Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:32

Yük


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Pərvanə Rəhimova


YÜK


Şər qarışanda yenə kiçik hücrəsinə - cəmi bir pəncərəsi olan, günün günorta çağında belə yarı qaranlıq iki mərtəbəli evin zirzəmisinə döndü. Tozlu, yarıpalçıq pillələri ağır-ağır nəfəs alaraq endi.

Nimdaş boz pencəyini, tozlu şapkasını çıxarıb küncdəki nəmli divara bərkidilmiş köhnə asılqandan asdı. Bəlğəmli öskürək tutdu. Gözləri böyüyərək hədəqəsindən oynayır, çiyinləri kimsə silkələyirmiş kimi titrəyir, nəfəsi az qala kəsilənəcən boğula-boğula öskürürdü. Vurnuxaraq əlini cibinə salıb çirkli dəsmalını ağzına tutdu. Qan qarışıq bəlğəmi görəndə yaxınlaşan aqibətinə zərrə qədər təəssüflənmədi. Necə olsa uşaqlıqdan çəkdiyi səfalətinə bir son veriləcəkdi.

Dünya səfil qoca rəssamdan qurtulacaq, yalnız gecələri döndüyü bu siçovul yuvasının kirayə pulunu ödəmək üçün sevdiyi rəsmlərini satmaq zorunda qalmayacaqdı. Amma üzüldüyü və nəticəsini dəyişməkdə aciz olduğu məqama-qışın soyuğunda, Bakının adamı dağlayan yandırıcı istisində çəkdiyi tablolarının taleyinə üzülürdü. O öləcək, unudulacaq, bəs əsərləri?! Onun ruhunu, fırçasının izini, qəlbinin yanğısını özülə haralara aparacaq?! Hara getsə bu rəsmlər səndən bir şey aparacaq, qoca-deyə gülümsədi...

Astaca uzandı. Dəmir çarpayı cırıltı ilə xeyli səs-küy qopardı. Nəfəs aldıqca xırıldayan ağ tüklü sinəsi enib-qalxır, gözlərini yavaş-yavaş ətrafı bətninə saran qaranlığa alışdırırdı. Qaranlığı sevirdi. Çünki düşüncələrini sancısız doğa bilirdi. Onu acından ölməkdən xilas edib ömrü boyu aşiq olacağı bir aləmə-sənət dünyasına aparan ustadının, arıq, sarışın, bəstəboy rəssamın səsini eşidirdi sanki:” Unutma oğlum, gördüyün hər kiçik nəsnəni müşahidə et. Eynilə qaranlığa işığa aşiq olduğun kimi sarıl. Hisslərini sev. Pisliyini də yaxşılıq kimi sev. Kinini, nifrətini sevgindən ayırma. Onlar sənin əsərin, sev ki ruhunu rənglərin anlansın. Söyləmək istədiklərini yalnız rənglərin, fırçan anlar. Rənglərinlə seviş. Pulu isə unut. Sənət para ilə ölçülməz. Sənətdə məqsəd pulsa yaratdığın əsər deyil, zibil parçası. O zaman fahişədən fərqin olmaz. Bir araya gələn şeylər deyil onlar...”

Susamışdı. Ayağa qalxmağa çalışdı. Bədənində daş kimi ağırlıq hiss etdi. Əli ilə havada qaranlığı yarıb kibriti tapdı. Elektrik qəbzlərini ödəmədiyi xeyli vaxt olmuşdu. Şam işığında bənizi kimi saralan divarlara kölgəsi vururdu. Bir neçə natürmort və ağ örtüyə bürünmüş portret, çarpayı, ayağı çatlaq stul, bir-iki qabdan başqa otaqda gözəgələsi heç nə yoxdu. “Çarəsizlik” adlandırdığı ölüm yatağında olan solğun bənizli qadın rəsminin üzərindəki ağ örtüyü çəkdi. Şam işığında gözləri parladı. Kövrək və titrək halda portreti sığalladı. Kasıb komada ölüm yatağında can çəkən dəniz gözlü çarəsiz qadın anası, məsumiyyətini, mavi gözlərini sevdiyi qadındı. Unutmaq istədikcə nəyi unutduğunu yadından çıxarmırdı: balaca oğluna görə anasının çəkdiyi əzab, hıçqırıqları, çörək və sağlığı üçün satdığı məsumiyyəti, itirdiyi qüruru üçün kədərə boğulması, yatağa düşməsi, ölümü və tənha qalan uşaqlığının çarəsizliyi kölgə kimi yetmiş beş ildi arxasında sürünürdü...

Atasını 1942-ci ildə almanlarla müharibəyə ön cəbhəyə yola salmışdılar. Göz yaşları içərisində hıçqıran anası ilə birgə perronda dayanıb əl sallamışdı fit verən qatara. Arada bir məktublar gəlirdi. Aylar labirint kimi uzanıb illərə calandıqca ötdükcə məktublar da azaldı. Sonra arası kəsildi... və ölüm kağızı gəldi. Anası başını dizlərinə dayayıb saatlarla susmuşdu.

Altı yaşında sətəlcəm olarkən anasının bir-birinə çarpaz incə, titrək barmaqlarını, dodaqlarındakı pıçıltıları, ilıq nəfəsini qulağının lap dibində hiss etmişdi. Qarlı, soyuq dekabr günü sarı boyalı, alçaq tavanlı taxta evlərinə hündürboy, ortayaşlı, qarabəniz, ağ xalatlı kişi gəlmişdi. Sinəsini, belini müayinə etdikdən sonra iynə vurmuş, balaca oğlan da kiçik çiyinlərini ata-ata xeyli ağlamışdı. Ağ xalatlı anasına baxıb başını yelləmişdi. Stetoskop əlində qapıya tərəf addımlamış, mavi gözlü anasının çarəsiz üzrxahlığını, yalvarışlarını dinləmiş, zərif bədənini balaca oğlanın dərk etmədiyi baxışlarla-ehtiras və eyhamla süzmüşdü. Doktorun kandardan çıxarkən qapının cırıtılı küyündə inildəyib qulağında əriyən sözlərini isə heç başa düşməmişdi: “Xəstə....pis...yoxs...öləcək. Pul yoxsa borcu...cür ödə...əvəzində sağalar...nə sən, nə oğl... ac qalmaz”. Geri dönərkən anasının dolxsunmuş gözlərində qəzəb, qorxu, acizlik vardı. Aclıq və xəstəlik balaca bədənini qırmancladıqca, anası daha çox əndişəli, susqun olurdu...

Bir gün həmin ağ xalatlı doktor peyda oldu evlərində. Əlində qara çörək və bir parça şokolad vardı. Bu ziyarətlərin sayı artdıqca, gözlərinə işıq gəlir, solğun bənizi aydınlaşırdı. Doktorun hər dəvətsiz gəlişi zamanı anası artıq sağalmış balacanı müxtəlif bəhanələrlə harasa göndərirdi. Geri qayıdarkən anasını ağlamaqdan gözləri şişmiş, yanaqları qızarmış, dodaqları göyərmiş, üst başı səliqəsiz, pərişan görkəmdə görərdi. Köhnə taxta stolun üstündə isə bir parça çörək, yağ, qənd, çay vardı. Anası ona əvvəlki kimi baxmırdı, nəzərlərini qaçırmağa çalışır, qəbahətli kimi xəcalət çəkirdi. Mavi gözlüsünün baxışları üçün çox darıxırdı. Xəstələndiyi o günə balaca qəlbində necə lənətlər yağdırırdı. O gündən bu kasıb odada aclıq olmasa da (hətta sevdiyi şokolad da olurdu), anasının gözlərindəki şəfqət, sevic, məsumiyyət yoxa çıxdı. Yerini solğun kədər aldı. İki ildən sonra heç bilmədiyi səbəbdən yatağa düşüb bir neçə ay içində əriyib ilıq nəfəsini itirənə qədər bu kədər baxışlarını tərk etmədi. Anasının kədəri qəlbinə keçdi, onunla böyüdü, ağrıların dərin qatına endirdi. Hər gün molbertini qoltuğuna vurub uzun illərdi ayaqladığı tanış küçələri keçər, döngələri burular, neçə tanış, yad sima görər, bu üzlərdə kök salmış tanış izlərlə qarşılaşırdı. Qoca rəssam üçün hər kəsin bir ortaq nöqtəsi vardı: əzab mimikası. Hər sevincdə, xoşbəxt üzdə, nəsnədə bir ağrı gizlənib. Rəsmlərində bu ortaq nöqtəni sezdirmək istəyirdi. Özündən müştəbeh kolleksiyaçılar isə portretlərinin önündə qaşlarını xüsusi əda ilə qaldıraraq:

-Hər zaman soyuq əzab motivləri... olmaz belə, canım. Bir az da rəngli, açıq, gurululu, dəbdəbəli, nəşəli şeylər olsun. Ya impressionist ol, ya avanqard üslubu seç. Biz anlamırıq ki hansı üslubda qərar tutmusan? Yenə də qoy qalsın, baxarıq - deyirdi. Beləcə, rəsmlərini bağışladığı, qarşılığında isə heç bir şey görmədiyi qalareyaların qapısı üzünə bağlanar, hücrəsinə yorğun, amma qürur qarışıq təbəssümlə dönürdü. Unutmayacağı həqiqəti vardı. Əsla ilhamına boyunduruq taxmayacaqdı. Bu inadın sonu pis qurtarsa belə, nə tam marinist, impressionist, nə də avanqardist, ekspressionist olacaqdı. Hisslərinin rəngini, xəyal etdiyi, gördüyü nəsnəni kətana anladacaqdı. Rənglərini də bir-birindən ayırmazdı, hər tona qəlbini vermişdi. Ağ-qara , işıq-kölgə, parlaq-solğun cazibəsi kimi...

Hər gün küçədə, sahildə, qumsalda, parkda səfil görkəminə diqqət kəsilən mərhəmət, təəccüb, təəssüf, gah da tənə dolu baxışlardan çəkinmədən fırçasını qatı boyada qarışdırıb ağ kətana çırpırdı. Hər kəs bir adla çağırırdı onu: ”küçə rəssamı”.
Bir bazar səhəri küçə də yasaq oldu. Əllərində dəyənək, boynu yoğun, qarnı piy bağlamış polislər onun kimi yüzlərlə rəssama küçəni də yasaq etdilər. “Yuxarıdandır əmr,” dedilər və şəkillər bir təpiklə havada üzüb daş səkiyə düşdü. Gedərkən də şəhadət barmaqlarını silkələyib:“Küçədə nə çəkmək, nə satmaq olar” dedilər.
Daha illərlə sevdiyi daş səkiləri ayaqlamaq, küçələri dolanmaq, neon işıqlarla bəzədilmiş kafenin həndəvərindən ötmək, üşüyəndə orda qızınmaq, bir stəkan pürrəngi çay içmək belə istəmirdi. Sanki o an iki əl boğazından yapışırdı. Yenə bəlğəmli öskürək tutur, qəhərdən göynəyirdi. Sanki küçələrini, təpiklə darmadağın etdikləri şəkillərini, çörək yerlərini deyil, qürurunu əlindən almışdılar. Əvvəllər həvəslə rəsmini küçədə çəkir, elə küçədə də qəpik-quruşa satırdı. Alıcılar da amansız olurdu çox zaman. Saatlarla sorğu-sual, mübahisə edirdilər: ”niyə boz, ağ, bənövşəyi rənglərə üstünlük verirsiz?”, “avanqard üslubda az çəkirsiz” , “ucuz verirsiz, səbəb?” və s. Nəhayət, ovcunda kirayə puluna zorla çatacaq miqdarda pul verən müştəri bayaqdan vurduğu çənə boğaz sayəsində, istədiyi qiymətə əldə etdiyi portreti qoltuğuna vurar, məğrurcasına boynunu irəli uzadıb uzaqlaşardı. O isə əlindəki pul üçün heyfslənməz, sadəcə kədərə qərq olaradı. Axı dəridən qabıqdan çıxaraq, soyuğunu istisinə qatdığı saatlarda göy damarları çıxmış barmaqları ilə yaratdığı dünyasını, xəyallarını satmışdı?!

Artıq payız rüzgarları başlamış, getdikcə çılğınlaşır, yerini bəzən aramla yağan yağışa verirdi.. Molbertin qarşısından çəkilmək istəməsə də fırça, boyalarını toplamışdı. Kimsənin, xüsusən polislərin görünmədiyi yerlərə gedib çıxar, şimalda tanış olmayan gözdən-könüldən uzaq yerləri dolanardı. Bir noyabr axşamı tez-tez qalereyada gördüyü, rəssamlarla qiymət üstündə saatlarla mübahisə edən, kök, buxaqlı, sarışın ingilis kolleksionerdən məktub gəldi. Qalereyaya bağışladığı əsərlərdən bir neçəsini bəyəndiyini, ən əsası “Çarəsizlik” portretinə istədiyi qiyməti ödəməyə hazır olduğunu yazırdı. Gülümsədi. Başını çevirib kağızı kənara itələdi. Taq...Taq...Taq... Taxta qapı bir neçə dəfə zərblə döyüldü. Ayağa qalxıb qapıya yaxınlaşdı. Qaşları tatu, dolu bədənli, təxminən qırx yaşlarında, gözləri qəzəbdən qıyılmış ev sahibəsi onu görən kimi çəhrayı boyalı dodaqlarını hikkə ilə büzüb çığırdı:
-Hanı pul, hə, səninləyəm, a kişi? Niyə dinmirsən, gözlərini qaçırmaqla əlimdən qurtardın sanma haaa. İki gün sənə möhlət, ya pulu gətir, ya da çıx bu evdən! Nə qədər olar, ağ saçından utan də aaa... Dolu bədənini əsdirə-əsdirə uzaqlaşan qadın hələ də söylənirdi. Sükut içində qapının ağzına çöküb qəzəb və çarəsizlikdən titrəyən əllərini sinəsində çarpazladı. Çəlimsiz bədəni nənni kimi yırğalanırdı...

Kolleksioner sevinclə pulu sayıb qocanı rus dilində qırıq-sökük cümlələrlə məmnun etməyə çalışdı. O isə sanki lal-kar olmuşdu. Gözləri ətrafı zorla seçirdi. Qalareyadan ayrıldığında ingilis kolleksionerin ovcuna saydığı pula belə baxmadı. Sərxoş adam kimi ləngər vura-vura İçərişəhərin giriş qapısına doğru irəlilədi. Payız günəşinin zəif şüaları dənizin üzərində toplanan səhər dumanını yarıb axşam yağışının islatdığı qala divarlarını udmağa cəhd edirdi. Nəmli skamyalardan birinə çökdü. Yaxınlıqdakı antikvar dükanlar xarici turistlər və şəhər əhli ilə dolub daşır, əlində rəngbərəng şar buketi tutan yeniyetmə cır səsi ilə qışqırır, qədim memarlıq üslubunu qorumaqla təmir edilmiş qırmızı kirəmitli evin açıq pəncərəsindən piano səsləri ucalırdı.

İri göydələnlərin arasından sezilən dumanlı dənizə tərəf boylandı: sanki daş atımı qədər uzaqdaydı. Əlini uzatsa çatacaqmış kimi yaxın, doğma idi. Xəyallarının küncündə əzizlədiyi bir cüt mavi göz kimi... Getdikcə artaraq onu düşüncələr tufanından ayıran səs gələn tərəfə baxdı. Dəniz kimi masmavi gözlərini bəlli olmayan nöqtəyə zilləmiş, dalğalı şabalıdı saçları, əynində rəngi solmuş lacivərdi palto, ayağında uzunboğaz qara çəkmə, sol əlində qırmızı qərənfil dəstəsi, digərində isə əsa tutmuş gənc, hündürboy qız yanından ehmalca ötüb keçdi. Əsasının ucunu daş döşəməyə vuraraq bir neçə addım uzaqlıqdakı skamyanı əli ilə yoxladı. Sonra ehtiyatla əyləşib əsasını dizinə söykədi. Qərənfil buketini qucağına alıb yerindən tərpənmədən saatlarla gözlədi. Axşam qara örpəyini şəhərin üzərinə sərənədək o, qərənfillərdən ancaq bir neçəsini sata bilmişdi. Yenə əsasını taqqıldadaraq incə bədənini gözəl və əzəmətli göstərən uzun boynunu dikəldib İçərişəhərin tinlərindən birində gözdən itdi. Onun ardınca xeyli baxdıqdan sonra qoca rəssamın beyninə işıq doğdu:”Əcaba, ölümü mən seçsəydim, ona məğubiyyətimi bildirməzdən öncə Tanrıdan nə istərdim?!”

Gecəni yata bilmədi. Onsuz da son zamanlar narahat yatır, tez-tez yuxudan oyanırdı. Bütün gecə boyu mavi gözlü kor çiçəkçi qızı düşündü. Gözləri, saçları, kiçik donqar burnu, ətli dodaqları, qaməti necə də anasına bənzəyirdi. Səhər yaxın mürgü vurdu. Röyasında çiçəkçi qızı gördü. Tində gözdən itənə qədər kölgəsini seyr etdi.
Səhər açılar-açılmaz özünü yenə çiçəkçi qızdan bir neçə addım uzaqdakı skamyanın yanında gördü. Mavi gözlü çiçəkçi qız əsasını eyni ritmdə daş döşəməyə vura-vura yanından ötüb keçdi. Həmişəki yerində ehmalca əyləşib incə və titrək səslə:

-Çiçək satıram, çiçək... - dedi. Qoca rəssam eyni maraq və şəfqətlə onu izləyirdi. Çox keçmədən gənc oğlan və qız ona yaxınlaşdı. O isə uzun, incə barmaqları ilə bir neçə qərənfili qarşısında dayanmış cütlüyə uzadıb gülümsədi. Elə bu vaxt bəstəboy, üz gözü qızarmış şişman polis serjantı ona yaxınlaşıb əsəbi halda nəsə dedi. Zavallı qucağındakı çiçəkləri bərk-bərk sıxıb çiyinlərini qısdı. Polis serjantı dişlərini qıcayıb əl-qolunu oynatdı. Qəfildən qızın qolundan yapışıb qərənfilləri yerə çırpdı. Qocanın beynində sanki şimşəklər oynadı, qəzəbindən göy damarlı əlləri əsməyə başladı. O anda ağ xalatlı kişinin qarşısında acizanə yalvarışlarla büzüşən anasını xatırladı. Yerindən dəli kimi fırladı. Ayaqları daş kimi ağırlaşmışdı. Yaxınlaşdıqda uzaqlaşan kök polis serjantının:

-... dəfələrlə dedim. Burda satacaqsansa istədiyim olacaq, ya da dolyamı ver-dediyini eşitdi. Çiçəkçi qızın şüşə tək parlayan masmavi gözləri donmuşdu. Bənizi solğun və kədərli di. Qorxu və gərginlik məngənəsində çırpınan qız hənirti duymuş kimi gözlərini qeyri-bəlli istiqamətə, qocanın sol çiyni üstə çevirdi. Mavi donuq gözlərdə gizlənmiş haray, ümid və qəhər onu sarsıtdı. Çiçəkləri topladı. Əlini pencəyinin cibinə salıb pulu qızın ovcuna basdı. Qızın təəccüblə azca aralanmış dodaqlarına və donuq baxışlarına fikir vermədən əsasını ona uzatdı. Çiçəkçi nəsə demək istədi. Lakin qoca rəssam sürətlə ordan uzaqlaşıb sahilə tərəf yönəldi. Elə bil vicdanı uzun illər ağırlığı altında əzildiyi ağır yükdən qurtulmuşdu. Cibindən bir siqar çıxarıb dodaqlarının arasına qoydu. Dərin qullab alıb qəribə yüngüllüklə dənizin havasını ciyərlərinə çəkdi.
XS
SM
MD
LG