Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:23

"Azərbaycan yazarlarına Türkiyədə böyük bir marağa şahid olmamışam"


Türkan Urmulu
Türkan Urmulu

-

İran Azərbaycanından olan yazar:

"Qüzey Azərbaycandakı saytlar arasında güneyli yazarların, şairlərin yazılarını yaymamaqda çox israrlı olanlar da var.

Güneylə bağlı xəbərlər də ardıcıl şəkildə öz əksini tapmır".

İran Azərbaycanından olan, hazırda Türkiyədə yaşayan şairə Türkan Urmulu ilə müsahibə

- Türkan xanım, İran Azərbaycanında qadın şeiri nə qədər inkişaf edib? Qadınlar şeirlə özlərini ifadə edə bilirlərmi?

- Əvvəlcə qadın şeirinin tərifini vermək lazımdır. Hər qadının yazdığı şeiri qadın şeiri adlandırmaq olmaz. Xüsusilə əgər İran cəmiyyətindən danışırıqsa, qadın şeirində mütləq qadın haqları, qadının cəmiyyətdəki azadlıq statusu, feminist yanaşma olmalıdır. Bu mənim tərifimdir.

Türkan Urmulu
Türkan Urmulu

Belə şeiri bir kişi də yaza bilər. Nəzərə almalıyıq ki, Güney Azərbaycan ədəbiyyatı nisbətən gəncdir. Qadın şairlərimizdən danışarkən ilk ağla gələn Nigar xanım Xiyavi, Rüqəyyə Kəbiri, Fəranək Fəriddir. Xüsusilə Fəranək Fəridin feminist mövzularda əsərləri var, “Xanım Əli” adlı kitabı var.

- “Feminist addımlar” adlı bir hərəkat başlayıbsınız və qadın hüquqlarını müdafiə etməklə məşğulsunuz.

Türkan Urmulu (sağda), yazıçı Anar (ortada)
Türkan Urmulu (sağda), yazıçı Anar (ortada)

Maraqlıdır, sizcə, Azərbaycanda, yoxsa İranda qadın hüquqları çox təmin olunur.

- Qadın haqları məsələsi ilə bağlı daha çox yazılarla məşğul olmağa üstünlük verirəm. Tərcümələrlə bu mövzuda dünya təcrübələrini öyrənə bilirik. Bu üzdən də bu mövzuda kitab tərcüməsiylə də məşğul oluram.

Türkan Urmulu
Türkan Urmulu

Umuram, çevirdiyim kitabın nəşr imkanı olar.

“Feminist addımlar” isə bir neçə qadın haqları fəalının ortaq işi idi.

Qadın məsələsi ilə bağlı yazıları oxuculara çatdırmağı hədəf olaraq seçmişdik.

Türkan Urmulu
Türkan Urmulu

Məncə, İran və Azərbaycanın hər ikisində də qadın haqları çox az təmin olunur. İrandakı durum, özəlliklə hökümətin qadın məsələsi ilə bağlı tutumu durumu daha da pisləşdirir.

- Şeirin zövq üçün, yoxsa ətrafda nələrisə dəyişdirmək üçün mövcud olduğunu düşünürsünüz? Sizcə, onun gerçək bir gücü varmı?

- Bir şair kimi deyim ki, dünyanın bütün böyük inqilablarında ədəbiyyatın şübhəsiz bir rolu olub. İstər fransız, istər rus, istər başqa inqilablar olsun. Toplumsal hərəkatlarda ədəbiyyatın önəmli təsiri olduğunu daim görürük.

Misalçün, Güney Azərbaycan azadlıq hərəkatına baxsaq, bu hərəkatı keçən 30-40 il ərzində canlandıran, onun üçün ilham mənbəyi olan qüvvənin ədəbiyyat, xüsusilə də Təbrizdən baş qaldırıb bütün dünyaya yayılan “Heydərbabaya salam” poeması olduğunu görürük.

Fikir versəniz, bu əsərdə milli məsələlər, istiqlaliyyət, bayraq, azadlıq haqda heç nə yoxdur. Amma əsər özlüyündə toplumun düşüncəsində elə bir dərin yer tutub, birlik-bərabərlik adına o qədər iş görüb ki. Onunçün deyirəm ki, şeir heç də dilxoşluq üçün, zövq üçün yazılan bir şey deyil.

Türkan Urmulu
Türkan Urmulu

Güneydə adətən cəmiyyətin həssas, ictimai şüurlu, ziyalı adamları şeir yazır və onlar heç bir zaman cəmiyyətdəki problemləri gözardı etməzlər, hətta sevgi şeirlərində belə mütləq milli hisslərdən, problemlərdən yazarlar.

- Bir qədər “Ban” dərgisindən danışın. Necə oldu o dərgi yarandı?

- “Ban” dərgisi dostlarımızdan birinin təklifi ilə yarandı.

Bu dərginin əsas hədəfi Güney Azərbaycan ədəbiyyatına aid əsərləri senzurasız bir şəkildə xaricdə yaşayan oxuculara çatdırmaq, Güney Azərbaycanda cərəyan edən ədəbi prosesi, ədəbiyyatda olan yeni təcrübələri oxucularla paylaşmaq idi. Dərginin adı ilə bağlı dostlarımızdan təkliflər də aldıq. Sonunda Rasim Qaracanın təklifi olan “Ban” seçildi. Ban üçün də redaksiya heyəti qurduq.

Türkan Urmulu
Türkan Urmulu

Hadi Qaraçay şeirlərin, Ramin Cabbarlı məqalələrin, Toğrul Atabay hekayələrin məsulu, mənsə dərginin yazı işləri müdürü olaraq fəaliyyətə başladıq. Dərgi İstanbulda yayınlandı. Ədəbiyyatçılar içində maraq qazansa da, təəssüf ki mühacir həyatı dərgiyə də təsir etdi. Biz dərginin sadəcə bir sayını yayınlaya bildik.

Türkan Urmulu
Türkan Urmulu

Bir müddət sonra durumumuz nisbətən sabitləşən kimi dərgi işlərinə davam etməyi düşünürük.

- Bildiyim qədəriylə, Türkiyədə Azərbaycan Respublikasından olan yazarların da əsərlərini çevirirsiniz? Lütfən bir qədər bu barədə danışın. Türkiyədə Azərbaycan yazarlarından kimlərə maraq var?

- Həyat yoldaşım Ramin Cabbarlı ilə birgə bir sıra azərbaycanlı yazarların kitablarını tərcümə etmişik. Səməd Behrənginin bütün ədəbi əsərlərini 12 cilddə çevirmişik. Bu sıra kitablardan bu günə qədər 9 kitab işıq üzü görüb. Eləcə də Səməd Behrənginin İranda təhsil problemləri ilə bağlı bir kitabını da çevirmişik.

Qüzey Azərbaycan yazarlarından isə Abdulla Şaiqin uşaq ədəbiyyatına aid əsərlərini tərcümə etdik. Bu kitablar İstanbulda “Kaynak” yayın evi tərəfindən yayınlanmaqdır. İranda məşrutiyyət - şahlıq rejiminə qarşı yönələn inqilabi-demokratik hərəkatın tarixi ilə bağlı çevirdiyimiz bir kitab da Türkiyədə yayınlandı. Bijən Cəzəni adlı yazarın “İran Meşrutiyet Devrimi: Güçler ve Amaçlar” kitabı, İran məşrutiyyət inqilabı ilə bağlı Türkiyədə yayınlanan ilk kitabdır.

Azərbaycan yazarlarına Türkiyədə böyük bir marağa şahid olmamışam. Üst- üstə Azərbaycan ədəbiyyatı Türkiyədə bəlli qurumlar , ya da bəlli yayın evləri tərəfindən nəşr edilib. Qurumlar tərəfindən nəşr olunan kitablar oxucuya elə də çatdırılmır. Yayın evi zəif olanda da eyni problemlə qarşılaşırıq. Məncə, Azərbaycan əsərlərini burada tanıtmaq üçün ciddi işlərə ehtiyac vardır.

Bundan başqa Türkiyədə bir problem də var. Türkiyə naşirləri Şərq əsərlərini Qərbin gözü ilə tanıyırlar.

Məsəlçün, Səməd Behrənginin əsərlərini ingilis dilindən çevirən yayın evləri çoxdur. Qərbdə yayınlanan Şərq əsərlərini yayınlamağa üstünlük verirlər. Fars ədəbiyyatçısı Sadiq Hidayətin əsərləri Türkiyədə nəşr edilir, amma yayın evi Fars ədəbiyyatını araşdırıb sonra əsəri seçməmişdir.

Misal üçün “Kor Bayquş” əsərinin fransızcası öncə Fransada, sonra almancası Almanyada yayınlanmışdır. Behcet Necatigil isə almancadan türkcəyə çevirmiş. Təkcə ədəbiyyat əsərlərində deyil, başqa kitablarda da bu məsələ vardır.

- İndi Azərbaycanda mühacirətə gedənlərin sayı artır. Bildiyim qədəriylə, İran Azərbaycanında mühacirət ənənəsi 20-30 illik bir tarixi dövrü əhatə edir. Ümumiyyətlə, mühacir həyatı, xüsusilə vətənsevər bir yaradıcı adamın mühacir həyatı necə keçir? Bu həyatın ağırlıqları nələrdir?

- Doğudan Qərbə hər zaman mühacirətlər olmuşdur. Keçən əsrdə də Türkiyə azərbaycanlıların keçid nöqtəsi olmuş. İstər Güney Azərbaycan, istərsə də Qüzey Azərbaycandan mühacirət edənlərin bir çoxu Türkiyəyə, buradan isə Qərb ölkələrinə üz tutmalı olmuşlar.

Mühacirətin ağırlıqlarından çox da danışmaq istəməzdim. Düşünürəm ki, vətəndə yaşayıb istəkləri uğrunda əzablara dözənlər mühacirətdəkilərindən qat- qat ağır durumdadırlar. Bu üzdən bəlkə də susmaq məsləhətdir.

Qısaca deyim, özəlliklə vətənsevər birisi üçün qürbətin soyuq əlləri çox qorxuncdur. Onu incidən əsas məsələlərdən biri yaşanan “qopuqluq”dur. Mənsub olduğun yerdən qoparılmaq hər zaman həsrət, sevgi və ağrı hisslərini iç-içə yaşadır.

- Türkiyədə sizin vətəninizdən gəlmiş mühacirlər arasında birlik varmı? Yoxsa pərakəndə, dağınıq bir qrupdur bu mühacirlər?

- Gözlənilən qədər birlik yoxdur. Təbii, bir sıra insanlar əllərindən gələni edirlər, amma bir çox halda dağınıq qrup şəklindədirlər. Güneylilər isə Azərbaycan adına çox işlər görə bilərlər.

Bu, insandan insana dəyişə bilər. Hər kəsin durumuna, bacarığına uyğun olaraq görə biləcəyi işlər var. Yetər ki, insanlar vətən üçün nəsə etmək fikrində olsunlar.

- Siz Azərbaycan mediasından, ya da Azərbaycan ictimaiyyətindən özünüzə necə bir münasibət görürsünüz? Maraqlıdır, bir yadlıq hiss edirsinizmi?

- Bəzən saytlar maraqlanır. “Alatoran” dərgisi və “Qanun” nəşriyyatına da özəl sayqım var. Onlar sadəcə mən deyil, Güneydəki ədəbiyyata diqqətli olmuşlar. Bu üzdən onlara sayqım böyükdür.

Qüzey Azərbaycan saytları arasında güneyli yazarların, şairlərin yazılarını yaymamaqda çox israrlı olan saytlar da vardır.

Üst- üstə Güneylə bağlı xəbərlər də ardıcıl şəkildə öz əksini tapmır. Bunun texniki səbəbləri də ola bilər. Sadəcə, bizim Qüzey mediasından gözləntimiz Afrika mediasından olan gözləntimizlə eyni deyil.

Söhbətləşdi: Namiq Hüseynli

XS
SM
MD
LG