Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:46

Azərbaycanı qələbəyə aparmış 3 faktor


Azərbaycan hərbçisi Cəbrayılda
Azərbaycan hərbçisi Cəbrayılda

“IHS Markit” şirkətinin təhlilçisi Aleks Melikişvili deyir ki, bu müharibəni “əvvəlkilərdən keyfiyyət baxımından fərqli edən” Türkiyənin Azərbaycana dəstəyi oldu

Təhlilçilər Azərbaycanın 43 günlük müharibə ilə Dağlıq Qarabağ separatçı regionu ətrafındakı əraziləri geri almasını əsas üç faktorla izah edirlər: texnologiya, taktika və Türkiyə. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Ron Sinovits bu haqda yazır.

“IHS Markit” şirkətinin təhlilçisi Aleks Melikişvili deyir ki, bu müharibəni “əvvəlkilərdən keyfiyyət baxımından fərqli edən” Türkiyənin Azərbaycana dəstəyi oldu.

Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə Türkiyə F-16 qırıcılarının varlığı Cənubi Qafqazda geosiyasi balansın Azərbaycanın xeyrinə dəyişməsinin “real təsdiqi” idi.

Azərbaycan müharibədə ölən hərbçi sayını açıqlamasa da Türkiyə və İsraildən aldığı yüksək texnologiyalı dronlardan hava zərbələri və döyüş zonasında kəşfiyyat üçün istifadə etdiyini gizlətməyib.

175-dən çöx döyüş məğlubiyyəti

Hadrut şəhərindən etnik erməni veteran Marqarita Karamyan deyib ki, Dağlıq Qarabağın cənub-şərq cinahında 30-dək Azərbaycan dronunun sıralandığını görəndə şoka düşüb. Onun sözlərinə görə, oğlu və ərinin də yer aldığı etnik erməni qüvvələr bu müharibənin 1990-cı illərdəkindən “fərqləndiyini” qəbul etməli olub, dron hücumlarından qorunmaq üçün sığınacaq axtarmağı öyrəniblər.

Ermənistan qüvvələri “Azərbaycanın döyüş meydanında texnoloji üstünlüyü altında sadəcə əzildilər”, – İstanbuldakı İqtisadiyyat və Xarici Siyasət Araşdırmaları Mərkəzindən Can Kasapoğlu deyib. Onun fikrincə, Ermənistan qüvvələrinin Azərbaycan dronlarına qarşı müdafiə olunmağa “adekvat cihazları, elektron vasitələri, silahı olmayıb”.

“Azərbaycan-Ermənistan toqquşmalarının verdiyi ilk dərs ənənəvi quru bölümlərinin zəifliyi idi”, – Kasapoğlu vurğulayıb. Nəticədə Ermənistan qüvvələri 1994-cü il atəşkəsindən sonra tutduğu mövqelərdən sürətlə çəkilməli oldular.

“Açıq mənbələrə əsaslanan kəşfiyyat nəşrləri Ermənistan qüvvələrinin Dağlıq Qarabağda 175-dək böyük döyüş məğlubiyyətini sənədləşdiriblər”, – Kasapoğlu deyir.

Ermənistan, Azərbaycan, Rusiya - Üçtərəfli bəyanatın mətni sizə tam aydındırmı?
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Bakıda mənzillənən Strateji Kommunikasiyalar Mərkəzinin təhlilçisi Fuad Şahbazov da razılaşır ki, Azərbaycanın döyüş zonasında əsas imtiyazı texnoloji üstünlüyü idi. Onun deməsinə görə, Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Ermənistan “əsasən Rusiya istehsalı olan silahlar əldə edə bilib”.

“Arsenalının 90-95 faizi Rusiya istehsalı silahlar idi. Azərbaycan isə Türkiyə və İsraildən silahlar idxal etməklə arsenalını şaxələndirmişdi”, – Şahbazov vurğulayıb.

“‘Bahar Qalxanı’ əməliyyatına çox bənzəyirdi”

O deyir ki, Bakı son on ildə neft və qaz ixracından əldə etdiyi gəliri NATO üzvü ölkələrindən silah almağa xərcləyib. Bu sıraya İspaniyadan radarları əngəlləmək sistemləri, Çexiyadan DANA özüyeriyən artilleriya qurğuları və Türkiyədən bu yaxınlarda idxal olunmuş Bayraktar dronları daxildir.

Liviyada 20-dən çox Rusiya istehsalı olan Pantsir-1S hava-müdafiə sistemi Türkiyənin Bayraktar TB2 və Anka-S döyüş dronları ilə sıradan çıxarılıb.

Kasapoğlunun fikrincə, Azərbaycanın texnoloji üstünlüyü yalnız döyüş və kəşfiyyat dronları ilə bağlı deyildi. Ən başlıca məqam Türkiyənin Azərbaycana “robototexnika müharibəsi doktrinası və əməliyyatlar konsepsiyası”nı ötürməsidir.

“Maraqlıdır ki, Azərbaycanın dron kampaniyası Türkiyənin 2020-ci ilin əvvəlində Suriya Ərəb Ordusuna qarşı ‘Bahar Qalxanı’ əməliyyatına çox bənzəyirdi”, – Kasapoğlu Ceymstaun Fondunun dərc etdiyi təhlildə yazırdı.

Şahbazov deyir ki, Azərbaycan çox güman Ukraynadan aldığı sovet dizaynlı Antonov AN-2 təyyarələrini qurban verməklə Ermənistanın hava qüvvələrini üzə çıxararaq məhv edib. Bu təyyarələr Ermənistan hava qüvvələri üzərindən məsafədən idarə olunub.

“Onlar dronlara bənzəyəcək şəkildə kamuflyaj olunub. Ermənistan tərəf hava qüvvələrinin dronları vurduğunu deyərək videolar yayıblar. Əslində isə onlar AN-2-ləri vurublar. Bu zaman Azərbaycana məxsus kəşfiyyat dronları daha yüksək məsafədən onların mövqelərini dəqiq qeydə alaraq havadan müdafiə sistemlərini sıradan çıxarıblar”, –Şahbazov əlavə edib.

Kəlbəcərlilər ayın 15-ni gözləyir: 'Orda yaşamağın xəyalını qururuq'
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

ABŞ koalisiyasının Talibana qarşı taktikası

Məqalədə deyilir ki, Telegram kimi sosial media platformalarında yayılan döyüş görüntülərinə əsasən bir məqamı da qeyd etmək olar: Bakı ABŞ koalisiyasının 2001-ci ilin sonundan bəri Əfqanıstan dağlarında Talibana qarşı taktikasından da dərs çıxarıb. Həmin əməliyyatlarda 20-ci əsr müharibələrinə xas şəkildə minlərlə NATO əsgəri eyni vaxtda bir yerdə olmurdu. Əqanıstanın daxili və Pakistanla 3 min 300 kilometrlik sərhədi boyunca ABŞ xüsusi təyinatlıları kiçik qruplar şəklində Taliban ərazisinə göndərilir, “axtarıb məhv etmək” missiyaları həyata keçirirdilər.

Dağlıq Qarabağın cənub-şərq hissəsində Ermənistanın müdafiə xətti yarılan kimi Bakının xüsusi təyinatlıları şəhər və kəndlər ətrafındakı meşələrə girərək yüksəklikləri ələ keçiriblər.

Hadrutda hələ tərəflər döyüşə girməzdən bir neçə gün öncədən etnik erməni sakinlər “qəribə, erməniyə oxşayan şəxslərin” şəhərə girərək evləri boşaltdığını danışırlar.

Bakı və Yerevanın “diversant qrupları” adlandırdığı bu dəstələr yerdəki mövqelərindən hədəflərin koordinatlarını ötürə biliblər.

1990-cı illər müharibəsinin veteranı Mustafa Hacıbəyli deyir ki, bu taktika cənub cinahında döyüşlərdə təkrarlanıb, “düşmən böyük toqquşmalara getmədən şəhərləri təslim etməyə məcbur qalıb”.

“Füzulidə, Cəbrayılda da belə davranıblar, ətraf dağlara nəzarəti ələ keçirərək şəhərlərə gedən yolları kəsiblər, düşmən istehkamlarını qoyub qaçmağa vadar olub”, – o vurğulayıb.

Ermənilərlə azərbaycanlıların mehriban yaşadığı kənd
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

“Şuşa əlbəyaxa döyüşlə alınıb”

Şahbazov da razılaşır ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstanda istifadə etdiyi döyüş taktikası Dağlıq Qarabağ müharibəsində tətbiq olunub.

“Azərbaycanın xüsusi qüvvələri illər boyu Türkiyə və Pakistanın hərbi akademiyalarında təlim keçiblər. Bu taktikanı indiki müharibədə gördük”, – Şahbazov vurğulayıb.

“Azərbaycan qüvvələri Şuşa şəhərini artilleriya və dron hücumuyla almayıblar. Şuşa əlbəyaxa döyüşlə alınıb, müxtəlif diversant qrupları şəhərə girərək erməni qüvvələri şəhər mərkəzindən sıxışdırıb və şəhərdən çıxarıb”, – Şahbazov deyib.

“Azərbaycan ilk dəfəydi xüsusi qüvvələrdən bu həddə istifadə edirdi. Onlardan erməniləri qovub çıxaran kiçik hərbi diversant qruplarında da istifadə olundu”, – o vurğulayıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

XS
SM
MD
LG