Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:05

Anar Məmmədov keçmiş konqresmenin pulunu kəsib


Konqresmen Dan Burton və Anar Məmmədov
Konqresmen Dan Burton və Anar Məmmədov

-

Keçmiş ABŞ konqresmeni daha Azərbaycan üçün lobbiçilik etməyəcək. Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Dan Burton bir ildir maaş ala bilmədiyinə görə istefa verdiyini yazır.

«PULUM ÖDƏNMƏYİB»

İndiana ştatından olan respublikaçı Azərbaycan Amerika Alyansının sədrliyindən istefa verib. Bu qrupun rəhbəri nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. AzadlıqRadiosunun müxbiri Carl Schreck Məmmədovun 2011-ci ildən ABŞ-da lobbiçilərə 12 milyon dollardan çox xərclədiyini qeyd edir.

«Bir ildir siz və ya Anar mənimlə əlaqə saxlamayıb, pulum da ödənməyib. Bu elektron məktubu Azərbaycan-Amerika Alyansı sədrliyindən istefam kimi qəbul edin». Burton bunu martın 1-də James Fabiani-yə yazıb. Fabiani ABŞ-da həmin alyans üçün lobbiçilik edən şirkətin rəhbəridir. AzadlıqRadiosunun əməkdaşı həmin məktubu görüb.

Fabiani-dən şərh almaq mümkün olmayıb, eləcə də Azərbaycan Amerika Alyansının veb-saytında göstərilən telefon nömrələrini cavablandıran tapılmayıb.

AÇIQLAMA VERƏN YOXDUR

Müəllif Anar Məmmədovun ABŞ-da respublikaçılardan prezidentliyə namizədlik yarışında öndə gedən Donald Trump-la biznes ortağı olduğunu, Bakıda 33-mərtəbəli dəbdəbəli otel tikdiklərini yada salır.

http://www.prnewswire.com/news-releases/trump-hotel-collection-announces-trump-international-hotel--tower-baku-281425361.html Cənab Məmmədovdan da hər hansı açıqlama almaq mümkün olmayıb. Nə Facebook mesajlarına cavab verib, nə də veb-saytındakı telefonlara.

Alyans ABŞ-da Azərbaycan adına böyük lobbiçilik kampaniyası aparırdı, buna həm özəl mənbədən, həm də dövlət pulu xərclənirdi. Elə rəsmi Bakının tənqidçiləri də prezident İlham Əliyev hökumətini insan haqları pozuntularını «kürü diplomatiyası», bahalı hədiyyələrlə ört-basdır etməkdə suçlayır.

Əliyev bu yaxınlarda Məmmədovun atasının səlahiyyətlərini məhdudlaşdırdı, bu da ailənin hökumətdə nüfuzunun azalması barədə fikirlərə yol açdı.

Bu arada Azərbaycan Amerika Alyansının taleyi barədə aylardır şayiələr dolaşır. Xatırladaq ki, ötən yay virtualaz.org saytı mötəbər mənbələrə istinadla bu alyansın fəaliyyətini dayandırdığını yazırdı. Amma Burton-un sələfi, azərbaycanlı biznesmen Xəyal Şərifzadə oxşar məlumatları təkzib etmiş, təşkilatın fəaliyyətini həmişəki kimi, hətta daha geniş miqyasda davam etdirdiyini söyləmişdi.

PULLAR NƏYƏ XƏRCLƏNİB

opensecrets.org saytının məlumatına görə, alyans son 5 ildə ABŞ-da lobbiçilik fəaliyyətinə 12.3 milyon dollar xərcləyib, Vaşinqtonda elitaya qonaqlıqlar verib, Konqresin yüksəkçinli üzvləri ilə görüşlərdə Bakının maraqlarını təbliğ edib.

«Fabiani&Company»nin alyansla işbirliyi ABŞ-da ən bahalı 10 lobbiçilik kontraktları sırasında yer alıb. Təkcə 2015-ci ildə ABŞ-da lobbiçilik xidmətlərinə 1.46 milyon dollar xərclənib ki, bunu da çoxu «Fabiani&Company»yə gedib.

Ancaq bu pulun necə xərcləndiyi aydın deyil. Alyans ictimai fəaliyyətini dayandırmış kimi görünür, noyabrdan bəri sosial media hesabları yeniləməyib, 2015-ci ildə illik qala-nahar təşkil etməyib. 2012-ci ildə nahara 430 min dollar xərclənmişdi. Nümayəndələr Palatasının spikeri John Boehner və Konqresin daha 15 üzvü də qatılmışdı.

Alyans 2013-cü ildə ABŞ-da Xarici Agentlərin Qeydiyyat Aktı (FARA) üzrə qeydiyyatını dayandırıb. Belə ki, qurumdan xərcləri, hökumət rəsmiləri, jurnalistlər və digər fərdlərlə münasibətlərinin detallı hesabatı tələb olunurdu.

DAHA AZ HESABATLILIQ

İndi alyans ABŞ Lobbiçiliyin Açıqlanması Aktı çərçivəsində hesabat verir ki, burada, FARA-dan fərqli olaraq, daha az informasiya istənilir.

AzadlıqRadiosunun araşdırmaları Anar Məmmədovun biznes maraqlarının atasının rəhbərlik etdiyi nazirliklə bağlı olduğunu üzə çıxarmışdı.

Dan Burton 2013-cü ilin fevralında Azərbaycan Amerika Alyansının sədri elan olunub. O, Konqresdəki 30 illik işini 1 il idi tərk etmişdi. Keçmiş konqresmen AzadlıqRadiosuna deyib ki, onu Məmmədova «Fabiani&Company» şirkəti təqdim edib.

ÖTƏN FEVRALDAN PULUNU ALA BİLMİR

Ancaq o, Azərbaycan hökumətini dəstəkləyən məqalələr də dərc etdirib. Bir dəfə «The Washington Times»da belə bir məqalə çıxmış, ancaq Burton-un alyansa bağlılığı qeyd olunmamışdı. Bu barədə daha sonra «The Washington Post» yazdı.

Burton istefa məktubunda yazır ki, «ABŞ və Azərbaycanın güclü biznes və hökumət əlaqələrinin vacibliyinə inanır», ancaq pulu ödənmədiyindən istefa verməlidir. O, AzadlıqRadiosuna ötən ilin fevralından xidmətlərinə görə pul almadığını söyləyib.

«Ümid edirəm, daha adım Azərbaycan Amerika Alyansının sədri vəzifəsində göstərilmir. Onlara dedim ki, daha bu işlə məşğul olmaq istəmirəm», - Burton martın 1-də telefon müsahibəsində deyib.

Ancaq martın 3-də Burton adı hələ də alyansın saytında sədr postunda göstərilir.

XS
SM
MD
LG