Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:31

Bukovskinin təsbehlə sındırılması


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Rüfət Əhmədzadə


Bukovskinin təsbehlə sındırılması

(Mikayıl Müşfiqə postmodern nəzirə)

Ey rəssam, bir rəsm çək,
Bir postmodernizm çək!
Dalı-qabağı bilinməyən poeziyadan,
Yurdu-yuvası naməlum şairdən...
Kirli saçları dağınıq,
Fikirli gözləri bulanıq,
Bir az da qan yığılsın bəbəklərinə...
Bütün bezgin insanları da topla
intihar etmək üçün
şairin almacıq sümüklərinə.
Qoşanağara çubuğu kimi
Arıq, uzun barmaqları siqareti
Qovuşdursun çoxdandır öpülməyən
Çatlaq dodaqlar ilə....
Üzdən sakit, fikirli görünsə də,
Burun pərlərindən şir qəzəbi,
Gözlərindən bir aşiqin dəliliyi sezilsin.
Sevgi ehtiras deyil,
Amma çılğın ehtiras duymadan da sevgi olmaz ...
Bu əsərdə bitkinlik də, yetkinlik də, itkinlik də,
Həm sevgi, həm ehtirasla bəzənsin...
Mərdlik adına nə qədər cizgilər bilirsənsə,
Hamısını topla bir simaya, birdən əzilsin...
Alnına döyüş yazma, qazılmış söyüşləri
Müqavimət arzusuna calaq et.
Elə öz ürəyinin hansı künc-bucağında nə qədər
Acıq varsa, hamısını bir mərhəmət üzərində qalaq et.
Bilirsənmi, mənim gənc rəssam dostum,
Söyüşsöyən Bukovskinin
“Sovetski”də təsbehlə sındırılması kimidir
Hər şeyi olduğutək, azadlıq eşqiylə dilə gətirmək.
Elə “Sovetski”nin də amansız dağıdılması kimidir,
Hər şeyə fərqli baxıb, ətalətdən ədalət gözləyərək,
əsarətə ümidlə tab gətirmək.
Bitirdinmi əsərini, ey rəssam?
Bu da gedər tarixin zibilliyinə, əmin ol!
Möhtəşəm əsərlərin zövqünü fağır bəndələr,
Xeyrini isə zənginlər götürər.
Mənə ən ucuz rəsmini yarat ki,
Heç kim oğurluq eşqinə düşməsin:
Dahilərin adlarını saqqız kimi çeynəyən
Məmur şairlərin gözündən uzaqda qalar...
Ən azından, bu cür təhqir olunmaqdan qurtular
Sənət, həqiqət və səmimi hisslər.
Və bir də:
Böyük şairlərə nəzirə yazan sözbazların karikaturasın çək.
İstəsən, məndən başla...
Çək, rəssam, çək!
Utanma ey, götür, çək...
Təmiz əfqan malıdır!


Yuxular

(Rəsulzadə üçün)

Yuxuları qarışıb bu şəhərin,
Hövlnak, gecənin kor yerində
Oyanıb qışqırır qan-tər içində.
Yuxularına daraşıb sənsizlik,
Yuxularına doluşub izsizlik...
Yuxularında lal siluetlər gedib-gəlir,
Yuxuları karlaşıbdır, bilirsən?!
Danışa da bilmir, dili qatlanıb...
Bütün bəhanələr bitibdir birdən.

Nə məsləhət verən,
Nə yol göstərən...
Nə də üstünə qışqıran biri yox.
Yuxuları yaman yiyəsiz qalıb...
Köləlikdən bezgin düşən şəhərin.
Səhərinə-gündüzünə sahib çıxan
əl gəzdirmir yuxusuna yetimin,
Qafqazın ən böyük şəhəri
Anasız qalıbdır,
Qafqazın ən əzəmətli yeri
Atasız qalıb.
Qafqazın ən izdihamlı şəhəri
Sonsuz qalıb...
Yuxularına abort etdiyi körpələr girir.

Sənin uzaqda olan məzarın da,
Bu şəhərin yuxularına qənim kəsilibdir...
Özünün də xəbəri yox, bilirsən?
Bu şəhərə əzab verən şeylərdir,
Gündüzlər düşünməyə,
Dilinə gətirməyə qorxduqları.

Yox, bu, azadlıq deyil,
Bu şəhərin yuxuları yeknəsəq,
ala-bula səhnəciklərlə dolub.
Yox, bu, dəlilik deyil...
Şəhərin həddindən artıq ağıllı
Görünməkdən elə bu günə qalıb.
Şəhərin əvvəlkitək çirkin deyil...
Şəhərin əvvəlkitək bədbin deyil...
Şəhərin bəzənməkdən havalanıb.

Qəlbini şüşəyə qoyublar şəhərin
Çırpına bilmir.
Aradabir əl-qol atsa da belə...
Qəfəsindən çıxıb qurtula bilmir...
Yuxularına da əsarət hopub...
Sərsərilik, yiyəsizlik,
əqidəsizliyin təri bürüyüb.

Yuxuları sənsiz qalıb,
Yol göstərən öndərsiz.
Yuxuları qarışıb bu şəhərin
– Hər gün ortaya çıxıb,
Ortalıqda da qalan
içiboş liderlərlə...
Yuxularına doluşub işsizlik,
Yuxularını yorur məqsədsizlik...
Gerçəyinə göz yumduğu o gündən...
Bir Tanrı cəzasıtək,
Yuxusunu qaçırıb talesizlik.

Səhər işə tələsir...
Gündüzlər bir qarın çörək tapmağa.
Axşam evə tələsir...
Gecələr yenidən sayıqlamağa.
XS
SM
MD
LG