Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Ölüm gətirən qulaq


Seymur Baycan
Seymur Baycan

-

Bu, dəhşətli bir kədər idi. Belə bir kədəri yalniz ən doğma adamını qəfildən itirən adamlar hiss edə bilərlər. Sergey başa düşürdü ki, hər şey itirilib, hər şey məhv olub...

Seymur Baycan

ÖLÜM GƏTİRƏN QULAQ

(Hekayə)

Ofisiant masaya yaxınlaşıb nazik səslə dedi:

- Buyurun, sizi eşidirəm.

Sergey qızın nazik dodaqlarına, yumru ağ sifətinə, altı qaralmış göy gözlərinə baxdı və tərəvəz supu, zeytun, alma şirəsi, pendir sifariş verdi.

Dörd il idi ki, Sergey ət yemirdi və son bir ayda uğursuzluq zolağına düşmüşdü. Bir ay əvvəl Sergeyin sevimli anası qəfildən yatağa düşüb, üç günün içində dünyasını dəyişdi. Anasını basdırandan bir həftə sonra Sergey dərdini yüngülləşdirmək üçün möhkəm içdi və bütün sənədlərini itirdi.

Sənədlərini itirəndən sonra Sergey avtobusda gedərkən qəfildən asqırdı. Çeynədiyi saqqız ağzından sürətlə çıxıb qarşısında oturan qızın saçının arasına girdi. Hadisə elə sürətlə baş verdi, Sergeyi elə qəfil asqırmaq tutdu ki, o ağzındakı saqqıza heç cürə nəzarət edə bilmədi.

Avtobusda bərk pərtlik yarandı. Sergey xəcalət çəkərək əsəbdən və həyəcandan tərləyərək qıza nə qədər üzr istəyirəm, bilmədən oldu desə də qızı sakitləşdirə bilmədi.

Həyasız qızı heç cürə sakitləşdirmək mümkün olmadı. Sergeyə ağzına gələni dedi.

Avtobusda baş vermiş hadisə Sergeyə çox pis təsir etdi. O, günlərlə bu hadisəni unuda bilmədi. Üç gün yuxu üzünə həsrət qaldı. Gözlərini yuman kimi avtobusdakı hadisəni xatırlayırdı. Hadisənin şahidlərinin hamısının hər yerdə - evdə, işdə, küçədə onun haqqında danışdıqlarını düşünərək böyük əzab çəkirdi. Ona elə gəlirdi ki, bütün şəhər, bütün respublika başına gələn nalayiq hadisənin müzakirəsi ilə məşğuldur.

Bir həftə əvvəl isə Sergey arvadının ona xəyanət etməsindən xəbər tutdu. Arvadının xəyanəti Sergeyi sarsıtdı. O, arvadına çox inanırdı. Arvadını öldürməyə, boşanmağa Sergeyin gücü və həvəsi qalmamışdı. Sergey dünyanın ona həmişə xatırladılan "ən sadə qanunu"nu unutmuşdu - unutmuşdu ki, bu dünyada heç bir qadına axıra qədər inanmaq olmaz.

Arvadından boşanıb yenidən həyata başlamağa Sergeydə güc qalmamışdı. Onun kimi adamlar həyatda bircə dəfə döyüşə girirlər. Həyatları alınmayanda sakitcə başlarını aşağı salıb, bədbəxt olmaqlarıyla razılaşırlar. Kafeyə ortaboylu, saqqalı bir kişi girdi. Masalara yaxınlaşıb kafenin müştərilərinə oyun kartı satırdı. Kişi Serqeyin masasına yaxınlaşanda Sergey heç nə demədən əlini yelləyib kişini masadan uzaqlaşdırdı. Hələ uşaqlıqdan Sergey oyun kartlarından qorxurdu. Anası bir dəfə lap uşaqkən kart oynayan zaman Sergeyi yaxalamışdı. Sergeyi xeyli danlayıb və qorxulu bir əhvalat danışmışdı. Hardasa nə vaxtsa bir kişi qumar oyununda öz gənc qəşəng arvadını qumarda uduzub. Kişi buna görə özünü asıb.

Anasından eşitdiyi bu əhvalat Sergeyi elə qorxutmuşdu ki, o vaxtdan harda oyun kartı görürdüsə özünü pis hiss edir, canına özündən asılı olmayaraq üşütmə düşürdü. Düz Sergeyin qarşısında yerləşən böyük ekranlı televizorda suda cimişən begemotları göstərirdilər. Begemotlar suya girib çıxandan sonra öz balaca qulaqlarını oynadırdılar. Gördüyü bu mənzərə Sergeyi hədsiz dərəcədə kədərləndirirdi.

Elə bu vaxt ofisiant qız sakitcə sifarişləri masanın üstünə düzdü. Sergey sakit-sakit, yavaş-yavaş supu qaşıqlayıb yeyərək arada geniş ekrana baxırdı. Sol əliylə kasanı tutmuşdu. Hər dəfə qaşığı dolduranda götür-qoy eləyirdi. Qaşığı ağzına aparsın ya aparmasın? Arada boş qaşığı gözünün qabağında tutub diqqətlə baxırdı. Sonra başını yuxarı qaldırırdı. Sanki birisindən soruşmaq istəyirdi- bu qaşıq onun əlində nə gəzir? Niyə qaşığı əlində tutub, neyləsin bu qaşığı?

Suda çimişən begemotların balaca qulaqları Sergeyi hədsiz dərəcədə kədərləndirməkdə idi. Belə böyük bir heyvanın belə balaca qulaqları olması Sergeyi o qədər kədərləndərirdi ki, ürəyindəki sızıltılı, ürəyindəki ağrılar göz yaşlarına çevrilib yanaqlarından aşağı süzülməyə başladı. Başqasından soruşurmuş kimi dodağının altında pıçıldadı:

- İlahi, bu nə haldı mən düşmüşəm? İlahi, bu nədir?

Dərin kədərini acizanə bir qəzəb evəz edir, sonra isə kədər və ümidsizlik canına dolurdu.

Damlalardan ikisi Sergeyin qarşısındakı kasaya düşdü. O, yemək yeyəndə başını az qala kasanın içinə soxan adamlardan idi. Beləcə sakitcə ağlaya-ağlaya böyük ekranlı televizorda balaca qulaqlı begemotların çimişməyinə baxa-baxa pendiri, zeytunu, tərəvəz supunu yeyib alma şirəsini içdi. Begemotlar çox xoşbəxt görünürdülər, açıq-aşkar sudan həzz alırdılar, buna baxmayaraq Sergey begamotların balaca qulaqlarına baxarkən iliyinə qədər kədərlənirdi. Bu, dəhşətli bir kədər idi. Belə bir kədəri yalniz ən doğma adamını qəfildən itirən adamlar hiss edə bilərlər. Sergey başa düşürdü ki, hər şey itirilib, hər şey məhv olub. O, bədbəxtdir, vəssalam. Begemotların heç vaxt böyük qulaqları olmayacaq. Bu böyük heyvanlar dünyanın sonuna qədər balaca qulaqla gəzəcəklər. Sergey hesabı ödədi. Ofisiant qıza yaxşı çay pulu saxladı. Kafedən çıxıb yavaş-yavaş İçərişəhərə tərəf üz tutdu. Şəhərin adi günlərindən biri idi. Sergey avaralanan, harasa tələsən, skamekalarda oturan, divarlara söykənib siqaret çəkən kişilərə baxıb düşünürdü:

- Görəsən, onlar mənim yerimdə olsaydılar necə hərəkət edərdilər?

Beləcə düşünə-düşünə İçərişəhərdə, dar küçələrdə xeyli dolaşıb özünü Qız qalasının qarşısında gördü. Sergey Bakıda böyüsə də, heç vaxt Qız Qalasında olmamışdı. Məktəbdə oxuyarkən tarix müəllimləri üç dəfə uşaqları Qız Qalasına gəzməyə aparmışdı. Hər dəfə əsaslı səbəblər üzündən Sergey bu gəzintilərdən kənarda qalmışdı.

Sonralar isə bir neçə dəfə özü qız qalasına baxmaq istəmişdisə də bu qalada gəzmək Sergeyə nəsib olmamışdı. Belə şeylər olur həyatda. Bərk istəyirsən, amma nədənsə heç cürə alınmır. Sergey bilet alıb mərtəbələrdə çox vaxt itirmədən birbaşa qalanın üstünə qalxdı. Böyüdüyü son illərdə xeyli dəyişən şəhərə diqqətlə baxdı. Qalanın üstündən şəhərin necə dəyişməsini xüsusən kəskin hiss etmək olurdu. Qalanın divarlarına söykənib şirin-şirin, əzilə-əzilə söhbət edən cütlüklərə baxanda Sergeyin ürəyi sıxıldı.

Bütün bunlar Sergeyə hədsiz mənasız və uzaq görünürdü. Şəhərin başı üzərində qara buludlar dolaşırdı. Deyəsən yağış yağacaqdı, hava sürətlə soyuyurdu. Sergey qalanın üstündən doğulduğu və böyüdüyü Əhmədli qəsəbəsi tərəfə baxaraq yaşadığı binanı tapmağa çalışırdı. Belə tutqun havada yaşadığı binanı tapa bilmədi. Bəlkə də günəş çıxsaydı Sergey yaşadığı binanı asanlıqla tapa bilərdi.

Yaşadığı binanı tapa bilməsə də əvəzində Sergey uşaqlığının ən gözəl gününü bir daha xatırladı. Sergey məktəbdən qayıdanda anası işdə olurdu. Məktəbdən qayıdarkən sakit, adamsız evə girəndə Sergeyin ürəyi sıxılırdı, hazır yeməyi qızdırıb yeməyə özünə həvəs tapmırdı. Anası işdən qayıdana qədər ac otururdu. Anası həmişə yemək yemədiyinə görə Sergeyi danlayırdı. Sergey anasını heç cürə başa sala bilmirdi ki, yeməyi qızdırıb yeməkdənsə ac oturmaq onun üçün daha rahatdı.

Həmin gün Bakıya bərk qar yağmışdı. Dəhşətli Bakı küləyi əsirdi. Bu külək uşaqlara qartopu oynamağa, əylənməyə imkan vermirdi. Sergey dərsdən evə qayıdırdı. Külək bu balaca oğlanın rahat yeriməsinə mane olurdu. Külək papağını, hətta papaq nədi, gödəkçəsini də dartıb əynindən çıxarmaq istəyirdi. Qalın geyinsə də Sergey üşüyürdü. Onu evdə gözləyən sakitliyi, soyuq yeməyi xatırlayanda Sergey evə heç getmək istəmirdi. Harasa başqa yerə getmək istəyirdi.

Amma hara? Bu geniş dünyada öz evlərindən savayı getməyə bir başqa ev yox idi. Sergey axşama qədər sakit otaqda ac oturub dəhşətli Bakı küləyinin səsinə qulaq asacaq, pəncərədən küçədə avtobus gözləyən, üşüyən, bürünüb küləkdən qorunmaq istəyən adamlara baxacaqdı. Balaca uşaq ürəyi axşama qədər qüssədən sıxılacaqdı. Sakit evdə Sergey anasının öləcəyini xəyal edib hönkürərək ürəkdən ağlayacaqdı.

Pilləkənləri həvəssiz qalxıb üçüncü mərtəbədə yerləşən mənzillərinin qapısı önündə dayandı. Belindəki çantanı çıxarıb ayaqlarının arasında tutdu. Sergey pencəyin döş cibindən açarı çıxarmazdan əvvəl qapını döydü. Açarı pencəyin döş cibinə qoyurdu. Açarı itirməkdən yaman qorxurdu. Açarı işə salmaqdan əvvəl qapını döymək adəti idi. Sergey həmişə belə edirdi. Mənzildən yumşaq ayaq səsləri gəldi. Bu yumşaq, mehriban ayaq səsləri qapıya yaxınlaşdı. Qapı açıldı. Anasının gülümsəyən üzünü görəndə Sergey o qədər sevindi ki, onu ağlamaq tutdu. Üstəlik qızardılmış kartof ətri onu bihuş etdi. Həmin gün anası işdən evə tez gəlmişdi. Evi qızdırıb, kartof qızarmışdı. Çay dəmləmişdi. Bu, Sergeyin həyatında ən xoşbəxt günlərdən biri idi. Həmin gün baş verənləri sonralar böyüyüb yekə kişi olanda dəfələrlə anasına danışsa da, anası Sergeyin o günü niyə tez-tez xatırlamasını heç cürə başa düşmürdü.

Hər bir insanın bu cür xoşbəxt günü var. Bu xoşbəxtliyin nə demek olduğunu başqalarına çatdırmaq çətin məsələdi. Belə xoşbəxtlikləri yalnız yüksək hissiyatlı adamlar başa düşə bilərlər.

Sergey ömrünün ən xoşbəxt günlərindən birini xatırlayıb sonsuz bir kədərlə gülümsədi. Həyatının sonuncu siqaretini yandırdı. Hər dəfə siqareti sümürüb tüstünü laqeyd-laqeyd havaya buraxandan sonra dodağının altında deyirdi:

- Bu dünyada hər şey necə də tez qurtarır.

Sergey əvvəlcə artıq çəkib qurtardığı siqaretin kötüyünü, siqaret kötüyünün ardınca isə həyata keçən və keçməyən arzularıyla birlikdə özünü qalanın üstündən aşağı tulladı.

XS
SM
MD
LG