Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:55

Konqresmen Smith: "Onlar azad olmalıdır" (VIDEO)


Konqresmen Smith: «Onlar azad olmalıdır»
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

Konqresmen Smith: «Onlar azad olmalıdır»

.

ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Chris Smith Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi məhbuslar və Azərbaycan üçün Maqnitski aktı barədə AzadlıqRadiosunun suallarını cavablandırır.

- Azərbaycan bu tədbirdə və başqa beynəlxalq təşkilatlarda insan haqlarının pozulmasına görə tənqid olunur. Sizin fikriniz nədir bu barədə?

- Mən prezident Əliyevlə dünən görüşmüşəm və onunla jurnalistlərin təhlükəsizliyi məsələsini qaldırmışam. Azərbaycanda bir neçə jurnalist həbs olunub, susdurulub, onların arasında blogerlər də var. Beynəlxalq təşkilatlar bu situasiyanı izləyirlər.

Mən həmçinin vicdan məhbusları məsələsini qaldırdım. Beynəlxalq Amnistiya 13 nəfərin adını çəkir, ola bilsin daha çox sayda, onların dəqiq sayı bilinmir.

Bunlar bizim narahatlığımızı doğuran məsələlərdir və biz onların azad edilməsinə, birləşmə azadlığının təmin olunmasına çağırırıq. Birləşmə azadlığı təkcə Helsinki Yekun aktının deyil, həm də Beynəlxalq İnsan Haqları bəyannaməsinin vacib elementidir. Aramızda çox səmimi və isti müzakirə oldu.

- Birləşmiş Ştatların Ukrayna ilə bağlı mövqeyi çox aydındır. Azərbaycan deputatları deyir ki, onlar ABŞ-ın Qarabağla bağlı da eyni dərəcədə aydın mövqe bildirməsini istəyirlər.

- Məncə mövqe aydındır, amma kifayət qədər əmələ çevrilməyib.

Problemin bir hissəsi bundan ibarətdir ki, tərəflər bir birilə kifayət qədər ünsiyət etmir. Mənim təklifim odur ki, Minsk Qrupu və başqa səylərlə yanaşı, beynəlxalq nüfuza malik bir şəxsin məsələdə iştirakına ehtiyac var. Biz Sudanla bağlı bunun müsbət nəticəsini gördük.

Prezident Buşun seçimi ilə senator Danforth illər boyu uzanan münaqişənin tərəflərini bir araya gətirdi və onlar sülhə nail olana qədər onlarla bir otaqdan çıxmadı. Həmin razılaşma "Hərtərəfli Sülh Razılaşması" adı ilə tanınır. Bu, senator Danforthun səyləri olmadan mümkün olmazdı.

Eyni şey Şimali İrlandiya ilə bağlı baş verdi. Bu dəfə prezident Klinton başqa bir senatoru sülh prosesinə cəlb etdi və o, tərəfləri bir araya gətirərərk, onların "Xeyirli Cümə" razılaşması adı ilə tarixə düşən sülh razılaşmasını imzalamasına qədər otağı tərk etmədi.

Bunlardan ötrü ABŞ prezidenti kimi yüksək səviyyədə birbaşa şəxsi maraq nümayiş etdirməsi rol oynadı. Mən bilmirəm başqa ölkə liderləri həmin rolu oynaya bilərmi, amma ABŞ prezidentinin “Gəlin bu məsələni həll edək” deyib də, xüsusi səfir təyin etməklə bu rolu üzərinə götürmək imkanı var. Çünki bu münaqişə göz qırpımında qanlı toqquşmaya çevrilə bilər.

- Siz Corc Buşun məsələyə qatqısını təklif edirsiz?

- Corc Buşun deyil, hazırkı prezident Barak Obamanın.

- ABŞ Rusiyanı işğalçı adlandırır, amma eyni ifadəni Ermənistanla bağlı işlətmir.

- Həqiqətdir. Ermənistan... Yoxsa... Bəli, Ermənistandır. Məncə çox yaxşı anlaşılır ki, BMT qətnamələrində nə deyilir.

Problem həm də ondadır ki, insanlar bunu unutmayıblar, amma kifayət qədər siyasi iradə də yoxdur, desinlər ki, bu münaqişənin daha uzun müddət sürməsinə imkan vermək olmaz. Çünki böyük bir qaynar münaqişəyə çevrilə bilər. Allah göstərməsin. Kim bilir, nə baş verə bilər, onda nə qədər adam həyatını itirəcək.

Məncə, siyasi iradə bunun çözümünə yönəlməlidir. Fikrimcə, bu istiqamətdə xüsusi səfir ideyası fayda verə bilər. Artıq iki münaqişədə bu fayda verib.

Mən Xartumda Omar Hassan al-Bashirlə görüşmüşəm. Onunla dil tapmaq çox çətin idi. İndi o, Beynəlxalq Tribunalın qərarı ilə müharibə cinayətlərinə görə axtarışdadır.

Onun kimi adamlarla işləmək çox çətin idi, bununla belə senator Danforth həmin müharibəyə son qoyan razılaşmaya nail ola bildi. Məncə indi də belə bir siyasi iradəyə ehtiyac var.

- Rusiyada insan haqlarını pozan şəxslərlə bağlı Maqnitski aktı var. Sizcə, bu aktı Azərbaycanda insan haqlarını pozan şəxslərə qarşı da tətbiq etmək lazımdırmı?

- Yaxşı sualdır. Prezidentin ayrı-ayrı şəxslərə qarşı viza qadağası və başqa sanksiyalar tətbiq etmək üçün səlahiyyəti var.

Mən 2004-cü ildə qəbul edilən Belarus Demokratiya Aktının müəllifiyəm. Həmin qanun Lukaşenko ilə bağlı bir sıra şəxslər haqqında qərarlara səbəb oldu. Yenə də, prezidentin belə bir səlahiyyəti var və istəsə onu işlədə bilər.

Maqnitski aktı ona Konqres tərəfindən “yaşıl işıq” idi, amma prezidentin indi də səlahiyyəti var.

Azərbaycandakı insan haqları pozucularına da nelə bir akt tətbiq edilə bilər, eləmi?

Mənim düşüncəm budur ki, sanksiyalar nə qədər fokuslanmış olsa, o qədər yaxşıdır. Sanksiyalar repressiyalardan əziyyət çəkən xalqları deyil, repressiyaları tətbiq edən şəxsləri hədəf alsa, yaxşıdır.

Biz İranla bağlı eyni şeyi etdik. Bəzi sanksiyalardan bütövlükdə xalq əziyyət çəkirdi. Biz ayrı-ayrı şəxslərə tətbiq etdik. Məncə gediləsi yol budur.

- Siyasi məhbuslar, həbsdə olan jurnalistlər var. Onların ailə üzvlərinə sözünüz varmı?

- Seçki müşahidəçisi də daxil olmaqla...

- Anar Məmmədli

- Bəli, mən onun da məsələsini prezidentlə söhbətimdə qaldırdım. Bu işləri adbaad yada salmaq vacibdir, bununla hökumətə də bildirək ki, bu insanlar bizim üçün önəmlidir. Və onlar üçün ədalətə ehtiyac var. Bu o deməkdir ki, onlar azad olmalıdır.

XS
SM
MD
LG