Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:24

“Eşitmişik, səfirlik Rəsulzadənin adına görə bizimlə əlaqə qurmur”


Hüseyn Qazi Yıldırım
Hüseyn Qazi Yıldırım

►“Məmməd Əmin Rəsulzadə unudulmalı şəxsiyyət deyil. “Bir millət, iki dövlət” deyirik. Biz özümüzü Azərbaycan xalqından ayrı saymırıq”

Türkiyənin paytaxtı Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin adına lisey var.

Lisey 24 ildir fəaliyyət göstərir.

Liseyin fəaliyyəti, Rəsulzadə ilə bağlı gördükləri işlər haqqında direktoru Hüseyn Qazi Yıldırım AzadlıqRadiosuna danışır:

Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

– Məktəbimiz 1992-ci ildən fəaliyyət göstərir. Bizim liseyə orta məktəbi bitirib liseylərə qəbul imtahanından çox yüksək nəticələr toplayan şagirdlər qəbul olunur. Məzunlarımız da ölkənin ən yaxşı universitetlərinin ən yaxşı fakültələrinə qəbul edilir. Bizim lisey yarananda Bakıda Atatürk liseyi fəaliyyətə başlamışdı. Buna qarşılıq olaraq, Ankarada da Azərbaycanın dövlət qurucusu Məmməd Əmin Rəsulzadənin adı ilə bu məktəb yaradılıb. Məktəbimizdə Rəsulzadə ilə bağlı güşəmiz var. Vaxtlı- vaxtında bu guşə yenilənir. Azərbaycan, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədbirlər keçirilir, şagirdlərimiz divar qəzeti də çıxarır.Bundan başqa, Azərbaycan haqqında konfranslar da keçiririk. Ankarada Azərbaycan kökənli şəxslərin birləşdiyi mədəniyyət dərnəkləri də var. Bu dərnəklər ildə bir-iki dəfə M.Ə.Rəsulzadə ilə bağlı konfranslar və başqa tədbirlər keçirir. Həmin tədbirlərə bizi də dəvət edirlər, iştirak edirik. M.Ə.Rəsulzadənin ölümünün ildönümlərində şagirdlərimiz məzarını ziyarət edir, ruhuna dua oxuyub, məzarına gül qoyurlar.

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

– Azərbaycanda hansısa məktəblə əlaqələriniz varmı?

- Azərbaycandakı Bakı Türk Anadolu Liseyi ilə “qardaşlaşmış məktəb” layihəmiz var.

Bu layihə çərçivəsində keçən il biz Bakı Türk Anadolu Liseyində bir qrup şagird və müəllimi liseyimizdə qonaq etdik.

Ortaq tədbirimiz oldu. Birlikdə həyata keçirdiyimiz layihənin adı“Əhməd Cavad və Mehmet Akifin izində istiqlal marşlarımızı (dövlət himnlərimizi) anlama” idi.

Bu layihə TİKA-nın (Türk İş birliyi və Koordinasiya Agentliyi) maliyyə yardımı ilə həyata keçirildi.

Bundan sonra da birlikdə oxşar layihələrimiz olacaq.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

– Bəs sizin müəllimlər, şagirdlər Bakıda olub?

– Yox, biz hələ Bakıya gedə bilməmişik. Maliyyə baxımından TİKA ilə danışıqlarımız hələ nəticəsiz qalıb. Bizim də Bakıya getmək planlarımız var. Maliyyə problemləri həll olunsa, layihələrin həyata keçirilməsi çətin deyil.

– Qarşıdan 28 may – Azərbaycan Respublikasının yaranma tarixi gəlir.

– Bununla bağlı Bakı Türk Anadolu Liseyi şagirdlərimizin Qarabağla bağlı şeir söyləyib onlara göndərilməsini istədilər. Bu gün elə həmin çəkilşləri elədik. Təbii ki, bizim məktəbimizdə də tədbir olacaq.

– Azərbaycan səfirliyi ilə əlaqələriniz necədir?

– Azərbaycan səfirliyi ilə isti münasibət qurmaq istədik, ancaq mümkün olmadı. Ya biz özümüzü tam ifadə edə bilmədik, ya da onlar anlamadılar. Çox yaxın münasibətlərimiz olmayıb. Ancaq daha əvvəllər, nadir də olsa, Azərbaycan səfirliyindən məktəbimizə gəliblər. Bundan sonra əlaqələrimizin sıx olmasını istəyirik. Təşəbbüs göstərdik, ancaq yetərincə qarşılıqlı münasibət görmədik. Görüşmək istədik, amma müsbət reaksiya olmadığına görə israr etmədik. Təbii ki, Azərbaycan qardaş ölkəmizdir. Bu münasibətin özlərinin siyasi anlayışlarından, daxili siyasətindən qaynaqlanan bir baxış olduğunu eşitmişik. Ancaq dəqiq bir şey deyə bilmərəm.

– Yəni Rəsulzadənin adına görə, sizinlə münasibət qurmurlar?

– Bəli. Bu məlumat nə dərəcə doğrudur, bilmirəm, ancaq belə eşitmişəm.

– Bəs Ankaradakı Azərbaycan Kültür Dərnəyi ilə əlaqələriniz necədir?

– Onlarla əlaqələrimiz var. Keçən il məktəbimizdə Məmməd Əmin Rəsulzadə ilə bağlı görkəmli bir guşə hazırlayacaqlarını vəd etmişdilər. Ancaq hələ bunu yerinə yetirməyiblər. Özü də məktəbin adına görə bunu onlar istəmişdi, biz yox. Hələ ki, gəlib getmirlər.

– Vaxtilə Bakı Dövlət Universiteti M.Ə.Rəsulzadənin adına idi. Sonradan bunu ləğv etdilər. Sizin liseyinizdən necə, nə vaxtsa, Rəsulzadənin adı götürülə bilərmi?

- Xeyr, xeyr, belə şey ola bilməz. Çünki Rəsulzadə unudulmalı şəxsiyyət deyil. “Bir millət, iki dövlət” deyirik. Biz özümüzü Azərbaycan xalqından ayrı saymırıq. Rəsulzadə milli böyüyümüzdür. Onun adı ilə bağlı bir təşəbbüs belə olacağını düşünmürəm. Belə şey ağla belə gəlməz.

XS
SM
MD
LG