Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:56

SOCAR-ın idarə rəisinin adı hallanan işdə 12 il həbs cəzası kəsildi


V.Əliyev
V.Əliyev

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin adı hallanan cinayət işi üzrə bir il davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Əliyevin qohumu – baldızı oğlu Nicat Qarayev 12 il azadlıqdan məhrum edilib. O, müxtəlif adamların birgə iş qurmaq adıyla 4 milyon manata yaxın vəsaitini ələ keçirməkdə suçlu sayılıb.

V.Əliyevin adı bu işdə təkcə qohumunun təqsirləndirilməsinə görə hallanmır. Zərərçəkmişlərin bir qismi pullarının ələ keçirilməsində həm də onun özünü ittiham edir. Deyirlər ki, N.Qarayev bu işləri təkbaşına görə bilməzdi.

Vəsaitin 7 faizi qədər qazanc söz verib

N.Qarayev 2017-ci ilin iyunundan 2019-cu ilin yayına qədər "Azfen" Birgə Müəssisəsində çalışıb. Zərərçəkənlərin sözlərinə görə, Nicat onlara "Scanex Enterprises Limited" adlı xarici şirkətin Azərbaycandakı nümayəndəliyi vasitəsilə "Azfen" üçün işlər gördüyü, bu işlərə yatırılan vəsaitdən 45 gün sonra 20 faizədək gəlir götürməyin mümkün olduğunu deyib. Yalnız vəsait yatırmaqla ay yarıma həmin vəsaitin 7 faizi qədər qazanc götürə biləcəyinə söz verib.

İnanıb pul yatıran adamlar əvvəlki aylarda qazanc alsalar da, sonradan davamı gəlməyib.

N.Qarayev narazılıq edir ki, iş üzrə dəymiş ziyan hesablananda zərərçəkənlərin faiz kimi ondan aldığı məbləğlər çıxılmayıb. Hər biri nə qədər pul veribsə, o qədər də tələb edir.

Baş verənlərə görə V.Əliyevi ittiham edən zərərçəkmişlərin iddiasına görə, Nicat onlarla söhbətində bu biznesin arxasında onun dayandığını deyib. Onun özünün də yetərincə pulu olduğunu, sadəcə, xarici banklardakı aktivləri müvəqqəti dondurulduğuna görə başqalarının yatırımına zərurət yarandığını bildirib.

Bundan başqa, N.Qarayevin çalışdığı "Azfen" Birgə Müəssisəsi vasitəsilə böyük məbləğdə pulların nağdlaşdırıldığı iddia olunur.

"Azfen" Birgə Müəssisəsi SOCAR və "Tekfen" şirkətlərinin təsisçiliyi ilə yaradılıb. Ölkədə həyata keçirilən ən böyük layihələrin iştirakçılarından biridir.

"O adamların bəziləri Nicatla əlbir ola bilərlər"

V.Əliyev isə ünvanına səslənən ittihamların əsassız olduğunu vurğulayaraq zərərçəkmişlərin onun adını məqsədli şəkildə hallandırdığını iddia edir. Onun sözlərinə görə, prokurorluq da bu iddialarla bağlı araşdırma aparıb, onun bu işlərlə əlaqəsi barədə heç bir fakt tapılmayıb.

V.Əliyev "Report"a bildirib ki, Nicat Qarayevgillə qohum olsalar da, münasibətləri yox dərəcəsindədir: "Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır".

İdarə rəisi təsdiqləyib ki, zərərçəkmiş qismində tanınan şəxslər onun özü ilə də bu haqda danışıblar: "Mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu. Zəng edən şəxslər Nicata böyük məbləğdə faizə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim. Şikayətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmələrini tövsiyə etdim. Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməkdə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər".

XS
SM
MD
LG