Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:32

Qış gəlir. Xersondan sonra nə gözlənir


İşğaldan azad olunmuş Xerson şəhəri
İşğaldan azad olunmuş Xerson şəhəri


Rusiyanın öz qoşunlarını Ukraynanın cənub-şərqindəki Xerson şəhərindən geri çəkməsi Kiyevin bu müharibədəki daha bir böyük qələbəsidir. Ancaq qarşıdan soyuq qış gəlir və müharibə yeni mərhələyə qədəm qoyur.

“Geniş əraziləri minalayaraq geri çəkiliblər”

Xersondan çıxan Rusiya qoşunları Dnepr çayının şərq sahilində, Xersonun qarşı tərəfində yerləşməyə çalışırlar. Hərbi təhlilçilər onların bu ərazidə Ukrayna qüvvələrinin irəliləməsinə mane ola biləcək istehkamlar qurduqlarını deyirlər. Çayın eni və Rusiya qoşunlarının geri çəkilərkən iki sahili birləşdirən Antonivski körpüsünə vurduğu zərər ukraynalıların onları təqib etməsini çətinləşdirir.


"Bu geri çəkilmə əvvəldən hazırlanmışdı. Bilirik ki, o, Kremlin elanından əvvəl başlamışdı. Hərbi nöqteyi-nəzərdən onlar özlərini sığortalayaraq və Ukrayna qüvvələrindən qorunmaq üçün geniş əraziləri minalayaraq geri çəkiliblər”, – Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki Roman Kostenko AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Nastoyaşeye Vremya”ya deyib.

Ukraynanın şərqindəki Donbas bölgəsində isə döyüşlər davam edir. Ukrayna qüvvələri rusiyalıların Baxmut və Pavlivka şəhərlərini ələ keçirməyi hədəfləyən davamlı hücumlarını dəf edir. Hər iki tərəfdən itkilər get-gedə artır.

“İndi əsas məsələ...”

Ukrayna parlamentinin üzvü olan Kostenko Nikolayev bölgəsindəki Snihurivka şəhərinin azad edilməsi üçün hərbi əməliyyatda da iştirak edib. Bu şəhər Xersondan 50 kilometr şimal-şərqdə yerləşir. Kostenko deyir ki, Rusiya qüvvələrini şimala, Zaporojye bölgəsindəki Melitopol şəhəri və ətrafına doğru çəkməyə davam edəcək.

"Onların hara getdiyini görürük. İndi əsas məsələ çayın sağ tərəfindən həmin ərazilərə qədər mümkün qədər az Rusiya əsgəri və texnikasının gedib çatmasına nail olmaqdır”, – o deyir.

Yaxınlaşan qış hərbi birliklər və texnikanın yeni hücumdan ötrü hərəkətinə logistik çətinliklər yaradacaq. Təhlilçilər və diplomatlar hətta döyüşlərin bir qədər səngiyəcəyi, hər iki tərəfin bu fürsətdən yenidən qruplaşmaq üçün yararlanacağı ehtimalını da irəli sürürlər.

Bəzi Qərb liderləri, xüsusən də ABŞ Birləşmiş Baş Qərargah Rəislərinin başçısı general Mark Milli (Mark Milley) də Kiyevlə Moskva arasında yeni danışıqların mümkünlüyünü gündəmə gətirirlər. Milli deyir ki, qış tərəflərin danışıqlara başlaması üçün “fürsət pəncərəsi” aça bilər.

Surovikinin planı

Ancaq Ukrayna rəsmilərinin fikrincə, döyüşlərin səngidilməsi və ya dayandırılması yalnız Moskvanın öz uğurlarını möhkəmlətməsinə və döyüşləri özünə sərf edən istiqamətdə dəyişməsinə imkan verər. Onlar Rusiya qoşunlarının Ukraynadakı komandiri general Sergey Surovikinin Xersondan çıxarılmış qoşunların başqa yerlərdə döyüşməyə göndərilə biləcəyini deməsini əsas gətirirlər. Ukrayna tərəfi öz mövqeyində qətiyyətlidir. Moskva Xersondan çəkilməni planlaşdırması ilə eyni zamanda Ukraynanın şərqindəki Svatove və digər ərazilərdə döyüşlərə yeni səfərbər olunmuş əsgərlər göndərib. Rusiya şərq cəbhəsində irəliləməyə ümid edir.

"Surovikinin Xersondan çəkilmə fikrini (Prezident Vladimir) Putinə qəbul etdirməsinin yeganə real yolu şərq cəbhəsində uğur vəd etməsi olub. Buna görə də Ukrayna yaxın həftələrdə Donbas bölgəsində ciddi eskalasiyaya hazırlaşmalıdır”, – Ukraynanın keçmiş müdafiə naziri, hazırda Vaşinqtonda yerləşən “Atlantika Şurası” beyin mərkəzinin tədqiqatçısı Andrey Zaqorodnyuk yazır.

Rusiyanın orduya yeni səfərbər etdiyi əsgərlər, hələlik, döyüşlərdə dəyişiklik yarada bilməyiblər. Əsgərlərin əhval-ruhiyyəsinin çox aşağı, silah-sursat təchizatınınsa zəif olduğu haqda xəbərlər gəlməkdədir.

Həbs olunanlar

“Nastoyaşeye Vremya” səfərbər olunaraq Ukraynanın Luqansk bölgəsindəki Svatoveyə göndərilən əsgərlərin onlarla ailə üzvü ilə danışıb. Əsgərlərin yaxınları onların çətin şəraitdə olduqlarını, silah-sursatın çatışmadığını deyirlər. Döyüşməkdən imtina etdiyi üçün müharibə dövründə əmrlərə tabe olmamaq ittihamı ilə həbsdə yatanlar da var.

"Qardaşım əlaqə saxlayaraq [Şərqi Ukraynadakı] Zaytsevedə bir zirzəmidə olduqlarını dedi. Dedi ki, o saxlanılanda orada 250 adam var idi”, – Yekaterina Belova müharibədən öncə Moskva ətrafında bir KFC restoranının meneceri olmuş qardaşı Aleksey Arsyutin haqda deyir. Ona sentyabrın 25-də çağırış vərəqəsi gəlib. Ardınca da onu Svatoveyə göndəriblər.

Alla Petrovna da oğlunun döyüşməkdən imtina etdiyi üçün başqa əsgərlərlə birlikdə ağır şəraitdə saxlandığını deyir. Onun oğlu çox sayda əsgərin komandirin əmrlərinə tabe olmama ittihamını qəbul etdiyini deyib. Ağır cinayət sayılan bu ittiham əsgərlərə təzyiq altında qəbul etdirilib.

“Çoxu yaralıdır, çoxu artıq ölüb”

Əri Rusiyanın Kursk bölgəsindən orduya çağırılaraq Ukraynanın Luqansk bölgəsinə göndərilən Anastasiya Dutova ərləri yeni səfərbər olunan qadınlarla birlikdə yerli hərbi prokurorluğa təsir göstərməyə çalışıb. Ərlərinin olduğu hərbi birlik Ukraynanın şərqində ağır atəşə məruz qalıb, onlar arvadlarına strategiya və liderliyin zəif olmasından şikayətləniblər.

Hərbi prokurorluğa kollektiv müraciət edən qadınlara ərlərini döyüş bölgəsindən çıxarmaq üçün konvoy göndərildiyi deyilib. Ancaq Dutovanın hələ də döyüş bölgəsində qalan əri kiminsə onların dalınca gələnə oxşamadığını deyib.

"Çoxu yaralıdır, çoxu artıq ölüb. Bəzilərininsə qanaxmadan ölməsinə imkan veriblər. Digərləri soyuqdan xəstələnib, bəziləri sətəlcəm ola bilər”, – Dutova deyir.

Yaxın həftələr ərzində təhlilçilər döyüşləri, habelə Kiyevlə Moskvanın gedişlərini yaxından izləyəcəklər.

Moskva danışıqlara hazır görünür, bəs Ukrayna?

Noyabrın 10-da İqtisadi Klubun Nyu Yorkda keçirilən tədbirində danışan Milli fevralın 24-dən bəri Rusiya və Ukraynanın hərəsinin ölən və yaralananlarla birlikdə 100 min nəfərdən çox itki verdiyini deyib.

İtkilərin artması və Rusiyanın geri çəkilməsi fonunda bəzi təhlilçilər Moskvanın Ukrayna ilə danışıqlara get-gedə daha çox hazır göründüyünü deyirlər.

Co Bayden (Joe Biden) administrasiyasının bəzi rəsmiləri, o cümlədən general Milli də qış ərzində diplomatiyaya fokuslanmağı məqsədəuyğun sayır. Ancaq bu mövqeyin dominant deyil, azlığa aid olduğu bildirilir. ABŞ Dövlət Katibi Antoni Blinken (Anthony Blinken) və Milli təhlükəsizlik müşaviri Ceyk Sullivan (Jake Sullivan) Vaşinqtonun Kiyevə təzyiq etməyəcəyini deyirlər.

"Bu, Ukraynanın işidir. Ukrayna ilə bağlı heç bir [qərar] Ukraynasız [qəbul edilməyəcək]”, – Bayden noyabrın 9-da mətbuat konfransında deyib.

XS
SM
MD
LG