Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:00

"Vatikan Şah İsmayılı ona görə dəstəkləyirdi ki, İstanbulu geri alsın"


sağdan sola: Cavid Cabbaroğlu və Babək Muğanlı
sağdan sola: Cavid Cabbaroğlu və Babək Muğanlı

-

Türkiyəli yazar Musa Ağacık:

"Osmanlı tarixçilərinin qeydlərində Şah İsmayılın aşağılandığı, ona dəstək verən qızılbaşların “Mum söndü” adətləriylə yaşadıqları, ana-atalarını tanımadığı kimi iftiralara sıx-sıx rast gəlinir.

Nə yazıq ki, bu iftiralar hələ də dərsliklərdə, sözlüklərdə qalır.

500 il keçməsinə baxmayaraq bu utancı araşdırıb, xalqı və özünü bu utancdan xilas edə bilməyən türk dövlətinin rəhbərlərinə etiraz edirəm".

Bu yay Çaldıran döyüşünün 500 illiyidir.

1514-cü il avqustun 23-də iki qüdrətli Türk sərkərdəsinin – Osmanlı hökmdarı Sultan Səlim və Səfəvi hökmdarı Şah İsmayılın qoşunları Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) üz-üzə gəldi.

Bu döyüşdə hər iki tərəfdən on minlərlə türk, müsəlman qırıldı.

Bu qırğının baiskarı kim idi?

​Azadlıq Radiosunun "Pen klub" proqramındakı debatda qonaqlarımız: Türkiyədən ələvi yazar Musa Ağacık, Finlandiyadan Səfəvi dövrünü araşdırmış yazar Güntay Gəncalp, Azərbaycandan tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlu, İran azərbaycanından olan fəal Babək Muğanlı.

Səadət Akifqızı
Səadət Akifqızı

Səadət Akifqızı

- 1514-cü ildə Osmanlı İmperiyası ilə Səfəvilərin üz-üzə gəlməsinin kökü hara gedib çıxır?

Cavid Cabbaroğlu

- Çaldıran savaşının 500 illiyinin tamam olmasını fəxrlə yox, ürək ağrısıyla qeyd edirik. Bu, iki böyük türk dövlətinin siyasi və dini zəmində toqquşması idi. Böyük türk tarixçisi Fəxrəddin Kırcaoğlunun qeyd etdiyi kimi, “Çaldıran” döyüşündə üz-üzə gələn əsgərlər eyni obalardan olan, eyni dildə danışan, eyni dinə sitayiş edən hərbçilər idi. Bu savaşın səbəbləri təbii ki, bir gündə yaranmamışdı, uzun bir yolun nəticəsində bu dövrə gəlinib çıxılmışdı. Ağqoyunlu hökmdarı Uzun Həsən, Sultan Məhmət Fatehlə qarşılaşdığı, döyüşdüyü kimi, onların nəvələri Şah İsmayılla Yavuz Sultan Səlim də eyni səhvləri etmişdi.

Şah İsmayılla II Bəyazid arasında münasibətlər çox gözəl olub. II Bəyazidin dövründə Osmanlı dövləti fəthlərə o qədər də meyl etməmişdi. Səhhətindəki problemlərə görə, yaşlı olduğuna görə II Bəyazid qonşularıyla mehriban münasibətlər saxlamağa üstünlük verirdi. Səfəvilər dövlətinin meydana gəldiyi ilk vaxtlarda II Bəyazid artıq mövcud olmayan Ağqoyunluların Şah İsmayıla qarşı qiyam qaldırmış şahzadələri Əlvənd Mirzəni, Murad Mirzəni dəstəkləməklə məşğul idi, lakin sonradan o, tarixi gerçəkliklə barışmalı oldu, Şah İsmayıla bir elçi heyəti göndərdi. Bu münasibətlər uzun müddət qorunub saxlandı. 1508-ci ildə o zamanlar Trabzon valisi olan Şahzadə Sultan Səlim hücum edərək əvvəl Tiflisi qarət etdi, sonra Ərzincanı işğal etdi...

Babək Muğanlı
Babək Muğanlı

Babək Muğanlı

- Mən Çaldıran döyüşünə Cavid bəydən bir qədər fərqli yanaşacam. Çaldıran döyüşü şüubiyyə hərəkatı idi. Baxın Şah İsmayıl bir yaşında atasını itirir, dörd yaşında Gilana köçür, Gilanda dörd yaşından on iki yaşına qədər Mirzə Əlinin və Şəmsəddin Lahicinin tərbiyəsi altında böyüməsi faktı var. Bu uşaq fars müəllimlərinin əli altında tərbiyə alır.

Mənim fikrimcə, Çaldıranda iki türk imperiyasının bir-birinin qarşısında dayanması fikri doğru deyil. Çünki Səfəvi imperiyası türk imperiyası deyildi, ola da bilməzdi. Türk imperiyasının dili türkcə olar, sarayında türkcə danışılar. Bunlar heç biri Səfəvilərdə yox idi.

Səadət A.

- Amma Səfəvi sarayında türkcə danışıldığı faktı var, Şah İsmayılın türkcə məktublar yazması faktı var.

Babək Muğanlı

- Xeyr, xeyr, belə faktlar yoxdur, varsa gətirib ortaya qoysunlar. Şah İsmayılın Sultan Səlimə yazdığı məktubları arasında türkcə olanlar vardı, amma bu məktublar ona görə türkcə yazılmışdı ki, Səlim türk idi, türkcə danışırdı. Görün Şah İsmayıl neçə illik fəaliyyətində bircə türkcə mədrəsə də açıbmı? Xeyr. Şah İsmayılla Sultan Səlim hər ikisi eyni dinə sitayiş etsələr də, fərqli dini görüşlərə sahib idilər. Bunların hər ikisinin dini kitabı Quranda deyilir ki, “Zalimlərə lənət olsun”. Lakin, Şah İsmayıl dini şiələşdirəndə, Təbrizdə bütün sərkərdələrə, əsgərlərə, din adamlarına dedi ki, hamınız çevrilib şiə olmalısınız. Bu əmrdən dolayı çoxlu qırğınlar oldu. Azərbaycanda indi Şah İsmayıldan çox yazırlar. Amma

Sultan Səlim və Şah İsmayıl
Sultan Səlim və Şah İsmayıl

tarixi həqiqətlə öyrənmək lazımdır, təriqətlə deyil. Biri şiə kimi yanaşır, o biri sünnü kimi yanaşır tarixə, öz mənafeyinə uyğun şəkildə tarixi yazır.

Səadət A.

- İndi telefon xəttində türk yazarı Musa Ağacıkdır. Musa bəy, doğrudanmı iki təriqət üz-üzə gəlmişdi Çaldıran düzündə?

Musa Ağacık

- Tarixçilərə görə bu hadisənin fərqli nədənləri ola bilər. Ancaq mən keçmişdən bu günə qədər davam edən həmin ənənənin bu gün də amansızca davam etdiyini düşünürəm. Çünki yaşadığımız dövrdə də bu hadisələr davam edir. 1514-də Çaldıranda iki türk hökmdarın qarşılaşmasının, üstünlük üzərində müharibəsinin Azərbaycanda tarix kitablarına necə düşdüyünü bilmirəm, amma Osmanlı tarixçilərinin qeydlərində Şah İsmayılın aşağılandığı, ona dəstək verən qızılbaşların “Mum söndü” adətləriylə yaşadıqları, ana-atalarını tanımadığı kimi iftiralara sıx-sıx rast gəlinir. Nə yazıq ki, bu iftiralar hələ də dərsliklərdə, sözlüklərdə qalır. 500 il keçməsinə baxmayaraq bu utancı araşdırıb, xalqı və özünü bu utancdan xilas edə bilməyən türk dövlətinin rəhbərlərinə etiraz edirəm. Nə yazıq ki, türk dövlətinin rəhbərləri hələ də bununla bağlı bir addım atmayıb. Günümüzdə də ələvi-sünnü, sünnü-şiə davası davam edir. 90-cı illərdə Bakıya rus tankları girəndə Türkiyənin o dövrkü rəhbərlərindən olan Turqut Özal bildirmişdi ki, “Biz bu məsələyə qarşı çıxa bilmərik, çünki onlar şiədir, biz sünnüyük”. Türk cəmiyyətində fanatik çevrələrdə bu gün də bir ələvi, şiə düşmənçiliyi vardır. Nə yazıq ki, Türk dövlətinin bu günkü hökuməti tamamilə ələvi düşmənçiliyi üzərində qurulub.

Cavid Cabbaroğlu

- Sultan Səlimin dövründə Osmanlı sarayında farsca danışılırdı, Osmanlı sultanlarının anaları qeyri-türk olublar, daha çox Balkan xalqlarından olublar. Səfəvilərə gəlincə 1402-ci ildə baş verən Ankara döyüşündə İldırım Bəyazid Əmir Teymur tərəfindən əsir alındıqdan sonra, onun xeyli əsgəri də əsir alınmışdı. Teymur yürüşdən geri qayıdanda, Ərdəbildə Şeyx Xoca Əliylə görüşdü, Xoca Əli Şah İsmayılın əcdadlarından biriydi. Xoca Əli Teymurda xoş təəssürat yaratdı və Teymur tutduğu əsirləri Xoca Əliyə bağışladı. Xoca Əli əsirlərə azadlıq verdi və əsirlərin əksəriyyəti kiçik Asiyaya, Anadoluya qayıtdılar. Qızılbaş hərəkatı meydana çıxanda həmin adamlar qızılbaşlara dəstək verdi. Buna görə də Şah İsmayılı türk olmamaqda ittiham etməyə lüzum yoxdur.

Təəssüf ki, Osmanlı dövründə olduğu kimi, bu gün də Səfəvilərə, qızılbaşlara qarşı mənfi münasibət davam edir. Bu, Azərbaycan-Türkiyə münasibətində özünü göstərir. Biz Çaldıran savaşı ilə fəxr etmirik. Amma bu yanlışlıqları bu gün də davam etdirmək orta əsr düşüncəsindən irəli getməməyin göstəricisidir.

Səadət A.

- İndi telefon xəttində türk tarixçisi Ərdoğan Aydındır. Ərdoğan bəy, iki türk dövləti arasında Çaldıran döyüşü olmaya bilərdimi?

Ərdoğan Aydın

- Olmaması mümkün deyildi. Çünki Osmanlı dövləti başqa ölkələrə doğru genişlənən, bütün müsəlman torpaqlarında tək hakim olmağa çalışan bir dövlət idi. O özündən başqa bir gücün varlığıyla razılaşa bilmirdi. Bu səbəbdən də osmanlılar səfəvilərin sürətlə Anadoludakı türkmənlər və qızılbaş türklərinin təşkilatlanmasından narahat oldular. Sünnü din alimlərinə fətvalar verdirdilər və xeyli şiəni qətl etməyə başladılar. Şah İsmayılla döyüşdən əvvəl Anadoludakı şiə türkmənlərə qarşı ciddi qətliamlar törədildi və bu qətliamların tarixi Yavuz Sultan Səlimdən də əvvəllərə gedib çıxır. Anadoludakı xalq sünniləşdirmə və yoxsulluğa görə gah torpaqlarını buraxıb qaçırdılar, gah da üsyanlar edirdilər. Çaldırandan öncələrdə çoxlu sayda qızılbaş, türkmən üsyanları başladı. Əslində tarixi sənədlərə baxanda Şah İsmayılın yüksəlişi xeyli dərəcədə, Anadoludakı qızılbaş türkmənlərin ona dəstəyi ilə gerçəkləşmişdir. Şah İsmayılın isə Anadolunu işğal etmək kimi bir planı yox idi, əksinə ya kürdcə, ya türkcə danışan qızılbaş xalq osmanlıdan canını qurtarmaq üçün sanki, Şah İsmayılı özünə lider seçmişdi. Osmanlı dövləti bunun qarşılığında həm get-gedə parlayan Şah İsmayıla, həm də ərəblərin yaşadığı Məmlüklər dövlətinə qarşı ümumi səfərbərlik elan etmişdi. Ələvilər osmanlıların fəthlərini gerçəkləşdirmək, öz torpaqlarını genişləndirmək siyasətinə mane olurdu. Çünki ələvilər özlərindən başqa bütün 72 qövmdən olan millətlərə eyni gözlə baxırdı, fərqli inanclı olduğuna görə xalqların torpaqlarını işğal etməyi doğru saymırdı. Bunun üçün də osmanlılar üçün səfəvilərə qarşı savaşmamaq mümkün deyildi.

Cavid Cabbaroğlu

- Osmanlı mənbələrində Xoca Sadəddin Əfəndinin “Tac-üt Təvarix” əsəri var, Qoca Hüseynin əsərində deyilir ki, Sultan Səlim Şah İsmayıla üç məktub yazdı və bu məktubların hər üçü farscaydı, Şah İsmayılsa ona türkcə cavablar yazır.

Güntay Gəncalp
Güntay Gəncalp

Güntay Gəncalp

- O məktubların hamısı “Münşaat” adıyla bir kitabda toplanıb. Türkcə yazılmış dörd məktubla səfəviləri türkmü hesab etmək lazımdır? Dörd məktubla bir imperiya türk olmaz ki. Sizə Səfəvilər dövründə yazılmış min dənə kitab göstərərdim ki, bunların hamısı farsca yazılıb. Çaldıran savaşından öncə osmanlılar Əmir Teymurla da savaşıb, Uzun Həsənlə Sultan Mehmet Fateh savaşıb, ancaq bu savaşlar Çaldıran savaşı qədər türk tarixinə təsir etməyib. Çünki Şah İsmayıl ələviləri aldatdı. Ələvilər bilmirdilər ki, dörd yaşından on dörd yaşına qədər Şah İsmayıl necə tərbiyə olunub. Ona görə ələvilər Şah İsmayıla qarşı çıxdılar. Şah İsmayılın ələvilərə vali kimi göndərdiyi farsları ələvilər edam etdi. Şah İsmayılsa 1508-ci ildə ələvilərin ali idarəçi orqanı olan “Lalalıq” qurumunu ləğv etdi, əvəzində sasanilərin idarəetmə orqanlarının bir bənzərini yaratdı. Nəyə görə Uzun Həsənlə Sultan Mehmetin savaşı bizim şüurumuzda elə dərin kök salmayıb, çünki səfəvilərdən sonra bizim şüurumuza Sasani qavramlarını gətirdi. Ərdoğan Aydın bəy deyirdi ki, Çaldıran savaşında Osmanlı məğlub olsaydı, nə baş verərdi? Mən ona cavab verim. İstanbul Vatikanın əlinə keçərdi, Anadoluda da, Azərbaycanda da indi İranda olduğu kimi türkcə danışan olmazdı, hər kəs farsca yazıb-oxuyardı. Vatikan Şah İsmayılı, Şah Təhmasibi ona görə dəstəkləyirdi ki, İstanbulu geri alsın.

Ərdoğan Aydın

- Tarixi daha soyuqqanlı bir şəkildə danışmaq lazımdır, deyə düşünürəm. O dövrü dəyərləndirsək Sultan Səlimin totalitar bir dövlətin başçısı olması ilə bərabər, Şah İsmayılın xalqçılıq əsasında qurulmuş, bərabərhüquqlu insanların toplaşdığı bir dövlətə başçılıq etdiyi həqiqətdir. Əslində ələvilik, qızılbaşlıq inancları da bunu tələb edirdi. Şah İsmayıl Çaldıran döyüşündə məğlub olduqdan sonra getdikcə türkmən, qızılbaş kütlədən qopub, fars əcəm torpağa doğru geri çəkilərək, bundan əvvəl onunçün döyüşmüş türkmənlərə qarşı vuruşur, onları sürgün edir. Ancaq bunu Şah İsmayıl şiələri aldatdı deyə ifadə etsək, həqiqi tarixdən qopmuş olarıq.

XS
SM
MD
LG