkarları, baiskarları tam bəlli deyil, ancaq bu işin mayasında bir “könüllü” alçaqlıq və şərəfsizlik var... Müəllif də “könüllülərin” alçaqlaşmasını yox, alçaqların “könüllüləşməsi“ prosesini süjetləyir...

Əsərdə çoxlu bədbəxt qadınlar və bədbəxt kişilər var... Bədbəxtləşmiş cəmiyyətin nifrət və ikrah doğuran “sevgisi”ndən döyüşçülərin dili ilə danışılır – özü də guya şövq və həvəslə. Yazıçı sadə və primitiv görünən “10 hekayə”-üsulundan istifadə etsə də, arxa planda cilovunu əlində möhkəm saxladığı ağır, siyasi-ideoloji, ictimai-sosial yüklü əsl mətnin süjetini unutmur. Bayağı nağıllar bitir, yozumlar və çözümlər bitmir, adamlar gedir, kölgələr getmir... Bəlkə Qarabağ haqqında bir az da belə düşünək: olduğu və olmadığı kimi...
XS
SM
MD
LG