Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:59

Qış, yaz, yay, payız


İllüstrasiya
İllüstrasiya

-

Azər Əhmədov

Azər Əhmədov
Azər Əhmədov

qış şeiri

Hər səhər

üzərindən keçib getdiyim

bu qar təpəciyi

(zirvəsini fəth etdiyim bütün başqa təpəciklər kimi)

ayağımın altında ovulub töküldü

.

palçıqlı soyuq su

ayaqqabımın içinə dolub

məni üşütdü

.

qış bitdi

yaz şeiri

Bu ilki yaz

səhər saat 8-ə isləmiş

qızımı avtobusla

məktəbə yola salarkən

bir vəhşi qazın

qaqqıldaya-qaqqıldaya

evimizin üstündən keçməsilə

girdi şəhərə

.

ertəsi gün qar yağdı

topuğumdan bir qarış da yuxarı qara batmış

külək qarı sovurub şiddətlə üzümə çırpır

mənsə yenə vəhşi qazın səsini eşitmək istəyirəm

.

qızım deyir sonra biri də gəlmişdi

.

hər tərəf qatı ağ dumana bürünüb

yolumu azmış

dayanıb it kimi ətrafı iyləyirəm

yaz hardasa yaxında olmalıdır

mən vəhşi qazlara inanıram

yay şeiri

Gözləri böyürtkən

sifəti armud

məmələri salxım

ucları qara üzüm giləsi

arxası ərik

bu qadının

çılpaq qollarına

ətli budlarına

və gen sinəsinə

göz gəzdirə-gəzdirə

ən sonda

şirəli dodaqlarına baxıb

öz-özünə bir dəfə

ənnnncirrr deyirsən

və içindən səni isti buxar vurur

yay bax budur!

payız şeiri

Indi payız deyəndə yadıma ən cox

yeddibucaqlı çəkməyim düşür

dama-dama ağ vərəq uzərində

dadlı bir qəhvə içəcəkmiş kimi

ləzzətlə və tələsmədən

yeddi nöqtə seçərdim

sonra da üstünün yazısı pozulmuş

köhnə xətkeşlə

bu nöqtələri birləşdirib

qabarıq yeddibucaqlı alardım

.

yeddibucaqlılar haqda kitablarda suallar az olurdu

onlardan birini indi xatırladım

düzgün ABCDEFG yeddibucaqlısında

1/AB = 1/AC + 1/AD faktını

isbat etmek tələb olunurdu

o vaxt həll edə bilməmişdim

Ptolemey teoremini

ABCE dördbucaqlısına tətbiq etməklə

asanca həll etmək olurmuş

mənsə yəqin ki ABCD-yə tətbiq etmək istəmişdim

.

bilirəm

bu şeirdə hansısa quru yarpaq

yaxud

çəpəki yağan yağış

bunlar banal misallardı söz yox

onda deyək ki heç olmasa qatar vağzalı

yaxud yol kənarında otlayan

hərdən də başlarını qaldırıb adama

dərsdə mənasız sual verib sonra da diqqətlə

gözlərini müəllimə zilləyən

şagirdlər kimi baxan

beş-altı maral

ya da nəsə payıza aid bir şey olmalıydı

amma artıq gecdir

.

qoy oxucuya bircə onu deyim ki

yeddibucaqlını çəkdiyim ağ kağız əslində bir az saralmışdı

külək də həyətdəki zeytun ağaclarını astadan xışıldadırdı

oxucunun özundə də

elə bu şeirin adını oxuyandan

payız haqqında bir-iki assosiasya

yaranıbdır hər halda

mən indi durub da

bunların hamısının əlaqəsindən

detallı-detallı yazsam

şeir çox uzanacaq

qoy oxucu özü

nöqtələri birləşdirsin

XS
SM
MD
LG