Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:17

Özəl sektorun hökumətdən istəkləri artır


Bakida çayxana mədəniyyəti dəyişir
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Bakida çayxana mədəniyyəti dəyişir (2011)

Pandemiya Azərbaycan ictimaiyyətinə yeniliklər də gətirdi. Məsələn, müxtəlif sənaye sektorlarında fəaliyyət göstərən şirkət təmsilçiləri birləşib yazılı müraciətlə hökumətə üz tutdu. Bu müraciətlərdə, təbii ki, şirkətlərin üzləşdiyi çətinliklər dilə gətirildi. İlk belə müraciət ötən ilin mayında qeydə alınmışdı. O vaxt otel sahibləri, otel idarəçiliyi və turizm fəaliyyəti ilə məşğul sahibkarlar prezidentə müraciət ünvanlamış və aldıqları bank kreditlərini qaytarmaqda çətinlik yaşadıqlarını bildirmişdilər. Adıçəkilən sektorlarda çalışan 10 sahibkarın imzaladığı müraciətdə iş adamları yaranmış durumla bağlı indiyədək bir sıra dövlət qurumlarına, o cümlədən Mərkəzi Banka, Sahibkarlıq Konfederasiyasına, Turizm Agentliyinə və İqtisadiyyat Nazirliyinə üz tutsalar da, problemlərinin çözülmədiyini diqqətə yetirmişdilər. Banklarsa, öz növbəsində, kreditlərin geri qaytarılmasını tələb edirdilər. İş adamları İlham Əliyevə üz tutaraq ondan bu məsələyə əncam çəkməyi, otel sənayesi üçün güzəştlərin müddətini uzatmağı xahiş etmişdilər.

Ölkədə hər gün, az qala, 5 milyon manat dəyərində qəlyan satılır

Ötən ilin sonlarında, Azərbaycanda qəlyan qadağasının qüvvədə olduğu dövrdə çay evi sahibləri də Operativ Qərargaha müraciət edərək iflas həddində olduqlarını bildirmiş və qəlyan qadağasının götürülməsini istəmişdilər. 100-ə yaxın sahibkarın qoşulduğu müraciətdə bəzi maraqlı rəqəmlər də əksini tapmışdı. Məsələn, sahibkarların müraciətində qeyd edilirdi ki, pandemiyayadək çay evlərindəki gündəlik dövriyyənin 70-80 faizi qəlyandan asılı olub. Amma pandemiya dönəmində tətbiq edilən qadağa onların bizneslərini elə həmin faizdə kiçildib. Sahibkarların hesablamalarına görə, ölkədə qəlyan xidmətinin gündəlik dövriyyəsi 4 milyon 500 min manatmış: "Bizə sahibkar olaraq külli miqdarda zərər dəyib, bundan asılı olaraq qazancımız olmadığı üçün dövlətə verdiyimiz vergi də əhəmiyyətli dərəcədə azalıb. Məcburiyyətdən kütləvi sayda işçi ixtisar etmişik, ümumi olaraq bu sahədə təxminən 70 faiz insan işsiz qalıb. Həmin insanların ailələri də maddi olaraq çətin vəziyyətdədirlər. Əvvəl 50 əməkdaşı olan çay evləri indi dörd-beş işçi ilə işləyirlər. Qəlyan vermirik deyə, digər xidmətlər də satılmır. Biz sahibkarlar yığışıb təxmini bir hesablama aparmışıq. Ölkədə 5 minə yaxın qəlyan verən obyekt var, günə, orta hesabla götürsək, 30 manatdan 30 qəlyan satırdıqsa, bu, gündəlik 4.5 milyon manat dövriyyə demək idi. Bu hesabla, pandemiya dövründə qəlyan qadağasına görə təxminən 2.5 milyard manatlıq dövriyyə əldən çıxıb".

Sərnişindaşıma şirkətləri də qiymətlərdən narazıdır

Bu ilin aprelində müraciət qəbul edən sektorlar sırasına Bakı şəhəri daxilində sərnişin daşıyan şirkətlər də qoşuldu. Mediada yayılan açıqlamada 30-a yaxın şirkətin paytaxtda sərnişindaşıma tariflərini artırmaq üçün hökumətə müraciət etdiyi bildirilmişdi. Onlar avtobusları ölkəyə yüksək qiymətə (orta hesabla 120-150 min avro) gətirdiklərini, digər xidmətlər üzrə qiymət artımının olmasını və bunun da şirkətə əlavə xərclər yaratdığını diqqətə yetirmişdilər.

Müraciətdə bildirilirdi ki, dünyada gedən qlobal proseslər, məhsul və xidmətlərin dəyər baxımından durmadan yüksəlməsi son aylar Azərbaycanda və region ölkələrində qiymətləri ciddi şəkildə artırıb. Belə ortamda qiymət artımının olmadığı nadir sahələrdən biri müntəzəm sərnişindaşıma xidmətidir. Şirkətlər vurğulayırdı ki, Azərbaycanda dövlətin nəzarət etdiyi və Tarif Şurasının müəyyənləşdirdiyi ictimai nəqliyyatda gedişhaqqı artırılmayıb: "Bununla belə ictimai nəqliyyat sahəsindəki qurumların xərcləri yetərincə çoxalıb. Ümumi qiymət artımı, xarici ölkələrdən alınan mal və xidmətlər, həmçinin işçilərin sosial təminatı, sığortası və sairlə bağlı xərclərin son iki-üç ildə kifayət qədər artması ictimai nəqliyyat fəaliyyəti göstərən dövlət və özəl şirkətləri çətin duruma salıb".

Yerli qablaşdırma şirkətləri bazarda xarici oyunçuları görmək istəmir

Bir müddət öncə Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyasının üzvləri də İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə öz problemlərini səsləndiriblər. Bu assosiasiya qablaşdırma sənayesində fəaliyyət göstərən 200-ə yaxın şirkəti özündə birləşdirir. Bu sektordakı şirkətlərin əsas şikayəti qablaşdırma sənayesində geniş istifadə edilən kağız xammalı üçün tətbiq edilən gömrük rüsumu ilə bağlıdır. Assosiasiyanın rəsmisi sözügedən görüşlə bağlı mətbuata açıqlamasında bildirib ki, bu rüsumlar Finlandiyadan gətirilən kağıza tətbiq edilir. Rusiyadan gətirilən kağıza isə MDB üzvü olduğuna görə rüsum tətbiq edilmir: "Amma Rusiya şirkətləri Finlandiyadan gətirilən kağızın Azərbaycanda 15 faiz rüsuma cəlb edildiyini bilirlər, ona görə də onlar da qiyməti təqribən 10 faizə yaxın artırırlar. Bilirlər ki, hətta bu halda da Rusiyadan gətirilən kağız fin məhsulundan ucuz olacaq. Ümumiyyətlə, istəyirik ki, büdcəyə yığımlarla yalnız Dövlət Vergi Xidməti məşğul olsun". Şirkətlər Finlandiyadan gətirilən kağız xammalının rüsumdan azad edilməsini istəyərək belə olarsa, rus kağızının da ucuzlaşacağını bildiriblər.

Qablaşdırma sənayesində fəaliyyət göstərən şirkətlərin fikrincə, kağız xammalına tətbiq edilən gömrük rüsumu yerli qablaşdırma məhsulunun qiymətini artırır və onun xarici mallarla rəqabətini çətinləşdirir. Bu baxımdan, şirkətlər hökumətdən qablaşdırma məhsulları istehsal edən xarici şirkətlərin Azərbaycanda tenderlərə qatılmasının yasaqlanmasını istəyib, çünki onlar qalib gəldikləri tenderlərdə məhsulu xaricdə istehsal edib gətirirlər. Bu da onların istehsal və satışını əngəlləyir.

Nəhayət, bugünlərdə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın da Azərbaycan standartlarında cəsarətli sayılacaq açıqlamalar verib. O bildirib ki, Azərbaycanda biznesmenlərin əsas problemlərindən biri biznesin maliyyə resurslarına əlçatanlığı ilə bağlıdır: "Azərbaycan banklarında yetərincə likvid vəsait var. Amma biznes üçün bankların kredit faizləri çox yüksəkdir. Özəlliklə kiçik və orta biznesin bank kreditlərinə əlçatanlığı aşağıdır. Bundan əlavə, kreditlərin verilməsində girovla bağlı şərtlər çox ağırdır. Bu şərtləri yüngülləşdirmək lazımdır. Banklar girov arxasınca qaçmalı deyil, valideynlərdən qalan mirasa göz dikməli deyil, layihələrə maraq göstərməlidir, onlara dəstək verməlidir. Əgər layihə effektivdirsə, layihənin büdcəsi, layihənin gəliri, biznes planı yetərlidirsə, girova ehtiyac olmamalıdır. Kiçik və orta biznesin sərmayəyə, maliyyə resurslarına ehtiyacı var və bu ehtiyac təmin edilməlidir".

ATİB sədri ölkədə insan qaynaqları ilə bağlı problem olduğu da düşünür. Onun fikrincə, əmək bazarının tələbi ilə ali təhsil ocaqlarında tədris edilən ixtisaslar arasında uyğunsuzluq var və bütün sahələrdə ixtisaslı kadrlara ehtiyac duyulur. İşadamı Türkiyə və Azərbaycan arasında gömrük rüsumu tutulmayan məhsulların sayca artırılmasınının da qarşılıqlı ticarəti artıracağını düşünür. Açıqlamada vurğulanan daha bir problem Azərbaycan və Türkiyə arasında uçuş biletlərinin bahalığıdır.

XS
SM
MD
LG