Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:15

'İldə iki dəfə qızılımı lombarda qoyuram, qızımın illik təhsil haqqını ödəyirəm'


Lombardlara dövlət nəzarəti
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Lombardlara dövlət nəzarəti (Arxiv. 2016)

Lombarda qızıl girov qoymağa gələn Aysel Musayeva AzadlıqRadiosuna danışır ki, qızının təhsil haqqını verə bilmək üçün tez-tez yolunu bu ünvandan salır.

"Gətirib ildə iki dəfə qızılımı qoyuram, gedib universitetin illiyini ödəyirəm. Sonra dörd-beş aya gətirib pulu qaytarıb, qızıllarımı geri alıram. Bir ay sonra təzədən pul üçün qızılları qoyuram", – deyən Aysel qiymətlərin, az qala, hər gün bahalaşdığını, maaşların isə artmadığını deyir.

"İş yerim rəsmi deyil, özüm də üç uşaq saxlayıram. Banklar kredit üçün ya rəsmi iş istəyir, ya da zamin. Zamin tapmaq olmur, dövr dəyişib, güvən qalmayıb insanlar arasında. Buna görə də ən sərfəlisi budur. Heç kim kefindən bura gəlmir... Adicə bir misal çəkim: beş il əvvəl lombarda borcumu iki aya bağladığım olurdusa, indi güc-bəla çatdırıram", –o, həyat şəraitinin necə ağırlaşmasından söz açır.

Niyə bank yox, lombard?

Lombard daşınan, yaxud daşınmaz əmlakı girov kimi qəbul edib borc pul verən kredit müəssisəsidir.

Paytaxt Bakıda, əsasən, "Neftçilər", "Qara Qarayev", "Xalqlar dostluğu" metrostansiyaları yaxınlığında, eləcə də bir sıra digər yerlərdə lombardlara rast gəlinir.

Bakının "Vosmoy" kimi tanınan 8-ci kilometr qəsəbəsində altı ildir lombard işlədən şəxs AzadlıqRadiosuna deyir ki, onlara müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə artıb.

"Mən bu işə təzə başlayanda ölkənin iqtisadi durumu bu günə baxanda yaxşı idi. Ayda iki-üç nəfər gələrdi, ya yox. Onlar da övladlarının təhsil pulunu ödəmək, əməliyyat kimi təcili ödənişlərə görə müraciət edirdi. Qısa müddət ərzində isə geri qaytarırdılar. İndi isə, demək olar ki, gündə bir nəfər gəlir. Əvvəllər, əsasən, qızıl üçün müraciət edirdilər. İndi isə bəzi yerlərdə daşınmaz əmlakı lombarda qoyanlar da var. Həmkarlarım deyirlər ki, ayda bir dəfə daşınmaz əmlakı lombarda qoymaq istəyənlər olur", – adının anonim qalmasını istəyən şəxs bildirib.

Lombarddan qızıllarını ala bilməyənlər etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Həmin şəxs lombarda üz tutanların artmasını banklarda kredit prosesinin uzun çəkməsi ilə izah edir. Lombard isə daha qısa müddətdə pulu ehtiyacı olan şəxsə verə bilir.

"Bizə gələnlər, əsasən, rəsmi işi olmayanlar, yaxud bankların qara siyahısına düşənlərdir. Krediti gecikdiriblər, yaxud bank onları "çərlədib". Burada beş dəqiqə ərzində qızılın 100 faizi həcmində kredit götürə bilən şəxs niyə gedib hansısa bankda növbə çəksin?", – o, AzadlıqRadiosuna müsahibəsində söyləyib.

Bir ilə 70, bu ilsə 90 nəfər

Paytaxtın başqa bir ərazisində lombard işlədən Rauf Əliyev də onlara müraciətlərin artan statistika ilə irəlilədiyini deyir. "Bu ilin geridə qoyduğumuz dövründə 90 nəfər qızılını girov qoyaraq pul götürüb. 2021-ci ildə isə bütün il ərzində bu rəqəm 70 nəfər olmuşdu. COVID pandemiyasının zərərləri əvvəlcə özünü lombard işində də göstərsə də, sonradan vəziyyət dəyişdi. Beş il əvvəl 12 ay ərzində lombarda müraciət edənlərin sayı 40-ı keçmirdi. İndi isə iki dəfədən çox artıb. Lombard, bəlkə, bəzi kredit verən banklar ilə müqayisədə sərf etməyə bilər, amma insan xırda maddi fərqi nəzərə almır, çünki şərtlər rahatdır", – Əliyev AzadlıqRadiosuna danışır.

O, əsasən, 25-55 yaş arası müştərilərinin 585 əyarlı qızılları girov qoyduğunu deyir. Əliyevin sözlərinə görə, işi lombarda düşənlər aylıq 2 faizdən başlayan faizlərlə kredit götürə bilirlər.

"Əsasən 1000 manat və ondan çox borc pul üçün müraciətlər olur ki, bunun üçün də (ən aşağı) 375 əyarlı 50 qram qızıl qoymalı olurlar. Əyarları artdıqca daha az qramlı qızıl qoya bilərlər. İmkanı nisbətən yaxşı olanlar rus qızılı qoyur, çünki onun qramı da baha olur. Bir məsələ var ki, bir qızıl əşyasını girova qoyanda qarşılığı aşağı olur. Ona görə də eyni vaxtda bir neçə əşya girov qoyulur. Pulu qaytara bilməyəndə isə əşyaların heç biri geri verilmir. Ona görə də lombarda müraciət edəndə bunu xüsusi deyirik ki, pulun hamısını qaytarmalısınız ki, əşyaları təhvil verək", – o söyləyib.

Artan işsizlik, yoxsulluq

Azərbaycanda rəsmi rəqəmlərə görə, işsizlərin sayı 307 min nəfərdir, yəni, işsizlik səviyyəsi 5.76 faizdir. Rəsmilər Azərbaycanda yoxsulluğun səviyyəsinin isə təxminən 5 faiz olduğunu deyirlər. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha çox olduğunu istisna etmirlər.

T.Maşallı
T.Maşallı

İqtisadçı Toğrul Maşallının açıqlamasına görə, lombardlara üz tutanların sayı iqtisadi böhran dövründə özünü daha çox göstərir.

"İnsanların maddi vəziyyəti pisləşdikcə bu tip borc pul verən müəssisələrə üz tuturlar. Son illərdə xərclərin artması, əmək haqlarında artımın olmaması insanların lombardlara marağını artırıb. Lakin borc pulu qaytararkən faizin çox olması əslində vətəndaşları geri salır", – o deyib.

Şikayətlər

Elə Bakı sakini Ruslan Abbasov da lombarddan borc pul aldığı üçün peşman olduğunu deyib. Abbasov AzadlıqRadiosuna danışır ki, borcunun 2 faiz ilə hesablanacağı deyilsə də, faiz sonradan artırılıb. Özünü zərərçəkən sayan Abbasov rəsmi müqavilə olmadığından heç nəyi sübut edə bilmədiyini söyləyir.

"5 min manat dəyərində qızılımı qoymuşdum, danışığa görə, 6 min manat ödəməli idim. Amma pul verib qızılları təhvil almaq üçün gedəndə məbləğin 10 min olduğunu dedilər. Uzun mübahisədən, polisə şikayət ilə təhdid etdikdən sonra 7 min 500 ödəyib qızıllarımı ala bildim. Bu fırıldaq lombard ilə məşğul olan işbazlar üçün yeni deyil. Dostumun orijinal qızıllarını saxta ilə əvəz etmişdilər, amma polis də heç nəyi sübut edə bilmədi", - o deyib.

Daxili İşlər Nazirliyi də müxtəlif vaxtlarda lombardlardan narazı vətəndaşların şikayətləri əsasında araşdırmalar aparıb. Ancaq bununla bağlı konkret statistika yoxdur. Bu ilin mayında Bakıda çoxsaylı şikayətlər əsasında barəsində cinayət işi açılmış, lombard fəaliyyəti ilə məşğul olan Mazbura Əliyevaya hökm oxunub.

Ə.Həsənov
Ə.Həsənov

"Lombardlarda 32-35 faiz"

Maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosuna deyir ki, banklarda kredit şərtləri sərt olduğundan vətəndaşlar lombarda üz tutur, amma orada da yüksək faiz ödəməyə məcbur olurlar.

"Bank olmayan kredit təşkilatlarında da rəsmi işi olmayan şəxslərə adətən pul verilmir. Buna görə də insanlar qızıl və ya digər əşyalarını girov qoyurlar. Amma banklarda illik faiz maksimum 20-25 olursa, lombardlarda 32-35 faizdir. Bu isə çox böyük rəqəmdir, buna görə də insanlar çox vaxt pulu ödəyə bilmir və əşyalarını borc aldıqları şəxslərə verməyə məcbur qalır. Ümumiyyətlə, insanlar pulu azaldıqda buna çıxış yolu kimi baxır, əslində isə yanlış yanaşmadır", – mütəxəssis deyib.

Ekspert Azərbaycanda lombardların hamısının qanunsuz işləməsinə diqqət çəkir. Onun sözlərinə görə, kredit qayıtmayanda lombard borclunu məhkəməyə verməli, vətəndaşın girov qoyduğu qızıl-zinət əşyaları hərracda satılmalıdır: "Lombard da pulunu götürməlidir. Azərbaycanda isə pulun əvəzində həmin əşyanı alır, çünki özləri də başqasının pulu ilə digər insana borc verib. Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmiş lombardların nizamnamə kapitallarının çox az məbləğdə olduğunu görürük".

Sözügedən reyestrdə ən yüksək nizamnamə kapitalı olan lombard 35 min, ən azı isə 2 manatdır. Rəsmi qeydiyyatda olan 70-ə yaxın lombard müəssisəsinin böyük əksəriyyətində nizamnamə kapitalı maksimum 200 AZN-dir.

Lisenziya ilə işləyəcəklər

Milli Məclisə bu ilin ilk rübündə təqdim olunmuş "Lombardlar haqqında" Qanun layihəsində lombardlara lisenziya verilməsi nəzərdə tutulur.

T.Mirkişili
T.Mirkişili

Qanun layihəsini dəstəkləyən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında deyib ki, lombardların qeydiyyat sisteminin yaradılması nəzərdə tutulur.

"Bu sahədə ciddi tənzimləmənin əleyhinəyik, çünki lombardlar maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Əsas məqsədimiz vətəndaşları qorumaqdır. Qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onların geri alınması ilə bağlı insanlar bürokratik əngəllərlə rastlaşmasın", – Mirkişili qeyd edib.

Ancaq sözügedən qanun layihəsi hazırda Milli Məclisdə müzakirə edilən məsələlər arasında yoxdur. Maliyyə eksperti Əkrəm Həsənov qanun qəbul olunarsa, lombardların sayının kəskin şəkildə azalacağını düşünür. Onun sözlərinə görə, lombardların 90 faizi bazardan gedəcək. Həsənovun fikrincə, qanunla lombardlara nəzarət olunsa, bankların da kredit şərtlərində yumşaldılma ola bilər.

Lombardlara necə nəzarət olunur

Lombardların fəaliyyəti 1997-ci ildən Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənib, 2002-ci ilədək Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstəriblər. Həmin ildən lombardlara nazirliyin nəzarəti aradan qaldırılıb, lisenziyalaşdırma dayandırılıb. Hazırda hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilən lombardların işi Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəlikləri sadəcə vergi ödəməklə məhdudlaşır.

Dünya təcrübəsinə gəlincə, Rusiyada lombardların fəaliyyətinə Mərkəzi Bank nəzarət edir. Türkiyədə bu fəaliyyət geniş yayılmasa da, qanunvericilik ilə nəzərdə tutulmuş hallar əsasında aça bilərlər.

Avropa ölkələrinin bir çoxunda lombardlara xüsusi şura nəzarət edir. Bir çox ölkələrdə dövlət, eləcə də özəl lombardlar mövcuddur.

İndoneziyada isə lombardlara yalnız dövlət nəzarət edir, özəl sektorun nümayəndələri bu sahədə fəaliyyət göstərə bilməz.

"Gətirib qızımın təhsil pulunu verməyəcəksiniz axı..."

AzadlıqRadiosuna adının çəkilməməsi şərti ilə danışan lombard sahibi isə deyir ki, bəzi işbazlar sadəcə onların fəaliyyətinə kölgə salır. O, lombardların fəaliyyətinə nəzarətə qarşı deyil, amma..

"Nə vaxtsa bu fəaliyyəti ləğv etmək istəyirlərsə, gərək Azərbaycanda iqtisadi durumu yaxşılaşdırsınlar axı", – deyə vurğulayır.

Lombard işlədən Rauf Əliyev isə bu fəaliyyət növünə nəzarətə qarşı olmadığını söyləyir: "Lisenziyalaşdırılma olarsa, bir çoxu bağlanar. Amma monitorinqlər düzgün işləyənləri ortaya çıxarsa, həm bizim xeyrimizə olar, həm də dövlətin. Bəzən bizi də aldadırlar, oğurluq mal verirlər, bunu sonradan bilirik. Belə halların azalması üçün İqtisadiyyat Nazirliyi lombard müəssisələri ilə uğurlu əməkdaşlıq qura bilər".

Qızının illik təhsil haqqını qızıllarını girov qoymaqla ödəyən Aysel Musayeva isə deyir ki, lombardların bağlanacağını eşidən gündən onu dərd alıb.

"Əhalinin durumunu düşünməyən millət vəkilləri bu lombardların bağlanmasından danışır. Gətirib qızımın universitetinin illik pulunu verməyəcəksiniz axı, niyə tək kömək yerimizi də bağlayırsınız?", –Musayeva gileylənir.

XS
SM
MD
LG