Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:18

Avropa Parlamentində korrupsiya qalmaqalı. Aysberqin ucu?


Eva Kaili (solda) və Qətərin Əmək naziri Əli bin Samix Əl Marri
Eva Kaili (solda) və Qətərin Əmək naziri Əli bin Samix Əl Marri

Həftəsonu Belçikada prokurorlar Avropa Parlamentinin (AP) Vitse-prezidenti Eva Kaili və daha üç nəfərə korrupsiya, çirkli pulyuma və kriminal təşkilatda iştirak ittihamları irəli sürüb. İttiham olunanlar arasında parlamentin İtaliyadan keçmiş üzvü də var. İttihamların hazırda futbol üzrə dünya çempionatının keçirildiyi Qətərin iddia edilən rüşvətvermə kampaniyası ilə əlaqədar olduğu bildirilir.

BBC yazır ki, ittihamçılar “Körfəz ölkəsinin bir neçə ay parlamentin iqtisadi və siyasi qərarlarına təsir göstərməsindən, özəlliklə də köməkçiləri hədəfə almasından” şübhələnirlər.

Milyon yarım avro

AzadlıqRadiosunun müxbiri Rikard Jozviak polisin 1.5 milyon avroya (1.6 milyon dollar) yaxın nağd pul aşkarladığını yazır. Bilinən odur ki, Brüsseldə otel otağında nağd pulla dolu çamadan, şəxsi rezidensiyada 600 min avro, Kailinin istifadə etdiyi mənzildə isə 150 min avro tapılıb. Kaili vəkili vasitəsilə təqsirsiz olduğunu bildirib.

Dekabrın 12-də Avropa Parlamentinə məxsus bir neçə ofisdə və özəl rezidensiyada reyd keçirilib. Parlamentdə işləyən 10 nəfərə məxsus IT avadanlığı müsadirə olunub. Əlavə dəlil toplanır.

Qətər də hər hansı səhvə yol vermədiyini deyir.

Dekabrın 14-də dörd təqsirləndirilən Brüsseldə məhkəmə qarşısına çıxarılacaq. Kaili Qətərin açıq tərəfdarı olub. Onun italyan partnyoru Françesko Giorgi parlamentdə köməkçi vəzifəsində işləyib. Parlamentin keçmiş italiyalı üzvü Antonio Panzeri “Toxunulmazlıqla Savaş” adlı QHT rəhbəridir. Dördüncü təqsirləndirilən Kailinin müşaviridir, indiyədək adı açıqlanmayıb. Daha iki nəfər saxlansa da, sonradan buraxılıblar.

İki mümkün ssenari

Bu işdə daha çox adamın əli ola bilərmi? Avropa Parlamentində bir qisim adam düşünür ki, bu yalnız aysberqin ucudur, hadisələr inkişaf etdikcə, daha çox adamın adı bilinəcək. Digər qisim isə deyir ki, ən pisi geridə qalıb, “bir neçə dələduz ” tutulub.

Ancaq bu hadisənin təsiri Kailinin üzv olduğu əsas sol-mərkəzi Sosialist və Demokratlar (S&D) qrupunda hiss olunur. İttiham olunan dördlüklə əlaqəli bir neçə qrup üzvü komitə sədrliyindən gedib, yaxud adları gözlənən hesabatlardan çıxarılıb.

Jozviak bu qalmaqalın Avropa Parlamentinin hüdudlarını və siyasi sol cəbhəni aşacağını yazır. Rəsmi ittiham verilməsə də, Avropa Komissiyasının keçmiş əsas sözçüsü Marqaritis Şinasın (Margaritis Schinas) adı mediada qalmaqalla bağlı hallanır. Hazırda Avropa Komissiyasında miqrasiya və qanunun aliliyi məsələlərinə cavabdeh sağ qanad siyasətçisi olaraq o, Qətərdə Dünya Kubokunun açılışına qatılıb. Qətər korrupsiya, turnir üçün tikintidə fəhlələrə qarşı pozuntularla bağlı tənqid olunur. Ancaq Şinas bu Körfəz ölkəsi haqda müsbət tvitlər yazıb, vətəndaşları üçün viza qaydalarını liberallaşdırmağa çalışıb.

Marqaritis Şinas
Marqaritis Şinas

Parlamentin gördüyü tədbirlər

AP təkcə Belçika ilə əməkdaşlıq etmir, özü də daxili təhqiqat başladıb. Bu parlamentin 705 üzvü birbaşa 27 üzv ölkənin seçiciləri tərəfindən seçilir.

Qətərlə viza qaydalarının yüngülləşdirilməsi üzrə səsvermə bu həftəyə planlaşdırılmışdı, təxirə salınıb və parlament tarixində nadir hadisə olaraq uyğun komitəyə qaytarılıb. S&D qrupu Kailini üzvlükdən çıxarıb, parlamentarilər onun vitse-prezident statusunu da alacaqlar. Ancaq qaydalara görə, onu parlamentdən birdəfəlik çıxarmaq mümkün deyil. Buna Yunanıstan qərar verir, bu ölkə Kailinin aktivlərini dondurub.

Ancaq reputasiyaya ziyan da işini görür. Hətta yaxşı vaxtlarda da sıravi avropalılar AP üzvlərini yüksək maaşları, imtiyazlarına görə o qədər də sevilmirdilər, o ki qala avroskeptiklər olsun. Bu qurumun ən böyük tənqidçilərindən biri, Macarıstanın Baş naziri Viktor Orban şadyanalığını gizlətməyib.

2018-ci ildə elə bu parlament hüququn aliliyi sarıdan narahatlığa görə Budapeştə qarşı xüsusi prosedur başladıb – 7-ci Maddəni işə salıb. Bu proses Macarıstanın Avropa Şurasında səsvermə hüququnu itirməsiylə sonuclana bilər.

Niyə məhz Avropa Parlamenti?

Bəs bütün bunlar necə baş verib axı? Brüsselin lobbiçilər üçün cənnəti olduğunu deyənlər var. Minlərlə nüfuzlu qanunverici, diplomat və bürokrat bir neçə kvadrat kilometrlik məkan daxilində çox zəif nəzarət altında işləyir. Aİ-nin Şəffaflıq Reyestri könüllüdür, siyasətçilər ondan asanlıqla yayına bilirlər. Ölkələr qeydiyyatdan keçmir, parlamentarilər bütün görüşlərinin detallarını açıqlamırlar. Yəni, lobbiçinin müştəriyə nə qədər verdiyini asanlıqla gizlətmək olur.

Bundan başqa, Brüsseldə və Avropa Parlamentində müstəqil etika nəzarət qurumu da yoxdur.

Niyə məhz AP-nin hədəfə alınmasına gəlincə, bu sual Brüsseldə çoxlarını bir az karıxdırıb. Axı, bu qurum xarici siyasətdə elə də güclü oyunçu sayılmır, hesabat və qətnamələri öhdəlik qoymur. Parlament nəyisə səsverməyə çıxaranda, nadir hallarda onun əleyhinə səs verilir. Yəni, pis niyyətli bir xarici qüvvə üçün Avropa Komissiyası daha yaxşı hədəf olardı. Çünki onun rəsmiləri qanun təşəbbüsləru ilə çıxış edir. Yaxud Brüsseldə əsas qərarların qəbul olunduğu Avropa Şurası daha yaxşı hədəf sayıla bilər.

Rikard Rozviak yazır ki, ya Dohaya Aİ-nin paytaxtının necə işlədiyi haqda pis tövsiyə verilib, ya da Qətərin lobbiçiliyi o qədər geniş olub ki, Avropa Parlamentində aşkarlanan pozuntular hələ üzə çıxanlardır.

XS
SM
MD
LG