Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:22

'SOCAR zülmlə tikdiyim əmlakımı əlimdən aldı'


"Qanunsuz" tikililərin söküntüsü. Foto arxiv
"Qanunsuz" tikililərin söküntüsü. Foto arxiv

Bakı sakini Sevinc Hacıyeva deyir ki, illərlə işləyib aldıqları əmlakı SOCAR əməkdaşları bir neçə saatın içində dağıdıb, əllərindən alıb. Söhbət Binəqədi ərazisindəki əmlakdan gedir.

S.Hacıyevanın bildirdiyinə görə, 80-yaşlı babası, ikinci qrup əlil anası və atası, iki bacısı, bir qardaşı və 3-yaşlı oğlu ilə birlikdə cəmi 36 kvadratmetrlik mənzildə yaşayırlar. Ona görə qərara gəliblər ki, torpaq sahəsi alıb orada ev tiksinlər. 2005-ci ildə Binəqədi bələdiyyəsinin sərəncamı ilə 23 min 500 dollara 6 sot torpaq sahəsi alıblar. Həmin ərazi 2002-ci ildə Yaqub Cəfərova ayrılıb. 2005-ci ildə isə bələdiyyəyə rüsum ödəməklə S.Hacıyevaya satılıb.

"13 il bələdiyyəyə rüsum ödəmişik"

S.Hacıyeva deyir ki, fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətindən icazə alınıb, tikintinin eskizi, layihə smeta sənədləri hazırlanıb, təsdiqlənib. Amma tikintini aparmağa pul olmayıb. Yalnız ərazini hasara aldırıb, darvaza qoydurmağa imkan çatıb: "Biz acınacaqlı yaşayış tərzindən çıxmaq üçün manat-manat toplayıb ev tikdirmək istəyirdik. 13 il bələdiyyəyə rüsum ödəmişik. Əlimizdə bütün sənədlər də var. 2018-ci ildə eşitdik ki, Dövlət Neft Şirkətinin əməkdaşları zülmlə tikdirdiyimiz daş hasarı söküb, darvazamızı sındırıb götürüblər. Sənədlə mənə aid torpaq sahəsini, zülmlə tikdiyimiz əmlakı əlimizdən alıblar".

S.Hacıyeva nə baş verdiyini araşdırmaq üçün SOCAR-a müraciət edəndə isə cavab alıb ki, həmin ərazi "Binagady Oil Company"yə məxsusdur. 2005-ci ildə sazişlə bu şirkətə verilib.

"Hansısa şirkətə verilməsi qanunsuzdur"

S.Hacıyeva deyir ki, əlində "Binəqədi Neft" Neft və Qazçıxarma İdarəsinin 18.06.2002-ci il tarixli məktubu var. Həmin məktub ərazinin əvvəlki sahibi Yaqub Cəfərova cavabdır. Orada göstərilib ki, sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə idarənin balansından çıxarılmış əraziyə düşür, ona görə də sənədləşdirilməsinə etiraz yoxdur: "Bundan əlavə, o torpaq sahəsinin plan cizgisini də "Binəqədi Neft"in geoloqu təsdiqləyib. Belə olan halda, Dövlət Neft Şirkətinin 13 ildən sonra mənim torpağımı əlimdən alması qanunsuzdur. Bunlar deyir ki, şirkətə o ərazilər 29 aprel 2005-ci ildə verilib. Axı Yaqub Cəfərova 2002-ci ilin iyununda verilib, yəni, ondan əvvəl. Vətəndaşa verilmiş torpaq sahəsinin sonradan hansısa şirkətə verilməsi qanunsuzdur".

S.Hacıyeva SOCAR-a qarşı məhkəmədə iddia qaldıraraq əmlakının geri qaytarılmasını, maddi ziyana görə 4 min, mənəvi ziyana görə isə 10 min manat təzminat tələb edib. Binəqədi rayon Məhkəməsi onun iddiasını təmin etməyib. O, qərardan apellyasiya şikayəti verib. Pandemiya ilə əlaqədar məhkəmələrin fəaliyyəti dayandırıldığına görə bu məhkəmə işinin baxışı da təxirə salınıb.

SOCAR-ən nümayəndəsi Yalçın Səfərəliyev bildirib ki, ərazi "Binagady Oil Company"yə məxsus olduğundan S.Hacıyevanın ümumiyyətlə, Dövlət Neft Şirkətinə qarşı tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

"Bu, hətta özbaşına tikililərə də aiddir"

Məhkəmə də vətəndaşın əleyhinə olan qərarı belə əsaslandırıb ki, sözügedən sahə şirkətin ərazi hüdudları daxilindədir, sənaye təyinatlı torpaqlardır.

Vəkil Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, məhkəmələrdə bu qəbildən olan şikayətlərin sayı yetərincə çoxdur. Həmin işlərin bir qismi də artıq Avropa Məhkəməsinə göndərilib. Vəkil hesab edir ki, bu cür şikayətlərdə gələcəkdə Avropa Məhkəməsinin vətəndaşın xeyrinə qərar çıxarmaq ehtimalı yüksəkdir: "Avropa Məhkəməsi deyir ki, əgər dövlətin icra hakimiyyəti orqanları uzun müddət müdaxilə etməyib, kommunal xidmət göstəriblərsə, deməli, avtomatik şəxsin mülkiyyət hüququnu tanıyıblar. Bu, hətta özbaşına tikililərə də aiddir. Vətəndaşın dövlət və yerli özünüidarəetmə orqanlarının hərəkətlərinə etimad hüququ var. Əgər bələdiyyə torpaq sahəsini vətəndaşa satırsa, vətəndaş da bunun qanuni olduğuna inanır. Bunda vətəndaşın məsuliyyəti yoxdur".

XS
SM
MD
LG