Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:09

Deputatın qardaşı ilə 'Atabank' arasında əcnəbi vətəndaşın puluna görə qalmaqal


Deputat Eldar İbrahimov
Deputat Eldar İbrahimov

Elizabet Foyxtenberqer illər öncə Bakıda «Kövsər Bank»a qoyduğu əmanətini hələ də ala bilmir. Bu bankın adı dəyişib, bir müddət sonra satılıb, amma əcnəbi vətəndaşın pulu qaytarılmayıb.

1988-ci ildə «Universal Bank» kimi yaradılmış bu bankın adı 2001-ci ildə «Kövsər» olub. 2014-cü ilin dekabrında «Synergy Group»a satılması ilə əlaqədar səhmdarların tərkibi dəyişib. Bir ay sonra isə bankın adını da dəyişib, «Caspian Development Bank» qoyublar. 2017-ci ilin aprelində isə «Caspian Development Bank»ın «Atabank»a qoşulduğu açıqlanıb.

«Kövsər Bank»ın E.Foyxtenberqerə 73 min avro əsas, 45 min 780 avro da faiz borcu var. Bu barədə hələ 2015-ci ildə məhkəmə qərar çıxarıb. Məhkəmə əmanətçinin hüquqi xidmətlərə görə çəkdiyi 2 min avro xərci də nəzərə alıb, «Kövsər Bank»ın ona ümumilikdə 120 min 780 avro ödəməsinə qərar verib. Bu qərar isə 5 ildir icra olunmur.

İndi məhkəmə icraçıları qərarın yerinə yetirilməsini «Atabank»dan tələb edir, çünki «Kövsər Bank»ın hüquqi varisi odur. 2017-ci ildə Bakı Apellyasiya Məhkəməsi məhz bu əsasla qərarı «Atabank»ın icra etməsinə qərar verib. «Atabank» isə ödəmir, israr edir ki, qərarı banka əmanət qoyulanda rəhbərlik edənlər yerinə yetirsin.

İlkin müqavilənin üçüncü hissəsi...

Bu məsələ ilə əlaqədar yeni məhkəmə çəkişməsi yaranıb. Bu dəfə «Atabank» «Kövsər Bank»ın İdarə Heyətinin rəhbəri olmuş Heydər İbrahimovu məhkəməyə verib. Tələb edir ki, E.Foyxtenberqerə ödənilməli vəsait ondan tutularaq əcnəbiyə veriləsi pulla əvəzləşdirilsin. «Atabank» ondan qərarın icrasını tələb edən Yasamal və Nəsimi rayon icra və probasiya şöbələrinə qarşı da iddia qaldırıb.

«Atabank» iddia edir ki, bankın satılması barədə H.İbrahimovla bağladıqları ilkin müqavilədə o, satışdan öncəki vergi və başqa öhdəliklərə görə məsuliyyəti öz üzərinə götürüb. Bankın nümayəndəsi Emil Bədəlov fevralın 20-də Ali Məhkəmədə bu məsələyə baxılarkən bunu vurğulayıb. Onun sözlərinə görə, «Caspian Development Bank»ın satılmasına dair ilkin müqaviləyə satıcı kimi H.İbrahimov, alıcı kimi Dəyanət Quliyev imza atıb. İlkin müqavilənin üçüncü hissəsində isə belə bir bənd var: «Əqd bağlanandan sonra ortaya çıxacaq, lakin əqd bağlanandan əvvəl… vergi və digər bu kimi məcburi öhdəliklər üzrə edilmiş əməliyyatlardan törənən itkilərə görə məsuliyyət satıcının üzərindədir».

«Atabank» da narazı qalıb

Səbail Rayon Məhkəməsi «Atabank»ın iddiasını təmin etməyib. Belə qərara gəlib ki, «Atabank» ödəməli, sonra özü H.İbrahimovdan tələb etməlidir: «Qüvvəyə minmiş məhkəmə qətnamələri ilə «Kövsər Bank»dan tutulmalı olan vəsaitlər üzrə «Atabank» hüquqi varis kimi borclu hesab olunur. «Atabank» həmin pulu ödəyəndən sonra Heydər İbrahimova qarşı reqress hüququ yarana bilər. Qanuna görə, birgə öhdəlik yalnız icra edildikdən sonra onu icra etmiş borclunun digər borcluya qarşı reqress hüququ yaranır».

Bakı Apellyasiya Məhkəməsi də bu qərarla razılaşıb. «Atabank» Ali Məhkəməyə şikayət versə də, nəticə dəyişməyib.

H.İbrahimov da qərardan narazı qalıb. O da bu məsələ ilə əlaqədar Ali Məhkəməyə ayrıca şikayət verib. O, «Atabank»la birgə borclu tərəf hesab olunmasına etiraz edir. Bu hissədə qərarın ləğvini istəyir.

Amma onun da şikayəti təmin edilməyib.

H.İbrahimov Azərbaycanda 30 ildir ki, deputat olan, budəfəki seçkidə də 4 saylı Naxçıvan şəhər seçki dairəsindən qalib elan edilmiş Eldar İbrahimovun qardaşıdır.

70-yaşlı H.İbrahimov hazırda «Abrar Consulting», «Abrar Med», və «Abrar Investment» MMC-ləri bir çətir altında birləşdirən «Abrar Group» MMC-yə rəhbərlik edir. Bu şirkətlər investisiya, tibb, konsaltinq və s. sahələrdə fəaliyyət göstərir.

XS
SM
MD
LG