Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

Prezidentin qızlarının Dubayda əmlak imperiyası – yeni araşdırma


Leyla (solda) və Arzu Əliyevalar, arxiv fotosu
Leyla (solda) və Arzu Əliyevalar, arxiv fotosu

Azərbaycan prezidenti İlham Əliyevin qızları Dubayda otel kompleksinin və dəbdəbəli villaların sahibləridirlər. Bunu “The Guardian” qəzetində dərc olunmuş yeni araşdırma üzə çıxarıb.

Müəllif Juliette Garside yazır ki, Dubaydakı Cumeyra Palma süni adasında Sofitel otelində bir gecənin qiyməti 400 funt sterlinqdir. Turistləri oteldə təklif olunan xidmətlərlə yoldan çıxarmağa çalışırlar. Ancaq otel sahiblərinin adları, təbii ki, daha az reklam olunur. Bu kurortun Azərbaycan prezidenti İlham Əliyevin qızlarına məxsus olduğu görünür.

***Buna da bax: İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) üzə çıxarıb ki, Sofitel-in tikildiyi ərazinin sahibi Dubayda qeydiyyatdan keçmiş Sahra FZCO adlı şirkətdir. Sahra-nın sahibləri isə Leyla və Arzu Əliyevalardır. Anonimlik şərtilə danışan mənbələr belə iddia edirlər.

SAHRA-DA 50-50-YƏ PAY

Araşdırmanı “The Guardian”, “Reuters” və “The New York Times” daxil 18 media təşkilatını birləşdirən Daphne Layihəsi aparıb. Həmin layihə ötən oktyabrda maşınına qoyulmuş bomba partlayışında həlak olmuş maltalı jurnalist Daphne Caruana Galizia-nın araşdırmalarını davam etdirmək üçün yaradılıb.

Daphne Caruana Galizia-nın maşını
Daphne Caruana Galizia-nın maşını

“The Guardian” yazır ki, Azərbaycanın hakim ailəsi onsuz da şəffaflığın olmaması, Əliyev 2003-cü ildə hakimiyyətə gələndən bəri jurnalistlərin həbsi, azad sözün məhdudlaşdırılmasına görə tənqid olunurdu. Son araşdırma isə yeni suallar ortaya qoyur.

Sahra-nın 2004-cü ildə yaradıldığı, bacıların hərəsinin 50% paya sahib olduğu bildirilir.

***Buna da bax: "Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

İndiyədək prezident övladlarının Londonda daşınmaz əmlak, eləcə də Azərbaycanda mədən sənayesi, telekommunikasiya, otel biznesindəki paylarını üzə çıxaran araşdırmalar aparılıb.

Di gəl, Böyük Britaniya kimi digər yurisdiksiyalardan fərqi olaraq, Dubayda torpaq reyestri ictimaiyyətə açıq deyil.

OCCRP-yə əmlakla bağlı informasiya sızdırılıb və bu məlumat 2014-2016-cı illəri əhatələyir. O vaxtdan mülkiyyətçilərin dəyişə biləcəyi də istisna edilmir.

Araşdırmaçılar Əliyevlərdən şərh ala bilməyiblər.

16 VİLLA

Sahra şirkəti Sofitel-dən savayı yaxınlıqda Cumeyra Palmasıında 16 villa da əldə edib. Bu adadakı villaların hərəsinin ortalama qiymətinin 2 milyon funt sterlinq olduğu bildirilir.

Leyla Əliyeva
Leyla Əliyeva

Son sənədlər vaxtilə “Washington Post”un yazdıqlarını da təsdiqləmiş olur. Qəzet bacıların qardaşları Heydər Əliyevlə birlikdə Cumeyra Palmasında 17 dəbdəbəli mülkiyyətə sahibləndyini yazırdı. Onların adlarına qeydiyyatdan keçmiş bu mülkiyyətin qiyməti 70 milyon funt sterlinqə yaxındır.

***Buna da bax: «The Washington Post»da Dubay mülkləri yada salındı

Araşdırma hakim ailə üzvlərinin gizli investisiyaları Malta bankı vasitəsiylə gerçəkləşdirdini ortaya qoyub.

Söhbət Pilatus bank vasitəsiylə Britaniya, İspaniya, Fransa, Gürcüstan və Monteneqroya yatırılan gizli sərmayələrdən gedir. Hazırda bu bankın aktivləri dondurulub və ötən ay ölkənin banklara nəzarət edən qurumu təhqiqata başlayıb. Ancaq qurumdan təhqiqatın fokusu barədə şərh verməyiblər. Bu məqalədə adıçəkilənlərin qanunsuz çalışmasına dair də iddia olunmur.

Araşdırmaya görə, şirkətlərin çoxu prezident İlham Əliyevin övladları və fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlu üçün fəaliyyət göstərib. Bu iddiaların Dubaydan sızdırılmış sənədlərlə dəstəkləndiyi bildirilir.

Heydərovun oğlanları – Nicat və Talenin vəkilləri deyiblər: “Müştərilərimiz tamamilə qanuni və hüquq çərçivəsində biznes aparan şirkətlərin sahibidirlər”.

GİLAN HOLDİNG

“The Guardian” yazır ki, bu araşdırma ilk dəfə olaraq prezident İlham Əliyevin qızlarının Azərbaycanda ən böyük şirkətlərdən olan Gilan Holding-in yarısına sahib olduğunu üzə çıxarıb. Bu şirkətin bankçılıq, tikinti, turizm, kənd təsərrüfatı sektorlarında, “Qəbələ” futbol klubunda maraqları var.

***Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Adıçəkilən ailələrin Pilatus bankın müştəriləri vasitəsilə sahib olduğu əmlakların siyahısı belə görünür:

  • Beşulduzlu Sofitel oteli və Palma adasında spa. Bunları Fransanın AccorHotels Group şirkəti idarə edir.
  • Azərbaycanda Gilan Holding
  • Fransanın çini qablar, yataq dəstləri və Smurf heykəlcikləri istehsal edən üç şirkəti
  • Gürcüstanda beşulduzlu otelin 40 milyon dollarlıq rekonstruksiyası.

“The Guardian” yazır ki, görünür, bu araşdırmalardan sonra beynəlxalq qurumlar Azərbaycan hökumətinə şəffaflıq çağırışlarını bir daha dilə gətirəcəklər.

Ancaq indiyədək İlham Əliyev rəhbərliyi ilə bağlı tənqidləri rədd edib, onları şər-böhtan adlandırıb. O, Azərbaycanın demokratik ölkə olduğunu, azad və ədalətli seçkilər keçirildiyini deyir. Aprelin 11-də erkən prezident seçkisində Əliyevin səslərin 86%-ni yığdığı açıqlanıb və daha yeddi il ölkəni idarə edəcək. Əsas müxalifət partiyaları seçkini boykot edib.

XS
SM
MD
LG