Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:24

Masa arxasında yaşayıram mən...


İbrahimxəlil
İbrahimxəlil

-

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş İbrahimxəlildən yeni şeirlər

İbrahimxəlil

ŞEİRLƏR

Masa arxasında yaşayıram mən;

ümid ulduz-ulduz sayrışır elə.

Palanduz pasportu yellədən polis

yaşayış yerimi soruşur elə.

Bəs deyirlər: cild-cild canlara dəyər

bir şər vaxtı canı şeirli soyulmaq?

Masa – məmləkətin künc-bucağısa,

bəsimdi bir küncdə yerli sayılmaq...

“Masa vətəndaşı” sayılmaq bəsim...

...qələm barmaqlarım əsa yerindən.

Ürbənd üfüqlərdən görünmürmü ki? –

məmləkət alışar masa yerindən.

Masa arxasında yaşayıram mən;

sığmadım nə bağa, nə də bostana.

Yer verən olmasa sabah gəl, neynək;

sıxlaşıb sığarıq Kitabıstana...

Sığarıq... bir qələm, bir də kağızdır,

bir də həyəcanım bir az istidi.

Hey üzü Allaha axmırmı çaylar?..

...sanki masa üstü – Araz üstüdü!

Masa arxasında yaşayıram mən...

duyğunu kağıza köçür – kef olur.

Sabah gəl, meşələr gör necə qələm,

dəryalar gör necə mürəkkəb olur.

Gələndə Araztək arazbarı gəl...

...Azərə, Baycana bölərsən məni?

Mən sənə masadan çox misal çəkdim;

birdən masabəyi bilərsən məni...

***

Ümidim var oldu vaxtından qabaq;

ümidim vaxtından tez çiçəklədi.

İstədim üstünün tozunu alam,

ütüsüz üstündə toz çiçəklədi.

Taca göz dikirmiş taykeş ümidlər

Sultan Süleymanın taxtından qabaq.

...Ümidim vaxtından tez çiçəklədi;

vədi, vəqfnaməsi vaxtından qabaq...

Hələ vaqif-vaqif vaqiələri

ay əsrdən-əsrə daşıyan canım!..

...Ümidin üstündə toz çiçəklədi;

ümidin tozuyla yaşayan canım!..

***

Bu dünya ticarət mərkəzi imiş...

tacir-tüccar sirri şeirinə çökməz?

Ticarət mərkəzi olan dünyada

tərəzi müştəri xeyrinə çəkməz.

Danqır daxıllarda yemişan ətri...

bu mərkəz elə göz yaşları yığar?

Arada-sırada başlara sanki

tappatap tərəzi daşları yağar...

Bu dünya ticarət mərkəzi imiş...

əsəb, qəssab gəzər ərazisində.

Yazdığın yazını ətdaşıyanlar

çəkərlər hey şeytan tərəzisində...

***

Hələlik ömrümün oğlan çağıdır;

hələ yaşayıram birtəhər, ana!

Hələ saçlarımı külək dağıdır;

bir səhər keçəlim görünər, ana.

Döy-sındır dövrdə danmaqdan keçib –

nə danım üşüdür qar da, sazaq da.

“Birtəhər” sözüyçün qınama məni;

birtəhər yaşanır səndən uzaqda –

hələ zümzüməli zülm də ayrı!

...əsrin əsası var “ah” çəkdirməyə.

Dalğalı saç vaxtı başmı açılır? –

gələrəm başıma saç əkdirməyə...

Ömür də doqquzu dörd eləməksə,

dolanbac doqquz da hələ dörd olmur.

Qəlbin keçəlliyi zülmdü yəqin,

başın keşəlliyi elə dərd olmur.

Səndən uzaqların dadı qürbətdi...

qubarlı yolları yoxla, ay ana!

Gələrəm başıma saç əkdirməyə;

saxlanc darağımı saxla, ay ana!..

***

Səsini qaldırma! Sözünü qaldır!

sükut qəflət deyil, günahdı qarda.

Üfüq də atəşlə astagəl yanır;

asta səsi sevir Allah da orda...

Söz ki arazbarı ayazımadı

azərli, baycanlı ayağa qaldır!

...Sözünü qaldırma Mirzə Nadantək,

sözünü Şekspirsayağı qaldır!..

asta səsi sevir Allah da orda...

gözəl səs qeybdəndi yenə...qorxma sən.

...Səsini Şekspirsayağı qaldır,

mənim səsim batıb, mənə baxma sən...

***

Mən qələmin quluncunu qırıram...

söz uğrunda oda yanan ayrıdı!

Qələm qola “qələmyonan” deyirlər,

cani-dildən cəllad yonan ayrıdı!

Qurbangahda Sənət – qurban, sadağa...

quruluşu qılıncnanmı qururam?

Hələm-həlbət mən qələmnən yazmıram;

mən qələmin quluncunu qırıram.

Tez-tez durur şairlərin quluncu

qələmdanın qarmaq-qarmaq oduyla.

...Qarı cəllad qırmızını geyinib

yola çıxır qulunc qırmaq adıyla.

***

Çörəyə çatdırdı atam əlimi;

bir quru çomaqnan çatdırdı, ay dost!

Ağlı başdan alan dağ yollarında

Başkeçid adında çat durdu, ay dost!

Atamın yastığı qayalar durur;

durur baş-başaca... ac qarda gördüm.

...Cəllad da çörəyə çatdırdı dünən

oğlunun əlini – ucqarda gördüm.

Karvan misralarda sarban oluram,

nə yazım Göyündə çat duran Elə?

Atamın əlitək qurban oluram

əlimi şeirə çatdıran ələ...

Əyriqardan belə dağ yollarında

görən çat yerləri dolurmu, ay dost?

Oğlumun əlləri çörəyə çatsın...

qələmlə çatdırmaq olurmu, ay dost!..

XS
SM
MD
LG